Məhkəmə qərarları › İş №2-1(112)-951/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-951/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-951/2024 05.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ayrıc aktından kənarda yerləşir. Bundan əlavə, İdarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin bir hissəsinin digər torpaq sahələri ilə ümumi istifadədə olan keçid yolu kimi istifadə olunduğu məlum olmuşdur. Həmçinin təqdim olunmuş yerləşmə cizgisi ilə torpaq sahəsinin faktiki ölçülərində fərq mövcuddur. Qeyd olunanlarla yanaşı, sənəd üzrə torpaq sahəsinin ölçüsü 800 kv.m qeyd edilsə də, faktiki 665 kv.m təşkil edir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X12 ünvanında yerləşən 0.08 ha 5-21 kodlu torpaq sahəsinin onu adına qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsini öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməski barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X12 ünvanında yerləşən 665 kv.m 5-21 kodlu torpaq sahəsinin onu adına qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsini öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 tərəfindən xx.xx.2003-cü il tarixli 28 nömrəli "Vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında" Əmrlə Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı X6 X4 17 may 2003-cü il 02 saylı protokolu nəzərə alınmaqla baş plana uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X12 ünvanında yerləşən fərdi mənzil tikintisi üçün 0.08 ha 5-21 kodlu torpaq sahəsi ayrılmışdır. Həmin torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh "elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi X6 Sovxozunun ayrıc aktından kənarda yerləşməsini, torpaq sahəsinin bir hissəsinin digər torpaq sahələri ilə ümumi istifadədə olan keçid yolu kimi istifadə olunduğunu, həmçinin təqdim olunmuş yerləşmə cizgisi ilə torpaq sahəsinin faktiki ölçülərində fərq olduğunu" əsas gətirərək hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 tərəfindən ona torpaq ayrıldıqdan sonra həmin idarənin əməkdaşları onu plan sxemlə tanış etmişlər və həmin yerdə kənar ölçüləri illə tanış etməklə torpağı ona göstərmişlər və o da həmin yeri hasara almışdır. 2003-cü ildən bu günədək həmin torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Ona görə də həmin torpaq sahəsinin dövlət qeydiyуatına alınması və çıxarışın verilməsi zəruridir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən əsaslara istnad edərək qeyd etmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ayrıc aktından 80 metr kənarda yerləşir. Bundan əlavə, təqdim olunmuş yerləşmə cizgisi səlahiyyətli şəxsin möhürü ilə təsdiq olunmamış, istinad və məsafələr göstərilməmişdir. Həmçinin yerləşmə cizgisi ilə torpaq sahəsinin faktiki ölçülərində fərq mövcuddur. Eyni zamanda idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin bir hissəsinin digər torpaq sahələri ilə ümumi istifadədə olan keçid yolu kimi istifadə olunduğu məlum olmuşdur. Qeyd olunanlarla yanaşı, sənəd üzrə torpaq sahəsinin ölçüsü 800 kv.m qeyd edilsə də, faktiki 665 kv.m təşkil edir. İddiaçı teleqram ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasında ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmindən çıxarışdan görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X8) Həmkarlar Təşkilatının xx.xx.2003-cü il tarixli, 02 saylı protokolu nəzərə alınaraq baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən İddiaçı 0,08 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 xx.xx.2017-ci il tarixli, 482 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən X8 (Buzovna Tərəvəzçilk-Südçülük Sovxozu) tərəfindən 21 may 2003-cü il tarixli 28 nömrəli Əmrindən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,08 ha hesabı ilə 5-21 kodlu torpaq sahəsi ayrılmışdır. 5-21 kodlu torpaq sahəsinin ölçüsü sənəd üzrə uyğundur. Məhkəmə mübahisəsi yoxdur. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X1 xx.xx.2023-cü il 1-2-27/2- 202/2023 saylı məktubundan görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 balansında olan torpaq sahələrinin vətəndaşların adına ayrılması haqqında, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Dövlət Əmlak Komitəsi tərəfindən birgə qəbul edilmiş və təsdiqlənmiş siyahı üzrə sənədləşmə aparılır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 saxlanılan sənədlərə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən müəssisənin balansında olan torpaq sahəsindən İddiaçı fərdi mənzil tikintisi üçün 0.08 ha hesabı ilə 5-21 saylı həyətyanı torpaq sahəsi ayrılmışdır. Cavabdedehin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-21611/2023 **********11 saylı məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən daşınmaz əmlak hüquq müəyyənedici sənəd üzrə ümumi sahə 800.0 kv.m, faktiki sahə isə 665.0 kv.m müəyyən edilmişdir. Torpaq sahəsi m/daş hasar daxilindədir və m/daş hasar ilə iki hissəyə bölünüb. Bir tərəf yol, bir tərəf dalan, iki tərəf qonşudur. Sahədə bir mərtəbəli yaşayış evi və 1 mərtəbəli natamam (yaşayış evi) tikili var. Torpaq sahəsinin az olmasına səbəb, ərizəçinin qonşu sahələrə yol verməsidir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi mişar daş hasar daxilindədir və mişar daş hasar ilə iki hissəyə bölünmüşdür. Bir tərəf yol, bir tərəf dalan, iki tərəf qonşudur. Ərazinin sənəd üzrə sahəsi 800.0 kv.m, faktiki sahəsi isə 665.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X7 ayrılmış ərazinin ayrıcından kənarda yerləşir və Dövlət mülkiyyətindədir. Sahənin şimal tərəfindən qonşu sahələrlə ümumi istifadədə olan dalan (yol) mövcuddur. Bundan əlavə qonşu sahələrin qeydiyyatı barədə elektron bazada məlumat aşkar olunmamışdır. Həmçinin cizgidə istinad və məsafələr qeyd edilməmişdir. İş materialarından görünür ki, iddiaçı hazırda onun faktiki istifadəsində olan bu torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin maddəyə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X8) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X8 rəhbərinin (direktor və s.) əmrini bu əsaslardan birinə aid etmişdir, hansı ki, iddiaçı bu əsası - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrindən çıxarışı cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ona ayrılmış həmin torpaq sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən qeyd edilən torpaq sahəsinin Prezidentin İşlər İdarəsinin X5 balansına ayrılmış ərazinin ayrıc aktından kənarda yerləşməsinə istinad etmişdir. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır və qeyd edir ki, birincisi, iddiaçı hüququnun qeydə alınması üçün qanunvericiliklə zəruri olan hüquqmüəyyənedici sənədi cavabdehə təqdim etmişdir, həmin əmr qüvvədədir, ləğv olunmamış, geri çağırılmış, dəyişdirilmiş və ya qüvvədən düşmüş hesab olunmamışdır. İkincisi, torpaq sahəsi iddiaçıya 2003-cü il tarixdə ayrılmış, həmin vaxt Prezidentin İşlər İdarəsinin X7 ayrılmış torpaq sahəsinin dəqiq koordinatlarını müəyyən edən xəritə olmamış, iddiaçıya ayrılmış torpaq sahəsinin müvafiq ayrıc aktından kənarda yerləşməsi iddiaçının məsuliyyətində olmamışdır. Bundan əlavə, cavabdeh təqdim olunmuş yerləşmə cizgisinin səlahiyyətli şəxsin möhürü ilə təsdiq olunmaması və istinad və məsafələrin göstərilməməsini bildirsə də, işdə olan cizgidə həm torpaq ayıran qurumun möhrü olmuş, həm də torpaq sahənin ölçüləri göstərilmişdir. Cavabdeh etirazında həmçinin torpaq sahəsinin bir hissəsinin digər torpaq sahələri ilə ümumi istifadədə olan keçid yolu kimi istifadə olunduğuna, faktiki sahənin 665 kv.m təşkil etdiyinə istinad etsə də, məhkəmə qeyd edir ki, bu hallar iddiaçının hüquqlarının qeydə alınmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X12 ünvanında yerləşən, 5-21 kodlu 665 kv.metr sahəsi olan torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar