Məhkəmə qərarları › İş №2-1(112)-9471/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9471/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9471/2023 09.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “50 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi və təyin edilmiş pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 50 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi və təyin edilmiş pensiyanın yenidən hesablanaraq ödənilməsi tələbinə dair iddiası üzrə inzibati işə 9 iyun 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1953-cü il təvəllüdlüdür. İddiaçıya xx.xx.2005-ci il tarixdə 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona 50 yaşının tamam olduğu xx.xx.2003-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə hesablanıb ödənilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “..Fondun Qaradağ rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “X1 haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə və 17-ci maddəsinin birinci və beşinci abzaslarına əsasən, həmçinin “X1 haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinin tələbləri nəzərə alınmaqla sizə 12 avqust 2005-ci il tarixindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “X1 haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “X1 haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, sizə 52 yaşınızın tamamlandığı tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 50 yaşınızın tamamlandığı tarixdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. Bundan sonra iddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 12 avqust 2003-cü il tarixdən 12 avqust 2005-ci il tarixinədək ödənilməmiş pensiya haqqının yenidən hesablanaraq artırılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin məzmunundan göründüyü kimi, iddiaçı ona 50 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2003-cü ildən pensiya təyin edilməsini və ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş edir. Ona görə də, tələbin xahiş etdim hissəsində tələbin xx.xx.2003-cü ildən xx.xx.2005-ci il tarixədək pensiyanın hesablanaraq ödənilməsini və təyin edilmiş pensiyanın yenidən hesablanaraq artırılmasının cavabdehə həvalə edilməsi kimi yazılmasını məhkəmə formal xəta hesab edərək, iddiaçının tələbini, “50 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi və təyin edilmiş pensiyanın yenidən hesablanaraq ödənilməsi” kimi qəbul edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 12 avqust 1953-cü il tarixində doğulmuşdur. Hərbi biletinin və əmək kitabçasının surətlərindən görünür ki, 18 may 1972ci il tarixindən 02 aprel 1974-cü il tarixinədək (01 il 11 ay 16 gün) Sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 27 iyun 1975-ci il tarixdən 08 fevral 1982-ci il tarixinədək (06 il 06 ay 11 gün) “Xəzərdənizneft” İB-nin X5 İşləri İdarəsində qazmaçı köməkçisi, 26 fevral 1982-ci il tarixdən 25 aprel 1986-cı il tarixinədək (04 il 01 ay 29 gün) X3 elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru, 07 may 1986-cı il tarixdən 01 mart 1991-ci il tarixinədək (04 il 07 ay 24 gün) “Xəzərdənizneft” İB-nin X5 İşləri İdarəsində qazmaçı köməkçisi, 05 mart 1991-ci il tarixdən 15 yanvar 1992-ci il tarixinədək (10 ay 10 gün) “Korgöz” Daş Karxanasında daşkəsən maşının maşinisti, 20 yanvar 1992-ci il tarixdən 13 sentyabr 2000-ci il tarixinədək (08 il 07 ay 24 gün) X3 elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru, 01 noyabr 2004-cü il tarixdən 01 fevral 2005-ci il tarixinədək (03 ay) “Azərsu” SC-nin Qaradağ rayon Su Təsərrüfatı İdarəsində iş icraçısı, 27 yanvar 2009-cu il tarixdən 17 avqust 2009-cu il tarixinədək "xxxx" MMC-də gözətçi, 24 iyun 2014-cü il tarixdən 06 oktyabr 2016-cı il tarixinədək "xxxx" Azərbaycan QSC-də operator vəzifələrində işləmişdir. 01 avqust 1997-ci il tarixində ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 23 il 09 ay 21 gün təşkil etmiş və həmin staj illərinin 20 il 10 ay 08 gün müddətini güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahıya daxil olan işlərdə çalışmışdır. Bununla da 50 yaşı tamam olduğu 12 avqust 2003-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Lakin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “X1 haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə müvafiq olaraq 50 yaşı tamam olduğu 12 avqust 2003-cü il tarixdən deyil, 12 avqust 2005-ci il tarixdən təyin edilmiş, bununla da qanunvericilikdə nəzərdə tutulan hüququ pozulmuşdur. Hesab edir ki, ona güzəştli şərtlərlə əmək pensiyası 50 yaşı tamam olduğu 12 avqust 2003-cü il tarixdən təyin olunmalı, yəni hüququ yaranan tarixdən 12 avqust 2005-ci il tarixinədək müddət ərzində ödənilməmiş pensiya haqqı məbləği və sonradan qazanılmış pensiya kapitalı nəzərə alınmaqla aylıq pensiya haqqı məbləği yenidən hesablanmalı, qanunvericiliyin tələblərinə uyğun olaraq artırılmalıdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdi etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçıya 12 avqust 2005-ci il tarixdən, yəni 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı isə hazırda ona 12 avqust 2003-cü il tarixdən, yəni 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. xx.xx.2007-ci ilədək qüvvədə olmuş “X1 haqqında” Qanunun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə -kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sözügedən maddələrin məzmunundan aydın olur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: İddiaçının yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; Azı 20 il sığorta stajına malik olmalı və bu müddətin azı 10 ilini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə çalışmalıdır. Baxılan işdə iddiaçının 20 il ümumi və 10 il xüsusi (güzəştli) stajının olması işin mübahisələndirilməyən halıdır. İddiaçı hesab edir ki, ona 52 yaşda deyil, 50 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməli idi. İddiaçı xx.xx.1953-cü il tarixdə doğulmuş və 50 yaşı xx.xx.2003-cü il tarixdə tamam olmuşdur. Lakin həmin dövrdə (xx.xx.2003-cü il) qüvvədə olan “X1 haqqında” Qanununda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddi artıq 52 olmuşdur. Buna görə də xx.xx.2003-cü il tarixdən iddiaçıya 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericliyin tələblərinə uyğun deyildir. İddiaçıya 50 yaşdan pensiya təyin edilməsi üçün, onun xx.xx.1997-ci ilə qədər (həmin tarixdən başlayaraq xx.xx.2000-ci ilədək hər il 6 ay artırılmışdır) 50 yaşı tamam olmalı idi. Beləliklə iddiaçının ona 50 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün zəruri olan birinci şərt ödənilmir. Cavabdeh tərəfindən iddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2005-ci il tarixdən, 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyini əsaslandırılan imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 50 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi və təyin edilmiş pensiyanın yenidən hesablanaraq ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar