Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-950/2025 07.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə 07 yanvar 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək pensiyasından tutulmalar barədə hərəkətinin qanunsuz hesab edilməsi, əmək pensiyasından edilən qanunsuz tutulmaların dayandırılması və əmək pensiyasından tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-2051/2024 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-2051/2024 saylı qərarın ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 iyun 2017-ci il tarixdən iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının miqdarı hazırkı tarixdə 2223,57 manat miqdarındadır. İddiaçı pensiya məbləğindən 146,03 manat çıxılması barədə bildiriş almışdır. Həmin məbləğin hansı səbəbdən geri çıxılmasmı öyrənmək üçün Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə müraciət edərkən məlum olmuşdur ki, həmin şöbə ona məktub göndərərək, əmək pensiyasının artıq hesablanmasını əsas gətirərək, həmin məbləğin çıxılacağı bardə ona xəbərdarlıq məktubu göndərmişlər. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının əmək pensiyası 1 iyun 2017-ci il tarixdə Qanunun 20.11-ci və 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddələrinə əsasən 11 il 1 ay 14 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının-2048,11 manatın (əmək haqqı barədə arayışa uyğun olaraq, son 24 ay üzrə ödənilmiş 49154,71 manatın 24-ə olan nisbəti) 60 faizi-1228,87 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 11 il 1 ay 14 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 36,94 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1160,00 manat, qulluq stajına görə əlavəsi 178,87 manat, ixtisas dərəcəsinə görə əlavəsi 130,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 592,81 manat, digər növ əlavəsi 135,42 manat olmaqla orta aylıq əmək haqqı 2197,10 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (2048,11 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (2197,10 manat) arasındakı fərq məbləğinin (148,99 manat) 36,94 faizi-55,04 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (1228,87 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1283,91 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1740,00 manat, qulluq stajına görə əlavəsi 268,31 manat, ixtisas dərəcəsinə görə əlavəsi 130,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 889,21 manat, digər növ əlavəsi 135,42 manat olmaqla orta aylıq əmək haqqı 3162,94 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (2197,10 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (3162,94 manat) arasındakı fərq məbləğinin (965,84 manat) 36,94 faizi- 356,78 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (1283,91 manat) üzərinə əlavə olunmaqla pensiyası 1640,69 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2021- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1762,36 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə ona 2798,41 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 2070,06 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2223,57 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə ona 1842,12 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda, 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla əmək pensiyalarının indeksləşdirilməsi ilə iddiaçının pensiyası cari ayda 2301,91 manata artırılıb. Qeyd olunanlara əsasən cari ilin yanvar ayı üzrə ona 2301,91 manat əmək pensiyası ödənilməli olduğu halda, 2223,57 manat ödənilib. Bu səbəbdən də həmin ay üzrə ona ödənilməli olan 78,34 manat fərq məbləği hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1 -ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya son üç il üzrə ümumilikdə 4562,19 (2798,41+1842,12-78,34) manat artıq pul vəsaiti ödənilib. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia üzrə birinci tələb (qərarın ləğv edilməsi) mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. İrəli sürülmüş iddia üzrə ikinci tələb (tutulmuş məbləğin geri qaytarılması) öhdəliyin haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-3-2051/2024 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, inventarizasiya ilə əlaqədar iddiaçının pensiya məbləği 2472,61 manatdan 2301,91 manata endirilmişdir. “Pensiya təyinatı” altsistemindın çıxarışdan görünür ki, iddiaçının pensiyasından bugünədək aparlmış tutulmanın məbləği 146,03 manat olmuşdur. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.(xx.xx.2017-dək qüvvədə olan redaksiya) Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İş materiallarından müəyyən edilir ki, iddiaçının pensiyası 1 iyun 2017-ci il tarixdə Qanunun 20.11-ci və 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddələrinə əsasən 11 il 1 ay 14 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının-2048,11 manatın (əmək haqqı barədə arayışa uyğun olaraq, son 24 ay üzrə ödənilmiş 49154,71 manatın 24-ə olan nisbəti) 60 faizi-1228,87 manat məbləğində hesablanıb. Cavabdeh mübahisələndirilən qərarın qəbul edilməsini onunla izah edir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (2197,10 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (3162,94 manat) arasındakı fərq məbləğinin (965,84 manat) 36,94 faizi-356,78 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (1283,91 manat) üzərinə əlavə olunmaqla pensiyası 1640,69 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2021xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1762,36 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə ona 2798,41 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 2070,06 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2223,57 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə ona 1842,12 manat artıq pul vəsaiti ödənilib. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən mütəxəssis X2 bildirmişdir ki, iddiaçıya təyin edilmiş əlilliyə görə dövlət qulluqçusu kimi əmək pensiyasındaninventarizasiyası nəticəsində artıq ödəmə aşkarlanmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2017-ci ildə təyinat zamanı məzuniyyətə görə alınan pul məbləği mükafata görə verilən pul məbləği ilə birlikdə faiz şəklində göstərilərək nəzərə alınmışdır. İnventarizasiya nəticəsində düzəlişlər edilərək mükafatlar qrafasında yazılan məbləğlər faiz şəklində, məzuniyyətlər qrafasında yazılan məbləğlər isə hesablama qaydasına uyğun olaraq cəm şəklində nəzərə alınıb 24 aya bölünərək qeyd olunmuşdur. Nəticədə qeyd olunan düzəlişlər edildikdən sonra pensiya məbləği azalaraq 2472,61 manatdan 2301,91 manata endirilmişdir. Qeyd olunanları nəzərə alaraq, 3-17-1/3-3-2051/2024 nömrəli qərara əsasən xx.xx.2021-xx.xx.2024-cü il tarixləri aralıqda pensiyadan 4562,19 manat artıqödəmə yaranmışdır və xx.xx.2022-xx.xx.2022 aralıqda maddi yardımdan 146,03 manat artıqödəmə tutulmuşdur. Tutulan 146,03 manat artıq ödəmə - DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən təyin edilmiş pensiya məbləğinin 10% maddi yarıdımı ilə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən inventarizasiya nəticəsində təyin edilmiş pensiya məbləğinin 10% maddi yardımı arasındakı yaranan artıq alınan fərq məbləğidir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının pensiyasının yenidən hesablanması zamanı yol verilmiş səhv davam etdirilə bilməzdi və cavabdeh məbləğin yenidən hesablanaraq azaldılmasında haqlı olmuşdur. Qeyd edilənlərə əsasən mübahisələndirilən qərarla iddiaçının pensiyasının 2301,91 manat müəyyən edilməsi qanuni və əsaslıdır. Məhkəmə ikinci tələbə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Beləliklə, göründüyü kimi cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılması barədə nə iddiaçının razılığını almadan, nə də məhkəmədə müvafiq iddia qaldırmadan iddiaçının pensiyasından faktiki olaraq tutulma həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin tutulma aparılmasına dair hərəkəti qanunsuz hesab olunduğundan onun nəticələri də aradan qaldırılmalı iddiaçıya ödənilən pensiyasından tutulan məbləğ geri qaytarılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia “tutulmuş məbləğin geri qaytarılması” hissəsində təmin edilməli, qalan hissə isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən - tutulmuş məbləğin geri qaytarılması hissəsində təmin edilsin. Cavabdehin İddiaçı pensiya məbləğindən tutulma aparması qanunsuz hesab edilsin və tutulmuş 146,03 manat pensiya məbləğinin geri qaytarılması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-950/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-950/2025
07.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver