Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-946/2022 20.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, İddiaçı və üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla məlumat vərəqəsinin göndərilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə və Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Təhlükəsizlik Xidməti tərəfindən onun 1994-2004-cü il tarixləri arası Dövlət Sərhəd Xidmətinin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən N saylı (hazırki X5) hərbi hissədə əməliyyat fəaliyyəti göstərməyi nəzərə alınaraq (bildirir ki, ona təqaüdün hesablanması zamanı əlavə xidmət illər üzrə 1994-cü ildən 1997-ci ilin aprel ayınadək ümumi qaydada 1 il 2 il qaydasında hesablanmış, 1997-ci il tarixdən 2004-cü il tarixədək xidməti isə nəzərə alınmamışdır) xidmət illərinin yenidən hesablanmasının (xidməti illəri üzrə imtiyazlı halların müəyyən olunaraq hazırki 97 faizlə deyil 100 faiz həcmində hesablanması üçün araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə) təmin edilməsi, eyni zamanda MTN orqanlarından tərxis olunaraq təqaüdə göndərildiyi 2015-ci il tarixdən hazırki vaxtadək Dövlət Sosial Müdafiə Fondu tərəfindən vaxtında maliyyə hesablaşmasında diqqətə alınmamış imtiyazlı illərə görə əlavə 3 faiz maliyyə hesablamasının aparılaraq ödənilməsi üzrə şikayətinin təmin olunması məsələsinə baxılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Dövlət Təhlükəsizlik Xidməti göstərilməklə cavabdehin üzərinə ona aid məlumat vərəqəsinin aidiyyatı üzrə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 23.06.2021-ci il tarixli, 2-1(112)-6255/2021 №-li qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi 30.04.1997-30.10.2004-cu ilə qədər Dövlət Sərhəd Xidmətinin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən N saylı hərbi hissədəki xidmət illərinin bir ayının ay yarım sayılmaqla hesablanması və buna dair məlumat vərəqəsinin pensiya təminatını həyata keçirən inzibati orqana göndərilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı ildə Naxçıvan Muxtar Respublikası Babək rayon Aşağı Buzqov kəndində anadan olmuşdur. 1984-1986-cı illərdə sovet ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1986-1988-ci illərdə və 1991-1994-cü illərdə (1988-1991-ci illər arası SSR DİN-nin Vladimir şəhərində fəaliyyət göstərən orta xüsusi məktəbində təhsil almışdır) RF-nin Sverdlovski şəhərində fəaliyyət göstərən İZ-63/1 saylı İstintaq Təcridxanasında nəzarətçi və daha sonra zabit kimi qulluq etmişdir. 1994-cü ilin fevral ayından etibarən şəxsi təşəbbüsü ilə xidməti yerinin RF-dən Azərbaycan Respublikası Prezidenti yanında xüsusi idarəyə dəyişdirilməsinə nail olmuşdur. 1994-cü ilin mart ayından etibarən Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarəsinin əməkdaşı kimi Azərbaycan Respublikası Sərhəd X3 Respublikasında fəaliyyət göstərən N saylı hərbi hissəsində əməliyyat təminatını həyata keçirmişdir. 2006-cı ilin aprel ayından etibarən ailə vəziyyəti ilə bağlı xidmət yerinin MTN-nin 3-cü Baş İdarəsinə-Bakı şəhərinə dəyişdirmişdir. Həqiqi hərbi xidmətdə olmağının son yaş həddini keçməyi ilə əlaqədar 10.11.2015-ci il tarixdə Azərbaycan Respublikası MTN orqanlarından təxris olunaraq təqaüdə göndərilmişdir. 1984-2015-ci il tarixli arası fasiləsiz olaraq hərbi qurumlarda qulluq etmişdir. MTN orqanlarında təqaüdə çıxdığı zaman, ona əlavə olaraq 3 faiz güzəştli maliyyə hesablamasının aparılmadığı və nəticədə cəmi 34 il xidməti təqvim ilə götürülməklə təqaüdü hesablanmasına dair Azərbaycan Respublikası DSNF-yə müvafiq sənədlər göndərmişdir. Müvafiq qanunvericiliyə uyğun olaraq xidmət illəri 20 təqvim ili 50 faiz və sonrakı 14 ilin hər ili 3-ə vurulmaqla və son yaş həddinə görə əlavə 5 faiz hesablanmaqla aparılmışdır (cəmi 97 faiz). 2015-ci ilədək 20 təqvim ilindən əlavə olan illər 3-ə vurulmaqla hesablanmışdır. Onun xidməti qulluq illəri hesablanması zamanı Azərbaycan Respublikası Prezidentinin 27.03.2004-cü il tarixli, 43 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi haqqında əsasnamənin müddəası əsas göstərilmədən diqqətə alınmamışdır. Belə ki, qeyd olunan əsasnamənin 4cü fəslin 12 və 13-cü bəndlərində qeyd olunan faktiki hallara istinad olunmaqla xidməti illəri hesablanmışdır. Tərəfindən bu ilin aprel ayında müvafiq qanunvericiliyinin tələblərinə uyğun olaraq, onun 2015-ci ildə MTN orqanlarından təxris olunacağı zaman MTN Kadrlar Baş İdarəsi tərəfindən xidməti illərinin hesablanması zamanı yol vermiş qanun pozuntusunun aradan qaldırılaraq xidməti illərinin yenidən hesablanaraq lazımı sənədlərin DSMF-yə göndərilməsinə dair ünvanladığı rəsmi məktubuna imtina ilə cavab verilmişdir. Belə ki, DTX-nın Kadrlar Baş İdarəsindən ona şifahi şəkildə zəng edən əməkdaş bildirmişdir ki, onun DTX rəhbərliyinə ünvanladığı rəsmi məktuba baxılmışdır. Araşdırma zamanı təxris müddəti dövründə onun ümumi olaraq 34 il 8 ay 15 gün xidməti illərinin olması müəyyən edilmişdir. 8 ay il tamam olmadığı üçün hesablanmamışdır. Halbu ki, 8 ay xidmətinin əlavə olaraq 2 il kimi hesablanmalı idi. DTX-nın Kadrlar Baş İdarəsindən onunla telefonla əlaqəsi yaradan Talıb adlı əməkdaş bildirmişdir ki, DTX Milli Ordu bölmələrinə əməliyyat kuryasiyası həyata keçirən əməkdaşlarına müvafiq olaraq Silahlı Qüvvələrin imtiyaz və sosial müdafiə xarakterli təminatları təqaüdə çıxardıqları zaman hesablansa da, DTX-nin Dövlət Sərhəd Xidmətində əməliyyat xidməti həyata keçirən əməkdaşlarına hazırki vaxtadək tətbiq olunmamışdır, uyğunsuzluğun aradan qaldırılması üçün müvafiq qurum tərəfindən hər hansı təşəbbüs irəli sürülməmişdir. Şəxsi araşdırmaları zamanı halhazırda da DSX tərəfindən DSX-da xidmət keçmiş hərbi qulluqçularına xidmət illərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli, 631 saylı qərarına istinad olunaraq, Dövlət Sərhədində 1 il xidmət ili 1 il 6 ay hesabı ilə aparıldığı məlum olmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, daxil olmuş iddia ərizəsi ilə bağlı aidiyyəti strukturun verdiyi məlumatlar əsasında müvafiq qaydada araşdırma aparılmışdır. Verilmiş iddia əsassız hesab olunmuşdur. Belə ki, İddiaçı 10.09.1986-cı ildə Daxili İşlər orqanlarında xidmətə başlamış, 11.02.1999-cu ildən Təhlükəsizlik orqanlarında xidmətini davam etdirmiş və 10.11.2015-ci il tarixdə “Hərbi xidmtəkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən onun xidmət illəri 31 il 06 ay 00 gün, güzəştli 03 il 02 ay 13 gün olmaqla cəmi 34 il 08 ay 13 gün hesablanmışdır. İddiaçının 18.02.1994-30.04.1997-ci xidmət illərinin 3 qat hesablanması barədə iddiası ilə əlaqədar bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 23 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci bəndinin “b” yarımbəndi (Nazirlər Kabinetinin 1997-ci ilin 1 may tarixili 33 nömrəli Qərarı ilə həmin yarımbənd çıxarılmışdır) Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqiliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddətinin bir ayı iki ay sayılmaqla hesablanmasını nəzərdə tutumuşdur. Beləliklə İddiaçı 18.02.1994-30.04.1997-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının sərhəd dəstəsində güzəştli xidmət illəri 3 il 2 ay 13 gün olmaqla hesablanmışdr. İddiaçının 34 il 08 ay 13 gün xidmət ilinin 08 ay 13 gün olan hissəsi əlavə olunmaqla təminat xərcliyinin hesablanması iddiası ilə əlaqədar bildirilmişdir ki, İddiaçı ehtiyata buraxılarkən (01.11.2015) qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş yaşına görə hərbi xidmətdən buraxılan hərbi qulluqçulara 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əmək pensiyasına əlavə olunmaqla hesablanırdı. Qanunda əmək pensiyasına əlavələrin natamam ildəki iş stajı ayları sayı üzrə hesablanması nəzərdə tutulmamışdır. Eyni zamanda məlumat üçün bildirilmişdir ki, iddiaçının xidmət illəri barədə qeydləri də daxil olmaqla təminat xərcliyi barədə məlumatları əmək pensiyasının təyin edilməsi məqsədilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə çəlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarına uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X4 iddia tələbi üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı ildə doğulmuşdur. - İddiaçı məxsus EZ №-li A ******* nömrəli hərbi biletin surətindən görünür ki, o, 22.03.1994-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarəyə həqiqi hərbi xidmətə qəbul edilmiş və 27.12.2015-ci ildə “H.x.h” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən hərbi xidmətdən təxris edilmişdir. - İddiaçıya məxsus 19 iyun 1987-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 28.07.1986-cı ildən 10.09.1986-cı ilə qədər “XEÇ”-də texnik (09 ay 12 gün), 10.09.1986-cı ildən 27.12.2015-ci ilə qədər Milli Təhlükəsizlik Nazirliyində xidmət keçmişdir. - Cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş 19 noyabr 2015-ci il tarixli pensiya təyin etmək üçün xidməti illərinin hesablanması barədə məlumatın surətindən görünür ki, İddiaçı 18.02.1994-ci ildən 06.08.2003-cü il tarixədək Azərbaycan Respublikası PyXİ-nin, Azərbaycan Respublikası HƏKX-nin Naxçıvan Muxtar Respublikasında 1-ci sərhəd dəstəsi üzrə şöbəsinin əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili vəzifələrində xidmət etmiş və həmin dövrlərin yalnız 18.02.1994-cü ildən 30.04.1997-ci ilədək olan dövrü güzəştli xidmət illərinə daxil edilmiş (3 il 2 ay 13 gün), qalan dövr isə güzəştli xidmət illərinə daxil edilməmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş İddiaçı aid pensiya işinin materiallarından görünür ki, cavabdehin 004209 №-li, 29.10.2015-ci il tarixli məlumat vərəqəsinə əsasən İddiaçı “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq polkovnik-leytenant hərbi rütbəsində ehtiyata buraxılmış, onun xidmət illəri təqvim hesabı üzrə 31 il 06 ay 00 gün, ali təhsil 00 il 00 ay, güzəştli xidmət üzrə 03 il 02 ay 13 gün, cəmi iş stajı 34 il 00 ay 00 gün, pul təminatı 1393,80 manat qeyd olunmuşdur. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş 16/17 №-li, 06.01.2016-cı il tarixli əmək pensiyasının təyin edilməsi haqqında qərara əsasən İddiaçı 28.12.2015-ci il tarixdən yaşa görə 1351,99 manat pensiya təyin edilmişdir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 30.03.2021-ci il tarixli ərizənin surətindən görünür ki, ona verilməli olan təqaüdünun yenidən hesablanıb yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikası ƏƏSMN Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən 16/1699 №-li, 29.02.2022-ci il tarixli məhkəməyə ünvanlanmış məktubdan görünür ki, 30.04.1997-ci il tarixdən 2004-cü ilin oktyabr ayınadək “Naxçıvan” X2 xidmət etmiş hərbi qulluqçuların xidmət illərinin hesablanması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq xidmət edən hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük, feldyeger rabitəsi orqanlarının rəis və siravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması Qaydası” haqqında 23 noyabr 1992-ci il tarixli 631 №-li qərarının 2-ci maddəsinin “b” bəndinin 2-ci hissəsinə (müdafiə, dövlət təhlükəsizlik xidmətinin, daxili işlər, ədliyyə nazirliklərinin və dövlət sərhəd xidmətinin xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrdə bu nazirliklərin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə,) və 5-ci hissəsinə (sərhəd qoşunlarının zastava və komendaturalarında, respublikanın dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə - sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və nəzarət-buraxılış məntəqələrində) müvafiq olaraq xidmətin bir ayı ayyarım sayılmaqla hesablanır. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən 16/2115 №-li, 15.03.2022-ci il tarixli məhkəməyə ünvanlanmış məktubundan görünür ki, vətəndaş İddiaçı 2006, N nömrəli hərbi hissədə və “Naxçıvan” X2 xidmət etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 22.03.1994-cü ildən 27.12.2015-ci il tarixə kimi Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin sıralarında xidmət etmiş, 27.12.2015-ci ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. İddiaçı cavabdeh inzibati orqan tərəfindən verilmiş 004209 №-li, 29.10.2015-ci il tarixli məlumat vərəqəsinə əsasən üçüncü şəxs tərəfindən 28.12.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş məlumat vərəqəsində iddiaçının xidmət illəri təqvim hesabı üzrə 31 il 06 ay 00 gün, ali təhsil 00 il 00 ay, güzəştli xidmət üzrə 03 il 02 ay 13 gün, cəmi iş stajı 34 il 00 ay 00 gün, pul təminatı 1393,80 manat tərtib edilmişdir. Hazırda İddiaçı Azərbaycan Respublikası Milli Təhlükəsizliyi Nazirliyində (hazırda Dövlət Təhlükəsizlik Xidməti) xidmətdə olduğu 30.04.1997-30.10.2004-cu illər üzrə müddətin cavabdeh inzibati orqan tərəfindən düzgün hesablanmamasını mübahisələndirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: - 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir - 3-cü bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. - 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq məlumat vərəqini (2 nömrəli əlavə) və 4-cü hissəsinə uyğun olaraq dəyişikliklər barədə məlumatları məxfi doldurmaqla kağız daşıyıcıda Fonda təqdim edirlər. Məhkəmə qeyd edir ki, İddiaçı Milli Təhlükəsizlik Nazirliyində (hazırda Dövlət Təhlükəsizlik Xidməti) xidmətdə olması işin mübahisəsiz haldır. “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli Qərarının 2-ci hissəsinin “b” bəndinin ikinci və beşinci abzaslarının müddəalarına əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün uzun müddət xidmətə güzəştli şərtlərlə müdafiə, dövlət təhlükəsizlik xidmətinin, daxili işlər, ədliyyə nazirliklərinin və dövlət sərhəd xidmətinin xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrdə bu nazirliklərin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə; sərhəd mühafizəsi orqanlarının zastava və komendaturalarında, respublikanın dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və sərhəd nəzarəti məntəqələrində) hərbi xidmətin bir ayı ayyarım sayılmaqla aid edilmişdir. Məhkəmə araşdırılması zamanı İddiaçı 30.04.1997-ci il tarixdən 2004-cü ilin oktyabr ayınadək dövlət təhlükəsizlik xidmətinin əməkdaşı kimi xidmət etdiyi Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” X2 xidmət etmiş hərbi qulluqçuların xidmət illərinin xidmətin bir ayının ayyarım sayılmaqla hesablanması müəyyən edilmişdir. Məhkəmə işin hallarına qiymət verərək qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə etdiyi müraciəti ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına müvafiq olaraq aparılmalı olan inzibati icraatın cavabdeh inzibati orqan tərəfindən tam aparılmaması, mübahisələndirilən dövrlə bağlı hüquqi yardım qaydasında digər inzibati orqan olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət edilərək müvafiq arayışların alınmaması, bununla da qanunvericiliyin tələblərinə riayət edilməməsi müəyyən edilmişdir. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. - 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. - 28.1.1-ci maddəsinə əsasən iddiaçının ərizəsi inzibati icraatın başlanması üçün əsas kimi çıxış etmişdir. - 28.2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. - 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. - 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: sənədlərdən; tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; şahid ifadələrindən; müvafiq müayinələrin aparılmasından; ekspert rəylərindən; hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. - 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. - 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. - 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən yuxarda qeyd olunan qanunvericiliyin normalarına uyğun inzibati icraat aparılmadığından, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı hərbi xidmət müddətinin yenidən hesablanması və yenilənmiş məlumat vərəqəsinin aidiyyatı üzrə göndərilməsi tələbinə dair müraciəti ilə bağlı məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 73.2, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı hərbi xidmət müddətinin yenidən hesablanması və yenilənmiş məlumat vərəqəsinin aidiyyatı üzrə göndərilməsi tələbinə dair müraciəti ilə bağlı məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-946/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-946/2022
20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver