Məhkəmə qərarları › İş №2-1(112)-9493/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9493/2024

29.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9493/2024 29.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədli Səidə Səfər qızının katibliyi ilə İddiaçı cavabdehlər Ədliyyə Nazirliyi və Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə qarşı "hərəkətsizliyin qanunsuz hesab edilməsi, zərərin ödənilməsi" tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Ədliyyə Nazirliyi və Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Şəmkir rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli 2(076)-2688/2019 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin vaxtında icra edilməməsi, həmin icra sənədi üzrə tələbin icra sənədi üzrə borclu Suliddin Abdullayevə məxsus olmaqla, Şəmkir rayonu, Ceyrançöl massivi, 36,37 saylı qış otlaq sahəsində yerləşən 382 ha torpaq sahəsi üzərində icarə hüququna və 1215 baş xırda buynuzlu mala yönəldilməməsi ilə bağlı hərəkətlərinə nəzarət edilməməsi ilə bağlı cavabdehlərin hərəkət-hərəkətsizliyinin qanunsuz hesab edilməsi, həmin icra sənədi üzrə tələbin icra sənədi üzrə borclu Suliddin Abdullayevə məxsus olmaqla, Şəmkir rayonu, Ceyrançöl massivi, 36,37 saylı qış otlaq sahəsində yerləşən 382 ha torpaq sahəsi üzərində icarə hüququna və 1215 baş xırda buynuzlu mala yönəldilməsinə nəzarət edilməsinin cavabdehlərə həvalə edilməsi Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(104)-203/2023 saylı qətnaməsi əsasında verilmiş və xx.xx.2024-cü ildə icraata başlanılmış icra sənədi üzrə icraatın dayandırılması barədə xx.xx.2024-cü ildə verdiyi vəsatətə baxılmaması (qərar qəbul edilməməsi) və həmin iş üzrə icraatın dayandırılmaması barədə Şəmkir rayon İcra və Probasiya şöbəsinin hərəkətsizliyinə hüquqi qiymət verilməsinin cavabdehlərə həvalə edilməsi, dəymiş maddi zərər, yəni heyvanlarının otlağa buraxılmaması nəticəsində tələf olması, habelə əkin-biçin sahələrinin əlindən qanunsuz alınaraq 6000 ədəddən çox ağaclarının və meyvə tərəvəz və yonca sahələrinin əlindən salınaraq Suliddin Abdullayevə verilməsi nəticəsində dəymiş zərərin müəyyən edilərərk cavabdelərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Tərəflər məhkəmə iclasında təmsil olunmamış, məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2688/2019 nömrəli, 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən edilmiş, cavabdeh X1 225.064 (iki yüz iyirmi beş min altmış dörd) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, cavabdeh X1 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edimişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1510/2020 nömrəli, 18 avqust 2020-ci İİ tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-2688/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 aprel 2021 -ci il tarixli 2(102)- 1542/2021 saylı qərarı ilə cavabdeh kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli 2(104)-1510/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 203/2023 saylı qətnaməsi və həmin qətnaməsi əsasında verilmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən İddiaçı tələbkar X2 icarəsində olan Şəmkir rayonu, Ceyrançöl qış otlağı 36-37-ci sahə ünvanında yerləşən, ümumi sahəsi 382 ha otlaq sahəsinin zəbt eidlmiş olduğu 27 ha hissəsindən çıxarılmalı, zəbt edilmiş torpaq sahəsinin 3.1529 ha-dək sahəsində İddiaçı tərəfindən əkilmiş yonca bitkisi borclu İddiaçı hesabına biçilərək götürülməli, ekspertiza tədqiqatı nın dəyəri olan 150 manat İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına mütəxəssis rəyinin verilməsi üçün 95 manat pul vəsaitinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin hesabına, 10 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün 95 manat pul vəsaitinin alınaraq tələbkar X3 ödənilməlidir. Hazırkı iş üzrə iddiaçı Şəmkir rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli 2(076)-2688/2019 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icra məmuru tərəfindən icra edilməməsi, eləcə də Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-203/2023 saylı qətnaməsi əsasında verilmiş və icra sənədi üzrə icraatın dayandırılması barədə xx.xx.2024-cü ildə verdiyi vəsatətə baxılmaması ilə bağlı hərəkətsizliyi mübahisələndirməklə icra məmurunun icra sənədinin icrası ilə bağlı hərəkət (hərəkətsizliyi) nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdeh qismində Ədliyyə Nazirliyi və Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə qarşı inzibati məhkəmə icraatında müstəqil iddia qaldırmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı iddia üzrə mümkünlük şərtləri ödənilmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: -8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. -8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. -8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. -21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. -21.2-ci maddəsinə görə bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. -21.3-cü maddəsinə görə məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. -21.4-cü maddəsinə əsasən icraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. -21.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. -21.6-cı maddəsinə görə tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. -26-cı maddəsinə müvafiq olaraq icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 43.1-ci maddəsinə görə məcburi icra tədbirləri aşağıdakılardır: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. -44.1-ci maddəsinə görə məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. -87.1-ci maddəsinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə İnzibati Məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, yekunda Konstitusiya Məhkəməsi bu nəticəyə gəlmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Yuxarıda adıçəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun qərar, hərəkət və hərəkətsizliyi həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin qərar, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanun özü də icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərar, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Təşəkkül tapmış məhkəmə təcrübəsində də icra məmurunun icra icraatında qərar, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılır. İcra sənədini vermiş məhkəmədə işlərə baxılması bir tərəfdən hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edirsə, digər tərəfdən məhkəmənin verdiyi icra sənədinin icrasına bilavasitə nəzarət etmək imkanını təmin edir. Hazırkı iş üzrə iddiaçının tələbi bilavasitə icra sənədinin icra qurumu tərəfindən icra icraatı ilə bağlıdır. Belə ki, iddiaçı Şəmkir rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli 2(076)-2688/2019 saylı qətnaməsi və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-203/2023 saylı qətnaməsi əsasında verilmiş icra sənədlərinin icrası ilə bağlı icra məmurunun hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi, icra sənədi üzrə tələbin əmlaka yönəldilməsi vəzifəsinin icra məmurunun üzərinə vəzifə kimi qoyulmasına nəzarət edilməsi, eləcə də icra icraatı çərçivəsində icra məmurunun hərəkət (hərəkətsizliyi) nəticəsində dəymiş zərərin cavabdehlərdən tutularaq ödənilməsini xahiş etmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi hazırkı iddia üzrə iddiaçının hüquqi marağı icra sənədinin icrasının təmin edilməsi ilə bağlıdır. Belə ki, “İcra haqqında” Qanunun 17, 21, 26 və 44-cü maddələrində göstərilən icraatın dayandırılması, tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirinin görülməsi haqqında məsələyə baxılması ilə bağlı icraya nəzarət edən məhkəmə elə icra sənədini verən məhkəmədir. Bu, həm də ondan irəli gəlir ki, qanuni qüvvəsini almış məhkəmə qərarının (qətnaməsinin, əmrinin) icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilir. Hazırkı halda iddiaçı icra sənədinin icrası gedişində tələbkar və ya borclu kimi icra məmuru tərəfindən pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsi, icra qurumunun icra sənədinin icrası ilə bağlı hərəkət və ya hərəkətsizliyinin qanuniliyi, eləcə də məcburi icra tədbirinin görülməsi ilə bağlı tələbi müstəqil iddia tələbi kimi inzibati məhkəmə icraatı qaydasında deyil, qanuni qüvvəsini almış məhkəmə aktının icrasının davamı olaraq icra sənədini vermiş və icraya nəzarət edən məhkəmədə şikayət verilməklə mübahisələndirilə bilər. Dəymiş zərərin ödənilməsi hissəsində gəlincə qeyd edilməlidir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 7.1-ci bəndində göstərilmişdir ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır........Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Həmin Qaydaların 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunan normaların tələblərindən çıxış etdikdə müəyyən olunur ki, inzibati orqanlara qarşı kompensasiya ödənilməsinə dair iddialar o zaman inzibati məhkəmə icraatında baxıla bilər ki, vurulmuş ziyan inzibati orqanın bilavasitə inzibati hüquq sahəsindəki fəaliyyəti (qərar, hərəkət və ya hərəkətsizliyi) nəticəsində vurulmuş olsun və bununla bağlı yaranmış mübahisə inzibati hüquq mübahisəsi olsun. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən doğan mübahisə isə inzibati mübahisə deyildir. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsinin icrası mülki prosesin son mərhələsi, icra məmurunun icra sənədinin icra olunmasının təşkili və bununla bağlı qərar, hərəkət və hərəkətsizliyi həmin mülki işin bilavasitə davamıdır. İcra sənədinin icrası ilə bağlı icra məmurunun qərar, hərəkət və ya hərəkətsizliyindən verilmiş şikayətlərə mülki işin davamı kimi baxıldığı halda həmin icra icraatı çərçivəsində icra məmurunun icra sənədinin təmininə yönəlmiş fəaliyyəti gedişində vurulmuş ziyan inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş ziyan kimi qiymətləndirilməməli və bu mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması istisna edilməlidir. Yuxarıda da qeyd edildiyi kimi “İcra haqqında” Qanunun 26-cı maddəsində göstərilən şikayətə baxan məhkəmə elə icraya nəzarət edən icra sənədini verən məhkəmədir. Bu, həm də ondan irəli gəlir ki, qanuni qüvvəsini almış məhkəmə qərarının (qətnaməsinin, əmrinin) icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilir. Beləliklə, hazırkı iş üzrə iddiaçının hüquqi marağı bilavasitə məhkəmə qətnamələri əsasında verilmiş icra sənədinin icrası ilə bağlı olduğundan və həmin icraya müvafiq icra sənədini vermiş məhkəmələr tərəfindən nəzarət edilməli olduğundan hazırkı halda cavabdehlər Ədliyyə Nazirliyi və Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə qarşı müstəqil inzibati iddia qaldırmağa hüquqi marağı da müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar