Məhkəmə qərarları › İş №2-1(112)-9471/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9471/2025

15.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9471/2025 15.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “sığorta ödənişinin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək cavabdehin üzərinə ona 16.837,20 (on altı min səkkiz yüz otuz yeddi manat, iyirmi qəpik) manat sığorta ödənişinin verilməsi öhdəliyi qoyulması barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 25 sentyabr 2013-cü il tarixində 1497/ş nömrəli əmrlə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətində xidmətə qəbul olunmuşdur. Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Yasamal rayon X8 hissəsində hərbi rütbəsi daxili xidmət baş çavuşu olmaqla dispetçer hərbi-uçot ixtisası üzrə xidmət göstərmişdir. xx.xx.2023-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinin Tibb xidmətinin Xüsusi həkim ekspertiza komissiyası tərəfindən şəhadətləndirilmişdir. Həmin şəhadətnamədə xəsləyin xidmət dövründə alındığı təsdiq edilmiş və müharibə və dinc dövrdə hərbi xidmətə yararsızlığı qeyd edilmişdir. 20 iyul 2023-cü il tarixli, 1350/ş nömrəli əmrlə xidmət keçməsinə xitam verilmişdir. Bununla bağlı, əmək kitabçasında 20 iyul 2023cü il tarixli, 1350/ş nömrəli əmrlə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.5- ci maddəsinə əsasən uzun müddətli xəstəliyi ilə əlaqədar vəzifəsinin yerinə yetirməsinin qeyri-mümkünlüyü ilə əlaqədar olaraq xidmətkeçməsinə xitam verildiyi qeyd olunmuşdur. Bundan sonra uzun müddətli müalicələr almışdır. xx.xx.2021-xx.xx.2021 -ci il Səhiyyə Nazirliyi 1 saylı X6 müalicə keçmiş və ona “Sol ağciyərin infiltrativ vərəmi, eksudativ plevritlə fasadlaşma, TDV (-) mənfi” diaqnozu qoyulmuşdur. xx.xx.2022-xx.xx.2022-ci il tarixdə Səhiyyə Nazirliyi X1 İnstitutunda stasionar müalicədə olmuşdur. Stasionardan çıxarkən “Sol ağciyərin infiltrativ vərəmi, sorulma mərhələsi, TDV (-) mənfi” diaqnozu qoyulmuşdur. Sonuncu diaqnozdan sonra səhhəti ilə əlaqədar qısa müddətdə (1 ay, 21 gün) dispetçer vəzifəsində xidmət eləmişdir. Lakin, bu qısa müddət ərzində səhhəti yenidən pisləşdi və yenidən məcburi müalicə almalı oldu. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci ilə kimi müxtəlif xəstəxanalarda (Abşeron Rayon Mərkəzi Xəstəxanasında, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzində, Səhiyyə Nazirliyi X1 İnstitutunda müayinədən keçmişdir. Səhiyyə Nazirliyi Elmi- X3 X11 infiltirativ vərəmi, dağdma mərhələsi, TDM (+) müsbət olmaqla 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasına göndərmişdir. xx.xx.2022- xx.xx.2022-ci il tarixdə Yuxarıda adı qeyd edilən səhiyyə ocaqlarının qərarı ilə 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasında Sol Ağciyərin infiltirativ vərəmi, dağılma mərhələsi, TDM (+) müsbət MDR forma diaqnozu əsasında müalicə almışdır. xx.xx.2024-cü il tarixdə Səhiyyə Nazirliyi X1 İnstitutunda müayinədən keçmişdir. Səhiyyə Nazirliyi Elmi- X3 İnstitu, sol ağciyərin fıbroz-kavernoz vərəmi, TDM (+) müsbət olmaqla 1 nömrəli (keçmiş 6 saylı) Xüsusiləşmiş Vərəm Xəstəxanasına göndərilmiş və xx.xx.2024-cü il tarixə qədər həmin xəstəxanada stosianar müalicə almışdır. xx.xx.2025-ci il tarixədək isə ev şəraitində dərman qəbul edərək müalicəmi davam etdirmişdir. Nəhayət xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Tibbi-Sosial Ekspert Komissiyasının müayinəsi əsasında ona üçüncü dərəcəli əlillik müəyyən edilmişdir. 07 mart 2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X9 müraciət etmişdir. Müraciətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydasına” 1 nömrəli əlavəsinə uyğun olaraq “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” Arayışda qeyd edilən 42093 manat məbləğin üçüncü dərəcəli əlillik dərəcəsinə uyğun olaraq 40 faizi miqdarında birdəfəlik sosial müavinət istəmişdir. Qanunun 4-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası” 1 nömrəli əlavəsinə uyğun olaraq “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair’ Arayışa uyğun olaraq ona 42093 manatın 40 faizi həcmində, yəni 16.837,20 (42093*40/100) manat sığorta pulu ödənilməlidir. Cavabdeh isə ona ünvanladığı məktubda qanunun mətnini təhrif etmişdir. Belə ki, həmin məktubda qeyd edilir: Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Əslində isə qanunun mətni aşağıda məhkəməyə təqdim etdiyimiz kimidir. Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (vəya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Göründüyü kimi orijinal mətndə “əlilliyin müəyyən edilməsi” ifadəsindən öncə yalnızca “və” yox, həmçinin “və ya” sözləri qeyd edilmişdir. Bu isə Azərbaycan dilinin qrammatikasına görə “əlilliyin müəyyən edilməsi” halının digər şərtlər və şəraitdən asılı olmayaraq, (yəni Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması) müstəqil surətdə sığorta hadisəsi hesab edilməsini bildirir. mən işlədiyim dövrdə bizim idarə - FHN X8 xidmətinin Binəqədi Rayon Yanğından Mühafizə Hissəsinin 4 nömrəli X2 təminatı İdarənin borcuna görə kəsilmişdi.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2025-ci il tarixli dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi barədə məktubda qeyd edilmişdir ki, "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1999-cu il 5 oktyabr tarixli 705-İQ nömrəli Qanununun 5-ci maddəsinə əsasən sığortaolunanın xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması, xəsarət alması və əlilliyinin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, əlilliyi xidməti vəzifələrinin icrası ilə bağlı deyil, hərbi xidmət dövrü ilə əlaqədar təyin olunduğundan sözügedən Qanunun müddəaları şamil edilmir.

4. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, iddiaçının ərizəsi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı 3-cü dərəcə əlilliyə görə dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi ilə bağlı ərizə ilə Fonda müraciət etmişdir. İddiaçının müraciətinə X12 Şəxsi Sığorta Məsələləri Departamentində baxılaraq tələbin icra edilməsindən imtina edilmişdir. “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququna Azərbaycan Respublikası Milli Məclisinin deputatları, hakimlər, prokurorluq işçiləri, müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən şəxslər, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşları və inzibati-texniki xidməti həyata keçirən şəxslər və ya bu bənddə qeyd edilən şəxslərin vərəsələri (bundan sonra - sığorta ödənişi almaq hüququ olan şəxslər) malikdirlər. Həmin Qanunun 1.3-cü maddəsinə əsasən Sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin verilməsi üçün əsas olan sığorta hadisələri “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının qanunları (bundan sonra - qanunlar) ilə müəyyən edilir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının 1999-cu il 5 oktyabr tarixli 705-İQ nömrəli Qanununun (bundan sonra - Qanun) 5-ci maddəsinə əsasən sığortaolunanın xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması, xəsarət alması və əlilliyinin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Bildirilmişdir ki, iddiaçının əlilliyi xidməti vəzifələrinin icrası ilə bağlı deyil, hərbi xidmət dövrü ilə əlaqədar təyin olunduğundan sözügedən Qanunun müddəalarının ona şamil edilməsi Qanunun tələblərinə ziddir. İddia ərizəsində Qanunun maddəsi səhv tövsif olunaraq iddiaçıya əlillik təyin edilməsinin ona dövlət icbari sığorta ödənişinin verilməsi üçün kifayət etdiyi qeyd edilmişdir. Sözügedən Qanunun 5-ci maddəsində isə sığorta ödənişi üçün əsas sayılan sığorta hadisələrinin sığortaolunanların xidməti vəzifələrinin icrası ilə əlaqəli olduğu qeyd edilmişdir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edilir: - 8.1.3. baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə; 2-1(112)-9471/2025 nömrəli inzibati iş üzrə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “kompensasiyanın ödənilməsi" tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi həkim ekspertiza komissiyasının 0893 nömrəli xx.xx.2023-cü il tarixli xəstəlik haqqında şəhadətnamədə qeyd edilmişdir ki, sol ağciyərin infiltrativ vərəmi, dağılma mərhələsində, izoniazid davamlı forma, TDM (-) mənfi, xroniki tənəffüs çatışmazlığı, İİ (ikinci) dərəcə, zəif qidalanma xəstəlikdir, xidmət dövründə alınmışdır. XHEK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 2 a maddəsinin İİİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır.

6. Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair xx.xx.2025-ci il tarixli 3-18-4/2-883/2025 nömrəli arayış iş materiallarına əlavə edilmişdir.

7. xx.xx.2024-cü il tarixində İddiaçı sol ağciyərin yuxarı payının fibroz-kavernoz vərəmi, Poli H, Lfx, Mfx davamlı forma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli, kəskinləşmə mərhələsi, tənəffüs çatışmazlığı İİİ dərəcə diaqnozu ilə üçüncüü dərəcə əlillik təyin edilmişdir. (Əlillik səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar)

8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

II. İddia mümkünlüyü

10. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

11. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

12. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

13. İddia tələbi 16.837,20 (on altı min səkkiz yüz otuz yeddi manat, iyirmi qəpik) manat sığorta ödənişi edilməsi öhdəliyi qoyulması barədə qərarın qəbul edilməsi ilə bağlıdır.

14. Cavabdeh orqan imtinasında və etirazında qeyd etmişdir ki, "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1999-cu il 5 oktyabr tarixli 705-İQ nömrəli Qanununun 5-ci maddəsinə əsasən sığortaolunanın xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması, xəsarət alması və əlilliyinin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, əlilliyi xidməti vəzifələrinin icrası ilə bağlı deyil, hərbi xidmət dövrü ilə əlaqədar təyin olunduğundan sözügedən Qanunun müddəaları şamil edilmir.

15. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi; 2.1.2. sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); 2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləri; 2.1.6. sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal; 2.1.9. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti; 4.1. Sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir. 4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. 4.3. Sığortalının qərarı ilə sığorta haqqının miqdarı artırıla bilər. M a d d ə 5 . Sığorta hadisələri və ödənişləri Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. 8.1. Sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edilir: 8.1.3. baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə;

16. Məhkəmə araşdıraraq müəyyən edir ki: - Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi həkim ekspertiza komissiyasının 0893 nömrəli xx.xx.2023-cü il tarixli xəstəlik haqqında şəhadətnamədə qeyd edilmişdir ki, sol ağciyərin infiltrativ vərəmi, dağılma mərhələsində, izoniazid davamlı forma, TDM (-) mənfi, xroniki tənəffüs çatışmazlığı, İİ (ikinci) dərəcə, zəif qidalanma xəstəlikdir, xidmət dövründə alınmışdır. XHEK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 2 a maddəsinin İİİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. - Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair xx.xx.2025-ci il tarixli 3-18-4/2-883/2025 nömrəli arayış iş materiallarına əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixində İddiaçı sol ağciyərin yuxarı payının fibroz-kavernoz vərəmi, Poli H, Lfx, Mfx davamlı forma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli, kəskinləşmə mərhələsi, tənəffüs çatışmazlığı İİİ dərəcə diaqnozu ilə üçüncüü dərəcə əlillik təyin edilmişdir. (Əlillik səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar)

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;

18. Beləliklə, məhkəmə qeyd edir ki, hərbi xidmət dövrü ilə əlaqədar əlillik ümumi səbəblərdən əlillik təyin etdiyi halda, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik xüsusi səbəblərdən əlillik təyin edir.

19. Odur ki, İddiaçı təyin edilmiş əlillik səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar” kimi qeyd edilmiş olduğundan faktiki olaraq sığorta hadisəsi baş vermiş hesab edilmir. Belə ki, "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda sığorta hadisəsinin baş verməsi üçün tələb olunan halların konkret və aydın formada hüquqi əsasları müəyyən edilmişdir. Həmin qanunun tələblərinə əsasən yalnız xidməti vəzifələrin icrası zamanı və bu vəzifələrin icrası ilə bilavasitə bağlı olaraq baş vermiş xəsarət aldıqda sığorta hadisəsi baş vermiş sayılır. Hazırkı iş üzrə İddiaçı münasibətdə əlilliyin səbəbinin xidməti vəzifələrinin icrası ilə bağlı xəsarət alınması ilə əlillik təyin edilmiş olunmadığı üçün iddia təmin edilməməlidir.

20. Məhkəmə qeyd edir ki, Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi həkim ekspertiza komissiyasının 0893 nömrəli xx.xx.2023-cü il tarixli xəstəlik haqqında şəhadətnaməsinə əsasən əgər gələcəkdə əlilliyin yaranmasına səbəb olan halın xidməti vəzifələrin icrası ilə bilavasitə əlaqəli olması müəyyən edilərsə və əlilliyin səbəbli əlaqəsi müvafiq qaydada dəyişdirilərsə, bu halda İddiaçı həmin əsaslara istinad edərək sığorta ödənişinin verilməsi ilə bağlı yenidən müraciət etmək hüququna malikdir.

21. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

22. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar