Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9477/2024 16.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X7 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 12 nömrəli fərdi yaşayış evinin hazırkı vəziyyətinə uyğun olaraq “B” literli yaşayış evinin onun, yəni İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “cavabdehin üzərinə yeni yaranan hallara istinadən çıxarışın verilməsinə dair öhdəliyin qoyulması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 12 nömrəli fərdi yaşayış evinin hazırkı faktiki vəziyyətinə uyğun olaraq “B” literli yaşayış evinin iddiaçının adına dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. Daha sonra İddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 12 nömrəli fərdi yaşayış evinin hazırkı vəziyyətinə uyğun olaraq “B” literli yaşayış evinin onun, yəni İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
İddianın əsaslandırılması:
5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında olan fərdi yaşayış evinin 1/5 payının sahibidir. Həmin yerin ona məxsus olmasını dəqiq təyin etmək üçün, o, Bakı şəhər Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin Yasamal rayon məhkəməsi onun iddiasını təmin etməmiş və payın naturada bölünməsini mümkünsüz hesab etmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-67/2023 nömrəli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-842/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi və İddiaçı Bakı şəhəri Yasamal rayonu Fəridə və Pərviz Abbasovlar küçəsi 12 nömrəli fərdi yaşayış evinin hazırkı faktiki vəziyyətə uyğun olraq “B” literli yaşayış evinin naturada ayrılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası şikayətə ətraflı baxaraq, 2(102)-451/- 2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarla kassasiya şikayətini təmin etməmiş və Bakı Apellyasiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Mərkəzi Ekspertiza idarəsinin rəyinə əsaslanaraq, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini və AR Ali Məhkəməsinin qərarını rəhbər tutaraq, o, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 22 fevral 2024-cü il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətdə o, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə və AR Ali Məhkəməsinin qərarına əsaslanaraq, payın naturada bölünməsinə istinad edərək, yeni vəziyyətin yaranması anlayışını bildirmiş və dövlət reyestrindən çıxarışın yenidən tərtib olunaraq ona verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir.
Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı):
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********69 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bundan başqa, təqdim edilən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-67/2023 saylı Qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-4513/2023 saylı Qərarı ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
Tərəflərin iştirakı və izahatları:
7. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışında öz nümаyəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
10. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
Faktiki hallar və sübutlar: AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestri”ndən MH seriyalı ******* №-li çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovalar küçəsində istifadədə olan 0.05239 ha torpaq sahəsində yerləşən 3 ədəd 1 mərtəbəli, 10 otaqlı 121.01 kv.m yaşayış, 121.18 kv.m köməkçi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı 1/5 hissə, X2 1/5, X3 2/5 hissədən -1 otaq, X5 2/5 hissədən- 1 otaq, X1 2/5 hissədən-qalan hissə, X9 1/5 adlarına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 1688 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair **********49-10301 nömrəli texniki pasport verilmişdir. Həmin texniki pasportda “A” tikilisinin yarım zirzəminin planı, “A” tikilisinin 1-ci mərtəbəsinin planı, “B” tilisinin 1-ci mərtəbəsinin planı, “V” tikilisinin 1-ci mərtəbəsinin planı əks olunmuşdur. Yaşayış evlərinin texniki göstəricilərinə əsasən “B” tikilisi 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 61.3 kv.m, yaşayış sahəsi 26.7 kv.m, köməkçi sahəsi 34.6 kv.m olan fərdi yaşayış evidir. Məhkəmə Ekspertiza Mərkəzinin Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktuba qoşma kimi əlavə edilmiş xx.xx.2023-cü il tarixli 10/7766 №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 12 nömrəli fərdi yaşayış evinin hazırkı faktiki vəziyyətinə uyğun olaraq (texniki pasportda olmayan, sonradan aparılan tikililər nəzərə alınmaqla) В literli yaşayış evini bütövlükdə iddiaçı - İddiaçı verilməklə İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq iddiaçının payının naturada ayrıla bilər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının “İddiaçı cavabdehlər X6 və digərlərinə qarşı “payın naturada bölünməsi” iddia tələbinə dair mülki işi üzrə xx.xx.2023cü il tarixli, 2(103)67/2023 nömrəli qətnaməsinin nəticə hissəsindən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 12 nömrəli fərdi yaşayış evinin hazırkı faktiki vəziyyətinə uyğun olaraq “B” literli yaşayış evinin naturada ayrılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4513/2023 nömrəli qərarı ilə, cavabdeh X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(103)-67/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bundan başqa, təqdim edilən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-67/2023 saylı Qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-4513/2023 saylı Qərarı ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır.
Məhkəmənin mövqeyi.
11. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir:
12. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həyata keçirilir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
14. Mülkiyyət hüququ dedikdə, elə bir subyektiv mülki hüquq başa düşülür ki, bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır, mülkiyyətçinin özünə məxsus əşyaya öz mülahizəsinə görə sahiblik, əmlakdan istifadə və onun haqqında sərəncam vermək səlahiyyətlərini ifadə edir.
15. Ümumi mülkiyyət iki və daha artıq şəxsin ümumi maraqlar əsasında formalaşdırdığı vahid obyekt üzərində istifadə, sahiblik və sərəncam hüququdur. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi əmlaka (əşyaya) sahiblik, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüququ mülkiyyətçinin davranış imkanlarının hüquqi təminatını əks etdirir. Ümumi mülkiyyət hüququnun səciyyəvi xüsusiyyətlərindən biri burada subyektlərin bir nəfərdən artıq olmasıdır. Bu subyektlər ümumi mülkiyyət hüququnun iştirakçılarıdırlar ki, onlar ümumi mülkiyyətçilər ayrılırlar. Qeyd olunmalıdır ki, qanunvericilik paylı ümumi mülkiyyətdə olan əşyanın bölünməsini və ondan payın ayrılmasını nəzərdə tutur.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən
11. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə (15.1.1); hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə (15.1.2); hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə (15.1.3); daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda (15.1.4);daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.5); Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (15.1.6).
17. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ insanın əsas ayrılmaz hüquqlarından biri olmaqla, həmin hüququn Azərbaycan Respublikasında tanınmasına və həyata keçirilməsinə beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, habelə Konstitusiyaya müvafiq olaraq təminat verilir. Məhkəmə müdafiəsi hüququnun isə öz növbəsində Konstitusiyanın 12-ci maddəsinə əsasən tanınması, təmin və müdafiə edilməsi Azərbaycan dövlətinin ali məqsədi olan bütün digər hüquq və azadlıqların həyata keçirilməsinin zəruri təminatı kimi çıxış edir.
18. Beləliklə, məhkəmə icraatı iştirakçılarının məhkəmə müdafiəsini tam həcmdə həyata keçirmələrinə, yəni ədalət tələblərinə cavab verən məhkəmə vasitəsilə hüquqlarının effektiv bərpasına təminat verilir.
19. Konstitusiyanın 25-ci maddəsinə əsasən iddiaçı və cavabdeh qanun və məhkəmə qarşısında bərabərdirlər, məhkəmə tərəfindən isə onlar arasında yaranmış mübahisəyə çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipinə uyğun olaraq baxılmalıdır. «İnsan hüquqları haqqında» Ümumi Bəyannamənin 7, 8 və 10-cu maddələri, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi də göstərilən konstitusiya müddəalarına uyğun olmaqla, həmin maddələrdəki müddəalar hamının qanun və məhkəmə qarşısında bərabərliyinə, hər kəsin onun mülki hüquq və vəzifələrinə dair mübahisənin qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə tərəfindən həll edilməsi hüququna təminat verir. Həmin ümumi prinsip və normalar Konstitusiyanın 148-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikası qanunvericiliyinin ayrılmaz tərkib hissəsidir.
20. Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüququn yuxarıda göstərilən normalarının məzmununa görə iddiaçı və cavabdeh eyni həcmdə məhkəmə müdafiəsi hüququna malikdirlər. Bu isə o deməkdir ki, iddiaçı bərabərhüquqlu tərəf kimi mülki (inzibati) prosesdə öz hüquqlarını müdafiə etmək imkanı ilə təmin edilməlidir.
21. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)67/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 12 nömrəli fərdi yaşayış evinin hazırkı faktiki vəziyyətinə uyğun olaraq “B” literli yaşayış evinin naturada ayrılması qət edilmişdir.
22. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılması, bir şəxs və ya təşkilatın bir mülkiyyətin bütünü üzrə sahib olduğu hissənin hansısa bir hissəsini digər bir şəxsin və ya təşkilatın sahib olmağını təmin etməsi deməkdir.
23. Mülkiyyətçi, öz payının ayrılması ilə, mülkiyyət üzrə hüquqi haqqlarını və məsuliyyətlərini dəyişdirir.
24. Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçiləri arasında bölünməsi, əşyanın hansısa bir hissəsinin hər bir mülkiyyətçi arasında müəyyən bir razılaşma əsasında paylaşılması prosesini təsvir edir. Bu proses, hər bir mülkiyyətçinin mülkiyyət hissəsinə görə hüquqi haqqları və məsuliyyətləri dəyişdirir.
25. İş materillarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 12 nömrəli fərdi yaşayış evinin hazırkı faktiki vəziyyətinə uyğun olaraq “B” literli yaşayış evi naturada bölünmüşdür və faktiki olaraq iddiaçıya məxsusdur. Həmin əmlaka dair heç bir üçüncü şəxsin iddiası mövcud deyildir..
26. Qeyd olunanlara əsasən iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Lakin cavabdeh inzibati orqan işin halları tam araşdırmamış və iddiaçının müraciətindən imtina edərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməmişdir.
27. Buda iddiaçının hazırki iddia tələbində haqlı olduğuna əsas verir.
28. Odur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə imtinası yuxarıda istinad edilən qanunvericilik normalarına və işin həqiqi hallarına zidd olduğundan, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir.
29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən - 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 12 nömrəli fərdi yaşayış evinin hazırkı vəziyyətinə uyğun olaraq “B” literli yaşayış evinin İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həlavə edilməlidir.
32. İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 12 nömrəli fərdi yaşayış evinin hazırkı vəziyyətinə uyğun olaraq “B” literli yaşayış evinin İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova