Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9489/2025 19.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X3) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Qara qarayev prospekti, ev 2529-61M, 238a (Yeni qaydalarla: AZ1118, ünvan 1 ünvanından X1 qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 11 iyun 2024-ci il tarixdə X4 ilə alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev - 2529-61M, 238 “a” (yeni qaydalarla: AZİ 118, ünvan 2 ünvanda yerləşən mənzili satın alınmışdır. Həmin müqavilə əsasında iddiaçının hüquqları 26 iyun 2024-cü il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata (qeydiyyat №**********) alınmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə görə satıcı əmlakı alıcının faktiki sahibliyinə verməyi, həmçinin mənzildə qeydiyyatda olan yaxınlarını oradan qeydiyyatdan çıxarmağı öhdəsinə götürmüşdür. Lakin üçüncü şəxs hal-hazırdə qeyd edilən ünvanda qeydiyyatdadır və iddiaçının dəfələrlə qeydiyyatdan çıxmasını tələb etməyinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Məsələ burasındadır ki, üçüncü şəxsin əmlaka dair heç bir iddiası yoxdur və vətəndaş Mustafayev məhkəməyə müraciət etmədən mənzildən qeydiyyatdan çıxmağa hazır idi. Lakin dediyinə görə sonradan qeydiyyata düşəcək ünvan tapa bilməməsi səbəbindən bunu edə bilmir. Mart ayında vətəndaş Mustafayevin polis əməkdaşları tərəfindən həbs olunduğu barədə yaşadığı binanın komendantı iddiçıaya məlumat vermişdir. İddiaçı qeyd olunanları nəzərə alaraq cavabdeh Bakı Şəhər Nizami rayon Polis İdarəsinə rəsmi qaydada müraciət edərək X1 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 2529-61 M, 238 “a” (AZ1118, ünvan 3 ünvanda yerləşən mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına köməklik göstərməsini xahiş etmişdir. Lakin, cavabdeh Nizami rayon Polis İdarəsi xx.xx.2025-ci il tarixdə mənə ünvanladığı 3-13-52/2-2937 saylı imtina məktubunda həmin şəxsin qeydiyyatdan çıxarılmaları ilə bağlı aidiyyatı üzrə inzibati icraat qaydasında məhkəmə orqanına müraciət olunmasını tövsiyyə etmişdir. İddiaçı cavabdehin mövqeyini qanunsuz və əsassız hesab etdiyi üçün hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Yaşayış veri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda qeydiyyatdan çıxarılır: - yaşayış yerim dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; - başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarınn məlumatına əsasən; - azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; - yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq X2 ünvan 5 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə inzibati icraat qaydasında məhkəmə orqanına müraciət etmək tövsiyyə olunur.
4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktuba əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (anası) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
6. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
7. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.
8. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
9. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
10. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə X3 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
11. Reyestrdə 4Ə-1013 nömrə ilə qeyd olunan xx.xx.2024-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X4 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2629-61-ci məhəllə, mənzil 238A (Yeni qaydalarla: AZ1118, ünvan 6 ünvanında yerləşən mənzili alıcı İddiaçı mülkiyyətinə vermişdir.
12. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2629-61-ci məhəllə, mənzil 238A (Yeni qaydalarla: AZ1118, ünvan 6 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
13. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 2529, 61-ci məhəllə, 238a (yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Musa Əliyev küçəsi, giriş 191, m1, m2) saylı mənzilə dair X1 istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Məlumat üçün bildirilir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 2529, 61-ci məhəllə, 238a (yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Musa Əliyev küçəsi, giriş 191, m1, m2) saylı mənzil xx.xx.2022-ci il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-730 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. IV. Məhkəmənin mövqeyi
14. Üçüncü şəxs həmin ünvanda faktiki olaraq yaşamır, bu ünvandakı qeydiyyatı hazırda formal xarakter daşıyır, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
15. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
18. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....
19. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
20. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
21. Odur ki, iddia təmin edilməli, X1 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2629-61-ci məhəllə, mənzil 238A (Yeni qaydalarla: AZ1118, ünvan 6 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.
22. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. X1 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2629-61-ci məhəllə, mənzil 238A (Yeni qaydalarla: AZ1118, ünvan 6 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva