Məhkəmə qərarları › İş №2-1(112)-9473/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9473/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9473/2021 15.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, X1 kаtibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona dəymiş 50 000 (əlli min) manat mənəvi zərərin ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və iddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətinə əsasən 25.06.2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi ilə o, əyani müayinəyə göndərilmiş, müayinə olunmuş və onun əliliyinin səbəb əlaqəsi dəyişdirilmişdir. Sonradan 30.06.2021-ci il tarixdə Laçın Rayon Mərkəzi Xəstəxanası tərəfindən 0280003AAFMA forma 88 yazılıb elektron sistemə daxil edildikdə 09.07.2021-ci ildə iddiaçıya 5 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. Hətta bu barədə 30.07.2021-ci il tarixə kimi 6 dəfə, 30.07.2021-ci il tarixdə isə axrıncı dəfə onun şəxsi kabinetinə İdarə Heyətinin sədrinin müavinindən cavab məktubu gələrək 0280003AAFMA nömrəli göndəriş əsasında 09.07.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda bu barədə iddiaçının şəxsi kabinetində qeydiyyat vardır və sms vasitəsi ilə telefonuna bildiriş gəlmişdir. 05.08.2021-ci ildə ona məlum olmuşdur ki, cavabdeh tərəfindən əsassız olaraq 5 il müddətinə təyin olunan əliliyi elektron alt sistemdən silinmişdir. Belə ki, 05.08.2021-ci il tarixdə iddiaçı şəxsi kabinetinə baxış keçirən zaman görmüşdür ki, ümumi səhifədə əlillik qiymətləndirilməsi 5 rəqəmindən 4 rəqəminə düşmüş, əlilliyin axrıncı qiymətləndirilməsi sistemdən silinmiş, əlillik müddəti və diaqnoz dəyişdirilmişdir. Bu, iddiaçıya qarşı qərəzli və qanunazidd bir mövqedir, belə ki, qanuna müvafiq olaraq o, 25.06.2021-ci il tarixdə əyani müayinədən keçmiş və əlillik səbəbi dəyişdirilmişdir, sonradan ona məlum olmuşdur ki, ona əlillik qısa müddətli təyin olunmuşdur. Ona Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilmişdir ki, onun forma 88-i olmadığı üçün belə olub, yeni forma 88 lazımdır, iddiaçı isə Laçın Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, 0280003AAFMA nömrəli forma 88 sistemə daxil edilmiş və ona 5 il müddətinə əlillik təyin edilmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya külli miqdarda mənəvi zərər vurulmuşdur, yəni o, əlil insanın haqsız olaraq yollarda qalmağı, əsəb-stres keçirməyi, həddindən artıq müalicələrdə olmağı, səhhətinin zəifləməsinə gətirib çıxaran halların olması, daima həkim nəzarətində olmağı və sair digər bu kimi hallara yol verməkləri nəticəsində iddiaçıya 50 000 (əlli min) manat mənəvi zərər vurmuşdurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı məhkəməyə ünvanladığı əizələrdə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirdi ki, iddiaçının mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı Agentliyə müraciəti daxil olmamışdır. İddiaçının bu günədək Agentliyə əlilliyin təyin olunmasına dair müxtəlif məzmunlu məktubları daxil olmuş və cavablandırılmışdır. Qeyd olunanların nəzərə alınaraq iddianın mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş müayinə aktının surətinə əsasən İddiaçı 0280003AAFMA nömrəli Forma 88 əsasında 12.10.2016-cı il tarixdə ikinci dərəcə əillik təyin edilmiş, əlilliyin səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, diaqnoz: dəqiqləşdirilməmiş hərbi əməliyyatlar nəticəsində zədələnmələr. Postkontuzion sindrom, tez-tez təkrarlanan simpafoadrenergetik paroksizlərlə. Xoşxassəli paroksizmal başgicəllənmə. Digər rubrikalarda təsnif olunan xəstəliklərdə başqa retinal pozğunluqlar. əlillik müddəti 12.10.2021-ci il göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş müayinə aktının surətinə əsasən İddiaçı 0280003AAFMA nömrəli Forma 88 əsasında 09.07.2021-ci il tarixdə ikinci dərəcə əlillik təyin edilmiş, əlilliyin səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, diaqnoz: dəqiqləşdirilməmiş hərbi əməliyyatlar nəticəsində zədələnmələr. Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beynin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 8-9 dəfə), əlillik müddəti 09.07.2026-cı il göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinin 24.11.2021-ci il tarixli, **********7 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Laçın Rayon Mərkəzi Xəstəxanasının 0280003AACAH nömrəli göndərişi əsasında 12.10.2015-ci il tarixdə qiymətləndirilmiş və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə 1 (bir) il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. “Hərbi xidmət vəzifəsini yerinə yetriməklə əlaqədar” səbəbi ilə təyin edilmiş ikinci dərəcə əlilliyi 12.10.2016-cı il tarixdən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (12.10.2021-ci il tarixinədək) uzadılmışdır. Bildirilir ki, Bakı İnzibati Məhkəməsinin 05.04.2021-ci il tarixli 2-1(112)- 3029/2021 nömrəli qərarı əsasında İddiaçı əlilliyinin səbəb əlaqəsi Agentlikdə 25.06.2021-ci il tarixində keçirilmiş əyani müayinə zamanı dəyişdirilərək, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” kimi icra edilmişdir. Azərbaycan Respubliaksı Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi həyata keçirildikdə əlilliyin səbəbi əlilliyin müəyyən edilldiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Beləliklə, iddiaya əsasən İddiaçı 12.10.2016-cı il tarixindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı 25.06.2021-ci il tarixdə əyani müayinədən keçmiş, adına Laçın Rayon Mərkəzi Xəstəxanasının 0280003AAFMA nömrəli Forma 88 tibbi göndərişi sistemə yerləşdirilmiş və onun əlilliyinin səbəb əlaqəsi 09.07.2021-ci il tarixdə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olmaqla dəyişdirilərək 5 il müddətinə - 09.07.2026-cı il tarixədək ikinci dərəcə əlillik təyin edilmiş, bu barədə iddiaçının elektron kabinetində müvafiq qeyd aparılmışdır. İddiaçının mövqeyinə görə cavabdeh sonradan qeyd edilən əlillik qiymətləndirməsini elektron sistemdən silmiş və onun əlillik müddətini 12.10.2021-ci il tarixli qeyd etməklə diaqnozunu dəyişdirmişdir. İddiaçı hazırkı iddiasında cavabdehin qeyd edilən hərəkətlərinin onun hüquqlarının pozulmasına səbəb olduğunu iddia edir və bu əsasdan ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdeh tərəfindən 50.000 manat məbləğində zərərin ödənilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Aşağıdakılara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia mümkünlük şərtlərinə cavab vermir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 7.1-ci bəndində göstərilmişdir ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 7.2-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci madəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia üzrə iddiaçının cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində dəymiş mənəvi zərərin ödənilməsi ilə bağlı tələbi hüquqi təbiətinə görə kompensasiyanın ödənilməsi haqqında iddiaya uyğundur. Yuxarıda istinad olunan normalardan müəyyən edildiyi kimi kompensasiyanın ödənilməsi haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddia ərizəsinə qoşma olaraq təqdim edilmiş sənədlərdən iddiaçının iddiasındakı qeyd edilən tələblə - mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdehə müraciət etməsi müəyyən olunmamışdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbindən çıxış edərək iddiaçıya yazılı şəkildə hüquqi yardım haqqında məktub ünvanlayaraq məhkəməyəqədər mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı inzibati orqana etdiyi müraciət (müraciətin göndərilməsini təsdiq edən sənədlə - poçt qəbzi və s. ilə birlikdə) və ya cavabdehin müraciətlə bağlı imtina cavab məktubunun təqdim edilməsini təklif etmişdir. Qeyd edilən hüquqi yardımdan sonra iddiaçı məhkəməyə 24.08.2021 və 27.08.2021-ci il tarixlərdə məhkəmənin dəftərxanası vasitəsilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinə ünvanladığı mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı ərizə və həmin ərizənin göndərilməsini təsdiq edən iki ədəd poçt qəbzi təqdim etmişdir. Təqdim edilmiş iddiaçının Agentliyinə ünvanladığı mənəvi zərərin ödənilməsi ilə bağlı ərizədən görünür ki, ərizənin sonunda cavabdehdən dəymiş 50.000 manat mənəvi zərərin ödənilməsi xahiş edilsə də ərizə əvvəla, İddiaçı (və ya səlahiyyətli nümayəndəsi) tərəfindən imzalanmamışdır, ikincisi ərizənin tarixi kimi 11.04.2021-ci il tarixi göstərilmişdir. Təqdim edilmiş poçt qəbzləri isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş məktublar olsa da məktubların göndərilmə tarixləri 04.01.2021-ci il və 24.05.2021-ci il tarixlidir. Qeyd edilənlərdən müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçı cavabdeh orqanın 09.07.2021-ci il tarixli əlillik qiymətləndirməsini sildiyi, sonradan əlillik altsistemində əlillik müddətini və diaqnozunu dəyişdirməsi ilə bağlı hərəkətlər etdiyi və bunun nəticəsində hüquqlarının pozulduğunu, nəticədə ona dəymiş mənəvi zərərin ödənilməsini tələb etdiyi halda cavabdeh orqana həmin tələblə bağlı müraciət ərizəsi 11.04.2021-ci il tarixli, ərizənin göndərilməsini təsdiq edən sübut qismində poçt qəbzləri isə 04.01.2021-ci il və 24.05.2021-ci il tarixli olmaqla cavabdehə ilkin müraciəti təsdiq etmir. Başqa sözlə, iddiaçının mənəvi zərərə məruz qalmasına əsas ola biləcək cavabdeh orqanın iddia edilən hərəkətlərinin baş vermə tarixi iyul-avqust 2021-ci ilə uyğun gəldiyi və mənəvi zərərin vurulması ehtimalı da məhz həmin tarixə təsadüf edə biləcəyi halda həmin tarixdən əvvəl, yəni yanvar və aprel 2021-ci il tarixlərdə hələ baş verməmiş iddia edilən qanunsuz hərəkət və onun nəticəsi olaraq mənəvi zərərin ödənilməsi tələbi ilə cavabdehə müraciət etməsi mümkün hesab olunmur. Cavabdeh orqan da iddiaçının Agentliyə ünvanlanan bir çox müraciətlərinin olduğunu, lakin sonuncunun hazırkı mənəvi zərərin ödənilməsi ilə bağlı müraciət etmədiyini bildirmişdir. “İnzibati İcraat haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: -28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; -28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; -28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. Məhkəmə qeyd edir ki, inzibati orqanın müraciətə cavab verməsini sübut etmək vəzifəsinə qarşılıq, müraciət edən şəxsin də inzibati orqana rəsmi (yazılı) müraciət etməsini sübut etmək vəzifəsi vardır. İnzibati məhkəmə inzibati orqanın məhkəməyəqədər başlamış və başa çatmış (və ya hərəkətsizlik göstərdiyindən başa çatmamış) inzibati icraatını yoxlamaq səlahiyyətinə malik olduğundan, hazırkı iş üzrə isə iddiaçı mənəvi zərərin ödənilməsi ilə bağlı inzibati icraatın başlanması üçün cavabdeh orqana müraciət etmədiyindən, bununla da cavabdeh orqanda müvafiq tələblə bağlı inzibati icraat aparılmadığından hesab olunur ki, iddianın ilkin müraciətə dair mümkünlük şərti ödənilmir və bu əsasdan iddiaya mahiyyəti üzrə baxıla bilməz. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar