Məhkəmə qərarları › İş №2-1(112)-9509/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9509/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9509/2023 14.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X12, Cavabdehin nümayəndəsi X8, Üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı "xxxx" Müəssisəsinin cavabdeh Bakı şəhəri X4rşı, üçüncü şəxslər X10 və X6 məhkəmə icraatına cəlb edilməklə “Sərəncamların etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Müəssisəsi cavabdeh Bakı şəhəri X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X11 tərəfindən "Sazi" KM-nin adına tərtib edilmiş 4650 m2 torpaq sahəsinin istifadəsində olmasına dair X7 1250 nömrəli xx.xx.2004-cü il tarixli Sərəncamının əhəmiyyətsiz əqd hesab edilməsi və X7 sabiq sədri X16 tərəfindən müəssisənin 5050 m2 torpaq sahəsinin ayrılmasına dair 1250 nömrəli xx.xx.2004-cü il tarixli Sərəncamını saxtalaşdırmaqla 2005-ci ildə X2 adına 400 m2 torpaq sahəsinin ayrılmasına dair tərtib etmiş olduğu 749/1 saylı xx.xx.2005-ci il tarixli Sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3263/2015 nömrəli, 23 iyun 2015-ci il tarixli xüsusi qərardadı əsasında Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunda davam etdirilən cinayət təqibi üzrə toplanmış materiallarla X7 1250 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamı ilə "Sazi" KM-nin mülkiyyətinə ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, 3- cü Mədən küçəsində yerləşən 5050 m2 torpaq sahəsinin 400 m2 hissəsinin və onun üzərində yerləşən 260 m2 inzibati binasının (qeyri-yaşayış sahəsinin) X7 sabiq sədri X16 müəssisənin 1250 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamını saxtalaşdırmaqla 2005-ci ildə X2 adına 749/1 saylı xx.xx.2005-ci il tarixli sərəncam tərtib edilməsi və "Sazi" KM-nin rəsmi sənədlərinə, konkret olaraq müəssisənin 1250 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamına və eyni zamanda informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməsi, habelə göstərilən sənədlərdə və informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişləri etməsi, yəni müəssisənin sərəncamını eyni nömrəli və eyni tarixli digər saxta sərəncam tərtib etmək yolu ilə mülkiyyətdə olan torpaq sahəsinin ərazisinin 4650 m2 düzəliş etməklə saxtalaşdırılması müəyyən edilmişdir. Bundan sonra X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı - Bakı şəhəri Binəqədi qəsəbəsində yerləşən 400 m2 torpaq sahəsinin adına qeydiyyata alınmaqla, bu barədə çıxarışın verilməsi vəzifəsinin ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsinə tapşırılması barədə iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. X1 400 m2 torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata aldırmasına məhkəmənin 2- 1(81)-4400/2014 nömrəli 09 oktyabr 2014-cü il tarixli qərarı əsasında nail olmuş, qərar qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş və ********** nömrəli xx.xx.2014-cü il tarixli çıxarış əldə etmişdir. Aidiyyəti məhkəmə və hüquq mühafizə orqanlarında uzun sürən birtərəfli və qanuna zidd araşdırmanın nəticəsi olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3263/2015 nömrəli, 23 iyun 2015-ci il tarixli xüsusi qərardadı əsasında Bakı şəhəri Binəqədi rayon prokurorluğunda təsisçilər İddiaçı və X3 şikayət ərizələri üzrə prokurorluğun 202-C-22 nömrəli materialı üzrə aparılmış zəruri istintaq hərəkətləri nəticəsində "Sazi" KM-nin əmlakının bir hissəsi bir qrup şəxsin qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girməsi, konkret olaraq X7 sabiq sədri X16 tərəfindən müəssisənin 1250 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamını saxtalaşdırmaqla 2005-ci ildə X2 adına 749/1 saylı xx.xx.2005-ci il tarixli sərəncam tərtib edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim Sevinc Aliyeva) 2-1(81)-4400/2014 nömrəli 09 oktyabr 2014-cü il tarixli qərarı iddiaçı X2 iddia ərizəsinin əsasını təşkil edən X7 749/1 saylı xx.xx.2005-ci il tarixli Sərəncamı X7 sabiq sədri X16 tərəfindən "Sazi" KM- nin 1250 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamını saxtalaşdırmaqla 2005-ci ildə X2 adına 749/1 saylı xx.xx.2005-ci il tarixli sərəncam tərtib etdiyini, bununla da vəzifəli şəxs statusundan istifadə edərək bələdiyyənin rəsmi sənədlərinə və informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil etməsi, habelə göstərilən sənədlərdə və informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi şəklində vəzifə saxtakarlığı cinayətinin törətməsini etiraf etmişdir. Nəticə etibarı ilə, "Sazi" KM-nin balansında olan xüsusi mülkiyyət hüququ çərçivəsində daşınmaz əmlakından qanunsuz məhrum olunmasına və müəssisəyə xeyli miqdarda maddi ziyan vurulması ilə müşayiət edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 1.05.2023-cü il tarixli qərardadı ilə X10 və X6 zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq, məhkəmənin 14 iyun 2023-cü il tarixli iclasında iddiaçıya hüquqi yardım göstərilərək iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmənin iclasında iddiaçının nümayəndəsi və vəkili izah edilənlərin ona aydın olduğunu, iddianın mümkün hesab edilərək mahiyyəti üzrə baxılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, iddiaçı tərəf bələdiyyənin mübahisələndirilən qərarlarından 2022-ci ildə məlumatlı olmuşdur. Cavabdehin nümayəndəsi verdiyi izahatında iddiaçıya bələdiyyənin qərarı ilə torpaq sahəsinin ayrıldığını bildirmişdir. İddianın mümkün sayılmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Üçüncü şəxs izahatında iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsası ilə iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş digər üçüncü şəxs X6 məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə iddia ərizəsinin əsaslandırılması zamanı Mülki qanunvericilikdə əqdlərin etibarsızlığı ilə bağlı normalara, Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarındakı əqdlərin etibarsızlığı ilə bağlı hüquqi mövqelərə istinadı ilə bağlı qeyd edir ki, əqdlərin etibarsızlığı inzibati mühakimə icraatının deyil, mülki mühakimə icraatınının predmetidir. Hazırkı işdə iddiaçı cavabdeh inzibati orqanın Sərəncamlarını mübahisələndirir ki, mübahisələndirilən həmin Sərəncamlar inzibati akt olmaqla müqavilə deyildir. Ona görə də, iddia tələbinin X7 1250 nömrəli xx.xx.2004-cü il tarixli Sərəncamının əhəmiyyətsiz əqd hesab edilməsi hissəsi məhz bu əsasla mümkünsüzdür. Bundan başqa iddia ərizəsinin bu cür yazılışı formal xəta hesab edilsə belə, iddia tələbinin mümkünlük şərtləri yenə də ödənilmir. Belə ki, iddiaçı hazırkı tələbində cavabdehin Sərəncamlarının etibarsız hesab edilməsini xahiş edir. Mübahisələndirilən Sərəncamlar 2004 və 2005-ci il tarixlidir. Hazırda qüvvədə olan İPM-nin tələblərinə əsasən inzibati aktın etibarsızlığı müəyyən etmə və tanınma haqqında iddia növündə irəli sürülmüşdür. Belə ki, İPM-in həmin iddia növünü tənzimləyən 36.1-ci maddəsinə əsasən müəyyən etmə və tanınma haqqında iddia vasitəsilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin maddənin 4-cü bəndinə əsasən, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Məhkəmə qeyd edir ki, subsidiarlıq tələbinə əsasən müəyyən etmə haqqında iddia iddiaçının öz məqsədinə mübahisələndirmə, məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə nail olmaq imkanı olduğu halda mümkünsüzdür. Beləliklə, müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə olan maraq barəsində olan ümumi tələbdir. İddiaçı iddia müddətini ötürdüyü təqdirdə eyni məsələ ilə bağlı müəyyən etmə haqqında iddia qaldıra bilməz. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında deyilir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İPM-in 2.2.1, 32 və 70–72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Qərarda sonra deyilir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirilən Sərəncamlar qəbul edilən vaxt İPM qüvvədə olmamış, həmin vaxt qüvvədə olan Mülki Prosessual Məcəllədə inzibati orqanların hərəkətlərinin və qərarlarının mübahisələndirilməsi təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296-cı maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. Ərizə bu Məcəllənin 4cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 298-ci maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının mübahisə açdığı sərəncamlar 2004 və 2005-ci il tarixlidir. Həmin Sərəncamların qəbul edilməsindən 19 ilə yaxın müddət keçmişdir. İddiaçı isə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməyərək məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi sərəncamların etibarsızlığı ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin həmin Sərəncamlardan iddiaçı tərəfin 2022-ci ildə məlumatlı olması ilə bağlı dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, əvvəla iddiaçı həmin Sərəncamlardan 2022-ci il tarixdə məlumatlı olsaydı belə, hazırkı tələblə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət edərək hazırda qüvvədə olan İPMnin 38.1-ci maddəsində nəzərdə tutulmuş bir aylıq müddəti ötürmüşdür. Bundan başqa məhkəmə həmin dəlili əsaslı hesab etməyərək qeyd edir ki, tərəflər arasında məhkəmə mübahisələri uzun müddətdir ki, davam edir. İddia ərizəsinə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Xüsusi qərardadından müəyyən edilir ki, həmin mülki işə baxılan zaman hazırkı iş üzrə iddiaçı Kiçik Müəssisənin təsisçisi (İddiaçı) həmin məhkəmə iclasında iştirak etmiş və həmin işə baxılarkən hazırda mübahisələndirilən Sərəncamların mövcudluğundan məlumatlı olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Müəssisəsinin cavabdeh Bakı şəhəri X4rşı, üçüncü şəxslər X10 və X6 məhkəmə icraatına cəlb edilməklə “Sərəncamların etibarsız edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar