Məhkəmə qərarları › İş №2-1(112)-948/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-948/2021

02.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-948/2021 02.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi ilə Niyazlı Gülay Rəhim qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı pul təminatının ödənilməsi barədə iddiası üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonra iddia tələbini dəqiqləşdirərək, hərbi vəzifədə olduğu müddətdə yüksək maaşlı zastava rəisi vəzifəsini icra etdiyi ümumilikdə 1305 gün müddət (X2 10-cu (Böyükdüz) sərhəd zastavası – 13 ay olmaqla 395 gün, (X3 16-cı (Dərsəm) sərhəd zastavası – 4 ay olmaqla 120 gün, (X7 21-ci (2-ci Şahsevən) sərhəd zastavası – 3 ay olmaqla 90 gün, X8 16-cı (Zuxul) sərhəd zastavası – 23 ay olmaqla 700 gün) ərzində həmin vəzifə maaşına görə əlavə pul təminatının hazırkı dövr üçün ehtiyac meyarı nəzərə alınmaqla hesablanaraq birdəfəlik ödənilməsinin Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiаçı İddiaçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, 1994-cü ildən 2015-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit olaraq 24 təqvim ili xidmət etmiş və 2015-ci ildə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. 1994-cü ilin iyun ayından Azərbaycan Respublikasının Sərhəd Qoşunları sıralarında müxtəlif hərbi vəzifələrdə xidmət etmişdir. Hərbi xidmətinin bir hissəsi sərhəd zastavalarında keçmiş, xidmət dövrü ərzində Sərhəd Qoşunlarının ayrı-ayrı hərbi hissələrinin sərhəd zastavalarında ştat üzrə müəyyən olunmuş rəis müavini hərbi vəzifəsində xidmət etmiş, öz hərbi vəzifəsi ilə eyni vaxtda komandanlığın əmri ilə zastava rəisinin vəzifələrini icra etmişdir. Belə ki,1994-cü ilin noyabr ayından 1995-ci ilin dekabr ayınadək N nömrəli hərbi hissənin (X5) 10-cu (Böyükdüz) sərhəd zastavası – ümumilikdə 13 ay olmaqla 395 gün, 1998-ci ilin sentyabr ayından həmin ilin dekabr ayınadək N nömrəli hərbi hissənin (X5) 16cı (Dərsəm) sərhəd zastavası ümumilikdə 4 ay olmaqla 120 gün, 2004-cü ilin iyun ayından həmin ilin avqust ayınadək N nömrəli hərbi hissənin (X7) 21-ci (2-ci Şahsevən) sərhəd zastavası ümumilikdə 3 ay olmaqla 90 gün, bundan başqa 2005-ci ilin avqust ayından 2007-ci ilin iyul ayınadək (X8) 16-cı (Zuxul) sərhəd zastavası – ümumilikdə 23 ay olmaqla 700 gün müddətində rəis vəzifəsini icra etmişdir. Lakin göstərilən müddətdə əlavə məsuliyyət yaradan rəis vəzifəsini rəsmi icra etməyinə baxmayaraq həmin vəzifə maaşına görə pul təminatı ödənilməmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, zastava rəisi vəzifəsini icra etdiyi müddət ərzində həmin vəzifə maaşına görə əlavə pul təminatı ödənilməlidir. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət etmiş, lakin inzibati orqanın 24.01.2020-ci il 10/13 və 24.03.2020-ci il tarixli 10/59 saylı qərarı ilə (ünvanına çatma 11.04.2020) tələbinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti öz imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının zastava rəisinin vəzifələri icra etməsi ilə bağlı DSX rəisinin müvafiq əmri ilə təyin edilmiş səlahiyyətli şəxsin əmri olmadığı üçün zastava rəisinin vəzifə maaşının hesablanması mümkün deyildir. Eyni zamanda inzibati orqan qeyd edir ki, onun zastava rəisi vəzifəsini icra etməyinə dair hərbi hissə komandirinin əmri olmadığından müvəqqəti icra etdiyi vəzifə maaşına görə pul təminatının ödənilməsi mümkün olmamışdır. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 02.10.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş iddiaya etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 3-cü maddəsinə əsasən, Dövlət Sərhəd Xidməti rəisinin və silahlı birləşmələrdə əlavə səlahiyyət verilmiş səlahiyyətli şəxslərin əmri ilə həmin hərbi hissədə digər yüksək maaşlı vəzifələri müvəqqəti icra etmələrinə icazə verilmiş zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına müvəqqəti icra olunan vəzifələr üzrə vəzifə maaşları, əgər vəzifənin müvəqqəti icrası fasiləsiz olaraq vakant vəzifədə - 30 gündən, vakant olmayan vəzifədə 60 gündən çox davam etmişsə ödənilir. İddiaçı iddia ərizəsində qeyd etdiyi vəzifələrin icrasını DSX rəisinin və silahlı birləşmələrdə əlavə səlahiyyət verilmiş səlahiyyətli şəxslərin əmri ilə deyil, yalnız xidmət etdiyi hərbi hissə komandirinin əmri ilə icra etdiyi müəyyən edilmişdir. Bundan başqa “Azərbaycan Respublikasının Dövlət sərhədinin mühafizəsi üzrə sərhəd qoşunlarının nizamnaməsi”nin 88-ci maddəsinə əsasən zastava rəisinin müavini həmin nizamnamənin 86-cı maddəsinə (zastava rəisi və onun müavinlərinin vəzifəsi) nəzərdə tutulan vəzifələri yerinə yetirir. Bundan əlavə, tabeliyində olanların tapşırıqlarını bilmək və daim zastavanın idarə edilməsini öz üzərinə götürməyə hazır olmaq onun vəzifəsidir. Göstərilənlərə əsasən, cavabdeh iddiaçının tələbini əsassız hesab edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclаsındа İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclаsındа cavabdehin nümayəndəsi X6 iddiaya etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, məhkəmə iclaslarında verilmiş izahatlarını nəzərə alıb və iş materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki: İddiaçı xidmət vərəqəsinə əsasən o, 21.06.1994-cü il tarixdən Sərhəd Qoşunlarında xidmətə başlamış, 15.07.2015-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılmışdır. İddiaçı iddia tələbində aşağıda qeyd olunduğu müddətlərdə xidmət keçdiyi sərhəd bölmələrində zastava rəisinin vəzifələrini icra etdiyini iddia edir:

1. 1994-cü ilin noyabr ayından 1995-ci ilin dekabr ayınadək – N nömrəli hərbi hissənin (X5) 10-cu (Böyükdüz) sərhəd zastavası – ümumilikdə 13 ay olmaqla 395 gün; Xidmət vərəqəsinə əsasən, İddiaçı 05.07.1994-cü il tarixdən 24.11.1995-ci il tarixədək N nömrəli hərbi hissənin 10-cu sərhəd zastavasının rəisinin müavini, 24.11.1995ci il tarixdən 01.05.1996-cı il tarixədək isə 12-ci sərhəd zastavasının rəisinin müavini vəzifələrində xidmət keçmişdir.

2. 1998-ci ilin sentyabr ayından 1998-ci ilin dekabr ayınadək – N nömrəli hərbi hissənin (X5) 16-cı (Dərsəm) sərhəd zastavası – ümumilikdə 4 ay olmaqla 120 gün; Xidmət vərəqəsinə əsasən, İddiaçı 01.05.1996-cı il tarixdən 09.02.1999-cu il tarixədək N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının rəisinin müavini vəzifəsində xidmət keçmişdir. DSX “Naxçıvan” X1 07.07.2020-ci il tarixli 16/609 nömrəli məktubuna əsasən, İddiaçı 1994-1998-ci illər ərzində N nömrəli hərbi hissənin 10-cu, 12-ci və 16-cı sərhəd zastavasının mənəvi-psixolojı hazırlıq üzrə müavini vəzifəsində xidmət etmiş, pul təminatı tam şəkildə hesablanmışdır. İddiaçı xidmət etdiyi müddət ərzində sərhəd zastavasının rəisi vəzifələrini icra etməsi barədə hər hansı əmr olmamışdır.

3. 2004-cü ilin iyun ayından 2004-cü ilin avqust ayınadək – N nömrəli hərbi hissənin (X7) 21-ci (2-ci Şahsevən) sərhəd zastavası – ümumilikdə 3 ay olmaqla 90 gün; DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissənin (Horadiz şəhəri) 17.06.2020-ci il tarixli 16/1739 nömrəli məktubuna əsasən, İddiaçı 21-ci sərhəd zastavasının rəisi vəzifələrini müvəqqəti icra etməsi, şəxsi heyətin siyahısından çıxarılması və şəxsi hesab kartoçkası mövcuddur. Lakin 2005-2007-ci il tarixlərdə N nömrəli hərbi hissədə xidmət etməsi barədə nizami hissə üzrə əmrlərdə və şəxsi hesab kartoçkalarında qeydiyyatlar mövcud deyil. Xidmət vərəqəsinə əsasən, İddiaçı 19.04.2004-cü il tarixdən 13.08.2004-cü il tarixədək N nömrəli hərbi hissənin komendant bölüyü komandiri vəzifəsində xidmət keçmişdir. DSX N saylı hərbi hissə komandirinin 11.06.2004-cü il tarixli 141 nömrəli əmrindən çıxarışa əsasən, komendant bölüyü komandiri İddiaçı 11.06.2004-cü il tarixdən 21-ci sərhəd zastavasının rəisi vəzifəsinin icrası müvəqqəti həvalə edilmişdir. DSX N saylı hərbi hissə komandirinin 18.08.2004-cü il tarixli 200 nömrəli əmrlərindən çıxarışa əsasən, İddiaçı, DSX rəisinin 13.08.2004-cü il tarixli 961 nömrəli əmri ilə xidmət yeri dəyişdirildiyindən, 18.08.2004-cü il tarixdən həmin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır.

4. 2005-ci ilin avqust ayından 2007-ci ilin iyul ayınadək – N nömrəli hərbi hissənin (X8) 16-cı (Zuxul) sərhəd zastavası – ümumilikdə 23 ay olmaqla 700 gün. DSX rəisinin 13.08.2004-cü il tarixli 961 nömrəli əmrindən çıxarışa əsasən, həmin əmrlə İddiaçı 5-ci sərhəd dəstəsinə 16-cı sərhəd zastavasının rəisi müavini vəzifəsinə təyin edilmiş. Həmçinin DSX rəisinin 23.01.2007-ci il tarixli 008 nömrəli əmri ilə təsdiq edilmiş təşkilat-ştat dəyişikliklərinə müvafiq olaraq eyni tarixli 120 ş/h nömrəli əmrlə İddiaçı yenidən 16-cı sərhəd zastavası rəisinin müavini vəzifəsinə təyin edilmişdir. DSX rəisinin 11.07.2007-ci il tarixli 912 ş/h nömrəli əmri ilə isə İddiaçı 16-cı sərhəd zastavasının rəisi vəzifəsinə təyin edilmişdir. DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissənin (Xudat şəhəri) 24.07.2020-ci il tarixli 16/1622 nömrəli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı 17.07.2007-ci il tarixədək 16-cı sərhəd zastavasının rəisinin müavini vəzifəsində işləmiş, 17.07.2007-ci il tarixli 170 nömrəli əmrlə həmin zastavanın rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçının zastava rəisi vəzifəsini icra etdiyi müddət üçün həmin vəzifəyə uyğun təminatın ödənilməsi barədə müraciətinə Dövlət Sərhəd Xidməti tərəfindən 24.01.2020-ci il və 24.03.2020-ci il tarixli məktublarda bildirilmişdir ki, zastava rəisinin vəzifələrinin icra edilməsi bağlı müvafiq əmr olmadığı üçün müraciətinin təmin edilməsi mümkün deyildir. Məhkəmə iclasında İddiaçı 2005-ci ilin dekabrında rəhbərlik tərəfindən mükafatlandırılması barədə əmrdə onun vəzifəsinin “zastava rəisi” olaraq qeyd edildiyini iddia edərək, həmin əmrin təqdim edilməsinə dair sorğu verilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Onun vəsatəti təmin edilərək müvafiq sorğu verilmiş və cavabdeh tərəfindən İddiaçı 2005-ci il üzrə mükafatlandırılması barədə əmrlərdən və xidmət vərəqəsindən çıxarışlar təqdim edilmişdir. Həmin əmrlərdə və xidmət vərəqəsindən çıxarışlarda, o cümlədən DSX rəisinin 17.12.2005-ci il tarixli 0199 nömrəli “Həvəsləndirmə haqqında” əmrində İddiaçı vəzifəsi “16-cı sərhəd zastavası rəisinin müavini” kimi qeyd edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı 21.06.1994-cü il tarixdən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində (Sərhəd Qoşunlarında) xidmətə başlamış, 15.07.2015-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılmışdır. İddiaçı 05.07.1994-cü il tarixdən 10-cu sərhəd zastavasının rəisinin müavini, 24.11.1995-ci il tarixdən 12-ci sərhəd zastavasının rəisinin müavini, 01.05.1996-cı il tarixdən 16-cı sərhəd zastavasının rəisinin müavini, 09.02.1999-cu il tarixdən 3-cü sərhəd zastavasının rəisi, 12.07.1999-cu il tarixdən 2-ci sərhəd dəstəsinin N nömrəli hərbi hissə üzrə komendant rotası komandirinin müavini, 27.01.2003-cü il tarixdən N nömrəli hərbi hissənin komendant bölüyünün komandiri, 13.08.2004-cü il tarixdən 16-cı sərhəd zastavasının rəisinin müavini, 11.07.2007-ci il tarixdən 16-cı sərhəd zastavasının rəisi, 26.01.2008-ci ildən 5-ci sərhəd dəstəsində dövlət sərhədinin mühavizəsi bölməsinin baş zabiti, 11.03.2013-cü il tarixdən 15.07.2015-ci il tarixədək isə DSX Akademiyasında “Sərhəd mühafizəsi” kafedrasının baş müəllimi vəzifəsində işləmişdir. İddiaçı müxtəlif dövrlərdə zastava rəisi vəzifəsini icra etdiyinə istinad edərək, həmin dövrlər üçün ona zastava rəisinin vəzifəsinə uyğun təminatın ödənilməsini tələb edir. İddiaçı iddia tələbində qeyd etdiyi dövrlərdən 11.06.2004-cü il tarixdən 18.08.2004-cü il tarixədək N nömrəli hərbi hissənin 21-ci sərhəd zastavasının rəisi vəzifəsinin icrasının müvəqqəti həvalə edildiyinə dair əmrin olduğu müəyyən edilsə də, iddia tələbinin digər hissələri ilə bağlı müvafiq əmrlərin olmadığı müəyyən edilmişdir. İddiaçı həmin dövrlərdə zastavaya rəhbərliyin məhz onun tərəfindən həyata keçirildiyinə və faktiki olaraq rəis vəzifəsini icra etdiyinə istinad etsə də, bununla bağlı müvafiq əmrin olmaması, həmçinin iddiaçı rəis müavini olaraq zərurət yarandığı halda zastavanın idarə edilməsini öz üzərinə götürməli olduğuna görə, məhkəmə iddia tələbini həmin hissələrdə əsassız hesab edir. Cavabdeh inzibati orqan İddiaçı 11.06.2004-cü il tarixdən 18.08.2004-cü il tarixədək N nömrəli hərbi hissənin 21-ci sərhəd zastavasının rəisi vəzifəsini Nazirlər Kabinetinin 10.04.2017-ci il tarixli 133 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 3.1-ci bəndinin tələblərinə uyğun olaraq DSX rəisinin və silahlı birləşmələrdə əlavə səlahiyyət verilmiş səlahiyyətli şəxslərin əmri ilə deyil, yalnız xidmət etdiyi hərbi hissə komandirinin əmri ilə icra etdiyinə istinad etsə də, nəzərə alınmalıdır ki, iddiaçının xidmət etdiyi dövrdə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təminatı Azərbaycan Respublikası Müdafiə Nazirinin 05.06.2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” ilə tənzimləndiyindən, qeyd olunan əmr qanunvericiliyin tələblərinə uyğun qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 05.06.2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin: 52-ci maddəsinə əsasən, hissə komandirinin əmri ilə həmin hissədə digər yüksək maaşlı vəzifələri müvəqqəti icra etmələrinə icazə verilmiş zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq xidmət hərbi qulluqçulara müvəqqəti icra olunan vəzifələr üzrə vəzifə maaşları (Əsasnamənin 54-cü maddəsi nəzərə alınmaqla), əgər vəzifənin müvəqqəti icrası fasiləsiz olaraq: vakant vəzifədə - 30 gündən çox, vakant olmayan vəzifədə 60 gündən çox davam etmişsə ödənilir. 53-cü maddəsinə əsasən, vəzifəni müvəqqəti icra etmənin fasiləsiz müddəti vəzifəyə başlama günündən, lakin vəzifəni müvəqqəti icra etməyə icazə vermə haqqında hərbi hissə komandirinin əmrinin imzalanması günündən tez olmayaraq, vəzifədən azad olunma gününədək azad olunma günü də daxil olmaqla hesablanır. 54-cü maddəsinə əsasən, zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq xidmət hərbi qulluqçularına yüksək maaşlarla vəzifələri müvəqqəti icra etmələri zamanı vəzifə maaşları aşağıdakılara əməl etməklə ödənilir: ...b) hərbi hissələrin və bölmələrin qərargah rəisləri, vəzifə borclarından asılı olmayaraq bütün adlardan olan komandir və rəislərin müavinləri və köməkçiləri olan hərbi qulluqçulara bilavasitə komandirlərinin və rəislərinin vakant olmayan vəzifələrini icra edərkən, müvəqqəti icra edilən vəzifələrə görə deyil, əsas vəzifələrinə görə maaşlar ödənilir. Göstərilən hərbi qulluqçular bilavasitə rəislərinin (komandirlərinin) vakant vəzifələrini müvəqqəti icra edərkən ümumi əsaslarla müvəqqəti icra olunan vəzifələrə görə maaşlar ödənilir. 62-ci maddəsinə əsasən, yüksək maaşlı vakant vəzifələrə təyin olunmuş zabitlərə, bu vəzifələrin müvəqqəti icra edilməsinin 30 günlük müddətinin bitməsinədək icra edilən vəzifələrə görə maaşlar vəzifələrin müvəqqəti icra edilməsinə başlama günündən lakin vəzifələrin müvəqqəti icra edilməsinə icazə haqqında əmrin imzalanması günündən tez olmayaraq ödənilir. İş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan müəyyən edilmişdir ki, iddiaçıya 11.06.2004-cü il tarixdən N nömrəli hərbi hissənin 21-ci sərhəd zastavasının vakant olan rəisi vəzifəsinin icrası hərbi hissə komandirinin əmri ilə həvalə edilərək, həmin vəzifənin icrası 18.08.2004-cü il tarixədək, yəni 30 gündən çox davam etmiş olsa da, ona ödənilmiş təminat məbləğində artım olmamış, müvəqqəti icra etdiyi rəis vəzifəsinə görə deyil, əsas vəzifəsi, yəni komendant bölüyü komandirinin vəzifəsinə görə maaş ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya N nömrəli hərbi hissənin 21ci sərhəd zastavasının rəisi vəzifəsini müvəqqəti icra etdiyi 11.06.2004-cü il tarixdən 18.08.2004-cü il tarixədək olan dövr üçün zastava rəisi vəzifəsi ilə komendant bölüyü komandiri vəzifəsinin maaşları arasındakı fərq hazırkı vəzifə maaşları əsas götürülməklə hesablanaraq ona ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 21-ci sərhəd zastavasının rəisi vəzifəsini müvəqqəti icra etdiyi 11.06.2004-cü il tarixdən 18.08.2004-cü il tarixədək olan dövr üçün zastava rəisi vəzifəsi ilə komendant bölüyü komandiri vəzifəsinin maaşları arasındakı fərqin hazırkı vəzifə maaşları əsas götürülməklə hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 2, 34, 68,69,85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia qismən təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 21-ci sərhəd zastavasının rəisi vəzifəsini müvəqqəti icra etdiyi 11.06.2004-cü il tarixdən 18.08.2004-cü il tarixədək olan dövr üçün zastava rəisi vəzifəsi ilə komendant bölüyü komandiri vəzifəsinin maaşları arasındakı fərqin hazırkı vəzifə maaşları əsas götürülməklə hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2

Sədrlik edən Araz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar