Məhkəmə qərarları › İş №2-1(112)-9479/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9479/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9479/2021 15.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı «Harry Diam L.L.C»nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı, 3-cü şəxs X4 olmaqla, “əmlakın cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Harry Diam L.L.C»nin nümayəndəsi Vəkil cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı, 3-cü şəxs X4 olmaqla, iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək sadalanan və «Harry Diam LLC”-nin mülkiyyətçisi hesab olunan brilyantların (X1 götürülmüş və hal hazırda Azərbaycan Respublikası DGKnin Maliyyə Tarif və Valyuta Nəzarəti Baş idarəsində saxlanılan brilyantlar) həmin şirkətin mənsub olduğu ölkəsinə, X5 aparılması üçün cavabdehdən alınaraq iddiaçı şirkətə təqdim olunmasına dair (yaxud həmin vəzifənin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2-1(112)-3876/2020 nömrəli qərardadına əsasən iddiaçı «Harry Diam L.L.C» nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı, 3-cü şəxs X6 olmaqla, artıq “əmlakın cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiasının mümkün sayılmasın tələbi barədə iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 12.01.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2-1(112)-3876/2020 nömrəli qərardadının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-949/2021 saylı, 14 iyun 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2- 1(112)-3806/2020 nömrəli qərardadının ləğv edilməsi, işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən qərardadda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasının əsası kimi istinad etdiyi hallar mübahisənin mahiyyəti ilə bağlıdır. Odur ki, həmin hallara mahiyyəti üzrə hüquqi qiymət verilməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə müvafiq olaraq, məhkəmə tərəfidən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-949/2021 saylı, 14 iyun 2021-ci il tarixli qərardadında göstərilən hüquqi mövqe nəzərə alınaraq, məhkəmə iddianın mümkünlük şərtlərini yenidən araşdırmış və iddianın mümkünlük şərtlərinə cavab verdiyini müəyyən etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunan malların cədvəli üzrə Müqavilə şərtlərinə əsasən alıcı 150 gün müddətində həmin əmlakların pulunu ödəməli idi. Alıcıya həmin əmlaklar təhvil verilmişdir. X4 həmin pulu ödəməmişdir. Məlum olmuşdur ki, E.Məmmədov həmin əmlakları Azərbaycan Respubliksına gətirmiş və onları bəyan etmədiyindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1 maddəsi ilə cinayət işi başlanılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 avqust 2018-ci il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası CM-in 206.1 -ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmiş və üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilmişdir. Həmçinin iş üzrə verilmiş mülki iddia təmin edilməyərək, təqsirləndirilən şəxs X2 iş üzrə cinayətin predmeti olan və Azərbaycan Respublikası DGKnin Maliyyə Tarif və Valyuta Nəzarəti Baş idarəsində saxlanılan maddi sübutlar 1886,87 karat (377,374 qram) brilyant daşlardan dövlətin xeyrinə imtina etməsi nəzərə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noabr 2018-cu il tarixli qərarına əsasən prokurorluq tərəfindən verilmiş apellyasiya protesti təmin olunaraq Bakı şəhəri Xəzər rayon Məhkəməsinin X2 haqqındakı 01 avqust 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin X2 haqqındakı 01 avqust 2018-ci il tarixli hökmü mülki iddianın təmin edilməməsinə aid hissədə ləğv edilərək, mülki iddia təmin edilmiş, iş üzrə maddi sübutlar olan Dövlət Gömrük Komitəsinin Xəzinəsində saxlanılan 12 aprel 2018-ci il tarixli protokollarla X1 götürülmüş 26 paket ümumi çəkisi 400 qram təşkil etmiş ümumilikdə kütləsi 1886,87 karat olan brliyant daşlar hökm qanuni qüvvəyə mindikdən, gömrük rəsmiləşdirilməsi aparıldıqdan və həmin malların gömrük ödənişləri üçün 943817,95 manat (doqquz yüz qırx üç min səkkiz yüz on yeddi manat 95 qəpik) manat alındıqdan sonra X3 qaytarılması qərara alınmışdır. Hal hazırda əmlaklar dövlət gömrük komitəsinin müvafiq idarəsində saxlanılır. Elnur Məmmədovla “HARRY DİAM L.L.C" arasında bağlanmış 10 oktyabr 2019-cu il tarixli müqvailənin ləğv edilməsinə dair sazişə əsasən tərəflər arasında 10 aprel 2018-ci il tarixli müqavilə ləğv edilmişdir və yuxarıda göstərilən brilyant əşyalar üzərində hüquqlar satıcıya qaytarılmışdır. Mövcud durumda həmin əmlaklar üzərində qanuni sahiblik hüquqları “HARRY DİAM L.L.C” şirkətinə məxsusdur. Həmin şirkət həmin əmlakları geriyə, mənşə ölkəsi olan X7 ölkəsinə qaytaracaqdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə müraciət olunmuşdur, lakin sonuncu tərəfindən bundan imtina edilmişdir. İddiaçı iddia tələbinin hüquqi əsası olaraq Azərbaycan Respublikasının Mülki Məcələsinin 152.1, 157.2-ci maddələrinə istinad etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazı məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, hazırkı iş üzrə mübahisələndirilən əmlak X4 tərəfindən gömrük sərhəddində bəyan edilmədən keçirilməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə cinayətin predmeti olduğundan maddi sübutlar qismində saxlanılmış və Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 1 avqust 2018-ci il tarixli hökmü ilə onlardan dövlət xeyrinə imtina edilməsi nəzərə alınmışdır. Daha sonra verilmiş apelyasiya şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərarına əsasən maddi sübut qismində götürülmüş 26 paket ümumi çəkisi 400 qram təşkil etmiş, ümumilikdə kütləsi 1886,87 karat olan brilyant daşlar hökm qanuni qüvvəyə mindikdən, gömrük rəsmiləşdirilməsi aparıldıqdan və həmin malların gömrük ödənişləri üçün 943817,95 manat (doqquz yüz qırx üç min səkkiz yüz on yeddi manat 95 qəpik) alındıqdan sonra X3 qaytarılması nəzərdə tutulmuşdur. Yuxarıda göstərilən və qanuni qüvvəyə minmiş məhkəmə hökmündən də göründüyü kimi qərar icra edildiyi zaman, yəni müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra maddi sübut qismində götürülmüş brilyant daşlar X3 qaytarılacaqdır. İddiaçı iddia ərizəsində X4 ilə bağladığı 10 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən bildirir ki, hazırkı iş üzrə mübahisələndirilən əmlak üzərində qanuni sahiblik hüquqları «Harry Diam LLC”-nə məxsusdur. Halbu ki hazırkı iş üzrə iddiaçı qismində iştirak edən "xxxx" MMC şirkətinin mübahisələnidirilən əmlak üzərindəki sahiblik hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada, o cümlədən tərəflər arasında bağlanılmış müqavilədən irəli gələn öhdəliklər əsasında tənzimlənir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 64.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, habelə göstərişləri, çağırışları və digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində şərtsiz icra edilməlidir. Qeyd edirlər ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 183.1-ci maddəsinə əsasən mallar gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilərək 3 (üç il) müddətində saxlanıla bilər. Müvafiq icra hakimiyyəti orqanı bu müddəti malların ayrı-ayrı kateqoriyaları üzrə məhdudlaşdıra bilər. Gömrük Məcəlləsinin 183.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 183.1 -ci maddəsində müəyyən edilən müddət başa çatanadək mallar başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Bu müddət başa çatdıqdan sonra qeyd olunan tələb yerinə yetirilmədikdə, həmin mallar barəsində bu Məcəllənin 57-ci fəslində müəyyən edilmiş qaydada sərəncam verilir. (Saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları" ilə tənzimlənir). Eyni zamanda Gömrük Məcəlləsinin 183.3-cü maddəsinə əsasən gömrük anbarında saxlanc müddəti başa çatmış malların və nəqliyyat vasitələrinin bu Məcəlləyə uyğun olaraq satışından əldə edilən məbləğ onların daşınması, saxlancı və satışı ilə bağlı xərclər və ödənilməli olan gömrük ödənişləri çıxıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mal sahibinə verilir. Bütün göstərilənlərdən və iş materiallarından da göründüyü kimi qeyd olunan mübahisə üzrə “Harry Diam L.L.C” şirkəti Dövlət Gömrük Komitəsinə qarşı iddia qaldırmaqda haqlı deyildir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Göründüyü kimi “Harry Diam LLC” ilə X4 arasında bağlanmış 10 aprel 2018-ci il tarixli 106 №li alqı-satqı müqaviləsi əsasında 150.602.18 ABŞ dolları məbləğində brilyant satışı həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon Məhkəməsinin 1(003)-228/2018 saylı 01 avqust 2018-ci il tarixli Hökmünə əsasən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1 maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmiş və üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilmişdir. Mülki iddia təmin edilməyərək, təqsirləndirilən şəxs X2 iş üzrə cinayətin predmeti olan və Azərbaycan Respublikası DGKnin Maliyyə Tarif və Valyuta Nəzarəti Baş idarəsində saxlanılan maddi sübutlar 1886,87 karat (377,374 qram) brilyant daşlardan dövlətin xeyrinə imtina etməsi nəzərə alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2018-ci il tarixli 1(103)-1377/18 saylı Qərarına əsasən prokurorluq tərəfindən verilmiş apellyasiya protesti qismən təmin olunaraq Bakı şəhəri Xəzər rayon Məhkəməsinin X2 haqqındakı 01 avqust 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin X2 haqqındakı 01 avqust 2018-ci il tarixli hökmü mülki iddianın təmin edilməməsinə aid hissədə ləğv edilərək, mülki iddia təmin edilmiş, iş üzrə maddi sübutlar olan Dövlət Gömrük Komitəsinin Xəzinəsində saxlanılan 12 aprel 2018-ci il tarixli protokollarla X1 götürülmüş 26 paket ümumi çəkisi 400 qram təşkil etmiş ümumilikdə kütləsi 1886,87 karat olan brliyant daşlar hökm qanuni qüvvəyə mindikdən, gömrük rəsmiləşdirilməsi aparıldıqdan və həmin malların gömrük ödənişləri üçün 943817,95 manat (doqquz yüz qırx üç min səkkiz yüz on yeddi manat 95 qəpik) manat alındıqdan sonra X3 qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2018ci il tarixli 1(103)-1377/18 saylı Qərarından kassasiya şikayəti verilməmiş, Qərar qanuni qüvvəsini almışdır. İşin araşdırılan hallarından müəyyən edilir ki, qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən Dövlət Gömrük Komitəsinin Xəzinəsində saxlanılan 12 aprel 2018-ci il tarixli protokollarla X1 götürülmüş 26 paket ümumi çəkisi 400 qram təşkil etmiş ümumilikdə kütləsi 1886,87 karat olan brliyant daşlar hökm qanuni qüvvəyə mindikdən, gömrük rəsmiləşdirilməsi aparıldıqdan və həmin malların gömrük ödənişləri üçün 943817,95 manat (doqquz yüz qırx üç min səkkiz yüz on yeddi manat 95 qəpik) manat alındıqdan sonra X3 qaytarılması qərara alınmışdır. Məhkəmə iddiaçının onunla X4 arasında bağlanmış 10 aprel 2018-ci il tarixli alqısatqı müqaviləsinin ləğv olunmasına dair 10.10.2019-cu il tarixli müqaviləsinə istinad etməklə qeyd olunan daşların üzərində mülkiyyət hüquqlarının iddiaçıya qaytarıldığı əsası ilə sözügedən brilyant daşların ona qaytarılmalı olması barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materialları ilə tərəflər arasında bağlanmış 10 aprel 2018-ci il tarixli müqavilənin ləğv edilməsinə dair hər hansı müqavilənin bağlandığı müəyyən edilmir. Təkcə iş materiallarında iddiaçı tərəfindən cavabdehə ünvanlanmış olan 10.01.2019-cu il tarixli pretenziya xarakterli məktub mövcuddur ki, həmin məktubun mətnindən müəyyən edilir ki, iddiaçı tərəflər arasında bağlanmış 10 aprel 2018-ci il tarixli müqavilənin 2.2-ci bəndinə istinad edərək müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə malların ona geri qaytarılmasını tələb etmişdir. Yuxarıda sadalanan xüsusatlarla yanaşı həmçinin məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2018-ci il tarixli 1(103)- 1377/18 saylı qanuni qüvvəsini almış məhkəmə qərarında tədqiq edilən hallardan görünür ki, sözügedən brilyant daşların gömrük rəsmiləşdirilməsi olmadan X3, yaxud “Harry Diam LLC”-yə qaytarılması və ölkə hüdudlarından kənara çıxarılması halı müəyyən edilmir. Əksinə maddi sübut qismində götürülmüş 26 paket ümumi çəkisi 400 qram təşkil etmiş, ümumilikdə kütləsi 1886,87 karat olan brilyant daşlar hökm qanuni qüvvəyə mindikdən, gömrük rəsmiləşdirilməsi aparıldıqdan və həmin malların gömrük ödənişləri üçün 943817,95 manat (doqquz yüz qırx üç min səkkiz yüz on yeddi manat 95 qəpik) alındıqdan sonra X3 qaytarılması nəzərdə tutulmuşdur. Yuxarıda göstərilən və qanuni qüvvəyə minmiş məhkəmə hökmündən də göründüyü kimi qərar icra edildiyi zaman, yəni müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra maddi sübut qismində götürülmüş brilyant daşların X3 qaytarılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 183.1-ci maddəsinə əsasən mallar gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilərək 3 (üç il) müddətində saxlanıla bilər. Müvafiq icra hakimiyyəti orqanı bu müddəti malların ayrı-ayrı kateqoriyaları üzrə məhdudlaşdıra bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasənbu Məcəllənin 183.1-ci maddəsində müəyyən edilən müddət başa çatanadək mallar başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Bu müddət başa çatdıqdan sonra qeyd olunan tələb yerinə yetirilmədikdə, həmin mallar barəsində bu Məcəllənin 57-ci fəslində müəyyən edilmiş qaydada sərəncam verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən gömrük anbarında saxlanc müddəti başa çatmış malların və nəqliyyat vasitələrinin bu Məcəlləyə uyğun olaraq satışından əldə edilən məbləğ onların daşınması, saxlancı və satışı ilə bağlı xərclər və ödənilməli olan gömrük ödənişləri çıxıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mal sahibinə verilir. Saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları" ilə tənzimlənir. Beləliklə məhkəmə hesab edir ki, “Harry Diam LLC”-nin mülkiyyətçisi hesab olunan brilyantların (X1 götürülmüş və hal hazırda Azərbaycan Respublikası DGK-nin Maliyyə Tarif və Valyuta Nəzarəti Baş idarəsində saxlanılan brilyantlar) həmin şirkətin mənsub olduğu ölkəsinə, X5 aparılması üçün cavabdehdən alınaraq iddiaçı şirkətə təqdim olunmasına dair (yaxud həmin vəzifənin cavabdehin üzərinə qoyulması) barədə tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar