Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9476/2025 07.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə pensiya təyin eidlməsi” tələbinə dair iddiası üzrə inzibati işə 7 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) 4.02.1961-ci il təvəllüdlüdür. İddiaçı xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək Bakı Kooperativ Texnikumunda mühasibatlıq uçotu ixtisası üzrə təhsil almışdır. xx.xx.2021-ci ildən xx.xx.2025-ci il tarixədək "xxxx" MMC-də aşbaz işləmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “…Təqdim etdiyiniz sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək təhsil aldığınız illər də nəzərə alınmaqla cəmi sığorta stajınız 5 il 1 ay 18 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 1 il 10 ay sığorta stajınıza uyğun olaraq 1888,00 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 2841,01 manat olmaqla, ümumilikdə 3203,38 manat təşkil edir ki, bu məbləğ hüququnuzun yarandığı tarixdə qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş 1978-1984-cü il üzrə olan dövrlərin (qeydlərdə qaralama var), xx.xx.1984-cü il tarixindən xx.xx.1988-ci il tarixinədək (işdən azadolma qeydində qaralama var), xx.xx.1988-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək (işə daxilolma, işdən azadolma əmrlərinin nömrələri və tarixləri yoxdur) və xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı ii tarixinədək (işə daxilolma əmri möhürlə təsdiq edilmiş və eyni zamanda işə daxilolma tarixi qeyri iş gününə təsadüf edir) doldurulma qaydası pozulduğu üçün sözügedən dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Sözügedən dövr üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, "xxxx" MMC ilə qüvvədə olan əmək müqaviləniz olduğundan sizə yaşa pörə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmayıb. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 64 yaşı tamam olan gündən yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbin dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1961-ci il təvəllüdlüdür. 1978-ci ildən əmək fəaliyyətinə başlamışdır. Əmək fəaliyyətinin başlanğıcı 1978-1984-cü illər ərzində Şirvan, Muradxan və Kürdəmirdə kolxozçu olaraq işlədiyi zamanlar olmuşdur. 1988- 2000ci illər ərzində Kürdəmir rayon "xxxx" X1 müəssisəsində mühasib vəzifəsinə təyin edilərək xx.xx.2000-xx.xx.2006-cı illər ərzində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Sonuncu dəfə isə xx.xx.2021-xx.xx.2025-ci illər ərzində "xxxx" MMC-də aşpaz vəzifəsində işləməyə başlamışdır. Cəmi 26 il stajı var. Kifayət qədər əmək stajı olmasına baxmayaraq cavabdeh orqan tərəfindən yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı hüquqları pozulmuşdur. Ona məxsus əmək kitabçasında işə daxil olma və işdən çıxma barədə əmrlərin tarixləri və nömrələri barədə müvafiq qeydiyyat aparılmış və qeydlər müəssisənin səlahiyyətli şəxslərinin imzaları və təşkilatın möhürü ilə təsdiq edilmişdir. Əmək kitabçasının doldurulma qaydasının pozulması onun təqsiri ucbatından baş verməyib və o, əmək kitabçamı qoruyub saxlamış və cavabdeh orqana təqdim etmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçı 4.02.1961-ci il təvəllüdlüdür və 4.02.2025-ci ildə 64 yaşına çatmışdır. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının 25 il ümumi stajının olmaması əsası ilə iddiaçının müraicətini təmin etməkdən imtina etmişdir. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən stajı xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək təhsil dövrü və xx.xx.2021-ci ildən xx.xx.2025-ci il tarixədək "xxxx" MMC-də aşbaz işlədiyi dövrlər nəzərə alınaraq 5 il 1 ay 18 gündür. İddiaçı bununla razılaşmır və əmək ktabçasında qeyd edilən bütün dörvləri nəzərə alındıqda onun 26 ildən çox ümumi stajının olmasını hesab edir. Cavabdeh isə, mübahisələndirilməyən dövrlər xaric iddiaçının əmək kitabçasında qeyd edilən digər dövrlərin mötəbərliliyini şübhə altına alaraq həmin dövlərin sığorta stajına daxil etmir. İddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı, qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından az olması, əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan verməməsi, eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması həmçinin işin mübahisələndirilməyən halıdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmaqla iddia tələbi əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; İddiaçı 4.02.1961-ci il təvəllüdlü olmaqla onun pensiya hüququ 64 yaşdan, yəni 4.02.2025-ci ildə yaranır. İddiaçının təhsil dövrü də nəzərə alınmaqla mübahisələndirilməyən əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərdə stajı 5 il 1 ay 18 gün təşkil edir. Cavabdeh iddiaçının 1978-1984-cü illərdə Kolxozda işlədiyi dövləri (qeydlərdə qaralama olduğuna görə), xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək (işdən azad olma tarixində qaralama olduğuna görə), xx.xx.1988-ci il tarixindən xx.xx.2000-ci il tarixədək (işə daxil olma və işdən azadolma əmrlərinin tarixi və nömrələri olmadığına görə), xx.xx.2000-ci ildən xx.xx.2006-cı ilədək (lşə daxil olma əmri möhürlə təsdiq edilmədiyinə və eyni zamanda işə daxil olma tarixi qeyri-iş gününə təsadüf etdiyinə görə) olan dövrlərdə iş faəliyyəti ilə bağlı əmək kitabçasının mötəbərliliyini mübahisələndirir. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçasının və kolxozun üzvlük kitabçasının əslinə məhkəmə iclasında baxış keçirilmiş və cavabdehin qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə iddiaçının əmək kitabçasında qeyd edilən müəssisələrdə işləməsini müəyyən etmək həmin müəssisələrdə işləməsinə dair əmək kitabçasında aparılmış qeydlərin mötəbərliliyinin araşdırılması üçün aiddiyəti üzrə sorğular verilmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "yaşa görə pensiya təyin edilməsi” tələbinə dair inzibati işlə əlaqədar "Muradxan” birgə təsərrüfatının, "İlkin” X1 müəssisəsinin, "Burc” MMC-nin fəaliyyəti (qeydiyyat tarixi, hüquqi ünvanı, ad dəyişmələri, hüquqi varisi, fəaliyyət növü, işçilərin sayı, əmr kitabları və s.), həmçinin Kürdəmir, Muradxan və Şirvan kolxozunun arxiv sənədləri (1978-1988-ci illər üçün əmək haqqı cədvəlləri və s.) barədə məlumatların təqdim edilməsi ilə bağlı müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, müraciətinizdə qeyd olunan "Muradxan” birgə təsərrüfatı, "İlkin” X1 müəssisəsi, "Burc” MMC, həmçinin Kürdəmir, Muradxan və Şirvan kolxozu barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər-hansı məlumat yoxdur”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı inzibati iş üzrə “Muradxan” birgə təsərrüfatı, "xxxx" X1 müəssisəsi, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti, Kürdəmir, Muradxan və Şirvan kolxozu barədə məlumatın verilməsi ilə bağlı daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, sözügedən təşkilatlar barədə qeyri-kommersiya qurumlarının dövlət reyestrində məlumat aşkar edilməmişdir. X2 Filialının xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Sizin 16 aprel 2025-ci il tarixli 2-1(112)-9476/2025 saylı, Milli Arxiv İdarəsinin 05 may 2025-ci il tarixli 3- 48-4/2-818/2025 saylı, X3 filialına 05 may 2025-ci il tarixdə daxil olmuş məktubunuza cavab olaraq "Muradxan" birgə təsərrüfatının, "xxxx" X1 müəssisəsinin və "xxxx" MMC-nin heç bir sənədi X3 filialına təhvil verilmədiyi üçün məktubunuzu cavbalandıra bilmirik”. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyyatı İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Dövlət reyestr məlumatlarına əsasən bildiririk ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, hüquqi varisliyi və ad dəyişikliyi barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda bildiririk ki, "xxxx" MMC barədə bütün reyestr məlumatlarını əks etdirən dövlət reyestrindən çıxarışın surəti qoşmada Sizə təqdim edilir. Əlavə olaraq bildiririk ki, reyestrdə “Muradxan” Birgə Təsərrüfatı və "xxxx" X1 Müəssisəsi adlı kommersiya qurumları aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxslərə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verməyinizi xahiş edirik. Məlumat üçün bildiririk ki, reyestrdə aşkar edilmiş xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış və hüquqi ünvanı ünvan 1 İdarəsində qeydiyyatdadır”. Göründüyü kimi, cavabdeh iddiaçının əmək kitabçasında mübahisələndirdiyi dövlərin mötbərliliyni şübhə altına alır. Məhkəmə araşdırması zamanı həmin çübhələrin aradan qaldırılması mümkün olmadığından məhkəmə cavabdehin mövqeyi ilə razılaşır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “İşçilərin əmək kitabçasının forması və onun tərtib edilməsi" Qaydalarının təsdiq edilməsi barədə 26 dekabr 1996-cı il Nazirlər kabinetinin 186 nömrəli Qərarının 3.1-ci maddəsinə əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Həmin Qərarın 3.11 -ci maddəsinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçının ümumi stajı 25 ildən az olduğuna görə, cavabdehin imtinası əsaslı olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsassız olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olmadığından təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-9476/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9476/2025
07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver