Məhkəmə qərarları › İş №2-1(112)-949/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-949/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-949/2025 11.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehə qarşı “yaşayış sahəsinin rekonstruksiya işləri aparılmadan qeyriyaşayış sahəsinə keçirilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, imtinanın qanunsuz hesab edilməsi və Arif Heydərov ev 8, mənzil 4 ünvanında yerləşən mənzilin sahəsini yaşayışdan qeyri-yaşayış sahəsinə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Bakı şəhəri, Arif Heydərov küçəsi, ev 8, mənzil 4 10 may 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən alınmışdır. Həmin ünvandakı mənzil onun xüsusi mülkiyyətindədir. xx.xx.2023-cü il tarixdə Nərimanov RİH tərəfindən yuxarıda qeyd olunan ünvanda yerləşən mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı müraciət olunmuşdur. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş etiraza əsasən, iddiaçının müraciətinə əsasən sözügedən sahəyə yerində keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Cavabdehin razılığı olmadan tərəfindən mənzildə yenidənqurma və yenidən planlaşdırma işləri aparılmış, küçədən mənzilə əlavə giriş qapısı açılmış və hal-hazırda obyekt kim: fəaliyyət göstərməkdədir. Qeyd olunanlara əsasən, yenidənqurma və yenidən planlaşdırma işləri nəticəsində mənzilin yükdaşıyan konstruktiv elementlərinin dayanaqlığının texniki və sanitar normalara uyğunluğu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin rəyinin təqdim edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.9-cu maddəsinə əsasən, tikinti fəaliyyəti - tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Həmin Məcəllənin 3.0.10-cu maddəsinə əsasən, tikinti obyektləri - tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular hesab olunur. Həmin Məcəllənin 3.0.11-ci maddəsinə əsasən, bina - insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, eləcə də istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti hesab olunur. Həmin Məcəllənin 3.0.17~ci maddəsinə əsasən, tikinti-quraşdırma işləri - tikinti layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində obyektin inşası və ya təmiri, yenidən qurulması yaxud bərpası hesab olunur. Həmin Məcəllənin 3.0.19-cu maddəsinə əsasən, tikinti obyektinin əsaslı təmiri obyektin istismar müddətini uzatmaq və (və ya) istismar keyfiyyətini yaxşılaşdırmaq məqsədilə müvafiq layihə əsasında yükdaşımayan konstruksiyaların, mühəndiskommunikasiya təminatı sisteminin və xətlərinin dəyişdirilməsi və (və ya) bərpası, eləcə də zəruri hallarda yükdaşıyan konstruksiyaların müəyyt n elementlərinin uyğunları ilə əvəzlənməsi və (və ya) bərpası işlərinin yerinə yetirilməsi l.esab olunur. Həmin Məcəllənin 3.0.20-ci maddəsinə əsasən, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) - obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya AR Mənzil Məcəlləsinin 20-ci və 22-ci maddələri yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtlərini aydın göstərmişdir. Belə ki, AR Mənzil Məcəlləsinin 20.1 -ci maddəsinə əsasən yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 26.1 -ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən, bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Sözügedən mənzildə aparılmış yenidənqurma işləri Cavabdeh ilə razılaşdırılmadan həyata keçirildiyinə eyni zamanda RİH-ə təqdim olunmuş texniki pasportda əks olunmadığına görə özbaşına aparılmış hesab olunur. Bu səbəbdən yenidənqurma və yenidən planlaşdırma işləri nəticəsində mənzilin yükdaşıyan konstruktiv elementlərinin dayanaqlığının texniki və sanitar normalara uyğunluğu barədə müvafiq rəyin alınması zərurəti yaranmışdır. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-949/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanının rekonstruksiya aparılmadan qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması” kimi icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X2 ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakı İddiaçı satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanı üzərində İddiaçı mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. 38 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, Arif Heydərov küçəsi, ev 8, mənzil 4 ünvanı xx.xx.2023-cü il tarixində köhnə mənzil sahibi X2 ilə alqı-satqı yolu ilə bağlanmış müqaviləyə əsasən həmin mənzil İddiaçı məxsusdur. Hal-hazırda həmin mənzildə yaşayış yoxdur, mənzildə əsaslı təmir işləri aparılır. Mənzilə baxış keçirilən zamanı əlavə tikinti işlərinin aparılması aşkar olunmadı. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, yerində baxış zamanı təyinatı dəyişdirilmiş sahədən küçəyə açılmış qapının təhlükəli olması, sahədən istifadənin yaşayış və qeyri-yaşayış sahələri üçün qanunvericilikdə müəyyən olunmuş texniki norma və qaydalara uyğun olmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********06 nömrəli sorğuya cavab məktubuna əsasən ünvan 3 xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2016-cı il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. Mənzilə dair tərtib edilmiş texniki pasport iş materiallarına əlavə olunmuşdur. FHN Tikintidə Təhlükəsizliyi Nəzarət Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli, 3- 18-2/2-8205/2024 nömrəli məktubuna əsasən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə, verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə Respublikanın bütün ərazisi üzrə müxtəlif vaxtlarda inşa olunmuş qeyri-yaşayış binalarının sənədləşdirilməsi ilə bağlı müraciətlərin qəbul edilməsi, həmin binalarda yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından müayinə işlərinin aparılması, müayinənin nəticəsinə dair istismara hazır olubolmaması barədə rəylərin tərtib edilməsi və aidiyyəti üzrə göndərilməsi tapşırılmışdır. Həmin işlərin çox böyük həcmli olduğunu, ölkənin müxtəlif şəhər və rayonların ərazisini əhatə etdiyini, bu tədbirlərin həyata keçirilməsi birbaşa Tikintidə X1 Agentliyinə tapşırıldığını və Agentliyin bu sahədə mütəxəssislərinin məhdud sayda olduğunu nəzərə alaraq, məhkəmə ekspertiza tədqiqatının aparılması üçün tərəfimizdən hazırda hər hansı mütəxəssisin ayrılması imkanlarımız xaricindədir. Məhkəmə tərəfindən iş üzrə mübahisəli əmlaka yerində baxış keçirilmiş və mənzilin çıxışının birbaşa həyət istiqamətində olduğu, digər mənzillərin giriş-çıxışına maneə törətmədiyi, texniki pasporta da çıxışın eyni istiqamətdən olmasının öz əksini tapdığı aşkar edilmişdir. Həmçinin məhkəmə tərəfindən yerində baxış keçirilən zaman binanın arxa tərəfi istiqamətində mənzildən heç bir qapının açılmadığı müəyyən edilmişdir. Digər tərəfdən həmin binanın birinci mərtəbəsində (artxa tərəfə qapı açılmaqla) iki qeyri yaşayış sahəsinin olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. Qeyd olunmalıdır ki, Mənzil Məcəlləsinin: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli Fərmanın 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, dövlət mühafizəsində olan daşınmaz tarixi və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 4.9.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Sadalanmış qanunvericiliyin və normativ hüquqi aktların tələblərindən göründüyü kimi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Nəzərə alınmalıdır ki, bu növ qərar qəbul edilərkən hüquqi qiymətləndirilmənin aparılması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları əsasında həyata keçirilir. Məcəllənin İİİ fəslində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri, qaydası və imtina əsasları konkret olaraq göstərilmişdir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının hazırki iddia tələbi ilə nail olmaq istədiyi məqsəd onun xüsusi mülkiyyətində olan yaşayış sahəsinin rekonstruksiya işləri aparılmadan qeyri-yaşayış sahəsinə keçirilməsidir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən, təyinatı dəyişdirilmiş sahədən küçəyə açılmış qapının təhlükəli olmasını və sahədən istifadənin yaşayış və qeyri-yaşayış sahələri üçün qanunvericilikdə müəyyən olunmuş texniki norma və qaydalara uyğun olmadığını əsas gətirmişdir. Məhkəmə, cavabdehin imtina səbəbinə münasibətdə qeyd edir ki, cavabdeh, iddiaçının istifadəsində olan əmlakın texniki normativlərə uyğun olmadığını yalnız küçəyə açılmış qapının təhlükəli olmasına istinad edərək irəli sürmüşdür. Lakin, məhkəmə araşdırması zamanı təqdim olunan MKİS arayışı və mərtəbəli plan əsasında müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən xüsusi mülkiyyətində olan mənzilə hər hansı dəyişiklik, yenidən planlaşdırma və ya rekonstruksiya işləri həyata keçirilməmiş və mənzil əvvəldən özünə məxsus olan plana uyğun olaraq ayrıca bir girişə malikdir. Eyni zamanda, cavabdeh küçəyə açılan həmin qapının təhlükəli olduğunu iddia etsə də, bu təhlükənin hansı xüsusiyyətlərə malik olduğunu və konkret olaraq hansı hallarda bu təhlükənin yaranacağını dəqiq şəkildə əsaslandıra bilməmişdir. Əlavə olaraq, mübahisə predmetini təşkil edən əmlakla qonşuluqda yerləşən digər əmlakların qeyriyaşayış sahəsi olaraq təyinatlandırıldığı nəzərə alındıqda, cavabdeh iddiaçının qeyriyaşayış sahəsinə keçirməyə çalışdığı əmlakın istifadəsinə dair hər hansı məhdudiyyət və ya hüquqi əngəl mövcudluğunu da əsaslandıra bilməmişdir. Məhkəmə, ümumilikdə cavabdehin iddiaçının müraciətini təmin edilməməsinin heç bir hüquqi əsasının olmadığını və iddiaçının tələbinin qanuni və texniki baxımdan məqbul olduğunu müəyyən etmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanının rekonstruksiya aparılmadan qeyriyaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehə həvalə edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X6.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar