Məhkəmə qərarları › İş №2-1(112)-9487/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9487/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9487/2025 25.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeydiyyatın ləğv edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov 184 saylı binanın “A” hissəsinin yarımzirzəmisinin 20 kv.m və 18 kv.m olan sahəsinə faktiki mülkiyyətçi kimi vicdanla, fasiləsiz, etirazsız istifadə etdiyini nəzərə alaraq, hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi və bunun əsasında həmin sahəyə mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd olunan binada ailə üzvləri ilə birlikdə 1989-cu ildən yaşayır. Bina 1928-ci ildə xüsusi mülkiyyət formasında 2 qardaş erməni tərəfindən tikilmişdir. Bina 2 bloklu olmaqla 3 mərtəbəlidir. Qeyd etmək istəyirki, bu binada yaşayan ermənilərin (onların hamısı qohum olmuşlar) binanın yarımzirzəmisinə mülkiyyət hüquqları müəyyən edilməmişdir. Onların mülkiyyət hüquqları yalnız mənzillərinə müəyyən edilmişdir. Bunu işə əlavə edilən (DƏDRX-dən alınan) çıxarışdan da, görmək olar. Bina fərdi yaşayış evidir. Digər tərəfdən, bu məlumat 1990-cı ilin yanvar ayında xx.xx.1990 və xx.xx.1990-cı il tarixində bu binada yaşayan ermənilər, eləcə də, Nəsimi rayon DİŞ-nin pasport bölməsinin işçiləri, 17 saylı MİS-nin əməkdaşı və digər şahidlərin iştirakı ilə tərtib edilmiş aktlar ilə də təsdiq edilir. 1989-cu ilin son aylarında həmin binadan "A" hissəsindən mənzil aldıqdan sonra o hissədəki yarımzirzəmidən 3 kiçik otaqları götürmüşdür. 1992-ci ildə həmin otaqlardan birinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə mülkiyyət hüququ əldə edərək Texniki İnventarlaşdırma Bürosunda (indiki DƏDRX) qeydiyyata aldırdım (qətnamə əlavə olunur). Qalan 2 kiçik otaqların rəsmiləşdirilməsi xidməti fəaliyyətinin gərginliyindən və səhlənkarlığı səbəbindən bu günə kimi baş tutmamışdır. Həmin sahədən bu günə kimi 34 il 3 aydır ki, faktiki mülkiyyətçi kimi fasiləsiz və etirazsız sahiblik və istifadə hüququndan istifadə edir. Onlardan biri 20 kv.m, digəri isə 18 kv.m-dir. Bu müddət ərzində həmin sahələr dəfələrlə tərəfindən təmir edilmişdir. Onların giriş və çıxışları birdir. Biri digəri ilə daxili qapı ilə ələqəlidir. Digər sahələr ilə heç bir əlaqələri yoxdur. Qaranlıq, işıq düşməyən sahələrdir. Eyni zamanda orada su və qaz təchizatı yoxdur. O, bu müddət ərzində qeyd edilən daşınmaz əmlaka vicdanla sahiblik etmişdir. Digər tərəfdən bu sahiblik gizli deyil, açıq surətdə, hər hansı bir şəxsdən asılı olmayaraq öz əmlakı kimi istifadə etmiş və bu əmlakla bağlı vəzifələri yerinə yetirmişdir. Bu müddət ərzində heç kimin hüquqlarını və qanuni mənafelərini pozmamışdır. 34 il 3 ay bütöv və fasiləsiz baş vermişdir. Bu müddət ərzində əldə etmək müddəti sahiblik və istifadə etmə xitam edilməmişdir. Sahiblik və istifadə etirazsız olmuşdur. Bu məsələ barəsində hüquq haqqında mübahisə yoxdur. Mətbuatda elan vermişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsi daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını nəzərdə tutur. Orda göstərilir ki, “Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR-nın Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyü) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır". Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1786-cı maddəsində göstərilir ki, əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüquqi ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. İddia ərizəsində göstərilən ərazinin dövlət qeydiyyatına alınması məqsədi ilə ərizə və ona əlavə edilmiş sübutlarla DƏDRX-ın 1 saylı Bakı Ərazi idarəsinə xx.xx.2025-ci il tarixində mürciət etmişdir. Həmin İdarədən aldığı xx.xx.2025-ci il tarixli bildirişdən məlum oldu ki, bu İdarə hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Bu imtinada “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsaslanılmışdır. Lakin, bu Maddədə göstərilən 6 halın heç biri, bu məsələnin həlli ilə əlaqəli deyil. Bildiriş ərizəyə əlavə edilmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 20 və 18 kv.m olan yarımzirzəmi sahəsi üzərində mülkiyyət hüququnun tanınması, bu əsasla onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, yaşadığı binada mülkiyyətçi olmasını nəzərə alaraq, 1989-cu il 28 dekabr tarixində orada yaşayan milliyyətcə erməni olan X1 aldığı 1 otaqlı mənzildə (xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arası) azyaşlı uşaqlarını, xx.xx.1986-cı il tarixdə anadan olan M.V.Babayan və xx.xx.1987-ci il tarixdə anadan olmuş V.V.Babayanın Azərbaycan Respublikasının vətəndaşları olmadığını nəzərə alaraq daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatlarını silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yarımzirzəmi sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2025-ci il tarixli və ********** nömrəli, xx.xx.2025-ci il tarixli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2025-ci il tarixli, **********11 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ümumi paylı mülkiyyətdədir. Qeyd olunan fərdi yaşayış evinin 3/60 hissəsi üzərində iddiaçının mülkiyyət hüququ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6583/2021 nömrəli qətnaməsi, 3/16 hissəsi üzərində mülkiyyət hüququ isə həmin məhkəmənin xx.xx.2010-cu il tarixli, 2(006)- 1910/2010 nömrəli qərarı əsasında qeydiyyata alınmışdır. Lakin, hazırda müraciət olunan yarımzirzəmi sahəsi həmin qərarlarda öz əksini tapmamışdır. Fərdi yaşayış evinin ümumi paylı mülkiyyətdə olduğu nəzərə alınaraq iddiaçı tərəfindən mülkiyyətçilərə məxsus payların dəqiqləşdirilməsinə dair notarial qaydada təsdiq edilmiş müqavilə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim ediləcəyi təqdirdə iddia edilən sahələrə iddiaçının adına qeydiyyatın aparılması məsələsinə baxılacağı barədə məktub ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı hazırki işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki: - ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ümumi paylı mülkiyyətdədir. Qeyd olunan fərdi yaşayış evinin 3/60 hissəsi üzərində iddiaçının mülkiyyət hüququ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6583/2021 nömrəli qətnaməsi, 3/16 hissəsi üzərində mülkiyyət hüququ isə həmin məhkəmənin xx.xx.2010-cu il tarixli, 2(006)- 1910/2010 nömrəli qərarı əsasında qeydiyyata alınmışdır. Hazırda müraciət olunan yarımzirzəmi sahəsi həmin qərarlarda öz əksini tapmamışdır. Bundan əlavə, məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş İdarənin arxivində olan sənədlərdə iddiaçının iddia etdiyi yarımzirzəmi sahələrinə dair hər hansı bir hüquqmüəyyənedici sənədinin olması müəyyən edilməmişdir. İddiaçının tələbindən göründüyü kimi, onun hazırki tələbi iki hissədən ibarətdir:

1. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 20 və 18 kv.m olan yarımzirzəmi sahəsi üzərində mülkiyyət hüququnun tanınması, bu əsasla onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması.

2. Yaşadığı binada mülkiyyətçi olmasını nəzərə alaraq, 1989-cu il 28 dekabr tarixində orada yaşayan milliyyətcə erməni olan X1 aldığı 1 otaqlı mənzildə (xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arası) azyaşlı uşaqlarını, xx.xx.1986-cı il tarixdə anadan olan M.V.Babayan və xx.xx.1987-ci il tarixdə anadan olmuş V.V.Babayanın Azərbaycan Respublikasının vətəndaşları olmadığını nəzərə alaraq daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatlarını silinməsi. Məhkəmə yuxarıda qeyd edilən işin hallarını iddiaçının tələbləri ilə birgə nəzərdən keçirərək qeyd edir ki, ümumiyyətlə iddiaçının birinci tələbinə (mülkiyyət hüququnun tanınması) inzibati məhkəmə icraatında baxılması qeyri-mümkündür. Belə ki, iddiaçının tələbinin mahiyyətindən göründüyü kimi, onun hüquqi marağı sözügedən yarımzirzəmi sahələri üzərində mülkiyyət hüququnun hüquqi fakt şəklində tanınmasına nail olmaqdır. Hüquqi əhəmiyyətli faktların tanınması barədə ərizələrə baxılması isə inzibati məhkəmə icraatının predmeti deyildir. İddiaçı sözügedən ərizə ilə ümumi yurisdiksiyalı məhkəməyə müraciət etməlidir. Əlavə olaraq isə iddiaçının sözügedən yarımzirzəmi sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədi mövcud olmadığından, onun inzibati məhkəmə icraatı qaydasında belə bir tələb irəli sürməsi üçün subyektiv hüququ mövcud deyildir. Məhkəmə iddiaçının ikinci tələbinə münasibətdə isə qeyd edir ki, iddiaçı sözügedən binada yerləşən, paylı mülkiyyətçilərdən biri olan X2 məxsus 1 otaqlı mənzili ondan aldığını iddia edərək sonuncunun mənzil sahəsi üzərində olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən silinməsini xahiş edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçı tərəfindən həmin mənzil sahəsinin T.Şaxnazarovadan qanunvericiliklə müəyyən edilmiş qaydada alınmasını təsdiq edən hər hansı bir sənəd (notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi və s.) mövcud deyildir. Belə olan təqdirdə, iddiaçının həmin tələbi irəli sürməsi üçün də, subyektiv hüququnun olması istisna edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, onun hazırki iddia tələbini irəli sürməsi üçün subyektiv hüququnun olması istisna edilməli və onun iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından əsaslandırılmış iddia tələbi kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarı:

1. Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24-26 və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.

4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar