Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9506/2024 20.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə qarşı “icra sənədinin qaytarılması vəzifəsinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2297/2021-018 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin həmin məhkəməyə qaytarılması vəzifəsinin qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2297/2021 nömrəli qətnaməsinə əsasən X1 29000 manat, iddiaçıdan isə 6500 ABŞ dollar (ödəniş günü qüvvədə olan manata məzənnədə Azərbaycan Respublikası Manatı ilə) tutularaq iddiaçılar X2 və X3 verilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2297/2021 nömrəli qətnaməsinə əsasən verilmiş 2(003)-22972021- 018 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmuru xx.xx.2023-cü il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul etmiş, həmin qərarla icranı könüllü olaraq 10 gün müddətində təmin etməyini təklif etmiş, icra könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirləri görüləcəyi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin və icra ödənişinin iddiaçıdan tutulacağı, icra sənədinin icrasını təmin etmək məqsədilə əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulmasını qərara alaraq ona həmin tarixdə “tələbin könüllü icrası haqqında” bildiriş göndərmişdir. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru iddiaçıya xx.xx.2023-cü il tarixdə “xəbərdarlıq” göndərərək icra sənədində olan könüllü olaraq gələcək 10 gün müddətində təmin edilmədiyi göstərilib barəsində qanunamüvafiq qaydada məcburi icra tədbirləri tətbiq olunacağını qeyd etmişdir. Bildirilir ki, iddiaçının tələb yönəldilə bilən daşınar və daşınmaz əmlakları yoxdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-2397/2021 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizə ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 8(003)-294/2023 nömrəli qərardadı ilə ərizəsi rədd edilmişdir. İddiaçı xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq mərkəzinə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, hələ də işlə təmin olunmamışdır. İcra məmuru iddiaçının əmlak vəziyyətini yoxlamış, tələb yönəldilə biləcək heç bir əmlak aşkar edilməmişdir. İddiaçı Azərbaycan Respublikası adından çıxan qətnaməyə hörmətlə yanaşır və qətnamənin icrasından boyun qaçırmır. İşə düzələcəyi halda icra sənədində göstərilən məbləği ödəməyə başlayacaqdır. Lakin nə qədər ki, xəstədir, işi, tələb yönəldilə bilən əmlakı yoxdur icra məmuru da icra sənədini icra edə bilmir. Belə olan halda, icra sənədi onu vermiş məhkəməyə qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq icra icra vərəqəsinin məhkəməyə qaytarılması üçün xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh isə iddiaçının düşdüyü ağır vəziyyəti nəzərə almadan, ərizəsinə cavab vermədən barəsində inzibati protokol tərtib edərək baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərmiş, həmin məhkəmənin 3(008)-1910/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə 500 manat cərimə edilmişdir. Bu cəriməni də ödəməyə maddi imkanı yoxdur, əgər maddi imkanı olsaydı icra sənədi üzrə borcunu ödəyərdi. Barəsində inzibati qərar çıxarıldıqdan sonra cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsinə cavab olaraq yazdığı 856332023-4-35-010 nömrəli xx.xx.2024-cü il tarixli məktubunda əmlak vəziyyətini yoxlamaq məqsədilə tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsilə sorğular edildiyini və tələbin yönəldilə biləcəyi hər-hansı bir danışar-daşınmaz əmlak və gəlirlər aşkar edilmədiyini, yaşadığı ünvan 1 ünvana baxış keçirildiyini, baxış zamanı mənzildə tələbin yönəldilə biləcəyi əmlak aşkar edilmədiyini, bununla bağlı xx.xx.2024-cii il tarixdə akt tərtib edildiyini, daha sonra ölkədən getmək hüququmun müvəqqəti məhdudlaşdırılması barədə xx.xx.2024-cü il tarixdə Sabunçu Rayon Məhkəməsinə təqdimatla müraciət edildiyini, məhkəmənin 8(008)-480/2023 saylı, xx.xx.2023-cii il tarixli qərardadına əsas ölkədən getmək hüququmun müvəqqəti məhdudlaşdırıldığını, bundan başqa icra sənədinin icrasını təmin etmədiyi üçün barəsində inzibati protokol tərtib edilərək baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərildiyini, Sabunçu Rayon Məhkəməsinin 3(008)-1910/2024 saylı, xx.xx.2024-cti il tarixli qərarına əsasən 500 manat məbləğində inzibati qaydada cərimə edildiyini, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2297/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə materiallar toplanaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsulliyyətinə cəlb olunmağı ilə bağlı cinayət işinin başlanılması üçün təqdimatla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət olunacağını göstərmişdir. Lakin inzibati məsuliyyətə cəlb olunması, barəsində cinayət işi başlanıla bilməsi icra sənədini qərəzli olaraq icra etmədiyini sübut etmir. İddiaçı işə düzəldikdən sonra icra sənədi üzrə borcunu ödəmək imkanına malik olacaqdır. İşə düzələnə qədər isə icra sənədi onu vermiş məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında hər hansı üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymış və İPM-in 13-cü maddəsinin tələbinə və «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqeyə uyğun iddiaçıya hüquqi yardım göstərək, icra sənədinin icrası ilə bağlı icra məmurunun qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayətlə bağlı hazırkı tələbinə icra sənədini verən və ya icraya nəzarət edən məhkəməyə müraciət etməyi təklif etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etmiş və tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasını və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının izahatından və və iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2297/2021- 018 saylı icra sənədinin icrası ilə bağlı cavabdeh icra qurumunun hərəkətlərini (hərəkətsizliyini) qanunsuz hesab edir və inzibati məhkəmə icraatı çərçivəsində mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). «İcra haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun: -8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. -26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. -87.1-ci maddəsinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Konstitusiya Məhkəməsinin həmin Qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarında ifadə edilən hüquqi mövqeyinə əsasən: Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Məhkəmə icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi icra qurumunun icra sənədinin icrası ilə bağlı icra icraatı çərçivəsindəki hərəkətləri (hərəkətsizliyi) və onun nəticələri ilə bağlıdır. Bu tələblə inzibati məhkəmə icraatında şikayət ərizəsi adı ilə müstəqil inzibati iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanunun tələbinə əsasən icra sənədinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hazırkı mübahisə üzrə icra sənədi Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmişdir. Həmin icra sənədi üzrə cavabdeh icra qurumunun icra icraatı çərçivəsində hərəkətlərinin qanuniliyinin yoxlanılması ilə bağlı tələb inzibati məhkəmə icraatı qaydasında deyil, qanuni qüvvəsini almış məhkəmə aktlarının icrasının davamı olaraq icra sənədini vermiş və icraya nəzarət edən ümumi məhkəmələrdə şikayət verməklə mübahisələndirilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə ərizəyə inzibati məhkəmə icraatında baxıla bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-9506/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9506/2024
20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver