Məhkəmə qərarları › İş №2-1(112)-947/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-947/2022

30.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-947/2022 30.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «kompensasiyanın ödənilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «kompensasiyanın ödənilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) Bakı şəhəri, Xətai rayon, Xətai Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05/60 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nobel prospekti 42 ünvanına yaxın ərazidə mənə verilmiş 0.05 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş yarımtikilinin qanunsuz və əsassız məhrum olunaraq sökülməsinə görə 1.445 000,00 manat maddi zərər, vurulumuş mənəvi ziyana görə 100.000 manat, ümumilikdə 1.545 000,00 manat məbləğində kompensasiya dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; kompensasiyanın dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi hissəsində məhkəmə qərarının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının “Bakı şəhəri, Xətai rayon, Xətai Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05/60 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nobel prospekti 42 ünvanına yaxın ərazidə iddiaçıya verilmiş 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş yarımtikilinin qanunsuz və əsassız məhrum olunaraq sökülməsinə görə 1 070 000,00 manat maddi zərər, vurulumuş mənəvi ziyana görə 50.000 manat, ümumilikdə 1 120 000,00 manat məbləğində kompensasiya dövlət büdcəsi hesabına cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xətai rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05/60 №-li Sərəncamı ilə iddiaçıya Bakı şəhəri, Nobel prospekti 42 ünvanına yaxın ərazidə ayrılmış 0.05 ha torpaq sahəsində fərdi yaşayuış evinin tikintisi üçün müvafiq orqanlar tərəfindən verilmiş razılığa əsasən tələb olunan bütün smeta lahiyə və texniki sənədləşdirmələr aparılmış və bundan sonra evin iki mərtəbəsi inşa edilmişdir. İşin həmin mərhələsində Xətai rayon İcra Hakimiyyəti Bakı-Ağ Şəhər lahiyəsinin icrası ilə bağlı olaraq aparılmış tikintinin söküntüsünə qərar verilmişdirHökümətin bu qərarı hörmətlə qarşılanmış və tikintiyə çəkilmiş xərclərin kompensasiyasının ödənilməsi barədə Xətai rayon İcra Hakimiyyətinin Aparatına müraciət edilmişdir. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, dövlət proqramları çərçivəsində ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən tədbirlər ilə əlaqədar Xətai rayonu Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən bir sıra yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Qeyd olunanlarla əlaqədar olaraq Sizə məxsus fərdi yaşayış sahəsinin sökülməsi ilə bağlı Xətai rayon İcra Hakimiyyətində heç bir məlumat olmadığından müraciətinizin tərəfimizdən araşdırılması mümkün deyildir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən ona verilmiş məktubda qeyd edilənlər əsassızdır. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırkı iş üzrə üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Xətai Rayon İcra Hakimiyyətinin Y-18 nömrəli xx.xx.2017-ci il tarixli imtina məktubu. - Xətai Rayon İcra Hakimiyyətinin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 925 nömrəli xx.xx.2021-ci il tarixli məktubu. - Xətai Rayon Xətai bələdiyyəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 02/410 nömrəli xx.xx.2021-ci il tarixli məkutubu və ona əlavə edilmiş sənədlər. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6918 nömrəli Ekspert Rəyi. - "xxxx" MMC tərəfindən tərtib edilən Qiymət Cədvəli. - Qüsur cədvəli. - "xxxx" MMC-nin 01//22-383 nömrəli xx.xx.2022-ci il tarixli Mütəxəssis rəyi.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin nümayəndəsi şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). Odur ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Xətai Rayon İcra Hakimiyyəti iddiaçının müraciətinə imtina məktubunda bildirmişdir ki, göstərilən ərazidə söküntüyə məruz qalmış obyektlərin və o cümlədən sözügedən obyektin söküntüsünə təzminatın ödəilməsi ilə bağlı rayon icra Hakimiyyətinin nəzdində komissiyaya müraciət etməyiniz tövsiyyə olounur. Bununla bərabər bildirilir ki, vəsaitin olmaması səbəbindən hal-hazırda kompensasiya ödənilməsi mümkün deyildir. İş materiallarından görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6918 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, Xətai rayonu, Xətai bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05/60 nömrəli sərəncamına əsasən, Xətai Bələdiyyəsinin təsdiq olunmuş cizgi planına uyğun olaraq, İddiaçı Nobel prospekti 42 saylı ünvana yaxın istifadəsində olan ərazidə fərdi yaşayış evinin tikintisi üçün 0,05 ha torpaq sahəsində 2008-2012-ci illər ərzində həmin torpaq sahəsinin ölçülərinə uyğun təqribən 25x20 metr ölçüdə tikilinin mövcud olduğu müəyyən edilir. İş materiallarından görünür ki, "xxxx" MMC-nin 01//22-383 nömrəli xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, 10/6918 nömrəli, 09 mart 2022-ci il tarixli Ekspert müəyyən olunan, Bakı şəhəri, Nobel prospekti 42 ünvanında yerləşən 25x20 yarımtikilinin inşası üçün çəkilən tikinti xərclərinin məbləği (“Bakı-Ağ şəhər” layihəsi ilə bağlı sökülməsindən dəymiş zərər ilə əlaqədar aparılmış iş həcmlərinin Qiymət cadvəli nəzərə alınmaqla) xx.xx.2022-ci il tarixə: Tikinti-təmir işlərinin həcmi: 530 000 (beş yüz otuz min) manat təşkil edir. İş materiallarından görünür ki, Xətai Rayon Xətai bələdiyyəsi məhkəmənin sorğusuna cavab olaraq 02/410 nömrəli xx.xx.2021-ci il tarixli məktubla Xətai Rayon Xətai bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05/60 saylı Sərəncamının təsdiq olunmuş surətini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, Xətai Rayon Xətai bələdiyyəsinin “Fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2005-ci il tarixli, 05/60 saylı Sərəncamının 1-ci bəndinə əsasən Xətai rayon Xətai Bələdiyyəsi təsdiq edilmiş cizgi planına uyğun olaraq vətəndaş İddiaçı adına Nobel prospekti 42 saylı ünvana yaxın və istifadəsində olan ərazidə fərdi yaşayış evinin tikintisi üçün 3.05 ha torpaq sahəsinin ayrılmasına etiraz etmir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayon ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında” xx.xx.2013-cü il tarixli, 225 saylı Sərəncamının 1-ci bəndinə əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən, köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürmə işlərinin həyata keçirilməsinin təmin edilməsi Xətai Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ünvanda yerləşən 0.05 ha ümumi sahəsi olan torpaq sahəsinin İddiaçı məxsus olması, həmin torpaq sahəsinin üzərində tikilinin mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır, həmçinin həmin torpaq sahəsinin və onun üzərində olan tikilinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 225 saylı Sərəncamının çərçivəsinə düşməsi və həmin əmlaka (torpaq sahəsi və onun üzərində olan tikiliyə) dair İddiaçı hər hansı kompensasiyanın ödənilməməsi işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası Konstitusıyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X3rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun birinci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun birinci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Avropa Məhkəməsi “X3rşı” iş üzrə qərarında həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir. Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” qərarında ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmamasını onun mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 1.1-ci maddəsinə görə alınma-dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-İİİQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsi “Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.” kimi redaksiyada verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsində qeyd olunub ki, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, bələ razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar, bələdiyyə mülkiyyətində olan torpaqlar və üzərində istifadə və icarə hüquqları olan dövlət Torpaqları bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan bu Qanunun 9.1-ci maddəsində tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 54.2-ci maddəsinin tələbinə görə kompensasiya alınmanı zəruri edən layihənin hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. Azərbacan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Fərmanının 2.3cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Bu vəzifə inzibati orqan kimi cavabdehin vəzifəsi olsa da, cavabdeh vaxtında bu vəzifəsini yerinə yetriməmişdir. Məhkəmə iddia tələbində qeyd olunanları, habelə cavabdehin mövqeyini, eyni zamanda dövlət büdcəsinin maraqları nəzərə alınaraq hesab edir ki, kompensasiya məbləği ağlabatan məbləğdə olmalıdır. Yəni, kompensasiya məbləği cavabdeh təşkilat və ya cavabdeh vasitəsilə dövlət büdcəsi qarşısında kəskin və ağırlaşıdırıcı maliyyə öhdəliyi yaratmamalıdır. Məhkəmənin qənaətinə görə kompensasiya məbləği layihənin həyata keçirildiyi dövrdə digər mülkiyyətçilərə ödənilən məbləğlərə uyğun olmalıdır. Mövcud büdcə qanunvericiliyinin tələblərinə görə aidiyyəti orqanlar, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar və digər dövlət orqanları maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitindən qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlər görməlidirlər. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddia tələbi Xətai Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilmiş müvafiq layihə çərçivəsində ödənilən kompensasiya məbləği, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6918 nömrəli ekspert rəyi, "xxxx" (Konsaltinq xidmətləri) MMC-nin 01//22-383 nömrəli xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli və İddiaçı 530.000 (beş yüz otuz min) manat məbləğində kompensasiyanın ödənilməsi hissəsində təmin, qalan hissədə iddia təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin 50.000 manat vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı qeyd edir ki, mənəvi ziyanın dəyməsi iş materialları ilə sübut olunmadığından, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi Bakı şəhəri, Xətai rayon, Xətai Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05/60 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nobel prospekti 42 ünvanına yaxın ərazidə iddiaçıya verilmiş 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş yarımtikilinin sökülməsinə görə 530.000 (beş yüz otuz min) manat maddi zərər kimi kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasi hissəsində təmin, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayon, Xətai Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05/60 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nobel prospekti 42 ünvanına yaxın ərazidə iddiaçıya verilmiş 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş yarımtikilinin sökülməsinə görə 530.000 (beş yüz otuz min) manat maddi zərər kimi kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar