Məhkəmə qərarları › İş №2-1(112)-948/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-948/2024

20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-948/2024 20.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 20 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1960-cı il təvəllüdlüdür. НЗ ******* nömrəli hərbi biletinə əsasən iddiaçı xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuşdur (2 il 1 ay 12 gün). ИТ-İ ******* № li əmək kitabçasının iş surətinə əsasən iddiaçı xx.xx.1978-xx.xx.1978 (3 ay 22 gün), xx.xx.1981-xx.xx.2001 (19 il 11 ay 27 gün), xx.xx.2014-xx.xx.2015, xx.xx.2021-xx.xx.2022-ci illərdə (xx.xx.2006-cı ildən fərdi uçot məlumatlarına əsasən 1 il 9 ay) əmək fəaliyyəti ilə məşğul olmuşdur (cəmi 24 il 2 ay). İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin ümumi iş stajınız 25 ildən az (24 il 2 ay (xx.xx.1978-xx.xx.1978-ci il, xx.xx.1978xx.xx.1980-ci il, xx.xx.1981-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən bu günədək 1 il 9 ay) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatarın, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın, bina, qurğu və digər obyektlərin, inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər yarımbəndində dülgərlər peşəsi nəzərdə tutulub. Mərkəzi Filiala təqdim etdiyiniz Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının sizə dair 8 sentyabr 2020-ci il tarixli BA-00464-2020 nömrəli arxiv arayışında sizin “Bakı Baş Tikinti İdarəsi”ndə dülgər peşəsində işlədiyiniz qeyd olunub. Göründüyü kimi, işlədiyiniz “Bakı Baş Tikinti İdarəsi”nin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Bundan başqa, fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21945,73 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir". İddia tələbi, İddiaçının əsaslandırması: iddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mövcud və qüvvədən düşmüş qanunvericiliyə əsasən pensiya hüququnun yarandığı gün xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə ona əmək pensiyası təyin edilməsi və ötən ayların pensiya məbləğinin hesablanaraq, birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 2006-cı il yanvarın 1-ə qədər əmək stajı 24 il 2 ay təşkil edir. Sosial yığıma gəldikdə isə 10 il Nəqliyyat Nazirliyinə hər ay 50 AZN ödəmiş, bununla bağlı qəbzlər vardır. xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə kimi 16 №li Peşə məktəbini əyani oxumuş xx.xx.1978-ci ildən işə başlamış, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra yenə həmin işinə qayıtmışdır. Trest 303. Bakı Baş tikinti idarəsində quraşdırıcı işləmişdir. Bir briqadada işlədiyi iş yoldaşları ərizələri ilə bunu təsdiq etmişdilər. Lakin cavabdeh tərəf ərizələrin əslini itirmişdilər. Onun işlədiyi quraşdırıcı vəzifəsi güzəştli pensiya təyinatına imkan verir. İtirilmiş ərizələri yazan iş yoldaşları məhkəmə zalında həm yenidən ərizə yazmağa, həm də şahidlik etməyə hazırdılar. Bir briqada işlədiyi yoldaşlar, Arif Abdulrəhmanov; İlham Hüseynov; Bəhlul Tağıyev iş icraçısı Rafık Ağaranov (prorab). Bu iş yoldaşları öz ərizələri və şəxsiyyət vəsiqələrinin surətləri ilə təsdiq ediblər. Çox təəssüf ki, güzəştli şərtlərlə filialda işlərinin öhdəsindən gələ bilməyən işçilər ərizələrin əslini itiriblər. Ünvanına göndərilən sənədlərin zərfin içində yox idi. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Həmçinin etiraza əlavə məktubunda bildirilmişdir ki, İddiaçı tərəfindən məhkəmə iclasında təqdim edilmiş AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti verilən xx.xx.2021-ci il tarixli **********781500 nömrəli məktuba əsasən, xx.xx.2021-ci il tarixə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN **********) xx.xx.2006cı il tarixdə vergi uçotuna alınması və xx.xx.2016-cı il tarixdən vergi uçotundan çıxarılması barədə məlumat müəyyən edildiyi qeyd edilmişdir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən, əmək pensiyasının təyin edilməsi zaman nəzərə alınan sosial sığorta stajına hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti daxil edilə bilər. Lakin bu zaman məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinin Fonda təqdim edilməsi zəruridir. İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmasına baxmayaraq, məcburi dövlət sosial sığorta haqları ödəməmişdir. Bu səbəbdən sözügedən dövrün onun sosial sığorta stajına daxil edilməsi mümkün hesab olunmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, lakin həmin məktubun iddiaçıya hansı tarixdə təqdim və ya elan edilməsinə dair işdə hər hansı sübut yoxdur. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə iddia müddətinə riayət edilməsi qənaətinə gəlir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh onun müraciətini ümumi stajının kifayət etməməsi, güzəştli iş stajının olmaması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindn aşağı olmayan pensiya təminatına imkan verməməsi əsası ilə təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı omayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı trəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərrtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən) 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. İşin hallarına görə iddiaçı ona güzəştli şərtllə yaşa görə əmək pensiyasının təıyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının güzəştli stajını mübahisələndirərək iddiaçının müraciətinin təmin etməkdən imtina etmişdir. Hazırkı halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element birlikdə mövcud olmalıdır: a) iddiaçının pensiya təyinatına imkan verən yaş həddinə çatması; b) iddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c) iddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması; d) iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş və xx.xx.2020-ci il tarixdə (60 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçının pensiya yaşına çatması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Hazırkı işin birinci mübahisəli halı iddiaçının 25 il ümumi stajının olmamasıdır. İddiaçının təqdim etdiyi hərbi biletdən və əmək kitabçasından görünür ki, onun xx.xx.2006-cı il tarixədək 22 il 5 ay, xx.xx.2006-cı il tarixdən sonra qeydə alınmış pensiya kapitalı 1 il 9 ay olmaqla, ümumi iş stajı 25 ildən az, 24 il, 2 ay təşkil edir. İddiaçı iddia ərizəsində 10 il Nəqliyyat Nazirliyinə sığorta ödənişi etdiyini bildirmiş və bunu təsdiq edən qəbzlərin surətlərini iddia ərizəsinə əlavə etmişdir. Qeyd olunan halın araşdırılması ilə bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə üzrə Mərkəzi Filialına sorğular verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, vergi ödəyicilərinin reyestrində İddiaçı (VÖEN: **********) xx.xx.2006-cı il tarixdə vergi uçotuna alınması və xx.xx.2016-cı il tarixdə vergi uçotunun ləğv edilməsi barədə məlumat mövcuddur. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli cavab məktubunda isə bildirilmişdir ki, sığortaedən İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində 2006-2016-cı illərə dair məcburi dövlət sosial sığortası üzrə ödəniş məlumatları aşkar edilməmişdir. Beləliklə, iddiaçı vergi ödəyicisi kimi qeydiyyatda olsa da, məcburi dövlət sosial sığorta haqları ödəməsi müəyyən edilmir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə üzrə Mərkəzi Filialında bu barədə hər hansı qeyd yoxdur. “Əmək Pensiyalarının təyin edilməsi hesablanması yenidən hesablanması bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları” na əsaəsn əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajına hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti daxil edilə bilər. Lakin bu zaman məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinin Fonda təqdim edilməsi zəruridir. Mərkəzi Filiala təqdim edilən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının iddiaçıya dair 8 sentyabr 2020-ci il tarixli BA-00464-2020 nömrəli arxiv arayışında İddiaçı “Bakı Baş Tikinti İdarəsi”ndə dülgər peşəsində işlədiyi qeyd olunmuşdur. Bundan başqa, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21945,73 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar