Məhkəmə qərarları › İş №2-1(112)-9493/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9493/2023

10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9493/2023 10.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “əmrin ləğv edilməsi və s.” tələblərinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X12 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “əmrin ləğv edilməsi və s.” tələblərinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma Nəzarəti Şöbəsinin müdir müavini vəzifəsindən azad olunmasına dair xx.xx.2023-cü il tarixli ərizə işəgötürən tərəfindən psixi zor işlədilərək, hədə-qorxu gəlinərək onun iradəsinin əleyhinə yazıldığından həmin ərizənin etibarsız hesab edilməsi; vəzifədən azad olunaraq dövlət qulluğuna xitam verilməsinə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli 3-35/3-1-104/2023 saylı əmrinin ləğv edilməsi; əvvəlki işinə - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma Nəzarəti Şöbəsinin müdir müavini vəzifəsinə bərpa olunması, xx.xx.2023-cü il tarixdən işə bərpa olunanandək olan müddət ərzində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma Nəzarəti Şöbəsinin müdir müavini vəzifəsinə görə aldığı əmək haqqının ona ödənilməsi; həmçinin xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilədək olan 41 ay müddətində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma Nəzarəti Şöbəsinin müdiri vəzifəsini icra etdiyindən həmin müddət üçün müdirin vəzifə maaşının yarısı qədər əmək haqqı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ali təhsilli olmaqla 40 ilə yaxındır ki, dövlət orqanlarında, müxtəlif qurumlarda ayrı-ayrı vəzifələrdə çalışmış, əmək fəaliyyətinin son 16 ili isə dövlət qulluğu ilə bağlıdır. Belə ki, əvvəllərdə rayon icra hakimiyyəti orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2014-cü il tarixli əmrinə əsasən həmin komitədə ərazilərin mühəndis təminatı şöbəsinə baş məsləhətçi vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə xidmətləri, iş başarışığı nəzərə alınaraq, xx.xx.2017-ci il tarixdə 49-k saylı əmrlə qulluqda yüksəliş yolu ilə Dövlət şəhərsalma nəzarəti şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdır. Komitədə aparılan struktur dəyşiklliləri ilə bağlı olaraq xx.xx.2019-cu il tarixli 40-k saylı əmrlə Şəhərsalma nəzarəti şöbəsinin müdir müavini vəzifəsinə keçirilmişdir. Həmin müddətdə şöbəyə müdir təyin olunmadığından xx.xx.2019-cu il tarixdən işdən azad olunan günədək müdir vəzifəsi əmrlə ona həvalə olunduğundan həmin vəzifəni icra etmiş, müvafiq sənədləri imzalamışdır. Fəaliyyət göstərdiyi müddətdə xidmətləri nəzərə alınaraq ,xx.xx.2020-ci il tarixli 52-k saylı əmrlə ona “dövlət qulluğunun kiçik müşaviri” ixtisas dərəcəsi verilmişdir. Fəaliyyəti dövründə heç bir nöqsana, qanun pozuntusu halına yol verməmiş, vəzifəsini vicdanla və qüsursuz olaraq yerinə yetirmişdir. Vəzifəsini qüsursuz icra etməsinin nəticəsidir ki, xx.xx.2019-cu ildən şöbə müdiri vəzifəsi əmrlə ona həvalə olunmuş, həmin vəzifəni də, vicdanla yerinə yetirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə oluna bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da, boş vəzifəyə yeni işçi götürülür. Lakin, Komitə tərəfindən bunlar edilməmiş, o, işdən azad olunana kimi hər üç aydan bir əmrlə həvalə olunmuş müdir vəzifəsini icra etmiş və müvafiq sənədləri müdirin adından imzalamışdır. Göründüyü kimi, xx.xx.2023-cü ilədək müdir vəzifəsini icra etməsinə baxmayaraq Əmək Məcəlləsinin 61-ci maddəsinin 4-cü hissəsinin də, tələbləri pozulmuşdur. Belə ki, qanunda göstərilir ki, əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla, həmçinin belə boş vəzifəyə təyin oluna bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutuımuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilir. Faktiki olaraq isə ona 6 ay müddətində müdirin vəzifə maaşının yarısı qədər əmək haqqı ödənilmiş, digər aylar üzrə heç bir ödəniş edilməmişdir ki, xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilədək olan 41 ay müddətində müdirin vəzifə maaşının yarısı qədər əmək haqqı ona ödənilməlidir. Fəaliyyət göstərdiyi müddətdə xx.xx.2023-cü il tarixdə axşam saat 17-18 radələrində Komitəninn sədri Anar Quliyev onu yanına dəvət edərək Gəncə şəhər İcra Hakimiyyətindən xx.xx.2023-cü il tarixdə 5-1/2-03/454/2023 saylı məktubla daxil olmuş vətəndaş X4 məxsus, Gəncə şəhəri, Nizami prospekti ilə Vaqif küçəsinin kəsişməsində yerləşən, Gəncə şəhər İcra Hakimiyyətinin Mermarlıq və Şəhərsalma İdarəsinin rəisi tərəfindən xx.xx.2018-ci il tarixli 24 sayla tikintisinə icazə verilmiş obyektin reyestrinin aparılmasında qanun pozuntusu hallarına yol verdiyini, burada korrupsiya halları olduğundan ya materialların Korrupsiya İdarəsinə göndərilməsini ya da öz arzusu ilə ərizə yazaraq işdən azad olunmasını tələb etmişdir. O, heç bir korrupsiya halına yol vermədiyini, sənədlərin poçt vasitəsilə daxil olduğunu, bundan əvvəllərdə də, bu xarakterli sənədlər daxil olduğunu, bu xarakterli müraciətləri aparat rəhbəri R.İsmayılovun təşəbbüsü ilə Hüquq Şöbəsi ilə aparılan birgə məsləhətləşmələr əsasında və qanuna uyğun həll edilərək obyektlərin reyestrlərinin aparıldığını izah etsə də, sədr Anar Quliyev ona hədə-qorxu gəlmiş, bundan sonra işləməsinin mümkün olmamasını bildirmiş, sənədləri Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərərsə onun üçün çox pis olacağını, oradan heç kimin qurtara bilməyəcəyini bildirmiş, psixi zor işlədib, hədə-qorxu gələrək ondan əmək müqaviləsinin ləğv edilməsinə dair ərizə verməsinə nail olmuşdur. Təkidlə heç bir qanunsuzluğa yol vermədiyini, ona düşünmək üçün möhlət verməsini bildirdikdə xx.xx.2023-cü il tarixdə onun məcburi qaydada ərizə alınmış onun üçün aydın olmayan, lakin onda haqlı şübhələr doğuran səbəblərdən xx.xx.2023-cü il tarixdə işdən azad olunmasına dair əmr imzalanmışdır. Vəzifədən azad olunmasına dair xx.xx.2023-cü il tarixli 3-35/3-1-104/2023 saylı əmr “X7” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə istinad olunmaqla verilmişdir. Həmin maddəyə əsasən dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. “X7” Qanunun 34-cü maddəsində göstərilir ki, bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndində göstərilir ki, işəgötürən tərəfindən zor işlədilərək, hədə qorxu gələrək, yaxud hər hansı üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. X11 tərəfindən mənə psixi təzyiq olunmuş, Korrupsiya İdarəsi ilə hədə qorxu gəlinmiş, iradə ifadəsinin əleyhinə ərizə yazmağa məcbur edilmişdir. Onun artıq 61 yaşı var, pensiyaya çıxmasına 4 il qalmışdır, normal işi var, işinin öhdəsindən də layiqincə gəlir. Ona təzyiq olmasaydı göstərdiklərinin qarşısında o, nə üçün ərizə yazaraq işdən azad olunmasını bildirməli idi. Təbii ki, burada ona edilən psixi təsirlərin, fikirləşməyə, düşünməyə vaxt verilməməsinin də, təsiri olmuş, həmin vaxt rəhbər işçinin söylədiyi fikirlərin, hədələrin təsirindən fikirləşməyə imkan verilmədiyindən ərizə yazmağa məcbur edilmiş və ərizə yazmalı olmuşdur. Doğrudan da, o, könüllü olaraq işdən çıxmaq istəyirdisə onda bir təqvim ayı qabaqcadan işə götürəni yazılı ərizə ilə xəbərdarlıq etməklə əmək müqaviləsini ləğv edə bilərdi. X10 göstəriş və təkidi ilə ona ərizədə əmək münasibətlərini dayandırmaq istədiyi gündə yazdırıblar ki, xəbərdarlıq müddətini gözləmədən onu işdən azad etsinlər. O, yaşa, əlilliyə görə əmək pensiyasına çıxmamış, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olmamış, yeni yaşayış yerinə köçməmiş, başqa işə götürənlə əmək müqaviləsi bağlamamış və qanunvericilikdə nəzərdə tutulan digər hallar olmamışdır ki, ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərsin. Həmçinin bildirmək istəyir ki, Gəncə şəhər İcra Hakimiyyətindən daxil olmuş sənədlərdən aydın olur ki, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2018-ci il tarixli 67b saylı sərəncamla X4 Nizami prospektində ticarət obyektinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Gəncə şəhər İcra Hakimiyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə obyektin tikintisinə icazə verilmişdir. "xxxx" MMC tərəfindən Gəncə şəhəri, Nizami prospekti ilə Vaqif küçəsinin kəsişməsinin şimal qərbində X4 məxsus inşa ediləcək qeyri-yaşayış binasının eskiz layihəsi hazırlanmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsi tərəfindən qeyri yaşayış binasının tikintisinə "xxxx" MMC tərəfindən tərtib olunmuş layihə əsasında xx.xx.2018-ci il tarixdə 25152 saylı rəy verilmişdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə Ö/003256 saylı istismara hazırlıq aktı tərtib edilərək obyektin tikinti quraşdırma işlərinin, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin müvafiq qaydada həyata keçirilməsi və yerinə yetirildiyi təsdiq olunmuşdur. Göstərilənlərdən başqa Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışdan aydın olur ki, 0,08486 ha torpaq sahəsinin icarəyə götürülmüşdür. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının birinci müavininin imzası ilə müvafiq sənədlər Azərbaycan Respubliikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 104-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 4 saylı Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın tələblərinə uyğun olaraq göndərilmiş, torpaq sahəsinin ayrılmasına dair sərəncam və obyektin tikintisinə icazə sənədi Gəncə şəhər İcra Hakimiyyətinin möhürü ilə təsdiqlənmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 104.1-ci maddəsində göstərilir ki, tikintilərin Dövlət reyestrinin məqsədi tikilən, istismar edilən və sökülən tikinti obyektlərinin, habelə bu Məcəllənin 35-ci maddəsində nəzərdə tutulmuş qadağaların və məhdudiyyətlərin qeydiyyatını aparmaqdan ibarətdir. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən Tikintilərin Dövlət reyestri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılır. Məcəllənin 104.3-cü maddəsinə əsasən Tikintilərin Dövlət reyestrinin məlumatları ictimaiyyət üçün açıqdır və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet səhifəsində dərc edilir. Reyestrin məlumatları informativ və statistik xarakter daşıyır. Qanunun tələbindən göründüyü kimi reyestrdə qeydiyyatdan keçirmə başqa heç bir hüquqi nəticələr vermir, sadəcə olaraq reyestrin məlumatları informativ və statistik xarakter daşıyır. Göstərilənlərdən başqa sənədləri o, hazırlayır rəhbərliyə məruzə edir, sənədlər qanunidirsə rəhbərliyin göstərişi ilə məlumatlar reyestrə yerləşdirilir. Göstərilən iş üzrə də o, sənədləri hazırlasa da (qanuni olduğuna görə) məlumatlar reyestyrə yerləşdirilməmişdir. Bildirmək istəyir ki, o, əslən Qərbi Azərbaycandandır. Digər soydaşlar kimi onların ailəsi də zaman-zaman erməni təcavüzünə məruz qalmış, öz dədə-baba yurdundan didərgin düşmüş, Goranboy rayonunda məskunlaşmışlar. X6 başladığı dövrüdə könüllü olaraq cəbhəyə getmiş, vətənin azadlığı uğrunda keçirilən əməliyyatlarda iştirak etmiş, dəfələrlə ölümlə üz-üzə qalmışdır. Müharibənin ona vurduğu travmaları bu gün də, daşıyır. Elə bunun nəticəsidir ki, Anar Quliyevin göstərdiyi psixi təzyiqlər nəticəsində düşünmədən ərizə yazmalı olmuşdur. Goranboy Hərbi Komissarlığı tərəfindən ona 979991 saylı müharibə veteranı vəsiqəsi verilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun “Veteranlar barəsində dövlət siyasəti” alanan 1-ci mədəsində göstərilir ki, veteranın əmək hüququ heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməli, ictimai faydalı fəaliyyətdə iştirak etmək üçün şərait yaradılmalıdır. Həmin Qanunun 9-cu mədəsinə əsasən Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, veteranların əmək, sahibkarlıq və başqa ictimai faydalı fəaliyyətinin məhdudlaşdırılmasına yol verilmir. Qanunun 19-cu maddəsinə əsasən isə müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən müəssisələr öz vəsaitləri hesabına veteranların maddi təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirə bilərlər, müalicə olunmaqda, veteranların həyat və fəaliyyətini asanlaşdıran texniki vasitələr almaqda, mənzilləri təmir etdirməkdə, başqa ehtiyacları ödəməkdə veteranlara yardım göstərə bilərlər. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev və İ vitse prezident Mehriban xanım tərəfindən müharibə iştirakçılaına xisusi diqqət və qayğı göstərildiyi, o cümlədən digər məmurlardan da bunu tələb etdikləri halda rəhbərlik tərəfindən bunlar unudulmuş, “Veteranlar haqında” Qanunun tələbləri pozulmuş, qeyd olunan və Qanunda göstərilən digər güzəştlər mənə tətbiq edilməli olduğu hala, əksinə hədə-qoxu gəlinərək ərizəsini yazdırmaqla işdən qanunsiz olaraq azad olunmuşdur. O, ailəlidir, bir övladı vardır, yoldaşı uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkir və həkim nəzarəti altında dərmanlarla yaşayır. Özünün də səhhətində ciddi problemləri var. Şəkər olmaqla, ürək xəstəliyindən əziyyət çəkir, mütəmadi müalicələr almaqla faktiki olaraq həkim nəzarətindədir. Bu yaşda o, hara getməlidir, haradan iş tapmalıdır, hardan əmək haqqı alaraq ailəsini dolandırmalıdır. Göründüyü kimi, onun işdən azad olunması heç bir qanuna, məntiqə sığmır, hesab edir ki, yolverilməzdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Şəhərsalma nəzarəti şöbəsinin müdir müavini vəzifəsində çalışan İddiaçı xx.xx.2023-cü il tarixində işdən azad olunmasına dair ərizə yazmışdır. İddiaçı ərizəsində xx.xx.2023-cü il tarixindən öz arzusu ilə dövlət qulluğuna xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-35/3-1-104/2023 saylı əmrlə İddiaçı ilə bağlanılmış xx.xx.2016-cı il tarixli 95 nömrəli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən öz xahişi ilə xitam verilmişdir. “X7” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilə bilər. Eyni zamanda “X7” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsində sadalanan hallardan başqa qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda da işçinin öz ərizəsində göstərdiyi gün işçi ilə işəgötürən arasında bağlanılmış əmək müqaviləsi ləğv edilə bilər. İddiaçı tərəfindən yazılmış işdən azad olunmağa dair xx.xx.2023-cü il tarixli ərizədə məhz qeyd olunur ki, xx.xx.2023-cü il tarixindən etibarən iddiaçının öz arzusu ilə dövlət qulluğuna xitam verilsin. Nəzərə çatdırmaq istəyirlər ki, iddia ərizəsində iddiaçının könüllü olaraq işdən azad olunması ilə bağlı ərizə yazmasının səbəbi kimi işində aşkarlanmış nöqsanların Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılması ilə bağlı guya təhdid olunması və bu təhdiddən narahat olaraq könüllü olaraq öz iradəsi ziddinə işdən çıxmaq barədə ərizə yazmışdır. Həmçinin, iddia ərizəsində qeyd edilir ki, əmək vəzifələrini hər zaman vicdanla yerinə yetirmiş və nöqsanlara yol verməmişdir. Belə olan halda, sual yaranır ki, əgər iddiaçı işində hər hansı nöqsanlara yol vermədiyinə əmin idisə, nəyə görə işində aşkarlanmış nöqsanların araşdırılmasından narahat olaraq iradəsi əleyhinə ərizə yazmağa guya məcbur olmuşdur. Qeyd olunanlardan görünür ki, iddiaçının dedikləri birbiri ilə ziddiyət təşkil edir və iddiaçı öz iddia ərizəsində qeyd etdiklərini elə özü təkzib etmiş olur. İddiaçının fikirlərinin heç biri hər- hansı mötəbər sübuta əsaslanmır və həmin fikirlərə dair hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, hesab edirlər ki, iddiaçı tərəfindən irəli sürülən hallar əsassızdır və heç biri sübuta yetirilmir. İddiaçının iddia tələblərindən biri də, xx.xx.2023-cü il tarixindən işə bərpa olunanadək Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Şəhərsalma nəzarəti şöbəsinin müdiri vəzifəsini icra etməyə görə almalı olduğu şöbə müdirinin vəzifə maaşının yarısı qədər əmək haqqının ona ödənilməsidir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Şəhərsalma nəzarəti şöbəsində iki şöbə müdirinin müavini ştat vahidi mövcuddur. Həmin ştat vahidi üzrə vəzifə təlimatına əsasən şöbə müdirinin müavini şöbə müdiri olmadığı halda, onun vəzifəsinin icra edilməsi tapşırıldığı halda, həmin vəzifəni icra etməlidir. İddiaçının iddia etdiyi kimi onun tərəfindən başqa işçinin əmək funksiyası icra edilməmiş, məhz öz vəzifə təlimatında göstərilən əmək funksiyalarından biri icra edilmişdir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. İddiaçının adına açılmış БТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq Ərazilərin Mühəndisi təminatı şöbəsinə baş məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə və 59-cu maddəsinə uyğun olaraq Şəhərsalma nəzarəti şöbəsinin 2 saylı ərazi üzrə şəhərsalma nəzarəti sektorunun baş məsləhətçi vəzifəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq öz arzusu ilə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2015-ci il tarixdə “X7” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin 3-cü hissəsinə və 29.10-cu maddəsinə uyğun olaraq Şəhərsalma Nəzarəti Şöbəsinin 2 saylı ərazi dairəsi üzrə şəhərsalma nəzarəti sektorunda baş məsləhətçi vəzifəsinə daimi dövlət qulluğuna qəbul edilmiş və inzibati vəzifələrin 5-ci təsnifatına uğyun olaraq “1-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. xx.xx.2015-ci ildə Komitə Aparatının təsdiq olunmuş yeni ştat cədvəlinə uyğun olaraq Dövlət Şəhərsalma Nəzarəti İdarəsinin Kameral nəzarət sektorunun müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci il tarixdə Tikintilərin Dövlət reyestrinə təqdim edilən məlumatların Kameral yoxlama yolu ilə aparılması həvalə edilmiş, xx.xx.2016-cı il tarixdə “X7” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq Dövlət Şəhərsalma Nəzarəti Şöbəsinin müdir müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə “X7” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq qulluqda yüksəliş yolu ilə Dövlət şəhərsalma nəzarəti şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə aparılmış struktur dəyişikliyinə əsasən Şəhərsalma nəzarəti şöbəsinin müdir müavini vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə “X7” Azərbaycan Respublikası Qanununun 16.2.5-ci və 17.3-cü maddələrinə əsasən inzibati vəzifələrin dördüncü təsnifatı üzrə “Dövlət qulluğunun kiçik müşaviri” növbəti ixtisas dərəcəsi verilmişdir. xx.xx.2023-cü il tarixdə “X7” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir.

8. Gəncə şəhəri, ünvan 2 ünvanında X5 tərəfindən inşa edilmiş 4 (+mansarda və zirzəmili) mərtəbəli qeyri-yaşayış (ticarət obyekti) binasının tikintisinə icazə verilməsi ilə əlaqədar sənəd və məlumatların Tikintilərin Dövlət reyestrinə daxil edilməsi bağlı icraat materiallarının surətləri iddiaçı tərəfindən iş materiallarına əlavə edilmişdir.

9. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-35/2-3382/2023 saylı məktubla İddiaçı dövlət qulluğuna xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli ərizə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli 3-35/3-1-10412023 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir: - İddiaçı tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəyə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən öz arzusu ilə dövlət qulluğuna xitam verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli 3-35/3-1-104/2023 nömrəli əmrinə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsinin müdir müavini vəzifəsində çalışan İddiaçı öz arzusu ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış xx.xx.2016-cı il tarixli 95 nömrəli əmək müqaviləsinə 0.03.2023-cü il tarixindən xitam verilmişdir. Əmrin 2-ci bəndinə əsasən İnsan resursları şöbəsinə (E.Z.Səfərov) və Maliyyə və satınalmalar şöbəsinə (E.Ə.Əzizov) bu əmrdən irəli gələn məsələləri həll etməsi, İddiaçı ilə son haqq-hesabın aparılmasının təmin edilməsi göstərişi verilmişdir.

10. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-35/2-H- 50/2-1-335/2023 nömrəli məktuba əsasə, iddiaçının əvvəlki vəzifəsnə bərpa edilməsinə dair xx.xx.2023-cü il tarixli ərizəsinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılaraq bildirilmişdir ki, yazdığı xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən öz arzusu ilə xx.xx.2023-cü il tarixindən dövlət qulluğuna xitam verilmişdir. Diqqətinə çatdırılmışdır ki, belə hallarda dövlət qulluqçularının əvvəlki vəzifəsinə bərpa edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.

11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-35/2-6587/2023 nömrəli məktubla Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Şəhərsalma nəzarəti şöbəsinin müdiri və müdir müavini vəzifələrinin vəzifə təlimatlarının, Şəhərsalma nəzarəti şöbəsinin müdirinin əmək funksiyaları icrasının İddiaçı həvalə edilməsinə dair əmrlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki: - 49-K nömrəli 07 may 2019-cu il tarixli “Əmək funksiyasının icrasının həvalə edilməsi haqqında” əmrin 1-ci bəndinə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası xx.xx.2019cu il tarixindən 3 (üç) ay müddətinə həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmişdir. Əmrin 3-ci bəndinə əsasən İddiaçı boş vəzifə üzrə aylıq vəzifə maaşının 50 (əlli) faizi məbləğində əmək haqqına əlavə təyin edilmişdir. - 83-K nömrəli 07 avqust 2019-cu il tarixli əmrə əsasən 3-cü bəndinə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası xx.xx.2019-cu il tarixindən 3 (üç) ay müddətinə həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmişdir. - 24-K nömrəli 07 fevral 2020-ci il tarixli əmrə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası xx.xx.2020-ci il tarixindən 3 (üç) ay müddətinə həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmişdir. - 50-K nömrəli 06 may 2020-ci il tarixli əmrin 2-ci bəndinə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası xx.xx.2020-ci il tarixindən 3 (üç) ay müddətinə həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmişdir. - 76-K nömrəli 05 avqust 2020-ci il tarixli əmrin 2-ci bəndinə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası xx.xx.2020-ci il tarixindən 3 (üç) ay müddətinə həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmişdir. - 109-K nömrəli 03 noyabr 2020-ci il tarixli əmrinin 2-ci bəndinə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası xx.xx.2020-ci il tarixindən 3 (üç) ay müddətinə həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmişdir. - 08-K nömrəli 08 fevral 2021-ci il tarixli əmrinin 2-ci bəndinə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası xx.xx.2021-ci il tarixindən 3 (üç) ay müddətinə həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmişdir. - 36/1-k nömrəli 07 may 2021-ci il tarixli əmrinin 2-ci bəndinə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası xx.xx.2021-ci il tarixindən 3 (üç) ay müddətinə həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmişdir. - 71-K nömrəli 13 avqust 2021-ci il tarixli əmrinin 2-ci bəndinə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası xx.xx.2021-ci il tarixindən 3 (üç) ay müddətinə həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmişdir. - 104-K nömrəli 17 noyabr 2021-ci il tarixli əmrinin 2-ci bəndinə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası xx.xx.2021-ci il tarixindən 3 (üç) ay müddətinə həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmişdir. - MİHO/2.1-3.1-2022-116 nömrəli xx.xx.2022-ci il tarixli əmrinin 2-ci bəndinə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası xx.xx.2022-ci il tarixindən 3 (üç) ay müddətinə həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmişdir. - MİHO/2.1-3.1-2022-272 nömrəli xx.xx.2022-ci il tarixli əmrinin 6-cı bəndinə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası xx.xx.2022-ci il tarixindən 3 (üç) ay müddətinə həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmişdir. - MİHO/2.1-3.1-2022-469 nömrəli xx.xx.2022-ci il tarixli əmrinin 6-cı bəndinə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası xx.xx.2022-ci il tarixindən 3 (üç) ay müddətinə həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmişdir. İddiaçı barəsində sözügedən əmrlərin qəbul edilməsinə əsas kimi onun razılıq ərizələri göstərilmişdir.

12. İddiaçı tərəfindən məhkəməyə oğlu və oğlunun keçmiş nişanlısı olmuş Komitə əməkdaşı arasında aparılmış “Whatsapp” yazışmaları təqdim edilərək həmin yazışmaların sübut qismində qiymətləndirilməsi xahiş edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər

18. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

19. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

20. Hazırkı iş üzrə işin hallarından müəyyən edilir ki, iddiaçı işdən azad edildikdən sonra şikayət ərizəsi ilə cavabdeh inzibati orqana müraciət edərək əvvəlki vəzifəsinə bərpa olunmasını xahiş etsə də, cavabdeh tərəfindən müraciəti təmin edilməyərək ona bu barədə xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir.

21. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

23. Belə ki, hazırki işin hallarından müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq Ərazilərin Mühəndisi təminatı şöbəsinə baş məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə və 59-cu maddəsinə uyğun olaraq Şəhərsalma nəzarəti şöbəsinin 2 saylı ərazi üzrə şəhərsalma nəzarəti sektorunun baş məsləhətçi vəzifəsinə keçirilmişdir. xx.xx.2015ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq öz arzusu ilə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2015-ci il tarixdə “X7” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin 3-cü hissəsinə və 29.10-cu maddəsinə uyğun olaraq Şəhərsalma Nəzarəti Şöbəsinin 2 saylı ərazi dairəsi üzrə şəhərsalma nəzarəti sektorunda baş məsləhətçi vəzifəsinə daimi dövlət qulluğuna qəbul edilmiş və inzibati vəzifələrin 5-ci təsnifatına uğyun olaraq “1-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. xx.xx.2015-ci ildə Komitə Aparatının təsdiq olunmuş yeni ştat cədvəlinə uyğun olaraq Dövlət Şəhərsalma Nəzarəti İdarəsinin Kameral nəzarət sektorunun müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci il tarixdə Tikintilərin Dövlət reyestrinə təqdim edilən məlumatların Kameral yoxlama yolu ilə aparılması həvalə edilmiş, xx.xx.2016-cı il tarixdə “X7” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq Dövlət Şəhərsalma Nəzarəti Şöbəsinin müdir müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə “X7” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq qulluqda yüksəliş yolu ilə Dövlət şəhərsalma nəzarəti şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə aparılmış struktur dəyişikliyinə əsasən Şəhərsalma nəzarəti şöbəsinin müdir müavini vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə “X7” Azərbaycan Respublikası Qanununun 16.2.5-ci və 17.3-cü maddələrinə əsasən inzibati vəzifələrin dördüncü təsnifatı üzrə “Dövlət qulluğunun kiçik müşaviri” növbəti ixtisas dərəcəsi verilmişdir. xx.xx.2023-cü il tarixdə “X7” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. İddiaçıya xx.xx.2019-cu il tarixindən etibarən işdən azad olunduğu tarixədək Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası həvalə edilmişdir.

24. İddiaçı işdən azad olunması barədə əmrin qanunsuzluğunu işdən azad olunması barədə ərizəsinin rəhbərlik tərəfindən zorla, hədə qorxu gəlinməklə yazdırılması ilə əsaslandırmışdır. Lakin, iddiaçı bununla bağlı mötəbər sübut məhkəmə araşdırmasına təqdim edə bilməmişdir. O, iş materiallarına oğlu və oğlunun keçmiş nişanlısı olmuş Komitə əməkdaşı arasında aparılmış “Whatsapp” yazışmasını təqdim etsə də, həmin yazışma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarına əsasən hazırki iş üzrə sübut qismində qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında göstərmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

25. Digər tərəfdən məhkəmə qeyd edir ki, hətta sözügedən yazışmalar sübut qismində qəbul edilsə idi belə həmin yazışmalardakı məlumatlar özlüyündə iddiaçıya müvafiq ərizənin hədə qorxu ilə yazdırılmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

26. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə (Əmək müqaviləsinə xitam verilməsinin əsasları) əsasən:

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

27. Həmin Məcəllənin 69-cu maddəsinə (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) əsasən:

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

28. “X7” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: - 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə;

29. Məhkəmə iddiaçının digər tələbi olan Komitənin Şəhərsalma nəzarəti şöbəsinin müdiri vəzifəsini icra etdiyi müddət üçün müdirin vəzifə maaşının yarısı qədər əmək haqqının ödənilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, iş materiallarında olan iddiaçı barəsində qəbul edilmiş 49-K nömrəli 07 may 2019-cu il tarixli “Əmək funksiyasının icrasının həvalə edilməsi haqqında” əmrə əsasən Komitə Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası xx.xx.2019-cu il tarixindən 3 (üç) ay müddətinə həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmişdir. Əmrin 3-ci bəndinə əsasən İddiaçı boş vəzifə üzrə aylıq vəzifə maaşının 50 (əlli) faizi məbləğində əmək haqqına əlavə təyin edilmişdir.

30. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci bəndinə əsasən boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Həmin Məcəllənin 61-ci maddəsinin 3-cü bəndinə əsasən boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.

31. Göründüyü kimi, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya ilk dəfə Komitənin Aparatının Şəhərsalma nəzarəti şöbəsində boş vəzifə üzrə şöbə müdiri vəzifəsinin əmək funksiyasının icrası həvalə edilərkən ona boş vəzifə üzrə aylıq vəzifə maaşının 50 (əlli) faizi məbləğində əmək haqqına əlavə təyin edilmişdir. 3 aydan çox müddət bitdikdən sonra isə iddiaçıya əmək haqqına əlavənin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

32. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinin “d” bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 197-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi ona vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməlidir. İşəgötürən işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq qərar qəbul edərək ona yazılı cavab verməlidir. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

33. Hazırki işin hallarından görünür ki, iddiaçıya 07 avqust 2019-cu il tarixdən sonrakı əmək funksiyalarının həvalə edilməsi ilə bağlı əlavə haqq ödənilməməsi barədə bildiyi halda, qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində (hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində) hüquqlarının müdafiəsi ilə bağlı cavabdehə, sonra isə məhkəməyə müraciət etməmişdir.

34. Göründüyü kimi, iddiaçının tələbi hazırki hissədə də, əsassızdır.

35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 67-ci maddəsinə əsasən (Qanunsuz inzibati aktın ləğv olunması). 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

36. Beləliklə, məhkəmə işin yuxarıda sadalanan hallarını, qanunvericiliyin normalarına tətbiq edərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində mübahisəli əmr qəbul edilərkən işin faktiki və hüquqi hallarına düzgün qiymət verilmiş, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir. Beləliklə, hazırki iş üzrə mübahisəli əmrin qanuni və əsaslı olması işin halları ilə sübuta yetirildiyindən, hüquqi müqəddaratı əmrin ləğv edilməsi ilə bağlı olan digər törəmə tələb (məcburi iş buraxdığı müddət üçün əmək haqqının hesablanıb ödənilməsi, işə bərpa) də, müzakirə olunmadan “əmrin ləğv edilməsi tələbi” və “icra etdiyi vəzifənin əmək haqqısını alması” ilə birlikdə təmin edilməməlidir.

37. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

38. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

39. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.

40. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

42. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar