Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-951/2025 09.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X9) qarşı “fərdi yaşayış evinə yeni ünvan verilməsi və sair” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrində eyni ünvan üzrə (Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 16a) X3 və İddiaçı asına qeydiyyata alınmış fərdi yaşayış evlərini fərqləndirmək üçün İddiaçı məxsus yaşayış evinə yeni fərdi ünvan verilməsini xahiuş etmişir. Cavabdeh iddiaçıya ünvanladığı 23 yanvar 2024-cü il tarixli cavab məktubunda göstərmişdir ki, müraciətdə göstərilən fərdi yaşayış evinin ünvan 3 ünvan rekviziti arxiv və baza məlumatlarına əsasən təkrarlanır. Fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər toplusu idarəyə təqdim olunacağı təqdirdə yeni ünvan verilməsi məsələsinə baxılacaqdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-2151/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 321-3-30/2-576/2024 nömrəli məktublarının imtina cavabı kimi qiymətləndirilməsi, daşınmaz əmlakın dövlət reyestrində eyni ünvan üzrə- ünvan 4ə X4 adına qeydiyyata aldıqları fərdi yaşayış evlərini fərqləndirmək üçün, iddiaçıya məxsus fərdi yaşayış evinə yeni ünvanın verilməsi, evlərin istifadəsində olan torpaq sahələrinin texniki sxem üzrə ayrılması, evə daxil olmaq üçün yeganə cığır yolunun iddiaçının istifadəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinin xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X9 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “evlərin istifadəsində olan torpaq sahələrinin texniki sxem üzrə ayrılması, evə daxil olmaq üçün yeganə cığır yolunun iddiaçının istifadəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş MN seriyalı, ******* nömrəli xx.xx.2006-cı il tarixli dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanda yerləşən bir otaqlı, 20 kv.m. yaşayış sahəsi, 13 kv.m. köməkçi sahəsindən ibarət 2 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Daşınmaz Əmlakın Dövlət Kadastr və X29 Şəxsin 1 saylı Bakı Ərazi İdərəsinin xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, eyni ünvan üzrə, yəni ünvan 7 ünvanda yerləşən başqa fərdi yaşayış evi xx.xx.2002-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. Eyni ünvan üzrə müxtəlif fərdi yaşayış evlərinə, ayrı-ayrı fiziki şəxslərin adlarına dövlət reyestrində mülkiyyət hüququ ilə müstəqil qeydiyyat aparılmış və hər bir mülkiyyətçiyə ayrıca çıxarış verilmişdir. Evlər dövlət reyestrində ümumi paylı mülkiyyət hüququ ilə qeydiyyat alınmadığı üçün hər bir evə ayrıca ünvan verilməlidir. Sözügedən evlərə müstəqil ünvan verilmədiyi üçün mənzil mülkiyyətçilərinin ailə üzvələrinin hansı evdə qeydiyyatda olduqlarını, habelə evlərə aid olan torpaq sahələrinin, yəni hər bir mülkiyyətçinin istifadəsində olan torpaq sahələri müəyyən etmək mümkün deyil. Evlər üzrə ümumi istifadə olan torpaq sahələri barədə mülkiyyətçilər arasında mübahisələr baş vermişdir: X2 oğlu X19 özbaşınalıq edərək iddiaçının evindən küçəyə çıxan, eni cəmi 1 metr olan giriş-çıxış yolunun ona məxsus olduğunu iddia edərək həmin yolu bağlayıb kəsəcəyi ilə iddiaçını təhdid edir. Bu yol iddiaçının mənzilinə daxil olmaq üçün yeganə cığır yoludur, əks halda evə daxil olmaq mümkün deyil. Göstərilən qeyri-müəyyənliklər iddiaçının həmin daşınmaz əmlak üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Ümumi ünvan üzrə qeydiyyatda olan, lakin digər evdə yaşayan ailə üzvlərinin notariat qaydasında razılığı olmadan iddiaçı (evin mülkiyyətçi) öz fərdi yaşayış evinin üzərində sərəncam verə bilmir, evi sata, bağışlaya və digər formada özgəninkiləşdirə bilmir. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəmə təqdim etdiyi etirazda qeyd edilmişdir ki, müraciətdə göstərilən fərdi yaşayış evinin ünvan 3 ünvan rekviziti arxiv və baza məlumatlarına əsasən təkrarlanır fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər toplusu idarəyə təqdim olunacağı təqdirdə yeni ünvan verilməsi məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 168 nömrəli xx.xx.2002-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının 3 nömrəli xx.xx.2002-ci il tarixli protokolundan çıxarışdan görünür ki, Ermənistan Respublikasından qaçqın düşmüş İddiaçı yaşadığı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 16a nömrəli özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsi qərara alınmışdır. İş materiallarında olan MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsində istifadədə olan 0.00411 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 20.5 kv.m yaşayış, 13 kv.m köməkçi sahədən ibarət 16a nömrəli fərdi yaşayı evinə iddiaçının mülkiyyət hüququ xx.xx.2006-cı il tarixdə qeydə alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X17 qizi, xx.xx.2012; X8, xx.xx.2012; X14 qizi, xx.xx.1967; X12 qizi, xx.xx.2017; X28 qizi, xx.xx.1982; X5, xx.xx.1991; X21, xx.xx.1993; X30 qizi, xx.xx.1971; X16, xx.xx.1968; X25, xx.xx.2008; X22, xx.xx.2003; X13 qizi, xx.xx.1984; X1, xx.xx.1960 Baki şəhəri, ünvan 8 ünvanında qeydiyyatdadırlar. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 16A saylı fərdi yaşayış evi xx.xx.2002-ci il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda adındadır. Sözügedən evin yerləşdiyi torpaq sahəsinin qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir. Cavabdehin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, iddiaçının müraciətində göstərilən fərdi yaşayış evinin ünvan 3 ünvanı rekviziti arxiv və baza məlumatlarına əsasən təkrarlanır. İddiaçı hazırda mülkiyyətində olan yaşayış sahəsinin ünvanının təkrarlanmasına istinad edərək, ona yeni ünvan verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.4-cü maddəsinə əsasən məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"na əsasən: - 1.1. Bu qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. - 1.2. Ünvan reyestri vahiddir və Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir. - 1.4. Ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. - 1.5. Ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir - 2.4. Ünvan reyestrində saxlanılan məlumatlara dəyişiklik edilməsinə əsas olan aşağıdakı hallar baş verdiyi və ya bu barədə müraciət edildiyi tarixdən 3 (üç) iş günü müddətində dəyişiklik edilir: daşınmaz əmlak obyektinin yerləşdiyi ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada adı dəyişdirildikdə, habelə müvafiq nəqliyyat infrastrukturu obyektinə yeni ad verildikdə və ya onun adı dəyişdirildikdə (bu halda ünvan nömrələri dəyişilmir); texniki səhvlər aradan qaldırıldıqda; ünvanın statusu dəyişdikdə; məhkəmənin qərarı olduqda; nəqliyyat infrastrukturu obyekti yenidən qurulduqda; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlak obyekti məhv olduqda. -3.7. Daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.1-1. ərazi vahidi üzrə poçt indeksi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; 3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd; 3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə). - 3.9. Çoxmənzilli binaların, qeyri-yaşayış binalarının, onların tərkib hissələrinin və fərdi yaşayış evlərinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir. İstinad olunan normalardan görünür ki, ünvan, daşınmaz əmlakın xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən rekvizitdir. Ünvan özündə müəyyən rekvizitləri ehtiva etməklə, təkrarolunmaz olmalıdır. Lakin işin hazırkı hallarından görünür ki, iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanı rekviziti təkrarlanır. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilmir. Belə olan halda aydındır ki, iddiaçının, mülkiyyətində olan daşınmaz əmlakın xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yeri müəyyən etmək üçün təkrarlanmayan ünvan rekvizitinə malik olmaq hüququ vardır və o tələbində haqlıdır. Cavabdeh iddiaçının müraciəti ilə bağlı verdiyi cavab məktubunda fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər toplusu idarəyə təqdim olunacağı təqdirdə yeni ünvan verilməsi məsələsinə baxılacağını bildirsə də, bütün sənədlərin arxivində olmasını nəzərə almamışdır. “İnzibati icraat haqqında” Qanunun 30.5-ci maddəsinə görə inzibati orqan tərəfindən qanunla ərizəyə əlavə edilməli olan sənədlərin və ya məlumatların X11 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X11 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Həmin sənədlər bu Qanunun 32.4-cü maddəsinə uyğun olaraq kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər. Bundan əlavə, "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na əsasən: -3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi, tikintisi başa çatmayan daşınmaz əmlak obyektlərinə münasibətdə həmçinin sifarişçisi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Dövlət Xidmətinə müraciət edir. - 3.4. Ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir. Göründüyü kimi, Qaydalarda şəxsin ünvan verilməsi ilə bağlı müraciətinə hər hansı bir sənədin əlavə edilməsi nəzərdə tutulmamışdır. Beləliklə, işin yuxarıda istinad olunan hallarından müəyyən olunur ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi ünvanında yerləşən 16a saylı fərdi yaşayış evinə yeni ünvan verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-951/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-951/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver