Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9511/2025 17.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçılar İddiaçı və Cavabdeh1 iştirakları ilə, iddiaçılar İddiaçı və Cavabdeh1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasporta düzəliş edilərək, məhkəmənin qərarına uyğun olaraq texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanındakı fərdi yaşayış evinə dair verilmiş texniki pasportra düzəliş edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1965/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına uyğun olaraq texniki pasportun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və işin mümkünlük məsələsinin müzakirə edilməsi üçün hazırlıq iclası təyin edilərək tərəflərə bildiriş göndərilmişdir. Qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında hər hansı üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddianın mümkünlüyü məsələsi müzakirə edilərək iddiaçıların fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələblərinin, narazılıqlarının Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)-1965/2019 saylı qərarının cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilməməsi ilə bağlı olduğunu bildirdilər və iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İstinad olunan Ali Məhkəmənin Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (6.1, 6.2 və 7-ci bəndlər). Hazırkı işin müəyyən edilmiş hallarına görə, Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(82)-137/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X10, X6, X13, X1, X7, X3, X2, X4 və X8) qarşı iddiası təmin edilmiş, xx.xx.2017-ci il tarixli, **********96-10301 reyestr nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində yerləşən 25 nömrəli evin texniki pasportunda ona aid olan “A” tikilisinin palnı olan səhifəsində yanlış olaraq 13,6 kv.m rəsmi qeyd edilən, lakin faktiki olaraq olmayan otaqların texniki pasportdan çıxarılması və bundan başqa faktiki olaraq mövcud olan, lakin texniki pasportda göstərilməyən mətbəxin rəsmi olaraq texniki pasporta salınaraq, İddiaçı yeni texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Həmin qərar cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya qaydasında mübahisələndirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1965/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə şikayət cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(82)-137/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı qismən ləğv edilmiş, iddia tələbi “xx.xx.2017-ci il tarixli, **********96-10301 reyestr nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində yerləşən 25 nömrəli evin texniki pasportunda göstərilməyən mətbəxin rəsmi olaraq texniki pasporta salınması ilə ona yeni texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” hissəsində rədd edilmişdir. Qərar qalanxx.xx.2017-ci il tarixli, **********96-10301 reyestr nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində yerləşən 25 evin texniki pasportunda ona aid olan “A” tikilisinin palnı olan səhifəsində yanlış olaraq 13,6 kv.m rəsmi qeyd edilən, lakin faktiki olaraq olmayan otaqların texniki pasportdan çıxarılaraq ona yeni texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə üçüncü şəxs X10 qeyd olunan qərardan kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1425/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1965/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1965/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı qanuni qüvvəsini aldığından Bakı İnzibati Məhkəməsi tərəfindən icraya yönəldilmişdir. İndiki halda iddiaçıların narazılığı həmin qərarın cavabdeh qeydiyyat orqanı tərəfindən tərəfindən icra edilməməsi ilə bağlıdır. Bununla əlaqədar onlar hazırkı tələblə cavabdehə qarşı məhkəmədə iddia qaldırmışlar. Məhkəmə hesab edir ki, iddiaçılar hüquqi marağına uyğun olaraq öz məqsədlərinə nail olmaq üçün əlverişli hüquqi müdafiə vasitəsindən istifadə etməmişlər. Belə ki, mübahisə bilavasitə məhkəmə qərarının icrası ilə bağlı olduğundan və bu mübahisəyə həmin icraat çərçivəsində hüquqi qiymət verilməli olduğundan hazırkı işə iddia icraatı qaydasında deyil, qeyd olunan qanuni qüvvəsini almış məhkəmə aktının icrasının davamı olaraq icra icraatı qaydasında baxılmalıdır. Bununla bağlı isə İddiaçı (və ya onun səalhiyyətli nümayəndəsinin) qərarı icraya yönəltmiş və icraya nəzarət edən aidiyyəti inzibati məhkəməyə ərizə ilə müraciət etmək hüququ vardır. Belə ki, İPM-in 116.2-ci maddəsinə əsasən, məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Həmin Məcəllənin 120.1-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Həmin Məcəllənin 120.2-ci maddəsinə əsasən, bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən, baxılan iş üzrə mübahisə məhkəmə qərarının icrası ilə bağlı yarandığından, beləliklə də hazırkı işə ayrıca iddia tələbi kimi deyil, məhkəmə qərarlarının icrası qaydasında baxılmalı olduğundan iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçılara münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-9511/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9511/2025
17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver