Məhkəmə qərarları › İş №2-1(112)-9479/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9479/2022

16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9479/2022 16.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********4 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan müəyyən olunur ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 4 ay 29 gün (xx.xx.1981 - xx.xx.1984-cü il, xx.xx.1984 - xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu vaxtdan (xx.xx.2020-ci ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1980-ci ildə 238 saylı əmrlə Kirov adına meyvəçilik sovxozunun 7 nömrəli briqadasına fəhlə vəzifəsinə qəbul olunmuş, xx.xx.1981-ci ildə isə 108 saylı əmrlə işdən azad edilmişdir. 1981-ci ildən 1984-cü ilədək hərbi xidmətdə olmuşdur. xx.xx.1984-cü ildə 128 saylı əmrlə Azərbaycan Dövlət X3 üzücü heyyətinin nəqliyyat donanması gəmilərində elektrik köməkçisi vəzifəsi üzrə işləməyə başlamışdır. xx.xx.1984-cü ildə 214 saylı əmrlə elektrik vəzifəsinə keçirilmiş, xx.xx.1985-ci ildə 169 sayll əmrlə böyük elektrikçi vəzifəsinə təyin edilmiş, xx.xx.1987-ci ildə 218 saylı əmrlə motorist vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı ildə 70 saylı əmrlə elektrik vəzifəsində, 1992-ci ildən isə 1997-ci ilədək motorist vəzifəsində işləmişdir. xx.xx.2004-cü il tarixində 158/ü saylı əmrlə komandir heyətinə 4-cü mexanik vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı ildə 156/ü saylı əmrlə motorçu vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü ildə 01172/k saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2011-ci ildə “X9 and Contractors B.V” şirkətinin AR-dakı filialında mexanik vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci ildə işdən azad edilmişdir. 25 ildən artıq müddətə işləmiş, işlədiyi müddətin isə xeyli hissəsini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən peşələrdə işləmişdir. Artıq 57 yaşı tamam olduğundan, eyni zamanda qanunla müəyyən edilmiş ümumi 25 il staja malik olduğundan və həmin stajın 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən peşədə işlədiyindən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vardır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya etirazında iddianın təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının sığorta stajını təsdiq edən əsas sənəd qismində əmək kitabçası çıxış edir. İddiaçının işləməsi faktı ilə bağlı arxiv sənədi olsa belə, həmin dövrlər əmək kitabçasında qeyd olunmadığı üçün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmiş, inzibati orqan bu müraciəti təmin etməkdən imtina etmiş, iddiaçı imtina məktubunu aldıqdan sonra qanunla nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının xx.xx.2006-cı ilədək 25 il ümumi iş stajının olmasına münasibətdə: İşdə olan İddiaçı məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2020ci il tarixdə tamam olmuşdur. İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1984-cü il tarixdə X2 nəqliyyat donanmasının üzən heyyətə gəmi elektriki şagirdi vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixdə gəmi elektriki vəzifəsinə, xx.xx.1985-ci il tarixdə böyük elektrik vəzifəsinə, xx.xx.1987-ci il tarixdə motorçu vəzifəsinə, xx.xx.1990-cı il tarixdə elektrik vəzifəsinə, xx.xx.1992-ci il tarixdə motorçu vəzifəsinə, xx.xx.1995-ci il tarixdə motorçu-elektrik vəzifəsinə, xx.xx.1997-ci il tarixdə motorçu vəzifəsinə, xx.xx.2004cü il tarixdə komandir heyətinə 4-cü mexanik vəzifəsinə, xx.xx.2006-cı il tarixdə isə motorçu vəzifəsinə keçirilmişdir. xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2011-ci il tarixdə “Van Oard D and M Contractors B.V” şirkətinin AR-dakı filialında mexanik vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci ildə ƏM-in 68-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2017-ci il tarixdə “X9 and Marine Contractors B.V“ şirkətinin AR-dakı filialında mexanik vəzifəsinə təyin edilmiş, xx.xx.2017ci ildə ƏM-in 68-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası X6 filialının xx.xx.2022-ci il tarixli, 1048 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 238 nömrəli əmrlə xx.xx.1980-ci il tarixdə Kirov adına meyvəçilik sovxozunun 7 nömrəli briqadasına fəhlə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1980-ci il tarixdə 327 nömrəli əmrlə 15 gün müddətində meyvə qəbulu məntəqəsinə fəhlə vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci il tarixdə 108 nömrəli əmrlə hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir. X6 filialının xx.xx.2022-ci il tarixli, 1048a nömrəli arxiv arayışından görünür ki, Quba rayonu Kirov adına sovxozun əmək haqqı kitablarına əsasən İddiaçı sovxozda işləyərkən 1980-ci ilin avqust ayı üzrə 27 manat, sentyabr ayrı üzrə 69 manat, oktyabr ayı üzrə 68 manat, noyabr ayı üzrə 21 manat, 1981-ci ilin yanvar ayı üzrə 30 manat, fevral ayı üzrə 62 manat, mart ayı üzrə 55 manat, aprel ayı üzrə isə 39 manat əmək haqqı almışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Beləliklə, yuxarıda istinad olunan sənədlərdəki dövrlər nəzərə alındıqda aydın olur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 il 28 gün ümumi iş stajı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının xx.xx.1980-xx.xx.1981-ci illərdə Kirov adına meyvəçilik sovxozunda fəhlə işlədiyi dövrü qəbul etmir. Bununla bağlı məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan X6 filialının arxiv sənədlərinə əsasən iddiaçının həmin dövrdə işləməsi, işə qəbul və işdən azad edilmə barədə əmrlər və əmək haqqı kitabından çıxarışla öz təsdiqini tapır. Cavabdeh isə iddiaçıya məxsus əmək kitabçasında qeyd edilməməsinə istinad edərək həmin dövrü onun ümumi sığorta stajına daxil etməkdən imtina edir. Halbuki xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Eyni zamanda hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. Göründüyü kimi, həm xx.xx.2006-cı ilədək olan qanunvericilik, həm də hazırda qüvvədə olan qanunvericilik əmək kitabçasında qeyd edilməyən dövrlər üzrə arxiv arayışlarını iş stajını təsdiq edən sənəd kimi qəbul etdiyindən məhkəmə hesab edir ki, cavabdehin bu imtinası əsaslı hesab oluna bilməz. Bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan halda, istinad olunanlara əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2006cı il tarixədək 25 ildən artıq ümumi iş stajı olduğundan, o birinci tələbi ödəyir. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajına münasibətdə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “kod 23000000, XXVİİİ. Nəqliyyat sahəsi üzrə kod 23003010, Üzən heyət - Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)” vəzifəsi yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. İşdə olan “Azərbaycan X5” QSC-nin xx.xx.2022-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, “İddiaçı xx.xx.1984-cü ildən (xx.xx.1984-cü il tarixli 128/y nömrəli əmr) xx.xx.2014-cü ilə kimi (xx.xx.2014-cü il tarixli 01172/k nömrəli əmr) X3 “Həmid Sultanov”, “Saatlı”, “Şair Vidadi”, “Sovetskiy Belarusiya”, “Merkuri-2”, “Qafur Məmmədov”, “Üzeyir Hacıbəyov", “Nigar Rəfibəyli”, "X10” gəmilərində elektrik, motorçu vəzifələrində işləmişdir. Onun tutduğu vəzifələr üzücü heyətə aiddir və işlədiyi gəmilər dəniz nəqliyyat donanmasının gəmilərinə aiddir. Bu gəmilər daimi olaraq liman akvatoriyasında işləyən, xidməti-yardımçı, səyyar, şəhərətrafı və şəhərdaxili gəmilərinə aid deyildir. X1 üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 29 il 11 ay 13 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin “b” yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təstiq edilmiş 2 nömrəli siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 154 nömrəli qərarına əsasən X5 Azərbaycan Dövlət X5 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 6 nömrəli və xx.xx.2014-cü il tarixli, 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dövlət X3 və X11 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan X5” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.” Göründüyü kimi, iddiaçının işlədiyi müəssisənin təqdim etdiyi arayışa əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 21 il 5 ay 5 gün xüsusi iş stajı olmuşdur ki, bu da tələb olunan 12 il 6 aydan çoxdur. Cavabdeh də iddiaçının güzəştli iş stajını mübahisələndirməmiş və həmin dövrü qəbul etmişdir. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi iş stajı mövcuddur. Deməli, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə pensiyan ödənilməsi üçün qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. ƏPQ-nin 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Belliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı qanunvericiliklə tələb olunan bütün şərtləri ödədiyindən iddia tələbi təmin olunmalı və iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar