Məhkəmə qərarları › İş №2-1(112)-9513/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9513/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9513/2024 29.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük ərazisində yerləşən ümumi sahəsi 12 sot olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X5 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, atası X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X1 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Atası və anası sağlıqlarında Hövsanda yerləşən sovxozda anası sağıcı, atası isə traktorist işləmişdir. Onlar orada işləyərkən atası Azərbaycan SSR Abşeron rayonu Hövsan Südçülük tərəfindən 1988-ci ilin noyabr ayında 12 sot torpaq evlə birlikdə verilmişdir. Həmin vaxtdan da orada yaşamışlar. O və qardaşları burada doğulub yaşamışdırlar. Atasının vəfatından sonra vərəsəlik işinin açılması ilə bağlı olaraq tərəfindən notariat orqanına müraciət olunmuş və xx.xx.2023-cü il tarixdə 25 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra onun mərhum atasından qalan əmlaka dair müvafiq arayışın verilməsi ilə cavabdeh orqana müraciət etsə də, xx.xx.2024cü il tarixli 321332/2-01180/24 saylı məktubla müraciəti müsbət həll edilməsində imtina olunmuşdur. Belə ki, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd xx.xx.2001-ci il tarixə kimi olan texniki pasportların təqdim edilməməsi səbəbindən müraciətini müsbət həll edilməsindən imtina edilmişdir. 1988-ci ilin noyabr ayında onun mərhum atasına verilmiş texpasportu təqdim etmişdir. Buna baxmayaraq ona əsassız imtina olunub. Beləliklə, cavabdeh orqan əsassız yerə əmlakın özəlləşdirilməsinə maneə yaradaraq konstitusion hüquqlarına toxunmuşdur. Məhz bu səbəbdən də qanunla qorunan hüquqlarının bərpa edilməsi məqsədilə ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir. Həmçinin, cavabdehin imtinasında qeyd edilmiş torpaq sahəsinə dair texpasportun olmaması göstərilsə də o, həmin pasportu ora təqdim etsə də yenə ona imtina veriblər. Sözügedən torpaq sahəsi qanuni əsasla mərhum atası Əzizağa Askərova verilmişdir. Həmin torpaq sahəsinin pasportu ola-ola cavabdeh orqan tərəfindən sözügedən əmlaka dair hüquqmüəyyənedici sənədin verilməsindən imtina edilməsi üçün əsas deyildir. Belə ki, cavabdeh orqan əsassız olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəsbəsi Südçülük sovxozunda yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası Əzizağa Askərova məxsus olması haqqında arayışın verilməsindən imtina etmiş, qanunla müəyyən edilmiş hüquqlarımı kobud surətdə pozmuşdur. Odur ki, cavabdehin imtinası onun hüquqlarını pozan hal kimi qiymətləndirilməli, pozulmuş hüququ məhkəmə qaydasında bərpa edilməlidir.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, “aparılan araşdırma zamanı sözügedən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin, həmçinin eyniləşdirmə əməliyyatının aparılması üçün İddiaçı şəxsiyyətini təsdiq edən sənədin surətinin hazırkı ərizənizə əlavə olunmadığı hazırkı müraciətinizə əlavə olunmadığı müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə tərəfinizdən şərait yaradılmamışdır.”

4. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “torpaq sahəsi və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir.”

5. Cavabdehin iddiaya dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsi Hövsan TərəvəzçilikSüdçülük sovxozunun ərazisində yerləşir. Həmçinin təqdim edilən torpaq sahəsinə dair texniki pasportla faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. İdarənin mütəxəsissləri tərəfindən texniki baxış keçirilən zaman qeyd edilən torpaq sahəsinin ümumi sahəsinin 962.5 kv.m olduğu məlum olmuşdur.

6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, aparılan araşdırma zamanı elektron kadastr baza və arxiv məlumatlarına əsasən qeyd olunar ünvanda yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinin Abşeron rayonunun inzibati ərazi vahidliyinə aid ərazidə yerləşmədiyi müəyyən edilmişdir.

7. ünvan ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri 25 saylı notariat ofisində qanun üzrə vərəsəsi Bakı şəhəri, Xəzər rayonu, Binə Qəsəbəsi, X10 ünvanında qeydiyyatda olan İddiaçı (ŞVAA*******; FİN: xxxxxxx) müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən həmçinin, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 mirası üzrə vərəsəlik işi açılmışdır. Mirasqoyanın miras əmlakına Bakı şəhəri Xəzər rayonu Binə Qəsəbəsi X10ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət daşınmaz əmlak daxildir. Göstərilənlərə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci və 8-ci, “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat"ın 7-ci bəndinə və “Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələblərinə uyğun olaraq etmiş X6 məxsus göstərilən əmlaka arayış verilməsi xahiş olunmuşdur.

8. Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının İ müavinin İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli 5-12/2-Ə-241-091/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Xəzər rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın tərkib hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.6-cı maddəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi barədə müqavilənin ayrılmaz hissəsidir. Qeyd olunanları nəzərə alaraq, X10 ərazisində istifadənizdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafiq hesab olunur.

9. AZ-İİ 289311nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.

10. Xəzər rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, X8 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir.

11. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsi, X10nda yerləşən torpaq sahəsinin faktiki ölçüləri 962.5 kv.metrdir. Texniki pasporta əsasən ərazi 2 hissəyə bölünüb. Texniki pasportdakı ev sökülüb. Ərizəçinin istifadəsindəki ərazi texniki pasportdakı ərazinin bir hissəsidir. Ərizəçinin istifadəsindəki ərazidə yeni tikilmiş yaşayış evi və həyət tikililəri mövcuddur.

12. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

15. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

17. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

18. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

20. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

21. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

23. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

24. İddia mümkündür. III. Məhkəmənin mövqeyi

25. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının mərhum atası X3 qalan əmlaka dair müvafiq arayışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət edilmişdir, həmin şəxs xx.xx.2022-ci il tarixdə vəfat etmişdir, 25 saylı Bakı şəhəri Notariat Ofisinin cavabdehə ünvanlanmış 26 sentyabr 2023-cü il tarixli məktubuna əsasən iddiaçı vəfat etmiş şəxsin varisidir. Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair ölmüş adamın adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

26. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarrrında göstərilən qaydada başqa şəxslərə keçir.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsindən: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

30. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

31. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

32. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

34. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.

35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı:

3. Yerli icra hakimiyyəti orqanları üç ay müddətində: 3.1. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etsinlər; 3.2. müvafiq dövlət arxivinə təhvil verilməmiş qaytanlanmış torpaq kitablarının (o cümlədən kolxoz və sovxozun qaytanlanmış torpaq kitablarının) Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tabeliyindəki dövlət arxivlərinə təhvil verilməsini təmin etsinlər.

4. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi: 4.1. bu Fərman qüvvəyə mindiyi günədək, habelə bu Fərmanın 3.2-ci bəndinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları tərəfindən müvafiq dövlət arxivlərinə təhvil verilmiş qaytanlanmış torpaq kitablarının (o cümlədən kolxoz və sovxozun qaytanlanmış torpaq kitablarının) elektron məlumat bazasının yaradılmasını və həmin bazaya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin çıxışına imkan yaradılmasını altı ay müddətində təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 4.2. bu Fərmanın 4.1-ci bəndi icra olunanadək qaytanlanmış torpaq kitablarından çıxarışların sorğu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə kağız daşıyıcıda təqdim olunmasını təmin etsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

36. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz. Belə ki, qeyd edilən torpaq sahəsinə dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. İddiaçı tərəfindən təqdim edilən fərdi yaşayış evinə dair texniki pasport “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmamışdır.

37. Bununla yanaşı iş materiallarından müəyyən edilir ki, texniki pasportda göstərilən ev sökülmüş, yeni yaşayış evi və həyət tikililəri tikilmiş, iddiaçının istifadəsində olan torpaq sahəsi isə Hövsan Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşir.

38. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar