Məhkəmə qərarları › İş №2-1(112)-95/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-95/2025

16.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-95/2025 16.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin 1812/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı ilə Binəqədi qəsəbə Bələdiyyəsinin inzibati ərazisində sahibkarlıq fəaliyyətinin tikintisi üçün ayrılmış 6158 kv.metr torpaq sahəsinin mülkiyyət hüququnun qeydə alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər.

3. Tələb onunla əsaslandırılmışdır ki, Binəqədi qəsəbə Bələdiyyəsinin 1812/1 saylı, dekabr 2005-cü il tarixli Sərəncamı ilə Binəqədi qəsəbəsinin inzibati ərazisində sahibkarlıq fəaliyyətinin tikintisi məqsədi ilə mülkiyyətimə 6200 kv.metr torpaq sahəsi ayrılaraq adına rəsmiləşdirilmişdir. Mülkiyyətində olan torpaq sahəsi neft kəməri və ya yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasından tam kənarda yerləşir, bundan başqa torpaq sahəsi Dövlət Neft şirkətinin istifadəsində olan ərazilərdən fərqli ərazilərdə yerləşir.

4. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının adına ləğv edilmiş DTXK tərəfindən təsdiqlənmiş “Torpaqların alqı-satqısına dair akt” və torpaq sahəsinin mülkiyyətə verilməsi barədə bələdiyyənin qərarı təqdim edilməmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin 4500,0 kv.m hissəsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə, bir hissəsi isə qaz borusunun mühafizə zonasında yerləşir. Bundan əlavə, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq mülkiyyətindədir və sahəsinin bələdiyyə ərazisi olması barədə heç bir məlumat aşkar edilməmişdir. Bununla yanaşı, elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisinin göstərilən sahəyə aidiyyəti yoxdur.

5. Üçüncü şəxs Dövlət Neft Şirkətinin vəkili tərəfindən verilən yazılı etirazında qeyd edilmişdir ki, hazırkı iş üzrə mübahisə predmeti olan torpaq sahəsi Binəqədi oil ƏŞ-nin Kontrakt sahəsinin hüdudları, eyni zamanda “Qaz İxrac” idarəsinin istismarında olan “Novxanı QPS-Xırdalan QPS” (D 720 mm, yerüstü, Layihə təzyiqi 1.2 MPa (12 kqq/kv. sm)) yüksək təzyiqli qaz kəmərinin 21 metrlik məsafəsində mühafizə zonası daxilində (50 metr) yerləşir. Bu səbəblərdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə istifadə oluna bilər. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativhüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, ləğv olunmuş quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 75 metr müəyyən olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü hissəsinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, dövlət torpaqları alqısatqı obyekti ola bilməz. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Hesab edirik ki, iş üzrə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

6. Məhkəmə sorğusu əsasında Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 1812/1 nömrəli sərəncamında qeyd edilmişdir ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisində 6200 kv.m boş torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün vətəndaş İddiaçı alqı-satqı qaydasında mülkiyyətinə ayrılmasına dair sərəncam verilmişdir.

7. Məhkəmə sorğusu əsasında Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş torpaqların alqı-satqısına dair müqavilədə qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2005-ci il tarixli 1812/1 nömrəli sərəncam əsas götürülməklə, sonuncuya Binəqədi qəsəbə Bələdiyyəsi ərazisində 6200 kv.m torpaq sahəsinin satılmasına dair müqavilə bağlanılmışdır.

8. Məhkəmə sorğusu əsasında Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş eskiz sxemdən görünür ki, İddiaçı ayrılmış 6200 kv.m torpaq sahəsinin yerləşdiyi yerin eskizsxemi Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən tərtib edilmişdir.

9. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, faktiki olaraq göstərilən torpaq sahəsinin sərhədləri iki tərəfdən şərtidir, bir tərəfdən qonşu sahənin sərhədi olan mişar daş hasarla, bir tərəfdən neft şirkəti tərəfindən sərhədlənən qonşu sahənin sərhədi olan m/d hasarla sərhədlənib. Tikli yoxdur. Faktiki olaraq göstərilən torpaq sahəsinin bir tərəfindən 28.7m-45.4m məsafələrdən diametri d=700.0 0mm olan yer üstü qaz boru xətti keçir. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Torpağın giriş-çıxış yolu sərbəstdir. Torpaq sahəsi bir tərəfdən neft şirkəti tərəfindən hasara alınmış ərazi ilə həmsərhəddir. Torpaq sahəsi əvvəlki baxış zamanı başqa koordinatlar daxilində göstərilmişdir. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatları baxılması üçün sənədlər toplusuna əlavə olundu.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

15. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

17. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

19. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 1812/1 nömrəli sərəncamı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisində 6200 kv.m boş torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün vətəndaş İddiaçı alqı-satqı qaydasında mülkiyyətinə ayrılmasına dair sərəncam verilmişdir. Həmin ayrılmış torpaq sahəsinin yerləşdiyi yerin cizgisi müəyyən edilmişdir. İddiaçı adına hüquqmüəyyənedici sənədin verilməsini xahiş edir.

20. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.

24. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

25. Məhkəmə hesab edir ki, Binəqədi qəsəbə ərazisində 6200 kv.m boş torpaq sahəsinin sahibkarlıq fəaliyyəti üçün vətəndaş İddiaçı alqı-satqı qaydasında mülkiyyətinə ayrılmasına dair Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005ci il tarixli 1812/1 nömrəli sərəncamı iddiaçının qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktdır. Həmin sərəncam ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir.

26. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın özü də həmin sənədlərin həqiqiliyini şübhə altına almamış, sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Cavabdehin imtinasının əsası kimi istinad etdiyi dəlillər odur ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin 4500,0 kv.m hissəsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə, bir hissəsi isə qaz borusunun mühafizə zonasında yerləşir. Bundan əlavə, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq mülkiyyətindədir.

27. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən imtinasının dəlili olaraq dövlət mülkiyyəti torpağı olması, bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməməsinin bildirilməsi (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, torpaq sahəsi üzərində hüququn növünə münasibətdə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

28. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir.

29. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir.

30. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

31. Məhkəmə qeyd edir ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir.

32. Qeyd edilməlidir ki, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaqların hüdudları daxilində yerləşsə belə, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, iddiaçı hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olmaları dövlət daxili konkret qanunvericilik aktından, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanundan irəli gəlir. Həmin Qanunda müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları əldə edəcəyi üçün cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir.

33. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanının 1-ci hissəsi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsə də, Fərmanın 2-ci hissəsində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

34. Məhkəmə qeyd edir ki, iddia olunan torpaq sahəsi magistral boru kəmərlərinin, eləcə də neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyindən, habelə hazırda mübahisənin predmetini ərazidə tikinti işlərinin aparılması deyil, torpaq sahəsinə hüququnun qeydiyyata alınması təşkil etdiyindən, cavabdehin və üçüncü şəxsin bu dəlili əsassızdır.

35. Məhkəmə cavabdehin digər dəlili - elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisinin göstərilən sahəyə aidiyyəti olmamasına münasibətdə qeyd edir ki, iddiaçı məhkəmə icraatında gedişində X4 müraciət etmişdir və torpaq sahəsinin faktiki sahəyə uyğun yerləşmə cizgisi bələdiyyə tərəfindən yenidən tərtib edilmişdir.

36. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

37. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

38. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 1812/1 saylı sərəncamına əsasən Binəqədi qəsəbə ərazisində 6158 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar