Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-950/2021 15.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiaçı Ağaverdiyev Sultan Tessib oğlunun (Bakı şəhərində qeydiyyatdadır, orta təhsilli, işsiz), iddiaçının vəkili Məmmədzadə Ramil Tarix oğlunun (Bakı şəhərində qeydiyyatdadır, vəkil), üçüncü şəxs Bayramov Canəli Abutalıb oğlunun (İmişli rayonunda qeydiyyatdadır, işsiz), üçüncü şəxsin vəkili Həsənov Bəkir Sabir oğlunun (Bakı şəhərində qeydiyyatdadır,vəkil) iştirakı ilə, iddiaçı Ağaverdiyev Sultan Tessib oğlunun cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə inzibati işə üçüncü şəxs qismində Bayramov Canəli Abutalıb oğlu cəlb edilməklə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin X8 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 24D ünvanda apardığı tikintiyə dair hərəkətsizliyinin qanunsuz hesab edilməsi və Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərinə əsasən Bayramov Canəli Abutalıb oğlunun ünvan 2 ünvanda apardığı tikinti işlərinə dair ərizəsinə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən irad verilməsi vəzifəsinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında uzun illərdir ki, ailəsi ilə birlikdə yaşayır. İddiaçının evinin qabaq hissəsi öz həyətinə və yola, arxa hissəsi isə qonşu həyətə düşür. X2 iddiaçının pəncərəsinin düz qarşısında təxminən 20-25 sm məsafə ilə yeni 2 mərtəbəli ev tikmiş, bununla iddiaçının evinə düşən gün işiğının və havalandırmanın qarşısını tamamilə kəsmişdir. Bundan əlavə C.Bayramovun inşa etdiyi ev qanuna zidd olmaqla yanaşı yangın təhlükəsizliyi qaydalarına da ziddir. Aparılan tikinti şəhərsalma və tikinti normalarına ziddir. C.Bayramov Binəqədi rayon İcra Hakimiyyəti əsasında aparılan tikintiyə verilmiş razılıq ilə İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Binəqədi rayon İcra Hakimiyyəti hərəkətsizlik etməklə, yəni məlumatlandırma icraatı qaydalarına zidd olaraq X4 ərizəsinə qanunun tələbləri qaydasında imtina verməli olduğu halda buna göz yumulmuşdur.Belə ki, Binəqədi RİH tərəfindən məlumatlandırma icraatı qaydalarına müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması hallarının və tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borclu olduğu halda bunları etməmiş, nəticədə icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul etməli olduğu halda bunu etməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, iddia tələbi ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bayramov Canəli Abutalıb oğlu Binaqədi rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, 24 D ünvanında mülkiyyətində olan torpaq sahəsində təqdim edilmiş layihə əsasında fərdi yaşayış evinin tikintisinə məlumatlandırma icraatının tətbiq olunmasını xahiş etmişdir.C.Bayramovun ərizəsinə əlavə etdiyi sənədlərdən məlum olmuşdur ki,həmin torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşnmaz Əmlakın Dövlət Reyestr Xidmətindən 05.02.2019-cu ildə verilmiş hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Bayramov Canəli Abutalıb oğlunun mülkiyyətinddir.Həmin torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqələri kateqoriyasına aiddir.Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən vətəndaş C.Bayramova ünvanlanmış 01.03.2019-cu il tarixli məktubla Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə əsasən tikinti işlərinin qüvvədə olan tikinti norma və qaydalarına uyğun razılaşdırılmış eskiz layihə ("xxxx" MMC-nin işi) əsasında aparılması və tikinti işləri aparılan zaman ətraf ərazinin sanitar-texniki normalara və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlanılması, qanunvericiliklə müəyyən edilmiş qonşuluq prinsiplərinə riayət edilməsi şərtləri daxilində razılaşdırıldığı bildirilmişdir.İddiaçı hazırda qonşuluq prinsipləri əsasında vətəndaş Canəli Bayramov tərəfindən tikilmiş tikilinin sökülməsi vəzifəsinin rayon icra hakimiyyətinin üzərinə qoyulmasını xahiş edir. Cavabdehin Canəli Bayramova ünvanladığı 01.03.2019-cu il tarixli məktubu digər növ hakimiyyət tədbiri oluğundan inzibati akt hesab olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.İddiaçı tərəfindən həmin müddət buraxılmışdır.Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ...2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur, belə ki, iddiaçı sökülməsi vəzifəsini cavabdehin üzərinə qoyulmasını tələb etdiyi evin qonşuluğundakı yaşayış evinin sakinidir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı, onun vəkili R.Məmmədzadə iddia ərizəsində göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs C.Bayramov, onun vəkili B.Həsənov iddia ərizəsinə etiraz edərək bildirmişlər ki, evi tikən zaman üçüncü şəxs tərəfindən heç bir qanunsuzluğa yol verilməmişdir. Üçüncü şəxs C.Bayramov, onun vəkili B.Həsənov iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iddiaçının, vəkilinin, üçüncü şəxsin, onun vəkilinin izahat və çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı ünvan 4 ünvanda qeydiyyatdadır. Cavabdehin iddiaçıya ünvanlanmış 27.06.2019-cu il tarixli məktubuna əlavə edilmiş sənədlərə əsasən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısının X5 ünvanladığı 01 mart 2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən təqdim edilən sənədlər aşağıdakı şərtlər daxilində razılaşdırılır - tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun razılaşdırılmış eskiz layihə (Əmlak Layihə Smeta Bürosu MMC-nin işi) əsasında aparılmalı, tikinti işləri aparılarkən ətraf ərazi sanitar-texniki normalara və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlanmalı, qanunvericiliklə müəyyən edilmiş qonşuluq prinsipinə riayət edilməlidir. Mövcud məlumatlandıma icraatının tətbiq olunduğu halda tikinti işləri razılaşdırılmış layihənin memarlıq-planlaşdırma bölməsinə uyğun aparılmadığı təqdirdə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması istiqamətində tədbirlər görüləcəkdir; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidmətinin 1-ci Ərazi X12 İdarəsinin İddiaçı ünvanladığı məktubun surətinə əsasən “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsi və X12 Xidmətinin Əsasnaməsinin 9.3-cü bəndi rəhbər tutularaq, qeyd olunan ünvanda gələcəkdə baş verə biləcək hər hansı bir fövqəladə və ya yanğın hadisəsi zamanı yanğınsöndürmə avtomobillərinin qeyd olunan əraziyə maneəsiz giriş çıxışını təmin etmək məqsədi ilə müvafiq göstəriş verilməsi üçün ünvan 8 ünvanlanmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 1 ünvanında yerləşən 0,0165 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 862 nömrəli reyestr kitabının 81688 nömrəli vərəqində 05.02.2019-cu il tarixdə qeydiyyata alınmışdır; Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-3899/2019 nömrəli, 14.06.2019cu il tarixli qətnaməsinə əsasən iddiaçı Ağaverdiyev Sultan Tessib oğlunun cavabdeh Bayramov Canəli Abutalıb oğlu tərəfindən Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küiçəsi, döngə 1, ev 3A ünvanının qarşısında apardığı yarımtikilinin cavabdeh tərəfindən onun hesabına sökülməsi barədə iddiası təmin edilməmişdir.İddianın təmin edilməməsinin əsası kimi İddiaçı cavabdeh X5 qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması, yəni iddiaçının ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması, cavabdehin isə öz mülkiyyətində olan torpaq sahəsi üzərində tikinti işləri aparılması göstərilmişdir. "xxxx" MMC-nin 438 nömrəli, 15.07.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, ev 3 ünvanında Ağaverdiyev Sultan Tessib oğluna məxsus fərdi yaşayış evinin Azərbaycan Respublikası Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbə üzrə nümayəndəsinin 24.04.2008-ci il tarixli təsdiq edilmiş ev kitabında və “X3” qeyd olunan ölçülərlə üst-üstə düşməməsi müəyyən olunur, Bakı şəhəri, Binəqədi qəsəbəsi, Gülməmmd Ramazanov küçəsi, döngə 1, ev 3 ünvanında İddiaçı Tessib oğluna məxsus fərdi yaşayış evi ilə qonşusu həmin küçənin 2 D ünvanında X10 oğluna məxsus torpaq sahəsində inşa edilmiş yarımtikili arasında ara məsafəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun deyildir, Bakı şəhəri, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, ev 3A ünvanında Ağaverdiyev Sultan Tessib oğluna məxsus fərdi yaşayış evi ilə qonşusu həmin küçənin 24 D ünvanında X10 oğluna məxsus torpaq sahəsində inşa edilmiş yarımtikili ilə ara məsafəsinin normaya uyğun olmaması, təhlükəsiz istismar baxımından “İnşaat Norma və Qaydaları”nın 2.0.09-84 və 2.08.02-85-in, təbii işıqlandırma baxımından insolyasiya SniP N23-05-95-nin tələblərinə uyğun deyildir, bununla yanaşı FHN-nin 05.08.2019-cu il tarixli, 37/A-00124 nömrəli məktubunda “Yanğın təhlükəsizliyi haqqında” qanunun 25-ci maddəsi və Dövlət yanğın nəzarəti Xidmətinin Əsasnaməsinin 9.3-cü bəndi rəhbər tutularaq qeyd olunan ünvanda qonşu tərəfindən tikinti norma və qaydalarına əməl olunmadan tikinti işlərinin aparılması müəyyən edilmişdir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə Binəqədi qəsəbə bələdiyyəsinə 2013-2015-ci illərdə əmlak və torpaq vergisi ödəməsinə dair qəbzlər, ev kitabı, habelə "xxxx" MMC tərəfindən 2020-ci ildə hazırlanmış “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, döngə 1, e 3A ünvanında yeləşən Ağaverdiyev Sultan Tessib oğluna məxsus fərdi yaşayış evinin memarlıq planlaşdırma bölməsi”nə əsasən iddiaçının yaşadığı ev iki mərtəbəli olmaqla birinci mərtəbəsində də zal, dəhliz, mətbəx, yataq otağı və s.yerləşir. Beləliklə, iş materiallarından məhkəmə müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 4 ünvanda qeydiyyatda olmaqla yaşayır.Həmin evin qonşuluğunda ünvan 1 ünvanında yerləşən 0,0165 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, üçüncü şəxs Bayramov Canəli Abutalıb oğlu həmin ünvanda hündürlüyü 9 metrdən yuxarı olmayan 2 mərtəbəli yaşayış evinin inşası üçün cavabehə müraciət edərək məlumatlandırma icraatının ona tətbiq edilməsini xahiş etmişdir və cavabdeh tərəfindən üçüncü şəxsin müraciəti tikinti işlərinin qüvvədə olan tikinti norma və qaydalarına uyğun razılaşdırılmış eskiz layihə (Əmlak Layihə Smeta Bürosu MMC-nin işi) əsasında aparılması, tikinti işləri aparılarkən ətraf ərazi sanitar-texniki normalara və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlanması, qanunvericiliklə müəyyən edilmiş qonşuluq prinsipinə riayət edilməsi şərti ilə razılaşdırılmışdır. Üçüncü şəxs həmin sahədə tikinti işlərinə başladıqdan sonra iddiaçı onun inşa etdiyi yarımtikilinin sökülməsi barədə məhkəməyə müraciət etsə də müraciəti təmin edilməmişdir.Hazırda iddiaçı üçüncü şəxsin inşa etdiyi tikiliyə cavabdeh tərəfindən məlumatlandırma icraatının tətbiq edilməli olmadığı və tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməli və onları dinləməyə borclu olması əsası ilə məhkəməyə iddia müraciət edərək iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.33-cü maddəsinə əsasən yaxın qonşular – tikinti ərazisi ilə həmsərhəd olan və ya tikinti ərazisindən 20 metrədək məsafədə yerləşən torpaq sahələrinin mülkiyyətçiləri və ya istifadəçiləridir; Həmin Məcəllənin 3.0.34-cü maddəsinə əsasən qonşular – tikinti ərazisinin yaxınlığında mülkiyyətində, icarəsində və ya istifadəsində torpaq sahəsi olan və tikinti nəticəsində qanunla qorunan maraqlarına toxunulan şəxslərdir; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. Lakin işin faktiki hallarına əsasən iddiaçı üçüncü şəxslə həmsərhəd və ya tikinti ərazisindən 20 metrədək məsafədə yerləşən torpaq sahəsinin və ya tikilinin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi olmasına dair sübutları məhkəməyə təqdim etməmiş, belə sübutlar barədə məhkəməyə məlumat verməmişdir.Belə olan halda iddiaçı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 76.1-ci maddəsinə nəzərdə tutulan, tikintiyə icazə ilə bağlı məlumat verilməli və dinlənilməli olan şəxslər kateqoriyasına daxil deyildir. Qanunvericilikdə torpaq üzərində mülkiyyət, icarə və istifadə hüququ olmayan şəxslərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.33, 3.0.34, 76.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər kateqoriyasına aid edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarında üçüncü şəxs C.Bayramovun iddiaçının qonşuluğunda olan torpaq sahəsinin mülkiyyətçisi olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur. Azərbaycan Respublikasının 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ— subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin Məcəllənin 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Cavabdeh tərəfindən üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsində tikinti aparılması ilə bağlı müraciəti tikinti işlərinin qüvvədə olan tikinti norma və qaydalarına uyğun razılaşdırılmış eskiz layihə (Əmlak Layihə Smeta Bürosu MMC-nin işi) əsasında aparılması, tikinti işləri aparılarkən ətraf ərazi sanitar-texniki normalara və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlanması, qanunvericiliklə müəyyən edilmiş qonşuluq prinsipinə riayət edilməsi şərti ilə razılaşdırılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin hərəkətlərində üçüncü şəxsə münasibətdə məlumatlandırma icraatının tətbiqi zamanı iddiaçının dinlənilməməsi və ona məlumat verilməməsi, üçüncü şəxsin müraciəti əsasında məlumatlandırma icraatının tətbiq edilməsi ilə qanun pozuntularına yol verilməsi müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda qeyd edilən hallara məcmu şəkildə qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin X8 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 24D ünvanda apardığı tikintiyə dair hərəkətsizliyinin qanunsuz hesab edilməsi və Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərinə əsasən Bayramov Canəli Abutalıb oğlunun ünvan 2 ünvanda apardığı tikinti işlərinə dair ərizəsinə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən irad verilməsi vəzifəsinin qoyulması barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34, 68-ci, 69cu,85-ci, 110-cu maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin X8 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 24D ünvanda apardığı tikintiyə dair hərəkətsizliyinin qanunsuz hesab edilməsi və Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərinə əsasən Bayramov Canəli Abutalıb oğlunun ünvan 2 ünvanda apardığı tikinti işlərinə dair ərizəsinə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən irad verilməsi vəzifəsinin qoyulması barədə iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-950/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-950/2021
15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver