Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9465/2022 05.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı özəlləşdirmənin etibarsız sayılması və şəhadətnamənin və reyestrlərdən çıxarışın ləğv olunması barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra ƏMDX) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş “Azərkitab” Birliyinin Bakı şəhəri, Yasamal rayonu, keçmiş Firudin Ağayev küçəsi, 556/557 məhəllə, ev “A” (indiki Vahabzadə küçəsi 34 Q) ünvanında 1-ci mərtəbəsində yerləşən 120 (bir yüz iyirmi) kv. metr sahədən 100 (bir yüz) kv. metr sahəsinin onun xəbəri və icazəsi olmadan qanunsuz olaraq özəlləşdirilməsinin etibarsız sayılmasına, həmin özəlləşdirməyə görə verilmiş şəhadətnamələrin və reyestrlərdən çıxarışların ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, “Azərkitab” Kitab Ticarəti Birliyinin Bakı şəhəri Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsi 34Q (keçmiş Firudin Ağayev küçəsi 556/557 məhəllə ev “A”) ünvanda yerləşən 28 saylı mağazasında 13 mart 1989-cu il tarixdən 23 avqust 2001-ci il tarixinə qədər müdir kimi fəaliyyət göstərmişdir. 28 saylı mağazasının 1-ci mərtəbəsi 120 (bir yüz iyirmi) kv. metr, zirzəmisi 154 (bir yüz əlli dörd) kv. metr sahədən ibarət olmaqla 3 (üç) nəfər işçi olmuşdur (yəni o, və iki nəfər işçi). 1999-cu ilin təxminən iyul-sentyabr aylarında “Azərkitab” Kitab Ticarəti Birliyi həmin 2 (iki) nəfər işçinin işdən azad olunması haqda əmrini imzalamışdı. O, narazılıq etmişdir ki, tək 120 (bir yüz iyirmi) kv. metr sahədən ibarət mağazanı tək işlədə bilməz. Lakin birlik onun narazılığına, xahişlərinə etinasız yanaşmışdı. Həmin işçilər işdən azad olunandan xeyli sonra Birliyin rəhbərliyi 28 saylı mağazanın 1-ci mərtəbəsindəki 120 (bir yüz iyirmi) kv. metr sahədən 100 (bir yüz) kv. metr sahəni boşaltmağı əmr etmişdir. Sonradan həmin 100 (bir yüz) kv. metr sahədə qastronom açılmışdı. Nəhayət 12 fevral 2001 il tarixdə 28 saylı kitab mağazasının müdiri kimi AR Dövlət Əmlakı Nazirliyinə ərizə ilə müraciət etməklə 28 saylı Kitab mağazasının özəlləşdirilməsi haqda qərar verilməsini xahiş etmişdir. 13 fevral 2001-ci il tarixdə AR Dövlət Əmlakı Nazirliyi ilə “Azərkitab” Kitab Ticarəti Birliyi arasında Bakı şəhəri Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsi 34Q (keçmiş Firudin Ağayev küçəsi 556/557 məhəllə ev “A”) ünvanında yerləşən 1-ci mərtəbəsindəki 20 (iyirmi) kv. metr, zirzəmidəki 154 (bir yüz əlli dörd) kv. metr sahələrindən ibarət 28 saylı mağazasının icarəyə verilməsilə əlaqədar icarə müqaviləsi bağlanmışdır. Həmçinin “Azərkitab” Kitab Ticarəti Birliyi Dövlət Əmlakı Nazirliyinə 27/8 saylı 13 fevral 2001 il tarixli məktubla müraciət edərək 28 saylı Kitab mağazasının özəlləşdirilməsinə etiraz etmədiyini bilmirmişdir. 29 may 2001 il tarixdə respublika auksion mərkəzində hərrac keçirilərək Firudin Ağayev küçəsi 556/557 məhəllə ev “A” (indiki Bəxtiyar Vahabzadə küçəsi 34Q) ünvanda yerləşən 28 saylı Kitab mağazasının alqı-satqısı haqda 38/1 saylı Hərrac Protokolu imzalanmışdır. X5 əsasında 09 iyul 2001 il tarixdə onunla AR İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti arasında 28 saylı kitab mağazasının alqı-satqısı haqda 4 saylı müqavilə bağlanmışdır. Həmin Müqavilədən sonra Bakı şəhəri Yasamal rayonu, Firudin Ağayev küçəsi 556/557 məhəllə ev “A” (indiki Bəxtiyar Vahabzadə küçəsi 34Q) ünvanda yerləşən 28 saylı kitab mağazasının onun mülkiyyətinə verilməsinə dair 000004 saylı 13 avqust 2001 il tarixli şəhadətnamə verilmişdir. Mülkiyyətinə Bakı şəhəri Yasamal, rayonu, Firudin Ağayev küçəsi 556/557 məhəllə ev “A” (indiki Bəxtiyar Vahabzadə küçəsi 34Q) ünvanda 1-ci mərtəbədə yerləşən 28 saylı Kitab mağazasının cəmi 20 (iyirmi) kv. metr, həmin ünvanın zirzəmisində yerləşən 154 (bir yüz əlli dörd) kv. metr sahə verilmişdir. O, xəstə olduğundan, müalicə aldığından həmin obyekti lazımınca işlədə bilməmişdir. Məhz 2022 ilin fevral ayının sonlarından o, başqa şəxslərdən də öyrənmişdir ki, 28 saylı kitab mağazasının 1-ci mərtəbəsində yerləşən 120 (bir yüz iyirmi) kv. metr sahədən 100 (bir yüz) kv. metr sahə Mirkərim Seyidov adlı şəxsin adına özəlləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan ƏMDX-nın **********85 saylı xx.xx.2022-ci il tarixli etirazında göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin xx.xx.2001-ci il tarixli, 184 nömrəli sərəncamı ilə 28 saylı kitab mağazasının hərrac yolu ilə özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. ünvan 1 ünvanında yerləşən 28 saylı kitab mağazasının ümumi dəyərinin, yəni 8 507 000 (səkkiz milyon beş yüz yeddi min) köhnə Azərbaycan manatının 1 276 050 (bir milyon iki yüz yetmiş altı min əlli) manatı (nizamnamə kapitalının 15 %-i) əmək kollektivinin güzəştli satışda iştirak edən üzvü olmuş İddiaçı tərəfindən özəlləşdirmə çekləri vasitəsilə ödənilmiş, həmin əmlakın nizamnamə kapitalının 85%-i yəni, 7 231 000 (yeddi milyon iki yüz otuz bir min) manat dəyərində olan hissəsi xx.xx.2001-ci il tarixli hərracda əmək kollektivinin yeganə üzvü olmuş İddiaçı tərəfindən özəlləşdirilmişdir. Daha sonra Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirmə Departamenti ilə İddiaçı arasında qeyd olunan əmlaka dair xx.xx.2001-ci il tarixli, 4 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və 28 saylı kitab mağazası xx.xx.2001-ci il tarixli, 000004 nömrəli Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmişdir. Hazırda iddiaçı iddia tələbinin əsası kimi özəlləşdirilmiş ünvan 2 ünvanında yerləşən 28 saylı mağazanın birinci mərtəbəsinin 20 kv. metr deyil, 120 kv. metr təşkil etdiyini, özəlləşmə zamanı onun hüquqları pozularaq, birinci mərtəbədə yerləşən 120 kv. metr sahədən 100 kv. metr hissənin də özəlləşmə üçün ona təklif olunmalı olduğu halda, 100 kv. metr hissənin başqa şəxsin adına özəlləşdirildiyini qeyd etmişdir. Mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən 28 nömrəli kitab mağazası özəlləşdirilməzdən əvvəl həmin sahəyə dair tərtib olunmuş texniki pasportda və eləcə də digər sənədlərdə qeyd olunan qeyri-yaşayış sahəsinin ümumi sahəsi 173 kv. metr qeyd olunmuşdur. Belə ki, qeyd olunan kitab mağazanın zirzəmi sahəsi 153.3 kv. metrdən, birinci mərtəbəsi isə 19.9 kv. metrdən ibarət olmuşdur. İddiaçının ünvan 2 ünvanında yerləşən 28 saylı mağazanın birinci mərtəbəsində yerləşən 120 kv. metr sahədən 100 kv. metr sahənin Xidmət tərəfindən özəlləşdirilməsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi ilə bağlı iddiaçının istinad etdiyi qeyd olunan hallar tamamilə əsassızdır. İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın mümkün hesab olunmaqla, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh ƏMDX-nin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbinə dair etirazda qeyd olunanları müdafiə edərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş ƏMDX-nin **********41 №-li, xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, müraciətdə qeyd olunan ünvanda (ünvan 3iki Vahabzadə küçəsi, 34Q) 173,2 kv. metr sahədə yerləşən 28 saylı kitab mağazası “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq xx.xx.2001-ci il tarixli, 4 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən özəlləşdirilmiş və bu barədə alıcıya xx.xx.2001-ci il tarixli, 000004 nömrəli Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə verilmişdir. Məktuba əlavə olunmuş aşağıdakı sənədlərdən: - Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 13 fevral 2001-ci il tarixli 4023 №-li müqavilədən görünür ki, “İcarəyəverən” Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi ilə “İcarəçi” adlandırılacaq “Azərkitab” Kitab Ticarət Birliyi (28 saylı mağaza) arasında müqavilə bağlanmışdır. - Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “İcarəyəverən” Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirinin 12 fevral 2001-ci il tarixli 55 saylı sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən ümumu sahəsi 174,0 kv. metr təşkil edən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansında olan qeyri-yaşayış sahəsini kitab ticarəti və anbar məqsədi ilə “icarəçi”nin müddətli istifadəsinə verir; 2.1-ci bəndinə əsasən icarəyə verilən qeyri-yaşayış sahəsi, sahəsi 20 kv. metr olan kitab ticarəti (1-ci mərtəbə) və sahəsi 154 kv. metr olan anbar (zirzəmi)dan ibarət olmuşdur. - 29 may 2001-ci il tarixli 38/1 №-li Hərrac Protokolundan görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinə məxsus ünvan 5 ünvanında yerləşən 28 saylı kitab mağazası 7.231.000 (yeddi milyon iki yüz otuz bir min) manata İddiaçı satılmışdır. - xx.xx.2001-ci il tarixli 4 №-li müəssisənin alqı-satqı müqaviləsi ilə “Satıcı” (Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi), “Alıcı” (İddiaçı) Bakı şəhəri, Yasamal rayonu, F.Ağayev küçəsi 556/57-ci məhəllə, ev “a”-da yerləşən 28 saylı kitab mağazasını auksiondan satış qiyməti ilə ******* (yeddi milyon iki yüz otuz bir min manata satın alır) (1.2-ci bənd). - Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən xx.xx.2001-ci il tarixdə tərtib olunmuş 002187 №-li Texniki pasportun surətindən müəyyən olunur ki, balanssaxlayıcısı Azərbaycan X1muş və “Azərkitab” Kitab Ticarət Birliyinin (28 saylı mağaza) icarəsinə verilmiş 1967-ci ildə inşa edilmiş ünvan 6 ünvanında yerləşən qeyri yaşayış sahəsinin 1-ci mərtəbəsi 19,9 kv. metr, zirzəmi hissəsi isə 153,3 kv. metrdən ibarət olmaqla, cəmi 173,2 kv. metr təşkil edir. - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında “Şəhadətnamə”nin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 28 saylı kitab mağazasını İddiaçı satın almışdır və 28 saylı kitab mağazasının onun (alıcının) toxunulmaz mülkiyyətindədir. Bununla bağlı 1 №-li reyestr kitabının 1-ci səhifəsində 000004 qeydiyyat nömrəsi ilə xx.xx.2001-ci il tarixdə qeydiyyat aparılmışdır. İddia tələbindən məlum olur ki, hazırda iddiaçı keçmiş “Azərkitab” Birliyinin Bakı şəhəri, Yasamal rayonu, keçmiş Firudin Ağayev küçəsi, 556/557 məhəllə, ev “A” (indiki Vahabzadə küçəsi 34 Q) ünvanında 1-ci mərtəbəsində yerləşən 120 (bir yüz iyirmi) kv.m sahədən 100 (yüz) kv.m sahəsinin özəlləşdirilməsinin etibarsız sayılmasını, həmin özəlləşdirməyə görə verilmiş şəhadətnamələrin və reyestrlərdən çıxarışların ləğv edilməsini məhkəmədən xahiş edir. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən; - Dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir (1.0.1 -ci maddə). - Dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir (2.1-ci maddə). - Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı (Əmlak Məsələləri Dövlət Komitəsi) çıxış edir (8.1-ci maddə). - Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Prezidenti və Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən qəbul edilir (15.1 -ci maddə). - Dövlət əmlakının özəlləşdirilməsi üsullarından biri icarəyə verilmiş dövlət əmlakının satışıdır (16.1.6-cı maddə). - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirilmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir (22.1 -ci maddə). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, İİ Dövlət Proqramının baş icraçısı və onun həyata keçirilməsi ilə bağlı müvafiq dövlət orqanlarının fəaliyyətini əlaqələndirən orqan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir (hazırda Əmlak Məsələləri Dövlət Xidməti). X7 4.6.5-ci bəndində nəzərdə tutulmuşdur ki, özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələrinə əsasən icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və sair bu kimi amillər nəzərə alınmaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilərkən icarəyə verilmiş əmlak 100 % dəyəri ilə icarəçiyə təklif olunur, icarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir. İş materiallarından da göründüyü kimi cavabdeh inzibati orqan Əmlak Məsələləri Dövlət Xidməti qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq hüquqlarından istifadə etmiş və mübahisəli daşınmaz əmlakı Dövlət Proqramının müddəalarına uyğun olaraq özəlləşdirilməsi haqqında qərar qəbul etmişdir. İddiaçının tələbləri bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İPM-nin 2.2.4cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Göründüyü kimi iddiaçı mübahisəli daşınmaz əmlakla bağlı cavadeh inzibati orqanın həyata keçirdiyi hərəkətləri qanunsuz hesab etdiyi üçün qanunla ona verilən hüquqdan istifadə etməklə, belə bir tələb irəli sürmüşdür. İrəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı X2, Əmlak Məsələləri Dövlət Xidmətinin “Azərkitab” Birliyinin Bakı şəhəri, Yasamal rayonu, keçmiş Firudin Ağayev küçəsi, 556/557 məhəllə, ev “A” (indiki Vahabzadə küçəsi 34 Q) ünvanında 1-ci mərtəbəsində yerləşən 120 (yüz iyirmi) kv. metr sahədən 100 (bir yüz) kv. metr sahəsini özəllşdirilməsinin etibarsız sayılaraq həmin özəlləşdirməyə əsasında verilmiş şəhadətnamənin və reyestrdən çıxarışın ləğv edilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. Belə ki, işin araşdırılan hallarından da göründüyü kimi, balanssaxlayıcısı Azərbaycan X1muş və “Azərkitab” Kitab Ticarət Birliyinin (28 saylı mağaza) icarəsinə verilmiş 1967-ci ildə inşa edilmiş ünvan 6 ünvanında yerləşən qeyri yaşayış sahəsinin 1-ci mərtəbəsi 19,9 kv. metr, zirzəmi hissəsi isə 153,3 kv. metrdən ibarət olmaqla, cəmi 173,2 kv. metr təşkil etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən qeyd olunan daşınmaz əmlak məhz həmin ölçüdə iddiaçının adına qanunla müəyyən olunmuş qaydada özəlləşdirilmişdir. İddiaçının mübahisələndirdiyi 100 (bir yüz) kv. metr qeyri-yaşayış sahəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı, təqdim olunmuş arxiv sənədlərindən də balanssaxlayıcısı Azərbaycan X1muş və “Azərkitab” Kitab Ticarət Birliyinin (28 saylı mağaza) icarəsinə verilmiş 1967-ci ildə inşa edilmiş ünvan 6 ünvanında yerləşən qeyri yaşayış sahəsinin 1-ci mərtəbəsində həmin ölçüdə belə bir sahənin olmadığı müəyyən olunmuşdur. Belə olan halda cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran hallar müəyyən olunmadığından iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-9465/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9465/2022
05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver