Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9463/2025 25.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 25 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək AR Prezidenti yanında Xüsusi İdarənin, AR Hərbi Əks-Kəşfiyyat Xidmətinin, AR Milli Təhlükəsizlik Nazirliyinin düşmənlə təmas xəttində yerləşən N və N saylı hərbi hissələr üzrə şöbələrində xidmət etdiyi müddətdə güzəştli şərtlərlə xidmət illəri yenidən hesablanıb yenilənmiş məlumat vərəqəsinin AR ƏƏSMN-nin yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq, məhkəmənin müvafiq qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin hazırkı iş üzrə cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1997-xx.xx.2024-cü il tarixlərdə AR Prezidenti yanında Xüsusi İdarənin, AR Hərbi Əks-Kəşfiyyat Xidmətinin, Milli Təhlükəsizlik Nazirliyinin, Müdafiə Nazirliyinin, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.2024-cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən şöbə rəisi vəzifəsindən polkovnik rütbəsində pensiya təyin olunmaqla, ehtiyata buraxılmışdır. Ehtiyata buraxılan zaman xidməti illəri hesablanarkən xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək AR Prezidenti yanında Xüsusi İdarənin, AR Hərbi Əks- Kəşfiyyat Xidmətinin, Milli Təhlükəsizlik Nazirliyinin düşmənlə təmas xəttində yerləşən N və N saylı hərbi hissə üzrə şöbələrində xidmət etdiyi müddətdə güzəştli şərtlərlə 5 il 5 ay 24 gün xidmət stajına əlavə edilmişdir, halbuki həmin müddət 1 gün 3 gün kimi hesablandıqda 10 il 0 ay 4 gün kimi nəzərə alınmalı idi. Bununla əlaqədar AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kadrlar idarəsinə müraciət etdikdə ona bildirilmişdir ki, güzəştli şərtlərlə xidmət illəri DTX-ya göndərilmiş sorğunun cavabı əsasında hesablanmışdır. AR Müdafiə Nazirliyinin N və N saylı hərbi hissələrdə xidmət edən hərbçilərin güzəştli şərtlərlə xidmət illəri AR Nazirlər Kabinetinin 23 noyabr 1992- ci il tarixli 631 N-li qərarına əsasən 13 sentyabr 2004-cü il tarixədək 1 gün - 3 gün kimi, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” AR Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” 01 sentyabr 2004-cü il tarixli 728-İİQD N-li Qanuna əsasən 13 sentyabr 2004-cü il tarixdən 1 gün - 2 gün hesablanmışdır. Qeyd olunan güzəştli şərtlərlə xidmət illərin hesablanması AR Prezidentinin 27 mart 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş MTN Əsasnaməsinin 13-cü bəndinə, AR “Kəşfiyyat və Əks-Kəşfiyyat fəaliyyəti haqqında” xx.xx.2004-cü il tarixli 711-İİQ N-li Qanunun 20.1-ci maddəsinə, AR “Hərbi qulluqçuların statusu haqqında” xx.xx.1991-ci il tarixli 36 N-li Qanunun 9.1-ci maddəsinə və AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı Qərarına əsasən iddiaçıya da şamil olunmalı idi. Yuxarıda qeyd edilən xx.xx.1997-xx.xx.2002-ci il tarixləri əhatə edən müddət 1 gün - 3 gün kimi hesablanmaması iddiaçının pensiya təminatına mənfi təsir göstərmişdir. Onun xidmət illəri hesablanarkən, göstərdiyi qanunvericiliyə əsasən güzəştli xidmət müddəti kimi nəzərə alınmalı 4 il 6 ay 10 gün ümumi xidmət stajına daxil edilməmişdir. Bununla əlaqədar AR Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etsə də, bu günə kimi cavab almamışdır. AR Konstitusiya Məhkəməsinin 27 mart 2014-cü il tarixli qərarında göstərilir ki, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, hərbi xidmət illərinin güzəştli hesablanması hərbi qulluqçunun pensiya hüququnun yaranmasına təsir etməsə də, qulluq stajının artımına, bununla da əmək pensiyasına əlavələlərin hesablanmasına əsas yaradır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məhkəməyə iddiaya dair yazılı münasibət (mülahizə) təqdim etmişdir. Mülahizədə bildirilmişdir ki, İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra, pensiyasının dəqiq hesablanılması məqsədilə, onun xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarənin, Azərbaycan Respublikası Hərbi Əks-Kəşfiyyat Xidmətinin, Milli Təhlükəsizlik Nazirliyinin düşmənlə təmas xəttində yerləşən N və N saylı hərbi hissələr üzrə şöbələrində xidmət etdiyi müddətin güzəştli şərtlərlə hesab edilib-edilməməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu edilmiş və alınmış cavaba əsasən, həmin dövrdə xidmət etdiyi müddət Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tərtib olunmuş xidmət illərinin hesablanmasına dair məlumat vərəqəsində 5 il 5 ay 24 gün kimi göstərilmiş və iddiaçı həmin məlumat vərəqəsində göstərilən xidmət illəri ilə razılaşaraq imza etmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci tarixədək Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi idarənin, Azərbaycan Respublikası Hərbi Əks- Kəşfiyyat Xidmətinin, Milli Təhlükəsizlik Nazirliyinin düşmənlə təmas xəttində yerləşən N və N saylı hərbi hissələr üzrə şöbələrində xidmət etdiyi müddətin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən güzəştli şərtlərlə hesab edildiyi təqdirdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yenilənmiş xidmət illərinin hesablanmasına dair məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına göndərilməsi məqsədəmüvafiq hesab ediləcəkdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili iddia tələbini dəqiqləşdirilmiş formada müdafiə edərək təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddianın əsaslılığı: Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Xidmət tərəfindən iddiaçının müraciətinə aidiyyəti üzrə baxılmış və təmin edilməsindən imtina edilmişdir. -Şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1971-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində avtomatlaşdırılmış qaydada hərbi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. -İddiaçının xx.xx.1997-xx.xx.1999-cu illərdə xidmət etdiyi N və N saylı hərbi hissələrin döyüş şəratində hesab edilib-edilməməsi barədə məhkəmənin sorğusuna cavab olaraq AR Müdafiə Nazirliyi tərəfindən verilmiş cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 16 aprel 1997-ci il tarixli müvafiq nömrəli əmrində xx.xx.1997-ci il tarixdən, 14 yanvar 1998-ci il tarixli müvafiq nömrəli əmrində xx.xx.1998-ci il tarixdən və 05 aprel 1999-cu il tarixli müvafiq nömrəli əmrində 01.01,1999-cu il tarixdən N və N nömrəli hərbi hissələrin döyüş şəraitində hesab edilməsi barədə məlumat qeyd olunmuşdur. -Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi”nə əsasən İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Azərbaycan Ordusunda, habelə xx.xx.2004-cü il tarixdən xx.xx.2012-ci il tarixədək Quba və Göyçay rayon hərbi komissarlıqlarında zabit qismində həqiqi hərbi xidmət keçmiş, həmin tarixdən hərbi xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci hissəsinin xx.xx.2004-cü il tarixədək (Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 13 sentyabr tarixli 122 nömrəli Fərmanı qüvvəyə minənədək) qüvvədə olmuş “a” bəndinin birinci və ikinci abzasının müddəalarına əsasən Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrlərində xidmət müddətinin bir ayı üç ay kimi sayılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 1993-cü il 2 iyun tarixli 191 nömrəli əmrinə, habelə “Döyüş şəraitində olan hərbi hissə və bölmələrin tərkibinin müəyyənləşdirilməsi haqqında” müvafiq əmrlərinə əsasən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövr ərzində döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissə hesab edilmişdir. Bu hərbi hissədə qeyd olunan dövrdə hərbi xidmət müddətin bir ayı üç ay kimi sayılır. -Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli müvafiq nömrəli əmrində N №-li və N №-li hərbi hissələrin xx.xx.1997-ci il tarixdən, Azərbaycan Respublikası Müdafiə nazirinin 14.01,1998-ci il tarixli müvafiq nömrəli əmrində N №-li və N №-li hərbi hissələrin 01.01,1998-ci il tarixdən; Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1999-cu il tarixli müvafiq nömrəli əmrində N №-li və N №-li hərbi hissələrin xx.xx.1999-cu il tarixdən; Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2000-ci il tarixli müvafiq nömrəli əmrində N №-li və N №-li hərbi hissələrin 2001-ci ildə; Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2001ci il tarixli müvafiq nömrəli əmrində N №-li və N №-li hərbi hissələrin xx.xx.2002-ci il tarixdən döyüş şəraitində hesab edilməsi barədə məlumat qeyd olunmuşdur. Qeyd edilir ki, İddiaçı güzəştli xidmət illərinin hesablanması üçün Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə müraciət etməyiniz məqsədəuyğundur. -Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış məktubda bildirilir ki, İddiaçı xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarəyə həqiqi hərbi xidmətə qəbul olunaraq N və N saylı briqada üzrə şöbələrdə əməliyyat müvəkkili və baş əməliyyat müvəkkili vəzifələrində xx.xx.2002-ci il tarixədək xidmət etmişdir. Arxiv sənədlərinə əsasən, İddiaçı ümumi xidmət müddəti təqvimi xidmət üzrə 06 il 10 ay 08 gün, güzəştli xidmət üzrə 05 il 05 ay 24 gün, ali təhsil üzrə 02 il 06 ay 00 gün, ümumi 14 il 10 ay 02 gün təşkil edir. İddiaçı yalnız xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək olan xidmət illəri güzəştli şərtlərlə (1 gün 3 gün sayılmaqla) hesablanmışdır. xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövr üzrə güzəştli xidmət illərinin uzun müddət xidmət illərinə hesablanması Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarə tərəfindən müvafiq əmrlə rəsmiləşdirilmədiyindən keçmiş Milli Təhlükəsizlik Nazirliyindən pensiya hüququ yaranmadan ehtiyata buraxılarkən həmin müddətin güzəştli qaydada hesablanmasını mümkünsüz etmişdir. Bundan başqa, hərbi qulluqçuların güzəştli xidmət illərinin hesablanması “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının müddəalarına əsasən aparılır. Həmin Qərara əsasən, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü (2004-cü ilin sentyabrın 14-dək 1 xidmət günü 3 gün) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Sözügedən qərar mövcud olduqda DTX-nin əməkdaşlarının xidmət illərinin güzəştli xidmət illərinə aid edilməsi DTX-nin normativ hüquqi aktlarına əsasən müvafiq əmrlə rəsmiləşdirilir. Lakin, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək xidmət etdiyi hərbi hissənin döyüş şəraitində döyüş əməliyyatlarında iştirakı ilə bağlı Müdafiə Nazirliyinin qərarlarının və ya Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarə tərəfindən aparılan şəxsi işində müvafiq qeydlər aparılmadığı və hər hansı digər hüquqi aktın (məlumatın) DTX-də mövcud olmadığı nəzərə alınaraq, həmin xidmət illəri güzəştli xidmət illərinə daxil edilməmişdir. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 161-ci maddəsinin birinci hissəsinə görə hərbi qulluqçunun xidmət illəri o, ehtiyatdan buraxıldıqda pensiya təminatı məqsədilə hesablanır. İddiaçı DTX-dən ehtiyata buraxıldıqda pensiya hüququ yaranmadığından onun xidmət illərini əks etdirən müvafiq məlumat vərəqi tərtib edilməmişdir. Xidmət illərinin hesablanması hərbi qulluqçunun sonuncu xidmət etdiyi orqan tərəfindən hesablanmalıdır. İddiaçının son xidmət yeri SHXÇDX olduğundan onun xidmət illərinin hesablanması da qanunvericiliyin tələbinə uyğun olaraq həmin orqan tərəfindən həyata keçirilməlidir. SHXÇDX tərəfindən məsələ ilə bağlı DTX-yə sorğu göndərilərkən iddiaçının arxiv işində mövcud olan sənədlər əsasənda xidmət illəri barəsində müvafiq məlumat verilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci bəndinə əsasən, hərbi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunvericiliyin sözügedən tələbinə uyğun olaraq iddiaçının son xidmət yeri SHXÇDX olduğundan ona həmin orqanın tərtib etdiyi məlumat vərəqəsi əsasında pensiya təyin edilmişdir. Beləliklə hesab edirik ki, SHXÇDX-nin müraciəti əsasında iddiaçının güzəştli xidmət illəri barədə Müdafiə Nazirliyi tərəfindən müvafiq arayış alındıqdan sonra həmin arayış əsasında onun sonuncu xidmət yeri olan SHXÇDX tərəfindən xidmət illəri yenidən hesablanaraq, yenilənmiş məlumat vərəqi Dövlət Sosial Müdafiə Fondunun yanında Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməlidir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Beləliklə, işin hallarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq əmrinə əsasən, Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən, polkovnik hərbi rütbəsində, şöbə rəisi vəzifəsindən pensiya təyin olunmaqla ehtiyata buraxılmışdır. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş SX-000278 nömrəli məlumat vərəqəsi əsasında iddiaçıya hərbi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçı qeyd olunan məlumat vərəqəsində göstərilənlərlə razılaşmır və ona münasibətdə aparılmış hesablamalar zamanı xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat Xidmətinin N və N saylı hərbi hissələr üzrə bölmələrində xidmət etdiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli qərarına uyğun olaraq güzəştli qaydada, yəni xidmət müddətinin bir günü üç gün kimi hesablanmaqla 10 il 0 ay 4 gün təşkil etməli olduğunu bildirir. İddiaçı bununla əlaqədar cavabdeh inzibati orqana müraciət edərək, yenilənmiş məlumat vərəqəsinin tərtib olunaraq aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fondu orqanına göndərilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İmtinanın əsası kimi iddiaçının əvvəlki xidmət yeri olan Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq cavab məktubuna istinad edilmişdir. İddiaçı hazırda həmin imtinanı mübahisələndirir. Göründüyü kimi, iş üzrə yeganə mübahisəli məqam cavabdeh inzibati orqan tərəfindən iddiaçının məlumat vərəqəsi tərtib edilərkən onun xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat Xidmətinin N və N saylı hərbi hissələr üzrə bölmələrində xidmət etdiyi müddətin düzgün hesablanmaması ilə bağlıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakı qanunvericilik normalarına istinad edir: “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” (Qərarın adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 322 nömrəli Qərarı ilə (01 yanvar 2026-cı ildən qüvvəyə minir) dəyişdirilmiş və “Hərbi qulluqçulara və ədliyyə orqanlarının rəis və sıravi heyətinə ödənilən işdənçıxarma müavinətinin miqdarı və ödənilməsi şərtləri haqqında” kimi adlandırılmışdır.) Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli qərarının 1 iyul 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasının 2-ci bəndinin a yarımbəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün xidmətin bir ayı üç ay sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir. Həmin Qərarın hazırda qüvvədə olan 2-ci bəndinin a yarımbəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün xidmətin bir ayı iki ay sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir. Həmin Qərarın 2-ci bəndinin 12-ci abzasında qeyd olunur ki, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Azərbaycan Respublikasının «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» xx.xx.2004cü il tarixli Qanunun 20.1-ci maddəsinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi "Hərbi qulluqçuların statusu haqqında", "Əmək pensiyaları haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununa və bu qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zamanı onların xidmətdən tərxis olunan günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr, müavinətlər, büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: -1-ci bəndinə əsasən bu Qaydalar "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - Fond) təqdim olunması qaydalarını müəyyən edir. -həmin Qaydaların 2-ci bəndinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. -həmin Qaydaların 4-cü bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. -həmin Qaydaların 5-ci bəndinə əsasən məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. -həmin Qaydaların 161-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; -1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; -1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; -3.3-cü maddəsinə əsasən Bu Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. -9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: -9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəmənin sorğularına cavab məktublarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli qərarına uyğun olaraq N və N nömrəli hərbi hissələr xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissələr hesab olunur. Həmin hərbi hissələrdə göstərilən dövrdə xidmət müddəti güzəştli qaydada, yəni bir ay üç ay kimi hesablanmalıdır Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1997–xx.xx.2002-ci illər tarixlərində döyüş şəraitində olan hərbi hissələrdə xidmət etməsi təsdiq edildiyindən, həmin xidmət müddətinin güzəştli şərtlərlə xidmət illəri kimi nəzərə alınmaqla yenilənmiş məlumat vərəqəsinin iddiaçının sonuncu xidmət yeri olan cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tərtib edilərək aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi tələbində haqlıdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.) Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı döyüş bölgəsində xidmət etdiyi N və N saylı hərbi hissələr üzrə Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat Xidmətinin müvafiq bölməsində xx.xx.1997–xx.xx.2002-ci illər tarixlərində güzəştli şərtlərlə xidmət illəri nəzərə alınmaqla yenilənmiş məlumat vərəqəsinin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-9463/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9463/2025
25.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver