Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9499/2022 06.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı torpaq sahəsinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı torpaq sahəsinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 məxsus Maştağa qəsəbəsi, “Məmmədyarov dairəsi” adlanan yerdən Zabrat stansiyası istiqamətində dəmir yolunun sağ tərəfində yerləşən 226 saylı 1 desyatin 2190 kv. metr torpaq sahəsinin cavabdehdən alınaraq, ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Maştağa qəsəbəsi, “Məmmədyarov dairəsi” adlanan yerdən Zabrat stansiyası istiqamətində dəmir yolunun sağ tərəfində yerləşən 226 saylı torpaq sahəsi X15 oğlunun mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsinin istifadəsi üzüm bağı kimi nəzərdə tutulmuş və sahəsi 1 desyatin 2190 kv. metr təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin X10 9/376 №li xx.xx.2002-ci il tarixli arayışından məlum olmuşdur ki, həmin torpaq sahəsi X15 oğlunun mülkiyyətində olmuşdur. Cavabdeh Müdafiə Nazirliyi tərəfindən həmin torpaq sahəsi hal-hazırda istifadə olunmur və şəxsi məqsədlər üçün vətəndaşlara icarəyə verilmişdir. Hal-hazırda torpaq sahələri istifadə olunmamış, baxımsız çox pis vəziyyətə düşmüşdür. X10 9/376 №li xx.xx.2002-ci il tarixli arayışı əsasında həmin torpaq sahəsinin mərhum X15 oğlunun mülkiyyətində olması və həmin torpaqların ona verilməsi barədə tərəfindən adiyyəti orqanlara sənədlər toplanaraq, şikayət ərizəsi ünvanlanmışdır. Həmin ərizəsinə cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil- İstismarı hissəsinin 1705 №li xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, X5 məxsus torpaq sahəsi Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin 18 aprel 1989-cu il tarixli 13c nömrəli qərarı ilə “Torpaqdan istifadə hüququna aid” Dövlət Aktına əsasən Müdafiə Nazirliyinin istifadəsi üçün ayrılmış və “Maştağa Hərbi Kənd Təsərrüfatı Müəssisəsinin istifadəsində olması qeyd olunmuşdur. X5 məxsus Maştağa qəsəbəsi “Məmmədyarov dairəsi” adlanan yerdən Zabrat stansiyası istiqamətində dəmir yolunun sağ tərəfində yerləşən 226 saylı 1 desyatin 2190 kv. metr torpaq sahəsi ona verilməlidir. Bundan əlavə qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikasının X10 9/376№ saylı xx.xx.2002-ci il tarixli verdiyi arayışda 1917-ci illəri əhatə edən bu fonda həmin torpaq sahiblərinin torpaq vergisi üzrə kitaba salınmış və bu kitabda məlum olmuşdur ki, X1 226 saylı torpaq sahəsinin mülkiyyətçisi olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən verilmiş iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təqdim etdiyi iddiaya dair yazılı etirazda göstərilmişdir ki, Maştağa qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin təminatında olan “Maştağa-3” hərbi şəhərciyinin ərazisinə aiddir. Faktiki istifadəsində olan mübahisəli torpaq sahəsi Bakı şəhəri İcraiyyə Komitəsinin 18 aprel 1989-cu il tarixli B003519 nömrəli Dövlət Aktı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə müddətsiz istifadəyə verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23.1-ci maddəsinə əsasən hərbi hissələrin, hərbi təhsil müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrin və təşkilatların daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir. Torpaqların kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 176 nömrəli 4 avqust 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Azərbaycan Respublikasının Nazirlər Kabineti) həyata keçirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiq təcrübəsinin bəzi məsələləri haqqında” 2 saylı 14 fevral 2003-cü il tarixli qərarında qeyd olunub ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilmədən buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşdə olan sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsinin statusu müdafiə təyinatlı torpaqdır və Müdafiə Nazirliyi tərəfindən mühafizə olunur. Azərbaycan Respublikasının qanunvericiliyində müdafiə təyinatlı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 20 oktyabr 2021-ci il tarixli 434 nömrəli əmrinə əsasən Maştağa Hərbi Kənd Təsərrüfatı müəssisəsinin ləğv olunması ilə əlaqədar olaraq, hissəsinin balansına və mühafizə üçün Bakı Qarnizonu Hərbi Polis İdarəsinə təhvil verilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. AA seriyalı, 512589 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.1931-ci ildə doğulmuşdur. Şəhadətnamədə atası Məşədiəli Məstan oğlu, anası Zöhrə Əbdül qızı qeyd olunmuşdur. Sabunçu rayon İcra Hakimiyyəti Maştağa nümayəndəliyi tərəfindən xx.xx.1996-cı ildə verilmiş İV-ЖГ seriyalı 432808 №-li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.1995-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1996-cı ilin yanvar ayının 17-ci günündə 27 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası X10 xx.xx.2011-ci il tarixli 9/221 saylı arxiv arayışında Azərbaycan Respublikası X16 üzrə Maştağa kəndinin 1886-cı ilə dair kameral siyahısında aşağıda göstərilən şəxslərin adları qeyd olunub: Məstan Əbdül oğlu-64 yaş. Onun oğlanları; X13-22 yaş; X14-18 yaş; Fərəməz Məstan oğlu-7 yaş; X11-1 ½ yaş; X9 – ½ yaş. Onların Maştağa kəndində sahəsi 1 desyatin 1920 kv. sajına bərabər olan torpaq sahələri olmuşdur. Azərbaycan Respublika Dövlət Arxivinin xx.xx.2015-ci il tarixli, M-58 saylı arxiv arayışında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında “Notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1938-ci ilə dair Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi üzrə ölüm haqqında qeydiyyat kitablarında 03 avqust 1938-ci ildə X2 vəfatının qeyd olunduğu göstərilmişdir. - X10 xx.xx.2015-ci il 9/117 saylı arxiv arayışında Azərbaycan Respublikası X10 sənədləri üzrə Maştağa kəndinin 1886-cı ilə dair kameral siyahısında 1822-ci ildə doğulmuş Məstan Əbdül oğlunun (64 yaş) adı qeyd olunmuşdur. - X10 xx.xx.2021-ci il tarixli TA-00621-2021 saylı arxiv arayışında Azərbaycan Respublikası X16 üzrə Maştağa kənd məscidinin sənədlərində Məstan Əbdül oğlunun ölüm tarixinə dair məlumat aşkar olunduğu qeyd olunmuşdur. - X16 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, TA-00040-2022 saylı arxiv arayışında Azərbaycan Respublikası X10 “Bakı quberniyası vergi idarəsi” fondunun sənədlərində Balaxanı-Sabunçu ərazisi üzrə şəxsi torpaq sahiblərinin 1915-1917-ci illərə dair torpaq vergisi kitabından məlum olur ki, Məstan Əbdül oğlunun Maştağa kəndində sahəsi 1 desyatin 2190 kv. m. Sajına bərabər olan 226 saylı torpaq sahəsinin sahibi olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli 1705 № məktubda iddia etdiyi ərazinin Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin 18 aprel 1989-cu il tarixli 14c nömrəli qərarı ilə verilmiş “Torpaqdan istifadə hüququna aid Dövlət Akı”na əsasən Müdafiə Nazirliyinin istifadəsi üçün ayrıldığı və “Maştağa Hərbi Kənd Tsərrüfatı Müəssisəsi”nin istifadəsində olduğu, Müdafiə Nazirliyi tərəfindən ərazinin daha səmərəli istifadəsi üçün planlaşdırıldığı qeyd olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli BA-04584-2022 saylı və xx.xx.2022-ci il tarixli BA-04887-2022 saylı eyni məzmunlu cavab məktublarında keçmiş Bakı şəhər XDS İK-nin (İndiki Bakı şəhər İH) 1989-cu ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialında saxlanılır. Lakin xx.xx.1989-cu il tarixli, 13 saylı qərarı Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi qeyd olunmuşdur. İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı torpaq sahəsinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. Belə ki, iddiaçı mübahisələndirilən torpaq sahəsinə dair onun hüquqlarını təsdiqləyəcək heç bir sənəd məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının mərhum Məstan Əbdül oğlunun qanun üzrə və ya vəsiyyət üzrə vərəsələri dairəsinə daxil olması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. İddiaçı məhkəməyə verdiyi izahatında mərhum Məstan Əbdül oğlundan və ya sonuncunun vərəsələrindən miras qalmış hər hansı əmlakla bağlı notariat ofisinə mirası qəbul etməsi ilə bağlı ərizə vermədiyini və ya hər hansı bir əmlakla bağlı sahiblik və ya istifadə hüquqlarını həyata keçirmədiyini bildirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı torpaq sahəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-9499/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9499/2022
06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver