Məhkəmə qərarları › İş №2-1(112)-9494/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9494/2021

05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9494/2021 05.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı «aktın etibarsız hesab edilərək ləğv edilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 3 avqust 2021-ci il tarixli aktın etibarsız hesab edilərək ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd edilir ki, iddiaçı 28 iyul 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə müraciət etmişdir. Müraciətdə bildirilmişdir ki, 20 iyul 2018-ci il tarixdə icra şöbəsinə və digər əlaqədar təşkilatlara müraciət edərək, iddaçıya məxsus olan və ünvan 1 ünvanda 3 mərtəbəli binada, ümumi sahəsi 25.1 kv.m olan mənzilin açıq aksion formasında hərracda satılmasından imtina olunmasını xahiş etmişdir. Belə ki, həmin kredit və ipotekalar üzrə 155.000 ABŞ dolları pul vəsaiti iddiaçı tərəfindən banka ödənilmiş, lakin bank tərəfindən mənimsənilərək başqa şirkətin hesabına mədaxil edilmişdir. Hazırda həmin xüsusatda məhkəmə çəkişmələri mövcuddur. İddiaçı 30 iyul 2021-ci il tarixdə cavabdehə müraciət edərək xahiş etmişdir ki, 3 avqust 2021-ci il tarixə təyin edilən məcburi icra hərəkətləri təxirə salınsın. Belə ki, Yasamal rayon İcra şöbəsinin 29 iyul 2021-ci il tarixli məktubdan görünür ki, 3 avqust 2021-ci il tarixdə saat 11:00-da iddiaçıya məxsus olan və Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 2 mənzilin məcburi boşaldılması həyata keçiriləcəkdir. Məcburi boşaldılma qanunsuz olacaq və xahiş edir icranın dayandırılaraq başqa vaxta keçirilməsi təmin edilsin. İcra vərəqəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 7 sentyabr 2017-ci il tarixdə verilmiş və icra vərəqəsi həmin tarixli qətnamə üzrədir. Halbuki, həmin qətnamədən apellyasiya şikayəti verilmiş və 30 noyabr 2017-ci il tarixli qərardan görünür ki, 7 sentyabr 2017-ci il tarixli icra sənədinə baxaraq icraata başlamışdır. Bakı Apellyasiya Məhkəməsinin 6 mart 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə qüvvədə qalmışdır. 29 iyul 2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının əmlakları 25 may 2018-ci il tarixdə 68 saylı hərrac protokolu ilə "xxxx" ASC-yə satılmışdır. Nəsimi Rayon Məhkəməsinin 7 sentyabr 2017-ci il tarixli qətnaməsi əsasında verilən icra vərəqəsi hazırda 3 avqust 2021ci il tarixdə icra edilir. Lakin həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və 6 mart 2019-cu il tarixdə apellyasiya baxışı olmuşdur. Bundan əlavə 30 noyabr 2017-ci il tarixli qərar iddiaçıya göndərilməmişdir. Halbuki, həmin qərarın özündə göstərilir ki, qərarın bir surəti iddiaçıya göndərilməlidir. Bundan əlavə hərracın 25 may 2018-ci il tarixli protokol bu vaxtadək iddiaçıya göndərilməmişdir. Belə ki, «İcra haqqında» AR Qanununun 17.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra məcburi dayandırılır. Lakin, İcra Şöbəsi tərəfindən bu barədə heç bir qərar qəbul edilməmişdir və ya qəbul edilsə də bu barədə iddiaçıya məlumat verilməmişdir. Bu isə, qanunvericiliyin tələbinin pozulması deməkdir. Yasamal rayon İcra və Probasiya şöbəsinin 3 avqust 2021-ci il tarixli aktından görünür ki, borclu İddiaçı icranın vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, icra yerinə gəlməmişdir. Halbuki, iddiaçı cavabdehə teleqram vurub bildirmişdir ki, koronaviris infeksiyasının (“Covid-19”) yayılması ilə əlaqədar evdən çıxmağı qeyri-mümkün olmuşdur. Bundan əlavə, icra sənədi üzrə iddiaçıya məxsus mənzillərin boşaldılması nəzərdə tutulduğu halda, cavabdeh tərəfindən biznes məqsədilə ilə istifadə edilən və icarədə olan obyektin boşaldılmasını icra etməkdən çəkinməmişdir. Belə ki, icarəçi iddiaçı ilə olan müqaviləyə əsasən həmin obyekti onun razılığı ilə vergilər xidmətində qeydiyyata salmış və uçota durmuşdur. Daha sonra həmin aktda göstərilir ki, tələbkar ilə icarəçi arasında əmlakların obyektdən boşaldılmaması şərtilə razılıq əldə edilmişdir. Belə ki, obyektdə iddiaçıya məxsus əmlaklar da olmuşdur. Həmin aktda göstərilir ki, iddiaçının obyektlərini icarə götürən şəxs X1 olduğu müəyyənləşmişdir. İddiaçı ilə həmin şəxs arasında ilin sonuna kimi icarəmüqaviləsi qüvvədədir və həmin müqavilə ləğv edilmədən bu aktın tərtib edilməsi etibarsızdır. İddiaçıya məxsus obyekt barədə X2 ilə müqavilə imzalanmışdır. Bundan sonra obyektin açarları tələbkara təqdim edilmiş və icra sənədinin icrası təmin edilmişdir. İddiaçı hesab edir ki, yuxarıda sadalananlara və cavabdehə ünvanlanan rəsmi müraciətlərdəki əsaslara görə 3 avqust 2021-ci il tarixli akt etibarsız hesab edilərək məhkəmə tərəfindən ləğv edilməlidir. Məhkəmədən həmin aktın etibarsız sayılaraq ləğv olunması xahiş edilir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icratına başlanmış və iş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişləri ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 26-cı maddəsinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Məhkəmə vurğulayır ki, icra qanunvericiliyi icra işində iştirak edən tərəflərin icra məmurunun hərəkət və hərəkətsizliklərindən, eləcə də qərarlarından şikayətlərə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılması ilə deyil, bu şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılmasını nəzərdə tutur. Hazırkı işin hallarına görə isə, müvafiq icra işi üzrə müvafiq qərarın qəbulu və hərəkətlərin edilməsi müvafiq mülki mübahisəyə baxmış məhkəmə tərəfindən verilmiş icra vərəqəsi əsasında başlanmış icra işi çərçivəsindədir. Bundan başqa, iddiaçının hazırda mübahisələndirdiyi 3 avqust 2021-ci il tarixli akt inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmənin qənaətinə görə icra işi üzrə tərəf kimi hazırkı iddiaçının icra məmurunun qərar və hərəkətlərindən şikayətə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq, İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar