Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-946/2024 08.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, iddiaçının cavabdehə qarşı “müharibə veteranı adı və vəsiqəsi nin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrinin İdarəetmə Birliyinin “Təcili və X9 Stansiyası” X22 xx.xx.2022-ci il tarixli arayışına əsasən Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının xx.xx.1992-ci il tarixli, 207 nömrəli əmrilə Goranboy rayon Mərkəzi xəstəxanasına 1 (bir) gün, 253 nömrəli xx.xx.1992-ci il tarixli əmrlə Ağdərə Hərbi Hospitalında 10 (on) gün və 42 nömrəli xx.xx.1993-cü il tarixli əmrlə Ağdərə Hərbi Hospitalına 10 (on) gün, “Akademik M.A.Topçubaşov adına” X12 xx.xx.2022-ci il tarixli arayışına əsasən həmin Mərkəzin “Damar Cərrahlarının müharibə zonasına ezamiyyət növbəsi haqqında” xx.xx.1992-ci il, 34 saylı əmrinə əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdərə Hərbi Hospitalına 12 (on iki) gün müddətinə ezam olunmağı ilə əlaqədar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı» adı və “Müharibə veteranı vəsiqəsi» verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının nəzdində sanaviasiya idarəsinin 207 nömrəli əmri ilə xx.xx.1992-ci ildə 1 gün Goranboy rayon Mərkəzi Xəstəxanasına, 253 nömrəli xx.xx.1992ci il tarixli əmrlə 10 gün Ağdərə Hərbi Hospitalına, 42 nömrəli, xx.xx.1993-cü il tarixli əmrlə 10 gün Ağdərə Hərbi Hospitalına ezam edilmiş və həmin bölgələrdə hərbi hospitallarda yaralılara ixtisaslaşdırılmış cərrahi tibbi yardım göstərmiş və yaralıları sanaviasiyanın vertolyotları ilə Bakı şəhərinə evakuasiya edilməsində iştirak etmişdir. Həmçinin “Akademik M.A.Topçubaşov adına” X12 “Damar Cərrahlarının müharibə zonasına ezamiyyət növbəsi haqqında’’ xx.xx.1992-ci il, 34 saylı əmrinə əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdərə Hərbi Hospitalına ezam edilmişdir. Müvafiq qanunvericiliyə əsasən “Müharibə veteranı adı və vəsiqəsi» nin verilməsi üçün şəxsin döyüş əməliyyatları aparan hərbi hissə tərkibində hərbi xidmət keçmiş olması faktı yetərlidir. Bu fakt isə həmin normada deyildiyi kimi, bir neçə alternativ sənəd əsasında müəyyən edilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı ona veteran adının verilməsi ilə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, sonuncu tərəfindən ünvanlanmış məktubda Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən müvafiq arayış alınması məqsədəmüvafiq hesab edilmişdir. İddiaçı tərəfindən Sanitar aviasiya xətti ilə Ağdərə Hərbi Hospitalına ezam barədə arayışın, İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrinin İdarəetmə Birliyinin “Təcili və X9 Stansiyası” X22 xx.xx.2022-ci il tarixli, Akademik M.Ə.Mirqasımov adına Respublika Kilinik Xəstəxanasının xx.xx.2022-ci il tarixi və “Akademik M.A.Topçubaşov adına” X16 X22 xx.xx.2022-ci il tarixli, 377 nömrəli arayışları yenidən cavabdehə göndərilmiş, lakin Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə müharibə veteranı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır. Çünki təqdim edəcəyi sübutlar təsdiq edir ki, iddiaçı müharibə zamanı döyüş əməliyyatları gedən bölgədə iştirak etmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»yə, «Veteranlar haqqında» 28 iyun 1994-cü il tarixli 841 saylı Azərbaycan Respublikası Qanununa istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etmişdir. Etirazda “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə istinad edilərək bildirilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Bildirilir ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi döyüşlərdə iştirak etmiş şəxslərə yalnız həmin normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin ödənildiyi təqdirdə verilir. Nəzərə almaq lazımdır ki, müharibə veteranı adını almağı iddia edən şəxs tərəfindən veteran adının verilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərin ödənilmiş olması mütləq şərtdir və imperativ xarakter daşıyır. Beləliklə, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilməmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası” müraciətlərə baxarkən qeyd edilən qanunvericilik aktlarına uyğun olaraq qərar qəbul edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Həmçinin analoji iş üzrə iddiaçı Murtuzayev Nizami Sadıq oğlunun cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-428/2022 nömrəli qərarının 21 və 26-cı bəndlərini göstərmək olar. Sözügedən qərara əsasən, iddiaçı Murtuzayev Nizami Sadıq oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1712/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. “İnzibati orqanların təsnifatının tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 28 avqust tarixli 136 nömrəli qərarının 4.1 və 4-1.1-ci yarımbəndlərinə əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ayrı-ayrı inzibati orqanlardır. İddiaçı iddia ərizəsindən və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Ağdərə Hərbi Hospitalına ezam olunmuşdur. Ağdərə Hərbi Hospitalının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olmasını və yekun nəticədə “Müharibə veteranı” adı və vəsiqəsini almaq üçün həmin Nazirliyinin nəzdində fəaliyyət göstərən müvafiq komissiyasına müraciət etməsini nəzərə alaraq, bu iş üzrə cavabdeh Müdafiə Nazirliyi olmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasnda iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı hazırkı tələblə bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh həmin müraciətə uyğun inzibati icraat aparmaqla mahiyyəti üzrə cavab verərək, onun arzuladığı inzibati aktın qəbul edilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı müvafiq tələblə məhkəmədə iddia irəli sürmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən qəbul edilmiş oxşar iddialar üzrə qərarlarda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti cavabdeh qismində tanınmışdır (bax: 2-1-(102)-2623/2023, 2-1(102)-252/2022, 2-1(102)- 1245/2023, 2-1(102)-2091/2023 saylı qərarlar). İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə hesab edir ki, iddia düzgün cavabdehə qarşı yönəlmiş, aidiyyət qaydalarına uyğun təqdim edilmiş, iddiaçı iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmuşdur. Odur ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindəki məlumatlardan görünür ki, İddiaçı xx.xx.1950-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya verilmiş 18 noyabr 2022-ci il tarixli, A/4651 saylı məktubdan görünür ki, iddiaçının təqdim etdiyi sənədlərə aidiyyəti üzrə “Veteran adlarının və müvafiq vəsiqələriun verilməsi komissiyası”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və təqdim edilmiş sənədlər hüquqi əsas vermədiyi (döyüşlərdə iştirakını təsdiq edən hüquqi sənədlər yoxdur) əsası ilə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsi verilməsinin mümkün olmadığı bildirilmişdir. -Azərbaycan Respublikası İcbari Tibbi Siğorta üzrə X18 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Təcili və X10 Stansiyasi” X23 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həkim-cərrah İddiaçı həqiqətən Səhiyyə Nazirliyinin sərəncamına əsasən Sanaviasiya xətti ilə ağır yaralılara tibbi yardım göstərmək məqsədilə xx.xx.1992-ci il tarixli 207 nömrəli əmrlə Goranboy Rayon Mərkəzi Xəstəxanasına 1 (bir) , 253 nömrəli xx.xx.1992-ci il tarixli əmrlə Ağdərə Hərbi Hospitalına 10 (on), 42 nömrəli xx.xx.1993-cü il tarixli əmrlə Ağdərə Hərbi Hospitalına 10 (on) gün müddətinə ezam olunub. Əsas: “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanitar Aviasiya X15”. -“Akademik M.Ə.Mirqasımov adına X8” X23 tərəfindən Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmış 28 iyul 2022-ci il tarixli məktubun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X23i 1992-ci il və 1993-cü il tarixlərində İ Qarabağ müharibəsi dövründə Qarabağ bölgəsinə ezam olunmuş İddiaçı ezamiyyə vərəqələrinin surətləri cavabdehə təqdim edilmişdir. -Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X20 Şəxs “Akademik M.A.Topçubaşov adına X19 X23 tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmış 30 avqust 2022-ci il tarixli məktubun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, M.A.Topçubaşov adına X16 PHŞ-in damar cərrahiyyəsi şöbəsinin rəhbəri, professor X5 “Damar cərrahlarının müharibə zonalarına ezamiyyət növbəsi haqqında” xx.xx.1992-ci il 34 saylı əmrə əsasən 27 yanvar 1993, 07 fevral 1993-cü ildə ezam olunmuşdur. Məktuba əmrin surəti əlavə edilmişdir. -İstinad olunan 34 saylı xx.xx.1992-ci il tarixli Əmrindən görünür ki, müharibə zonasında yaralılara yüksək ixtisaslı tibbi yardım göstərmək məqsədilə, institutun damar və mikrocərrahiyə şöbələrinin əməkdaşların növbə ilə 10 gün müddətində hərbi hospitallara ezam edilmişlər. Siyahıya əlavə edilmişdir: ezam olunacaq əməkdaş hər hansı bir üzrlü səbəbdən gedə bilmirsə, həmin həkim siyahıda sıra ilə ondan sonra gələni əvəz edir. Əmri yerinə yetirməyənlər institutda işdən azad edilərək bu məsələyə baxılmaq üçün Respublika Səhiyyə Nazirliyinə göndərilir. Əlavə olunan siyahıda adı 9-cu sırada qeyd olunan İddiaçı 27 yanvar-07 fevral tarixləri arlığında ezam olunma vaxtı qeyd olunmuşdur. -Sanaviasiyanın rəisi P.M.Kazımov tərəfindən təsdiq olunan arayışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına X21 Təbabət İnstitutunun damar cərrahı İddiaçı xx.xx.1992-ci il tarixdə -1 gün Goranboy, xx.xx.1992-ci il tarixdə Ağdərə rayonunda 8 gün, xx.xx.1993-cü il tarixdə 7 gün müddətində Ağdərə cəbhə bölgələrində yerləşən hərbi hospitallarda Sanaviasiya xətti üzrə yaralılara cərrahi tibbi yardım göstərmiş və onları Sanaviasiyanın vertolyotları ilə Bakı şəhərinə evakuasiya etmişdir. Müvafiq sorğu əsasında Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X20 Şəxs “Respublika Təcili və X9 Mərkəzi” X23 tərəfindən İddiaçı Sanaviasiya xətti ilə ağır yaralılara tibbi yardım göstərmək məqsədilə xx.xx.1992-ci il tarixli 207 nömrəli əmrlə Goranboy Rayon Mərkəzi Xəstəxanasına 1 (bir), və 253 nömrəli xx.xx.1992-ci il tarixli əmrlə Ağdərə Hərbi Hospitalına 10 (on) gün müddətinə, 42 nömrəli xx.xx.1993-cü il tarixli əmrlə Ağdərə Hərbi Hospitalına 10 (on) gün müddətinə ezam olunduğuna dair Səhiyyə Nazirliyinin Sanitar Aviasiya X15ndan çıxarışların təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -xx.xx.1993-cü il tarixli, 42 nömrəli əmrə əsasən həkim, damar cərrahı Abuşov X4 Hərbi Hospitalında olan ağır yaralılara təcili tibbi yardım göstərmək üçün 10 (on) gün müddətinə ezam olunmuşdur. Əsas: Səhiyyə Nazirliyinin sərəncamı. -xx.xx.1992-ci il tarixli, 207 nömrəli əmrə əsasən damar cərrahı İddiaçı yaralı R.A.Kərəmova təcili-tibbi yardım göstərmək üçün Goranboy rayonuna 1 (bir) gün müddətinə ezam olunmuşdur. Əsas: 42602№li teleqram. -253 nömrəli xx.xx.1992-ci il tarixli əmrə əsasən damar cərrahı Abuşov X4 Hərbi Hospitalında yaralılara təcili tibbi yardım göstərmək üçün 10 (on) gün müddətinə ezam olunmuş, hərbi vəziyyətlə əlaqədar iki gün əlavə edilmişdir. Əsas: X11. Məhkəmə aşağıda göstərilənlərə əsasən tələbin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (bundan sonra- Əsasnamə) 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin üçüncü bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X7 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Normaların məzmunundan aydın olur ki, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin normanın məzmununa görə hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər. Məhkəmə qanunvericiliyin göstərilən tələblərini hazırkı mübahisəyə tətbiq edərək və cavabdehin imtina dəlilləri ilə razılaşmayaraq hesab edir ki, iş materialları ilə iddiaçının döyüş zonalarına tibbi yardım məqsədi ilə ezam olunduğu iş materialları ilə təsdiq olunur. Belə ki, işdə olan əmrlərdən və arxiv çıxarışlarından görünür ki, iddiaçı döyüş zonaları olan Ağdərə və Goranboy rayonlarına yaralılara təcili-tibbi yardımın göstərməsi ilə bağlı ezam edilmiş və üzərinə düşən vəzifələri yerinə yetirərək ezamiyyətdən qayıtmışdır. Başqa sözlə, iddiaçı ezamiyyətdə olarkən döyüş zonasına tibbi yardım ilə bağlı xidməti vəzifəsini yerinə yetirmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, hərbi doktrina nöqteyinəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına tibbi yardım məqsədi ilə ezam olunmasını və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi qiymətləndirilməlidir. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçının döyüş zonasında döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu və onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı sübuta yetirildiyindən iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin imtinası qanunazidd olmuşdur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-946/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-946/2024
08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver