Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9484/2021 05.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «əmrdə dəyişiklik edilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «hərbi hissəyə təyin olunması haqqında əmrinin müvafiq bəndində xidmət mənafeyi naminə qeyd olunmasını rəsmiləşdirilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 1992-ci ilin mart ayından 2016-ci ilin aprel ayınadək Azərbaycan Ordusunda xidmət keçmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qedən döyüşlərin iştrakçısıdır, müharibə və Ssiyalı Qüvvələr veteranıdır. 3-cü, 2-ci, 1-ci “Qusursuz xidmətə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” 3cü dərəcəli və 7 dəfə daxil olmaqla müxtəlif medallarla təltif olunmuşdur. 2015-ci ildə Müdafiə Nazirliyi Baş Hərbi İnspeksıyasında Döyüş və Döyüş Təminatı şöbəsinin baş zabit-inspektor vəzifəsində xidmət keçərkən, avqust ayında ştat dəyişiklik ilə əlaqədar İdarə ixtisar olunmuşdur. Şəxsi Heyət Baş İdarəsi – Kadrlar İdarəsinin rəisinin sərəncamda olarkən, hərbi xidmətdə 31 təqvim ili xidmət etdikdən sonra və son xidmət yaşına (48 yaş) altı ay qalmağına görə qanunvericlikdə nəzərdə tutulmuş pensiya çıxmaq hüququndan istifadə edərək 3 avqust 2015-ci il tarixdə hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılmasını raportla və xahiş olaraq yaşı tamam olanadək səramcamda qalma müddətini artırılması ilə müraciət etsə də, heç bir səbəb göstərilmədən hər hansı bir müsbət qərar qəbul edilməmişdir. Bunun əksinə olaraq, 14 avqust 2015-ci il tarixdə müvafiq əmrlə o (iddiaçı), N nömrəli hərbi hissənin Əməliyyat idarəsinin Döyüş hazırlığı şöbə rəisinin baş köməkçisi daha az maaşı olan vəzifəsinə təyin olunmuşdur. 2016-cı ilin yanvar ayında həmin hərbi hissənin ştat dəyişikliyi ilə əlaqədar o, Döyüş hazırlığı şöbə rəisinin baş köməkçisi vəzifəsindən Əməliyyat idarəsinin Döyüş hazırlığı və Tədris şöbəsinin Döyüş hazırlığı bölməsi rəisinin baş köməkçisi ikinci dəfə daha az maaşı olan vəzifəsinə təyin olunmuşdur. 14 aprel 2016-ci il tarixdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmaqla) əsasən ehtiyata buraxılmışdır. Xidmət mənafeyi naminə yaşı ilə əlaqədar az maaşlı təyin olunmağı barədə 14 avqust 2015-ci il tarixli müvafiq əmrdə bu hal göstərilmədiyindən onun pensiya təminatı az maaışlı vəzifəsindən hesablanmışdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 20.18-ci maddəsinə əsasən yaşı ilə əlaqədar daha az maaşı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavəsitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. O, Baş Hərbi İnspeksıya İdarəsində on ildən artıq xidmət etmişdir. «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən hərbi xidmətdən buraxıldıqdan sonra hərbi qulluqçuların və onların ailə üzvülərinin pensiya təminatı hüququna dövlət tərəfindən zəmanət verilir və bu, Azərbaycan Respublikasının qanunuvericiliyi ilə müəyyən edilir. Hazırda ehtiyatda olan zabit kimi pensiyamın əhəmiyyətli dərəcədə az olması ilə əlaqədar N nömrəli hərbi hissəyə təyin olmağı haqqında müvafiq əmrə xidmət mənafeyi naminə (yaşa görə) vəzifəyə keçirilməsi barədə qeydin əlavə olunmasına köməklik göstərilməsini Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi – Kadrlar və Hüquq İdarəsinin rəisinə məktubla xahiş etsə də, müsbət cavab alınmamışdır. Ona görə də məhkəmədən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin rəisinin sərəncamında olan Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Döyüş və döyüş təminatı şöbəsinin sabiq baş zabit-inspektoru vəzifəsindən N nömrəli hərbi hissənin İdarəetmə heyətinin Əməliyyat İdarəsinin Döyüş hazırlığı şöbəsi rəisinin baş köməkçisi vəzifəsinə təyin olunmasının “yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə” səbəbi ilə əlaqələdirilməklə bu səbəbin Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 14 avqust 2015-ci il tarixli müvafiq əmrinin, müvafiq bəndində zəruri (xidmət mənafeyi naminə) qeyd olunmasının rəsmiləşdirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə cavabdehə təqdim olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı münasibətində aşağıdakılar bildirilir: - İddiaçı iddia ərizəsində 1992-ci ilin mart ayından 2016-cı ilin aprel ayınadək Azərbaycan Ordusunda xidmət keçdiyini, 14 aprel 2016-cı il tarixdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxıldığını, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin rəisinin sərəncamında olan Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Döyüş və döyüş təminatı şöbəsinin sabiq baş zabiti-inspektoru vəzifəsindən “N nömrəli hərbi hissənin idarəetmə heyətinin Əməliyyat İdarəsinin Döyüş hazırlığı şöbəsi rəisinin baş köməkçisi” vəzifəsinə təyin olunmasının “yaş ilə əlaqədar olaraq xidmət mənafeyi naminə” səbəbi ilə əlaqələdirilməklə bu səbəbdən Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 14 avqust 2015-ci il tarixli müvafiq əmrinin, müvafiq bəpdində zəruri (xidmət mənafeyi naminə) qeyd olunmasını rəsmiləşdirilməsi barədə məhkəmədən qərar qəbul etməsini xahiş edir. Belə ki, X3 X1 (N nömrəli hərbi hissə) Əməliyyat İdarəsinin Döyüş hazırlığı və tədris şöbəsinin döyüş hazırlığı bölməsi rəisinin baş köməkçisi ehtiyatda olan polkovnik-leytenant İddiaçı 23 mart 2016-cı il tarixdə X2 Əməliyyayt İdarəsinin rəisi Qərargah rəsisinin müavininə yzaılı raportla müraciət edərək «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə müvafiq olaraq Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən yaşa görə ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırmasını xahiş etmiş, o, həmin Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən AR Müdafiə nazirinin 14 aprel 2016-cı il tarixli müvafiq əmrilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı həmin inzibati aktı 6 il sonra mübahisələndirir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 – 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Məhkəməyə şikayət vermək üçün qanunla müəyyən edilmiş müddətin axımı inzibati aktın elan edildiyi, təqdim edildiyi vaxtdan başlayır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsaslanaraq və İPM-in 35.1, 38.1, 47.2-ci maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılması xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: - (“b” bəndi) yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə vurğulayır ki, mövcud qanunvericilik məhkəmədə “mübahisələndirmə haqqında” iddianın mübahisələndirilən inzibati aktın təqdim (elan) olunmasından 1 aylıq iddia müddəti ərzində qaldırılmasını nəzərdə tutur. Hazırkı iddia ərizəsi isə məhkəməyə iddiaçı tərəfindən inzibati aktın qəbulundan təxminən 6 il vaxt keçdikdən sonra təqdim olunmuşdur. Bununla da təsdiqlənir ki, iddiaçı iddıasını iddia müddətini buraxmaqla qaldırmışdır. Həmçinin qeyd olunmalıdır ki, İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 24-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (maddə 24.1). Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (maddə 24.4). İPM-in 13 və 24-cü maddələrinin tələbləri baxmından “buraxılmış prosessual müddətin bərpası”na gəldikdə isə, məhkəmə qeyd edir ki, iddia müddəti 6 il buraxıldığından və iddiaçı tərəfin İPM-in 24.4-cü maddəsində nəzərdə tutulan (təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan) hallardan hər hansı birinin mövcudluğu ilə bağlı dəlili olmadığından, müddətin bərpasına dair ərizənin verilməsinin iddiaçıya tövsiyə olunması məqsədəuyğun deyil. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddianı “iddia müddəti” buraxılmaqla qaldırdığından, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35, 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-9484/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9484/2021
05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver