Məhkəmə qərarları › İş №2-1(112)-947/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-947/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-947/2024 14.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu) qarşı “qərarın ləğvi və borcun silinməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə ona hesablanmış 1368,85 manat borcun şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin Bakı Kommersiya Məhkəməsinə "Ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında **********030800 qeydiyyat nömrəli xx.xx.2023cü il tarixli ərizə daxil olmuşdur. İddiaçı bundan sonra bilib ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən ona MDSS haqları üzrə 1368,85 manat borc hesablanmışdır. O vergi qanunvericiliyinə uyğun qaydada, vergi ödəyicisi qismində cəmi 3 ay fəaliyyət göstərmiş və xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixə qədər (5 illik müddətə) sahibkarlıq fəaliyyəti və əməliyyatları rəsmi qaydada dayandırılmışdır. Bu səbəbdən də xx.xx.2019-cu il tarixden xx.xx.2023-cü il tarixinə qədər vergi orqanı ilə əlaqəsi olmamış, onun xx.xx.2019-cu il tarixə DSMF-na MDSS haqları üzrə 1368,85 manat borcu olmamışdır. Hətta iddiaçının vergi ödəyicisi kimi fəaliyyəti dayandırıldığı zaman onun xx.xx.2019-cu il tarixə vergi orqanına 453,61 manat artıq ödənişi olmuşdur. Ona görə cavabdeh tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə ona hesablanmış 1368,85 manat borc onun şəxsi hesab vərəqəsindən silinməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı (VÕEN: **********) xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 1368,86 manat əsas və 980,77 manat faiz borcu mövcuddur. Vergi ödəyicisi tərəfindən 2019-cü ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi bəyannaməsində dövriyyə məbləğlərinin qeyd edilməsinə baxmayaraq, 2019-cu ilin 4-cü rübü üçün MDSS-Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bəyannaməsinin (0700) təqdim edilməməsi kənarlaşmanın yaranması səbəb olmuşdur ki, bu barədə bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********266200 nömrəli ve uyğunsuzluq məktubu göndərilmişdir. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər və ətraflı izahat məktubu təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin 4-cü rübü üçün MDSS- Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bəyannaməsi (0700) üçün 375,00 manat məbləğində sosial sığorta haqqı hesablanmış və vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********292000 nömrəli "Elektron kameral hesablama barədə Qərar göndərilmişdir. Borcun digər hissəsinə münasibətdə isə bildirilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqqları və işsizlikdən sığorta haqqları üzrə yığımların təmin edilməsi xx.xx.2019cu il tarixdən etibarən Vergi orqanına həvalə edilmişdir. İddiaçının silinməsini tələb etdiyi borcun 605,77 manat əsas, 150,83 manat faiz borcu hissəsinə münasibətdə isə bildirilir ki, həmin borc sosial sığorta haqqları və işsizlikdən sığorta haqqları üzrə yığımların təmin edilməsi səlahiyyətinin (xx.xx.2019- cu il tarixdən etibarən) Vergi orqanına həvalə edilməsindən əvvəl yaranmışdır. Yəni həmin borc məbləğinin yaranmasına səbəb vergi orqanının hər hansı qərarı olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 73cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümleden cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. xx.xx.2021-ci il tarixində vergi ödəyicisinə **********531100 nömrəli "Vergi ödəyicisinin aktivləri barədə məlumat formasının təqdim edilməsi haqqında məktub göndərilsə də vergi ödəyicisi tərəfindən həmin məlumat forması təqdim olunmadığından xx.xx.2021-ci il tarixli **********844800 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər İştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şıkayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Mülki Prosessual Məcəllənin 367.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8033/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək "cavabdeh Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “vergi ödəyicisinin aktivləri barədə məlumat verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə" 10 iyun 2021-ci il tarixli qərarın və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 28 sentyabr 2021-ci il tarixli qərarın ləğv edilməsi və Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmış 1368,85 manat borcun İddiaçının şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsi"nə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarından görünür ki: -xx.xx.2021-ci il tarixli Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə **********844800 nömrəli qərarına əsasən İddiaçı tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. -xx.xx.2021-ci il tarixli **********29200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2019-cu il 4-cü rübü üçün MDSS üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 375,00 manat təşkil edir. -Dövlət Sosial Müdafiə X5 Xidmətinə ünvanladığı məlumatda qeyd edilmişdir ki, fərdi sahibkar (sığortaedən) İddiaçı (VÖEN: **********) aid "borcun silinməsi tələbinə dair 2- 1(112)-8033/2022 nömrəli inzibati iş üzrə aparılan araşdırma zamanı İddiaçı məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (hesablanmış penya) üzrə silinməli olan borc məbləğlərinin olduğu aşkar edilmişdir. Sığortaedənin məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (hesablanmış penya) üzrə borc məbləğləri barədə məlumatları qoşmadakı cədvəldən görünür ki: -Sığortaedənin adı: İddiaçı, VÖEN: **********, Fəaliyyət növünün kodu: 0100. Sığortaedənin xx.xx.2018-ci il tarixinə yaranmış borcu MDSSH üzrə 605,77, penya və maliyyə sanksiyası 150,83 təşkil edir. İş materiallarına əlavə edilmiş DSMF Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin “Məcburi dövlət sosial sığorta haqqları və ona tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə dair” idiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********370 nömrəli bildirişdən görünür ki, xx.xx.2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqları üzrə 605.77 manat, tətbiq olunmuş maliyyə sanksiyası (və ya inzibati cərimə) və digər sosial sığorta öhdəlikləri üzrə 150.83 manat borcunuz yaranmışdır. İş materiallarına əlavə edilmiş DSMF Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin “Məcburi dövlət sosial sığorta haqqları və ona tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə dair” idiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********122 nömrəli bildirişdən görünür ki, xx.xx.2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqqları üzrə 605.77 manat, tətbiq olunmuş maliyyə sanksiyası (və ya inzibati cərimə) və digər sosial sığorta öhdəlikləri üzrə 150.83 manat borcunuz yaranmışdır. Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2014-cü il tarixli **********107600 nömrəli arayışından görünür ki, vergi ödəyicisi İddiaçı Fəaliyyətin və əməliyyatların dayandırıldığı tarix xx/xx/2014 və Fəaliyyətin və əməliyyatların bərpa ediləcəyi tarix xx/xx/2019. Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********582500 nömrəli arayışından görünür ki, vergi ödəyicisi İddiaçı Fəaliyyətin və əməliyyatların bərpa ediləcəyi tarix xx/xx/2018. Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********925700 nömrəli arayışından görünür ki, vergi ödəyicisi İddiaçı Fəaliyyətin və əməliyyatların dayandırıldığı tarix xx/xx/2019 və Fəaliyyətin və əməliyyatların bərpa ediləcəyi tarix xx/xx/2024. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin 2 qərarını--xx.xx.2021-ci il tarixli **********29200 nömrəli və xx.xx.2021-ci il tarixli **********844800 nömrəli qərarlarını mübahisələndirir. Məhkəmə hər iki qərara münasibətə hesab edir ki, iddia müddəti ötürülməmişdir. Vergi Məcəlləsinin 70.1-ci və 70.2-ci maddələrinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub vəya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1-ci və 70.2-1.3-cü maddələrinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır “Elektron imza və elektron sənəd haqqında” Qanunun 1.1.4-cü maddəsinə əsasən Elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər; 1.1.15-ci maddəsinə görə informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır (maddə 70.2-1.3. ). Sadalanan hüquq normalarına əsasən vergi orqanı tərəfindən mübahisələndirilən qərarlar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Lakin iş materiallarında olan mübahisələndirilən qərarlar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddia tələbinin cavabdehin mübahisələndirilən qərarlarından kənar qalan və inzibati aktla rəsmiləşməyən şəxsi hesab vərəqəsinə işlənmiş borcun silinməsi tələbi isə öhdəliyin icrası haqqında idia növünə aiddir. Beləliklə, iddia mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. İddiaçının tələbləri aşağıdakı hissələrdən ibarətdir: -xx.xx.2021-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********292000 nömrəli qərarın ləğvi; -xx.xx.2021-ci il tarixli **********844800 nömrəli “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” qərarın ləğvi; -605.77 manat, tətbiq olunmuş maliyyə sanksiyası (və ya inzibati cərimə) və digər sosial sığorta öhdəlikləri üzrə 150.83 manat borcun şəxsi hesab vərəqəsindən silinməsi. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək fəaliyyətni dayandırmışdır. Göründüyü kimi iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək aktiv fəaliyyəti olmuşdur. Belə olan halda iddiaçının fəaliyyəti 2019-cu ilin 3-cü rübü (avqust, sentyabr, oktyabr ayları) üzrə aktiv olmuş və bu halda iddiaçının həmin aylar üzrə məcburi dövlət sosial sığorta haqları üzrə hesabat təqdim etmək öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Mübahisələndirilən xx.xx.2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********29200 nömrəli qərardan və şəxsi hesab vərəqindən görünür ki, iddiaçıya 2019-cu ilin 4-cü rübü, yəni 2019-cu ilin noyabr, dekabr ayları və 2020-ci ilin yanvar ayı üzrə vergi hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, vergi orqanı iddiaçıya 2019-cu ilin noyabr ayında MDSS üzrə hesabladığı 125 manat əlavə vergi istisna olmaqla, hesabat dövrünə aid olmayan 2019-cu ilin dekabr ayı üzrə 125 manat və 2020-ci ilin yanvar ayı üzrə 125 manat vergi hesablamaqda haqlı olmamışdır. İşin hallarından görünür ki, iddiaçının silinməsini tələb etdiyi 605,77 manat əsas, 150,83 manat faiz borcu iddiaçının xx.xx.2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqları üzrə yarandığı əsas gətirilərək şəxsi hesab vərəqinə işlənmilmiş borcdur. Qeyd edilən borc məbləği ilə bağlı inzibati akt təqdim edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqqları və işsizlikdən sığorta haqqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Vergi orqanına həvalə edilmişdir. Üçüncü şəxsin mövqeyinə görə iddiaçının xx.xx.2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqları üzrə ödənilməmiş 605,77 manat əsas borcu olmuş, bununla bağlı nazirliyin elektron informasiya ehtiyatlarında olan sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə hesabat məlumatları təqdim edilmiş və eyni zamanda iddiaçıya borcun ödənilməsi ilə bağlı bildirişlər göndərilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə üçüncü şəxs tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixədək sığorta haqları barədə hesabatlar sözügedın borcun yarandığını bilavasitə təsdiq etmir. Belə ki, üçüncü şəxsin də qeyd etdiyi kimi kağız daşıyıcıda çıxarılaraq iş materiallarına əlavə edilmiş hesabatlar elektron informasiya ehtiyatlarından çıxarılmış hesabatlar olmaqla nə elektron imza, nə də sadə imza və möhürlə təsdiq edilmişdir. Həmin hesabatlar hüquq münasibətlərinin yarandığı dövrü qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdır. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının 1997-ci il 09 iyul tarixli 7/1 № qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydaları haqqında” Qaydalara görə (ləğv edilmişdir): -1. Bu təlimat “ Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Dövlət Sosial Müdafiə Fondu orqanlarına məcburi dövlət sosial sığortası üzrə sığortaedənlərdən və sığortaolunanlardan məcburi dövlət sosial sığorta haqlarının hesablanması, uçotu qaydalarını və bu qaydaların pozulmasına görə məsuliyyət növlərini müəyyən edir. -2. Məcburi Dövlət sosial sığortası üzrə ödəmələrin növləri, təyin edilməsi və verilməsi şərtləri və qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnamə ilə, eləcə də Azərbaycan Respublikası Konstitusiyası, “Azərbaycan Respublikasının Əmək Məcəlləsi” Sosial sığorta haqqında” və digər Azərbaycan Respublikası Qanunları, Azərbaycan Respublikası Milli Məclisinin qərarları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları və digər normativ hüquqi aktlarla müəyyən edilir. -4. Məcburi dövlət sosial sığorta haqqı-sığortalamaya görə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu orqanlarına ödənilən pul vəsaitidir. -15. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi müddətləri aşağıdakı kimidir: bütün başqa sığortaedənlər eləcə də fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər hər ay sonrakı ayın əvvəlində (sığortaedənin ərizəsində göstərilən gündə), lakin məcburi dövlət sosial haqqı hesablanan aydan sonrakı ayın 15-dən gec olmamaq şərtilə -20. Sığortaedənlər uçota alındığı Dövlət Sosial Müdafiə Fondu orqanına hər rüb (artan yekunla) məcburi dövlət sosial sığorta vəsaitləri üzrə hesablanmış və ödənilmiş sosial sığorta haqqı və digər daxil olan məbləğlər, eləcə də hesablanmış məcburi dövlət sosial sığorta ödəmələri məbləğləri göstərilməklə bu təlimata 1 №-li əlavəyə uyğun 1 - DSMF formalı “Məcburi dövlət sosial sığorta vəsaitləri üzrə haqq-hesab cədvəli” təqdim edirlər. Məcburi dövlət sosial sığorta haqqı və bu hesaba ödəmələr onların hesablandığı rübün haqq-hesab cədvəlində əks etdirilir. -Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq-hesab cədvəli rəsmi məktubla birlikdə rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq müvafiq məsul işçi il təqdim olunur. Hesabatın rabitə orqanları vasitəsilə qəbul edilməsinə icazə verilmir, Aprelin, iyulun, oktyabrın və yanvarın 20-si iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır. Hesabatın bütün məlumatları dəqiq olmalı, bank və mühasibat sənədləri ilə düz gəlməlidir. Hesabat müəssisənin rəhbəri və baş mühasibi, həmçinin həmkarlar ittifaqı komitəsinin sədri tərəfindən imzalanır və möhürlə təsdiq olunur. Hesabata imza edərkən həmkarlar ittifaqları komitəsinin sədrləri sanatoriya-kurort yollayışlarının dəyərinin qismən ödənilən hissəsinin hesabatında düzgün əks etdirilməsinə nəzarət etməlidirlər. Düzgün tərtib olunmayan və düzəlişlər edilmiş hesabatlar qəbul edilmir. Məhkəmə qeyd edir ki, təqdim olunan hesabatlar qaydaların tələblərinə uyğun olaraq iddiaçı və onun mühasibi tərəfindən imzalanmamış, möhürlə təsdiq edilməmiş, ümumiyyətlə təqdim edilən hesabatların məhz iddiaçı tərəfindən bəyan edildiyi sübuta yetirilməmişdir. Bundan əlavə, üçüncü şəxs borcun ödənilməsi ilə bağlı iddiaçıya xx.xx.2018 və xx.xx.2018-ci il tarixli bildirişlər təqdim edildiyini qeyd etsə də, həmin bildirişlərin iddiaçıya göndərilməsini və ya çatdırılmasını təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, iddiaçının xx.xx.2018-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları üzrə 605,77 manat əsas və 150,83 manat faiz borcunun yarandığı və mövcud olduğu sübuta yetirilmədiyindən qeyd edilən məbləğ iddiaçının şəxsi hesab vərəqindən silinməlidir. Digər tərəfdən işin hallarından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixli qərarla aktivləri barədə məlumatın verilməməsinə görə 100 manat məbləğində maliyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən bu Məcəllənin 89.3-cü maddəsində nəzərdə tutulmuş məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 89.3-cü maddəsinə görə vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Hazırkı iş üzrə iddiaçının fəaliyyəti 2021-ci il üzrə aktiv olmamaqla yanaşı barəsində şəxsi hesab vərəqinə işlənmiş xx.xx.2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqları üzrə 605.77 manat borcun mövcudluğu sübuta yetirilməmiş və həmin borcun silinməsi qərara alındığından qeyd edilən borcun ödənilmədiyi halda vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməsi kimi öhdəliyi də yaranmamış hesab olunur. Belə olan halda cavabdehin sözügedən xx.xx.2021-ci il tarixli **********844800 nömrəli qərarı ləğv edilməlidir. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd edilən normalar vergi orqanının üzərinə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxslərinin düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsini qoymuş və qanunun bu norması imperativ xarakterə malikdir. “İnzibati icraat haqqında” Qanunun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. -47.2-ci maddəsinə görə maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Sadalanan normalardan göründüyü kimi inzibati orqan işin faktiki hallarından və inzibati icraatın gedişində toplanmış sübutlardan çıxış etməli, eləcə də mübahisəyə inzibati icraat haqqında hüquq normalarını və ya maddi hüquq normalarını tətbiq etməklə aydın şəkildə əsaslandırdığı inzibati akt qəbul etməlidir. Belə ki, məhkəmə inzibati aktın çıxarılmasının zəruriliyini inzibati orqanın əvəzinə əsaslandırmaq vəzifəsi daşımır, əksinə inzibati orqanın gətirdiyi əsasların qanuniliyini və əsaslılığını yoxlayaraq inzibati orqanlar üzərində məhkəmə nəzarətini həyata keçirmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Həmin Məcəllənin 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli **********292000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 250 manat verginin hesablanması hissəsində, xx.xx.2021-ci il tarixli **********844800 nömrəli “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı tam şəkildə ləğv edilməli, iddiaçıya hesablanılmış 605.77 manat əsas borc və 150.83 manat faiz borcunun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə həvalə edilməli, iddia qalan hissədə təmin edilməlididir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********292000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 250 manat verginin hesablanması hissəsində və xx.xx.2021ci il tarixli **********844800 nömrəli “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı ləğv edilsin. İddiaçı hesablanılmış 605.77 manat əsas borc və 150.83 manat faiz borcunun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar