Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9471/2024 27.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “təhsil sənədinin dublikatının verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli 3-29- 69/2-A-605-4/2023 nömrəli məktubunun qanunsuz hesab edilməsi və Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 23 ünvanında yerləşən 71 nömrəli axşam məktəbində 1995-1996-cı illərdə təhsil aldığına görə təhsil sənədinin dublikatının verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1979-cu il təvəllüdlü İddiaçı orta təhsili Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 23 ünvanında yerləşən 71 nömrəli axşam məktəbində 1995-1996-cı illərdə almışdır. Həmin tədris müəssisəsini bitirməyi haqqında sənəd verilmiş, lakin həmin sənəd itirildiyindən yenidən əldə etmək üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət edib. Həmin qurumun xx.xx.2023-cü il tarixli 3-29-69/2-A-605-4/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, 71 saylı axşam məktəbinin arxiv sənədləri Bakı şəhəri üzrə Təhsil İdarəsinə təhvil verilmədiyindən məsələnin araşdırılması imkan xaricindədir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə xüsusi icraat qaydasında ərizə ilə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 23 ünvanında yerləşən 71 nömrəli axşam məktəbində orta təhsil almağı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2(008)- 1560/2024 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilməsindən imtina edilərək təhsil sənədinin dublikatının verilməsi ilə bağlı 71 nömrəli axşam məktəbinin arxiv sənədlərinin saxlanıldığı orqana müraciət edilməsi bildirilmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli 3-29-69/2-A-605-4/2023 nömrəli məktubu qanunsuz hesab edilməklə onun üzərinə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 23 ünvanında yerləşən 71 nömrəli axşam məktəbində 1995-1996-cı illərdə təhsil aldığıma görə təhsil sənədinin dublikatının verilməsi öhdəliyi qoyulmalıdır.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-1560/2024 nömrəli Qərardadı ilə ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, 71 saylı axşam məktəbinin arxiv sənədləri Bakı şəhəri üzrə Təhsil İdarəsinə təhsil verilmədiyindən məsələnin araşdırılması imkan xaricindədir.
5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsi tərəfindən 71 saylı axşam məktəbinin verdiyi təhsil sənədinin arxiv nüsxələrinin saxlandığı qurum haqqında məlumat verilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə daxil olmuş məktubunuza aidiyyəti üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsində baxılmışdır (daxilolma: xx.xx.2024-cü il tarixli TN-292 nömrəli). Aparılmış araşdırma zamanı 71 saylı axşam məktəbinin verdiyi təhsil sənədinin arxiv nüsxələrinin saxlandığı qurum haqqında məlumat aşkar edilməmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
II. İddianın mümkünlüyü
7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
10. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 23 ünvanında yerləşən 71 nömrəli axşam məktəbində 1995-1996cı illərdə təhsil aldığını təsdiq edən təhsil sənədinin dublikatının verilməsini xahiş etmişdir.
11. Məhkəmə iş materiallarını ilkin araşdırması zamanı iddiaçının 71 nömrəli məktəbdə oxumasını təsdiqləyən hər hansı dəlil müəyyən etməmişdir.
12. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə tərəfindən hüquqi yardım etmək vəzifəsi iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməkdə ifadə edilir.
13. Məhkəmənin hüquqi yardımı hər bir halda onun mümkünsüzlüyünü istisna etməyəcəkdir və işin hallarından asılı olaraq hazırki işdə olduğu kimi mütləq şəkildə iddianın mümkünlüyü ilə nəticələnməyəcəkdir.
14. Eyni zamanda məhkəmə tərəfindən hüquqi yardım göstərilməsi iddia tələbinin olduğu kimi necə ifadə edilməsini şərtləndirmir və inzibati məhkəmə araşdırmasının predmeti olmayan iddialar üzrə və ya digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bildiyi iddianın mümkünsüzlüyünü istisna etməyən hallarda iddia tələbinin (ifadə tərzinin) müəyyən edilməsi ilə bağlı məhkəmənin borcunu nəzərdə tutmur. Qeyd edilən halda məhkəmənin hüquqi yardım göstərmək vəzifəsi inzibati məhkəmə icraatı zamanı iddia tələbinin hansı meyarlara cavab verməli olduğunu izah etməklə müəyyənləşir.
15. Odur ki, məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli məktubla müvafiq hüquqi yardım göstərilərək iddiaçının 71 saylı axşam məktəbində təhsil almasını təsdiq edən məlumatın və sənədlərin qısa müddətdə məhkəməyə təqdim edilməsi təklif edilmişdir.
16. Məhkəmə qeyd edir ki, iddiaçıya hüquqi yardım göstərilməsinə baxmayaraq 71 saylı axşam məktəbində təhsil almasını sübut edən hər hansı dəlil (tələbə bileti, arayış və s.) təqdim edilməmişdir.
17. Digər tərəfdən məhkəmə tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanaraq axşam məktəblərinin, o cümlədən 71 saylı axşam məktəbinin verdiyi təhsil sənədinin arxiv nüsxələrinin saxlandığı qurum haqqında məlumat verilməsi tələb olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı 71 saylı axşam məktəbinin verdiyi təhsil sənədinin arxiv nüsxələrinin saxlandığı qurum haqqında məlumat aşkar edilməmişdir.
18. Odur ki, məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə 71 saylı axşam məktəbinin mövcudluğunu və iddiaçının həmin təhsil müəssisəsində təhsil almasını müəyyən etmək (təsdiqləmək) mümkün deyil. Belə olduğu təqdirdə mövcudluğu müəyyən edilən təhsil müəssisəsi tərəfindən verilmiş təhsil sənədinin dublikatının cavabdeh orqandan tələb edilməsi mümkün deyil.
19. X5 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X4rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq"un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X3rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X1rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).
20. Məhkəmə hesab edir ki, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir. Odur ki, iddiaçının hazırki vəziyyətdə iddia tələbini irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.
21. Məhkəmə nəzərə alır ki, məhkəmə qərarı icra keyfiyyətinə malik olmalıdır və 71 saylı axşam məktəbinin verdiyi təhsil sənədlərinin arxiv nüsxələrinin saxlandığı qurum haqqında məlumat aşkar edilmədiyindən iddia təmin oldunduğu təqdirdə belə məhkəmə qərarının icrası mümkün deyildir.
22. Odur ki, iddia mümkün sayılmamalıdır.
23. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
24. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia tələbi mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva