Məhkəmə qərarları › İş №2-1(112)-95/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-95/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-95/2023 01.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X7, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X15 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X7, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 01 fevral 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı mərhum X8 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/468 saylı sahədə yerləşən torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh **********58 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubla torpaq sahəsinə dair sərəncamların qeydiyyatı kitabının 32-ci səhifəsində “vətəndaş X7” məzmunu ilə qeyd olduğunu əsas gətirirərək müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/468 saylı sahədə yerləşən torpaq sahəsinə dair onun mülkiyyət hüquqlarının dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/468 saylı sahədə yerləşən torpaq sahəsinə dair hüququn X9 məxsus olması haqqında arayışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/468 saylı sahədə yerləşən torpaq sahəsinə dair vətəndaş X8 mülkiyyət hüquqları qeydə alınaraq Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1992-ci il tarixli, 615/48 saylı sərəncam verilmişdir. Həmin sərəncam Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında mövcuddur və tərəfindən surəti əldə olunmuşdur. Həmçinin həmin sərəncam əsasında Xəzər rayonu İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixdə, 3/468 saylı torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış və təsdiq edilmişdir. O, mərhum şəxs X8 qanun üzrə vərəsəsi İdarəyə ərizə ilə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/468 saylı sahədə yerləşən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Lakin İdarənin **********58 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubu ilə torpaq sahəsinə dair sərəncamların qeydiyyatı kitabının 32-ci səhifəsində “vətəndaş X7” məzmunu ilə qeyd olduğunu əsas gətirirərək müraciətdən imtina etmişdir. Bununla yanaşı həmin sərəncamın həqiqiliyinə dair cavabdeh orqanın şübhələri olduğu üçün Nərimanov rayon Polis İdarəsinə 17-ci Polis Şöbəsinə şikayət daxil olmuş, buna baxmayaraq bu barədə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul olunmuşdur. İdarənin göstərilən əsaslarla imtina etməsi qanunsuz və əsassızdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1040/2021 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)- 2668/2021 saylı qərardadı ilə, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(112)-1040/2021 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/468 saylı sahədə yerləşən torpaq sahəsinə dair hüququn X9 məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardadında göstərilmişdir ki, … işin birinci instansiya icraatı zamanı sərəncamların qeydiyyatı kitabının 32-ci səhifəsində adı qeyd edilmiş, X7 (məhkəmənin elektron sisteminə əsasən xx.xx.1968-ci il tarixində Masallı rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) eyni zamanda Bakı şəhər Xəzər İcra Hakimiyyəti, Əzizbəyov Rayon İcra Hakimiyyətinin (indiki Bakı şəhər Xəzər İcra Hakimiyyəti) başçısının Mərdəkan qəsəbəsindəki nümayəndəliyi üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilməli və X3 adına sərəncamın mövcud olub-olmaması, sərəncamların eynilik təşkil edibetməməsi, iddiaçıya və X4 ayrılmış torpaq sahəsinin ölçülərinin və yerləşdiyi sahələrin nömrələrinin üst-üstə düşüb-düşmədiyi, iddiaçıya aid olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/468 saylı sahədə yerləşən torpaq sahəsinin sərəncamda göstərilən nömrə ilə eynilik təşkil edibetməməsi araşdırılaraq, eyni zamanda Mərdəkan qəsəbə nümayəndəliyi tərəfindən X9 münasibətdə verilmiş 05 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamı və onun verilməsinə əsas olmuş sənədlərin surətləri tələb edilməli, eyni zamanda X4 münasibətdə belə bir sərəncamın verilibverilməməsi, verilmiş sərəncamın həmin ilin sərəncamlarının qeydiyyatı kitabı ilə nə səbəbdən uyğunsuzluq təşkil etdiyi, X3 adına daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarışın olubolmaması, qeyd olunan fatiki hallar və digər zəruri araşdırmalar aparılaraq işin ziddiyyətli məqamlarına aydınlıq gətirilməlidir. İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, X7, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyi üçüncü şəxs (adi cəlbetmə) qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər X7 və Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X7 izahat verərək bildirmişdir ki, onun adına torpaq sahəsinin ayrılması barədə sərəncam mövcud olmuşdur, lakin ərazidən istifadə etmədiyi üçün baxımsız qalmışdır, buna görə də ərizə yazaraq başqasının adına keçirilməsinə razılıq vermişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 857313 №-li, xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2017-ci il tarixdə sağ böyrəküstü vəzin xərçəngindən vəfat etmişdir; Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 909 nömrəli məktubdan görünür ki, keçmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) xx.xx.1992-ci il tarixli, 615/48 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin bu sərəncam həmin ilin sərəncamlarının qeydiyyatı kitabı ilə uyğunsuzluq təşkil etdiyindən doğruluğu şübhə yaradır. Belə ki, xx.xx.1992-ci il tarixli, 615/48 saylı sərəncam saxlama vahidində “Vət. X9” torpaq sahəsi ayrılması haqqında” olsa da sərəncamların qeydiyyatı kitabının 32ci (otuz ikinci) səhifəsində “X4 Mərdəkan qəsəbəsində torpaq sahəsi ayrılması” məzmunu ilə qeydiyyata alınmışdır. Odur ki, məlumat üçün Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.1992-ci il tarixli, 615/48 saylı sərəncamının təsdiq edilmiş ksero surəti 1 (bir) vərəqdən ibarət təqdim olunur. Sərəncama heç bir sənəd əlavə edilməmişdir; Həmin məktuba əlavə edilmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) xx.xx.1992-ci il tarixli, 615/48 saylı sərəncamın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayon icra hakimiyyətinin Başçısının Mərdəkan qəsəbəsindəki nümayəndəsinin 5 №-li, xx.xx.1992-ci il tarixli sərəncamına baxılmış və Bakı şəhər Soveti İK-nin 27.01.89-cu il tarixli, 22/45 №-li qərarını rəhbər tutaraq Mərdəkan qəsəbəsi, Sovet küçəsi, dalan 2, ev 5-də yaşayan, 12 №-li Uşaq Xəstəxanasında sürücü işləyən, ailə tərkibi dörd nəfərdən ibarət olan X9 Mərdəkan qəsəbəsində 3/468 №-li sahədə fərdi ev tikmək üçün 750 kvm. torpaq sahəsi ayrılmışdır; Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Baçısı tərəfindən iddiaçıya ünvanlanmış Ə-263-091 №-li, xx.xx.2019-cu il tarixli məktubundan və ona əlavə edilmiş torpaq sahəsinin cizgisindən görünür ki, Əzizbəyov RİHB-nın 615/48 saylı, xx.xx.1992-ci il tarixli sərəncamı ilə Mərdəkan qəsəbəsində fərdi ev tikmək üçün mərhum X9 ayrılmış 3/468 saylı torpaq sahəsinin cizgisinin və xəritədən çıxarışının verilməsi barədə rayon İcra Hakimiyyətinə ünvanladığı ərizəyə baxılmış və ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanaraq təsdiq edilmişdir; 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən İdarəyə ünvanlanmış 841 №-li, xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, İddiaçı müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında 01 aprel 2017-ci ildə ölmüş əri X8 adına vərəsəlik işi açılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum X9 məxsus olan əmlak barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı sorğunu təqdim etmiş şəxs vasitəsilə notariat kontoruna göndərilməsi xahiş olunmuşdur; İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********58 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/468 saylı sahədə yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı ərizəsinə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, təqdim edilmiş Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 615/48 saylı sərəncamın həqiqiliyi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, təqdim edilən sərəncam Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin bu sərəncam həmin ilin sərəncamlarının qeydiyyatı kitabı ilə uyğunsuzluq təşkil etdiyindən doğruluğu şübhə yaradır. Belə ki, xx.xx.1992-ci il tarixli, 615/43 saylı sərəncam saxlama vahidində “vət X9 fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” olsa da, sərəncamların qeydiyyatı kitabının 32-ci (otuz ikinci) səhfəsində “vət.X7” məzmunu ilə qeydiyyata alınmışdır. Həmçinin bildirilmişdir ki, sənədlə faktiki sahə arasında (sənəd üzrə 750.0 kv.m-faktiki 945.0 kv.m) perimetrik ölçü, konfiqurasiya və sahə fərqi mövcuddur. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin təhqiqatçısı X14 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən daxil olmuş şikayət ərizəsi əsasında araşdırma zamanı müəyyən olmuşdur ki, xx.xx.2020ci il tarixdə Azərbaycan Respublkası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Bakı şəhəri BPİ-nin İstintaq və Təhqiqat idarəsinə və oradan Nərimanov RPİ-nin 18-ci PŞ-nə daxil olmuş şikayət ərizəsində X8 vərəsəsi X6 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə xx.xx.2020-cu il tarixdə ünvan 7 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etməsi, həmin sənədlərin araşdırılması zamanı Bakı şəhəri, Xəzər rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992 ci il tarixli 615/48 saylı sərəncamının həqiqiliyinə dair ciddi şübhə yaranmışdır. Bundan başqa izahatı alınmış İddiaçı bildirmişdir ki, X13 onun həyat yoldaşıdır, Mikayıl 2017-ci ildə vəfat etmişdir və onun qanun üzrə vərəsəsidir. Mikayıla 1992-ci ildə keçmiş Əzizbəyov rayon icra hakimiyyətinin sərəncamı ilə Mərdəkan qəsəbəsində 750 kv.m torpaq sahəsi verilmişdir. Təxminən 2012-ci ildə həmin sahədə ev tikib və qızı hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Mikayılın sağlığında həmin sahəni özəlləşdirə bilməmiş, çünki Mikayıl son dövrlər xəstə yatmışdır. 2020-ci ilin oktyabr ayında həmin torpaq sahəsini özəlləşdirmək məqsədilə Xəzər rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyində torpaq sahəsinin sxemini çəkdirmiş, sonra isə sənədləri çıxarış alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim etmişdir. Bir müddətdən sonra isə həmin idarədən ona bildirmişlər ki, sənədlər saxlanılıb hansısa problem var. İddiaçı həmin sərəncamın vəfat etmiş həyat yoldaşı Mikayıl tərəfindən 1992-ci ildə İcra hakimiyyətinə rəsmi müraciət edərək alındığını, 1992-ci ildən həmin torpaq sahəsinin onların istifadəsində olduğunu, həmin sahə ilə bağlı heç kimin iddiasının olmadığını, X5 tanımadığını, sərəncamda olan uyğunsuzluğun səbəbini və necə yaranmasını bilmədiyini bildirmişdir. Araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xəzər rayon Qeydiyyat Şöbəsindən alınmış ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2017-ci il tarixdə sağ böyrəküstü vəzin xərçəngindən vəfat etmişdir. Beləliklə aparılmış təhqiqat araşdırılması zamanı məlum olmuşdur ki, X6 barəsində Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuş müraciətdə 1992-ci ildə İcra hakimiyyətinə müraciət edərək sərəncamı almış X6 əri vət. X13 vəfat etdiyindən və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cinayət işinin başlanması rədd edilmişdir. Qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 27 iyul 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, keçmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) xx.xx.1992-ci il tarixli, 615/48 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin bu sərəncam həmin ilin sərəncamlarının qeydiyyatı kitabı ilə uyğunsuzluq təşkil etdiyindən doğruluğu şübhə yaradır. Belə ki, xx.xx.1992-ci il tarixli, 615/48 saylı sərəncam saxlama vahidində “Vət.X9 fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” olsa da, sərəncamların qeydiyyatı kitabının 32-ci (otuz ikinci) səhifəsində “X4 Mərdəkan qəsəbəsində torpaq sahəsi ayrılması barədə” məzmunu ilə qeydiyyata alınmışdır. Lakin həmin sərəncam xx.xx.1997-ci il tarixli, 1067 saylı sərəncam ilə ləğv edilmişdir. Həmçinin həmin məktuba hər iki sərəncamın təsdiq edilmiş kserosurətləri əlavə edilmişdir; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 16 avqust 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X3 adına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir; Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimat: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 7.3. Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada elektron çıxarış verildikdə, notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların qeydə alınması üçün əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə dair qəbul olunmuş aktlar təsbit olunmuşdur. İddiaçı Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 615/48 saylı sərəncama istinad edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/468 saylı sahədə yerləşən torpaq sahəsinə dair hüququn X9 məxsus olması haqqında arayışın verilməsi tələbini irəli sürmüşdür. Cavabdeh inzibati orqan imtinasını həmin sərəncamın sərəncamların qeydiyyatı kitabı ilə uyğunsuzluq təşkil etməsi ilə əsaslandırmışdır. Məhkəmə torpaq sahəsinin ayrılması barədə sərəncamın mötəbərliyinin müəyyən edilməsi üzrə araşdırma aparmış və sərəncamındakı məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmişdir. Belə ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 615/48 saylı sərəncamı saxlama vahidində “Vət.X9 fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” olsa da, sərəncamların qeydiyyatı kitabının 32-ci səhifəsində “X4 Mərdəkan qəsəbəsində torpaq sahəsi ayrılması barədə” məzmunu ilə qeydiyyata alınmışdır. Məhkəmə xüsusilə vurğulayır ki, sərəncamların qeydiyyatı kitabının 32-ci səhifəsində “X4 Mərdəkan qəsəbəsində torpaq sahəsi ayrılması barədə” məzmununda qeydiyyatın aparılmasının texniki səhv olmamasını Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 1067 saylı sərəncamı təsdiq edir. Belə ki, həmin xx.xx.1997-ci il tarixli, 1067 saylı sərəncam “X1 adına verilmiş Əzizbəyov rayon İHB-nın 615/48 saylı 27 iyul 1992-ci il tarixli sərəncamın ləğv edilməsi haqqında”dır və məzmununda da, sərəncamların qeydiyyatı kitabında aparılmış qeydə tam uyğun olaraq, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 615/48 saylı sərəncamı ilə X3 adına Mərdəkan qəsəbəsində M-596 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması qeyd edilmiş və nəticədə həmin 615/48 saylı 27 iyul 1992-ci il tarixli sərəncam ləğv edilmişdir. Bundan əlavə, Mərdəkan qəsəbə nümayəndəliyi tərəfindən X9 münasibətdə verilmiş 05 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamı və onun verilməsinə əsas olmuş sənədlərin surətləri tələb edilsə də, məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Bütün bu qeyd edilənlər, iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənədin mötəbərliyini şübhə altına alır. Aidiyyəti şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsinə gəldikdə isə bu barədə müvafiq təhqiqat orqanı cinayət işinin başlanmasını cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmuş müddət kriteriyaları baxımından rədd etmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X7, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “arayışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar