Məhkəmə qərarları › İş №2-1(112)-9495/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9495/2023

06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9495/2023 06.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 06 iyul 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının zəruri sənədlərinin olmamasına istinad edərək, müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən və BMT QAK tərəfindən verilmiş Himayə Sənədi əsasında, xx.xx.1986-cı il tarixdə Ermənistan SSR, Quqark (Böyük Qarakilsə) rayonunun Şaumyan (Vartanlı) kəndində doğulmuş İddiaçı Muyradxan oğlunun (atası X3, milliyyəti azərbaycanlı; anası X1, milliyyəti azərbaycanlı) Ermənistan SSR, Quqark (Böyük Qarakilsə) rayonunun Şaumyan (Vartanlı) kənd soveti tərəfindən 06 noyabr 1986-cı il tarixdə doğum haqqında akt qeydləri kitabında 59 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydinin bərpa edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1986-cı il tarixdə Ermənistan SSR, Quqark (Böyük Qarakilsə) rayonunun Şaumyan (Vartanlı) kəndində doğulmuş, onun doğumu Ermənistan SSR, Quqark (Böyük Qarakilsə) rayonunun Şaumyan (Vartanlı) kənd soveti tərəfindən 06 noyabr 1986-cı il tarixdə doğum haqqında akt qeydləri kitabında 59 nömrə ilə qeydə alınmış və müvafiq olaraq 324455 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə ******* saylı qərar qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə o, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsi tərəfindən hərbi qeydiyyata alınaraq SX seriyalı, ******* nömrəli hərbi biletlə təmin edilmişdir. Bundan sonra o, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilmək üçün tələb olunan sənədlərlə birlikdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmiş, lakin mərkəzin Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsində bildirilmişdir ki, onun doğum haqqında akt qeydi barədə məlumatlar Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları“ avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində görünmədiyi üçün şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi mümkün deyil. Bu səbəbdən də doğum haqqında akt qeydinin bərpa edilməsi zərurəti yaranmışdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddianı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycandakı nümayəndəliyi tərəfindən iddiaçının adına xx.xx.2023-cü il tarixdə verilmiş ***-*******7 nömrəli “Himayə Sənədi”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı BMT QAK-ın mandatı altında olan şəxsdir; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* nömrəli Qərarının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına məsubiyyəti tanınmışdır; V-СЛ seriyalı 324455 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə olunaraq notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə Ermənistan SSR, Quqark rayonunun Şaumyan kəndində doğulmuş, atası X3, milliyyəti azərbaycanlı, anası X2, milliyyəti azərbaycanlı, Ermənistan SSR, Quqark rayonunun Şaumyan kənd soveti tərəfindən xx.xx.1986-cı il tarixdə doğum haqqında akt qeydləri kitabında 59 nömrə ilə qeydə alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”: 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”: Bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir.

13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.

18. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün seçdiyi (yaşadığı) ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. Həmin normaların tələblərinin təmin olunması (gözlənilməsi) ərizəçiyə deyil, ərizənin verildiyi (ərizəçinin yaşayış yeri üzrə) qeydiyyat orqanına aiddir. Başqa sözlə, həmin normalar bilavasitə ərizəçinin qeydiyyat orqanına müraciət etmək imkanını hər hansı şərtdən asılı etmir və ya onun üzərinə müraciətlə bağlı hər hansı öhdəlik qoymur. Məhkəmə qeyd edir ki, iddiaçının doğumu barədə akt qeydinin əvvəllər mövcud olması doğum haqqında şəhadətnamənin tərcümə olunaraq notarial qaydada təsdiq edilmiş surəti ilə öz təsdiqini tapmışdır və həmin sənəd əsasında iddiaçının doğum haqqında akt qeydinin bərpa edilməsi mümkündür. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən və BMT QAK tərəfindən verilmiş Himayə Sənədi əsasında, xx.xx.1986-cı il tarixdə Ermənistan SSR, Quqark (Böyük Qarakilsə) rayonunun Şaumyan (Vartanlı) kəndində doğulmuş İddiaçı (atası X3, milliyyəti azərbaycanlı; anası X1, milliyyəti azərbaycanlı) Ermənistan SSR, Quqark (Böyük Qarakilsə) rayonunun Şaumyan (Vartanlı) kənd soveti tərəfindən 06 noyabr 1986-cı il tarixdə doğum haqqında akt qeydləri kitabında 59 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydinin bərpa edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən və BMT QAK tərəfindən verilmiş Himayə Sənədi əsasında, xx.xx.1986-cı il tarixdə Ermənistan SSR, Quqark (Böyük Qarakilsə) rayonunun Şaumyan (Vartanlı) kəndində doğulmuş İddiaçı (atası X3, milliyyəti azərbaycanlı; anası X1, milliyyəti azərbaycanlı) Ermənistan SSR, Quqark (Böyük Qarakilsə) rayonunun Şaumyan (Vartanlı) kənd soveti tərəfindən 06 noyabr 1986-cı il tarixdə doğum haqqında akt qeydləri kitabında 59 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydinin bərpa edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar