Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9474/2024 14.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək iddiaçının əsl İddiaçı MMC-ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək ********** qeydiyyat nömrəli 30 dekabr 2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən istifadə hüquqları qeydə alınmış Bakı ş, Xəzər r, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 1/9 saylı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi, həmin fərdi yaşayış evinə xidmət edən yardımçi tikiliyə (qaraj, qazanxana, mətbəx) dair, ********** qeydiyyat nömrəli 30 dekabr 2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən istifadə hüquqları qeydə alınmış Bakı ş, Xəzər r, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 1/9 saylı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi, həmin fərdi yaşayış evinə xidmət edən yardımçi tikiliyə (qaraj, qazanxana, mətbəx) dair, ********** qeydiyyat nömrəli 30 dekabr 2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən istifadə hüquqları qeydə alınmış Bakı ş, Xəzər r, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 1/9 saylı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi, həmin fərdi yaşayış evinə xidmət edən yardımçi tikiliyə (qaraj, qazanxana, mətbəx) dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, icarə müqaviləsinə əsasən qanuni əsaslarla istifadədə olan torpaq sahəsində məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evləri tikilmiş, məlumatlandırma icraatı üzrə yerli icra hakimiyyəti orqanına müraciət edilmiş, sonradan mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üzrə cavabdehə müraciət edilmiş, lakin müraciətin təminindən əsassız olaraq imtina edilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, texniki baxış keçirilərkən tikilinin çoxmənzilli yaşayış binası kimi inşa edildiyi məlum olmuşdur. Odur ki, həmin tikiliyə münasibətdə məlumatlandırma icraatı qaydası yox, tikintisinə icazə tələb olunan icraat üzrə hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi tələb olunur. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir tərəfindən yerüstü orta təzyiqli qaz xətti keçir. Qeyd olunan səbəbdən müraciətin təmini mümkün olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, ünvan 1 ünvanda yerləşən 8237,0 kv.m torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Çıxarışlardan görünür ki, 0,3347 ha, 0,253 ha və 0,236 ha torpaq sahələrinə iddiaçının icarə müqaviləsi üzrə hüquqları dövlət qeydiyyatına alınmışdır. İmtina məktublarında qeyd edilmişdir ki, texniki baxış keçirilərkən tikilinin çoxmənzilli yaşayış binası kimi inşa edildiyi məlum olmuşdur. Odur ki, həmin tikiliyə münasibətdə məlumatlandırma icraatı qaydası tətbiq edilmir. "xxxx" MMC tərəfindən tərtib edilən fərdi yaşayış sahələrinin layihələrindən görünür ki, tikilinin texniki xüsusiyyətləri, xarici görünüşü və s kimi zəruri rekvizitlər əks olunma layihə tərtib edilmişdir. Ərizəvə poçt qəbzlərindən görünür ki, məlumatlandırma icraatının tətbiqi ilə əlaqədar yerli icra hakimiyyəti orqanına müraciət edilmiş, fərdi yaşayış evlərinin tikintisi ilə əlaqədar məlumat verilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəylərində qeyd edilmişdir ki, fərdi yaşayış evləri Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun inşa edilmişdir. Hündürlüyü 11,80 metr, aşırımlar arası məsafə 4,60 metr təşkil edir. "xxxx" MMC tərəfindən tərtib edilmiş layihələrdən görünür ki, binaya xidmət edən yardımçı tikili (qaraj, qazanxa, mətbəx) üzrə də layihə sənədləri tərtib edilmişdir. Cavabdeh tərəfindən aparılmış müayinə vəziyyətinə dair sənədləşmədən görünür ki, yaşayış evinin hündürlüyü 12 metrdən az olmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün 2 əsas gətirir:
1. Fərdi yaşayış evlərinə dair məlumatlandırma icraatı qaydasında deyil, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sənədlərin təqdim olunması;
2. Torpaq sahəsinin bir hissəsindən orta təzyiqli qaz xəttinin keçməsi. Qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Nəzərə alınmalıdır ki, qanunvericilik 2013-cü il yanvarın 1-dək və həmin tarixdən sonra inşa edilmiş tikililərə münasibətdə şəxsin mülkiyyət hüquqlarının qeydiyyatının aparılması üçün sənədlərin əhatə dairəsini fərqləndirmiş, 2013-cü il yanvarın 1-dən sonra inşa edilmiş tikililəri məlumatlandırma icraatı tətbiq edildiyi və tikintisinə icazə tələb olunan tikinti obyektlərinə ayırmış, hər birinə xas olan göstəriciləri fərqləndirmişdir. Məlumatlandırma icraatı tətbiq edildiyi və tikintisinə icazə tələb olunan tikinti obyektlərinin anlayışı AR Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarında təsvir olunmuşdur. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə görə bu Məcəllənin 79-80ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fəsadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazəsinin alınması tələb olunmur. Həmin Məcəllənin 80.3-cü maddəsinə görə barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Göründüyü kimi, mövcud qanunvericilik məlumatlandırma icraatının tətbiq edilməli olduğu tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsini, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan quruma sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsininin dövlət qeydiyyatı üçün əsas kimi müəyyən etmişdir. Tikilinin məlumatlandırma icraatı tətbiq edildiyi tikili olması üçün isə həmin tikili aşağıdaki göstəricilərə malik olmalıdır: - mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində inşa olunmalı; - yerüstü mərtəbələrinin sayı 3-dən çox olmamalı; - hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək çardaqaltı döşəmənin alt hissəsi) çox olmamalı; - aşırımlarının uzunluğu 6 metrdən çox olmamalıdır. Göründüyü kimi tikilinin məlumatdırma icraatı tətbiq edildiyi tikili olması bilavasitə mərtəbələrin sayından, hündürlüyündən və aşırımların uzunluğundan asılıdır. Hazırki işin faktiki hallarından göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçı tərəfindən inşa olunmuş tikililərin məlumatlandırma icraatı tətbiq edildiyi tikili deyil, tikintisinə icazə tələb olunan tikili olduğu qənaətindədir. Cavabdeh bu qənaəti onunla əlaqədar olmuşdur ki, fərdi yaşayış evləri çoxmənzilli yaşayış sahələrinin xüsusiyyətlərinə uyğun istifadə edilməkdədir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən də aydın olduğu kimi çoxmənzilli yaşayış sahələrinə hüquqların dövlət qeydiyyatı üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədinin təqdim edilməsi mütləqdir. Lakin, cavabdeh nəzərə almamışdır ki, hazırkı inzibati mübahisə tikilinin təyinatı üzrə istifadəsi ilə bağlı yox, tikililərin fərdi yaşayış evi kimi hüquqların iddiaçının adına dövlət qeydiyyatına alınmalı olub-olmaması ilə bağlıdır. Belə ki, qanunvericiliyin konkret tələbindən də göründüyü kimi şəxs fərdi yaşayış evi kateqoriyasına aid edilməklə tikilisinə hüquqların dövlət qeydiyyatına alınması barədə müraciət edirsə, bununla bağlı mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində inşa olunub-olunmaması, yerüstü mərtəbələrinin sayı 3-dən çox olubolmaması, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək çardaqaltı döşəmənin alt hissəsi) çox olub-olmaması, aşırımlarının uzunluğu 6 metrdən çox olub-olmaması kimi hallar yoxlanılmalıdır. Cavabdeh isə həmin yoxlama predmetindən kənara çıxaraq tikililərin istifadə təyinatı üzrə araşdırmanın aparılmasını zəruri hesab etsə də, nəzərə almamışdır ki, iddiaçının həmin tikililəri çoxmənzilli yaşayış sahəsi və ya qeyri-yaşayış sahəsi kimi yox, məhz fərdi yaşayış evi kimi dövlət qeydiyyatına alınmasında hüquqi marağı mövcuddur və bu səbəbdəndir ki, çoxmənzilli yaşayış sahəsi kimi hüquqların hazırkı tikililərə dövlət qeydiyyatına alınması ilə bağlı müraciəti üzrə aparılmalı olan inzibati icraatın dairəsi ilə, hazırkı müraciət üzrə aparılmalı olan inzibati icraatın dairəsi fərqləndirilməlidir. Lakin, cavabdeh aparılmalı olan inzibati icraatın xüsusiyyətləri baxımından hər hansı fərqləndirmə aparmamış, tikililərin məhz fərdi yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınması barədə müraciətin xüsusiyyətlərinə əhəmiyyət verməmiş, səlahiyyət həddindən kənara çıxmaqla məhdudiyyət yaradan təyinatı üzrə istifadə kimi imtina əsasını əsas götürməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından əsassız olaraq imtina etmişdir. Qeyd edilir ki, adıçəkilən tikililərin çoxmənzilli fərdi yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınması barədə müraciət üzrə cavabdeh həmin imtina dəlillərinə istinad edə bilərdi və həmin imtina dəlillərinin razı olunmamasından məhkəməyə müraciət etmək imkanı da mövcuddur. Lakin, cavabdeh nəzərə almamaqdadır ki, hazırkı mübahisə tikililərin fərdi yaşayış evi kimi qeydə alınmalı olub-olmaması ilə əlaqədardır, şəxsin həmin fərdi yaşayış evini çoxmənzilli kimi və ya qeyri-yaşayış sahəsi kimi istifadə etməsi, fərdi yaşayış evində otaqların, mətbəx və digər hissələr üzrə kəmiyyət və keyfiyyət göstəricilərinin dairəsi onun mülkiyyətindən istifadəsi xarakteri ilə bağlı olan məsələdir. Başqa ifadə ilə, şəxs əgər məlumatlandırma icraatı qaydasına uyğun olaraq bir fərdi yaşayış sahəsində istədiyi qədər mətbəx, otaq, hamam və s tikir və istifadə edirsə, şəhərsalma və tikinti normalarının tələbləri pozulmamışdırsa və məlumatlandırma icraatı üzrə qaydanın tələbləri də gözlənilirsə həmin tikili və ya tikililərə münasibətdə hüquqların dövlət qeydiyyatından həmin hallara istinad edilməklə imtina formal imtina hesab edilməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, fərdi yaşayış evlərinə xidmət edən qazanxana, mətbəx və qarajın da yardımçı tikili kimi dövlət qeydiyyatına alınmasına münasibətdə iddia tələbi qanuni və əsaslıdır. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin: 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Qanunvericiliyin tələbindən də göründüyü kimi yardımçı tikililər, o cümlədən qazanxana, mətbəx və qaraj üzrə ölçülərin həddi ilə bağlı məlumatlandırma icraatı qaydasının və ya ümumiyyətlə tikintisinə icazə tələb olunmayan tikili üzrə qaydanın tətbiqi xüsusiyyətləri fərqləndirmişdir ki, hər bir halda həmin yardımçı tikililər üzrə tikintiyə icazənin alınması tələbi mövcud olmamışdır. Odur ki, iddia ərizəsində, layihə sənədlərində də göstərildiyi kimi məhz fərdi yaşayış evlərinə xidmət edən həmin yardımçı tikililər tikintisinə icazə tələb olunmayan tikili hesab edildiyindən cavabdeh tərəfindən ona aid hüquqlar da dövlət qeydiyyatına alınmalıdır. Torpaq sahəsinin bir hissəsində elektron kadastr məlumatlarına əsasən qaz xəttinin keçməsi dəlilinə münasibətdə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, adıçəkilən torpaq sahəsinə istifadə hüquqları iddiaçının adına dövlət qeydiyyatına icarə müqaviləsi əsasında qeydiyyata alınmış və həmin torpaq sahəsi iddiaçının icarəsinə cavabdehin üst qurumu tərəfindən verilmişdir. İcarə müqaviləsində tərəflərin hüquq və vəzifələri konkret olaraq tənzimlənmiş, cavabdehin üst qurumu tərəfindən qaz xəttinin mövcud olması ilə bağlı hər hansı istisna hal qeyd edilməmişdir ki, məhkəmə hesab edir ki, hazırkı halda adıçəkilən torpaq sahəsində tikililərin tərtibatı ilə əlaqədar göstərilən formada yeni hala istinad edilməsi torpaq sahəsinin təyinatı üzrə istifadəsi üzrə iddiaçının legitim hüququna müdaxilə təşkil etməkdədir. Digər tərəfdən isə, nəzərə alınmalıdır ki, cavabdeh elektron kadastr məlumatlarına istinadla qaz xəttinin keçməsini bildirmişdir. Halbuki, faktiki olaraq həmin fərdi yaşayış sahəsindən qaz xəttinin keçidini müəyyən edən hər hansı əsaslı sübut təqdim edilməmişdir. Lakin, nəzərə alınmalıdır ki, həmin qaz xətti keçsə belə, cavabdehin üst qurumu tərəfindən iddiaçıya torpaq sahəsinə dair müqavilə əsasında verilmiş hüquq üzrə icarəyə götürülmüş torpaq sahəsində fərdi yaşayış evlərinin inşa edilməsində iddiaçı tərəfindən torpaq və şəhərsalma və tikinti qanunvericiliyin hər hansı tələbi pozulmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1364/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, torpaq sahəsinin yaxınlığından orta təzyiqli qaz xəttinin keçməsinin torpağa mülkiyyət hüquqlarının qeydiyyata alınmasına heç bir maneçilik törətməməsi halına istinad edərək qeyd edir ki, cavabdehin qaz xətti ilə bağlı dəlili əsassızdır. Belə ki, qaz xəttinin mövcudluğunun mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas olmasına dair qanunvericilikdə hər hansı imperativ norma mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2016/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da qeyd edilmişdir ki, torpaq sahəsinin 80 kv.m. hissəsinin qaz xəttinin mühafizə zolağına düşməsi barədə kassasiya şikayətinin dəlilləri də əsaslı hesab edilə bilməz. Belə ki, əvvəla cavabdehə həmin halları təsdiq edən sübutlar təqdim etməmişdir. Digər tərəfdən, qeyd edilən halların mövcudluğu iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün maneə təşkil edə bilməz. Məhkəmə hesab edir ki, göstərilən formada hüquqi mövqe torpaq sahəsində mülkiyyət hüquqlarının və ya digər əmlak hüquqlarının dövlət qeydiyyatından imtina əsası qismində çıxış etməli olmayan qaz xəttinin torpaq sahəsindən keçməsi ilə bağlı imtina, eləcə də həmin hüquqların dövlət qeydiyyatına alındığı torpaq sahəsinin istifadəsi ilə bağlı da qanunsuz və əsassız olmalıdır. Bu zaman, nəzərə alınmalıdır ki, inşa edilən fərdi yaşayış evləri və yardımçı tikililər torpaq və şəhərsalma və tikinti qanunvericiliyin tələbləri gözlənilməklə inşa edilmişdir və cavabdeh tərəfindən də həmin hallar mübahisələndirilməməkdədir. Göstərilən bütün sübutlara və dəlillərə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən inşa olunmuş fərdi yaşayış evi məlumatlandırma icraatı tətbiq edildiyi tikinti obyektinin göstəricilərinə və parametrlərinə uyğun olduğundan, həmin əmlaka münasibətdə təqdim olunmalı sənədlərin əhatə dairəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10.2-ci maddəsində əks olunmuşdur. Məhkəmə icraatı zamanı təqdim olunmuş eskiz layihəsi, texniki pasport, o cümlədən tikintinin başa çatması ilə əlaqədar məlumatlandırılan quruma məlumat verilməsini təsdiq edən məktub öz növbəliyində iddiaçının iddia etdiyi daşınmaz əmlaklar, o cümlədən də yardımçı tikililər üzərində mülkiyyət hüquqlarının qeydiyyatının aparılması üçün kifayət qədər zəruri və əsaslı sənədlərdir. Qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. ********** qeydiyyat nömrəli 30 dekabr 2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən istifadə hüquqları qeydə alınmış ünvan 2 ünvanında inşa edilmiş fərdi yaşayış evi, həmin fərdi yaşayış evinə xidmət edən yardımçi tikililərə (qaraj, qazanxana, mətbəx) dair, ********** qeydiyyat nömrəli 30 dekabr 2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən istifadə hüquqları qeydə alınmış ünvan 2 ünvanında inşa edilmiş fərdi yaşayış evi, həmin fərdi yaşayış evinə xidmət edən yardımçi tikililərə (qaraj, qazanxana, mətbəx) dair, ********** qeydiyyat nömrəli 30 dekabr 2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən istifadə hüquqları qeydə alınmış ünvan 2 ünvanında inşa edilmiş fərdi yaşayış evi, həmin fərdi yaşayış evinə xidmət edən yardımçi tikililərə (qaraj, qazanxana, mətbəx) dair mülkiyyət hüquqlarının İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov