Məhkəmə qərarları › İş №2-1(112)-9514/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9514/2022

16.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9514/2022 16.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi- X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”a əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat və **********12-05101-093001 reyestr nömrəsi ilə sahəsi (payı) 32 kv. metrdən ibarət olmaqla mənzil kimi qeydiyyata alınmış, Bakı şəhəri, Xətai rayonu, Ərəstun Kərimov küçəsi, ev 4 ünvanında yerləşən yaşayış sahəsinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş 2017-ci il tarixli eskiz layihəsinə uyğun fərdi yaşayış evi kimi Daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarə tərəfindən ərizəyə baxılmış və **********29 nömrəli 15 aprel 2022-ci il tarixli məktubla fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən imtina edilmişdir. 29 mart 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satı müqaviləsinə əsasən İddiaçı Ədil oğlu ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini X1 almışdır. Abşeron rayon MİH-nin 4 saylı MİS rəisi tərəfindən təsdiq olunmuş aktdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi yaşayış üçün yararsızdır. Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyətinin Başçısının 273 saylı 03 oktyabr 2017-ci il tarixli Sərəncamından görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin sökülüb yenidən tikilməsinə icazə verilmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üçün tərtib olunmuş eskiz layihədən görünür ki, həmin layihə Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş **********94 №-li xx.xx.2022-ci il tarixli bağlı yazılı münasibətində (etiraz) göstərilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sökülmüş əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan mənzil kimi keçmişdir. Yeni inşa edilmiş fərdi yaşayış evinin üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, mənzil kimi qeydiyyatdan keçmiş evin istifadəsində olan torpaq sahəsi binaya xidmət etmək üçün ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədir. Eyni zamanda göstərilən daşınmaz əmlaka xx.xx.2022ci il tarixdə aparılan müayinə (baxış) zamanı məlum olmuşdur ki, təqdim olunan layihədə göstərilən yaşayış evinin mərtəbələrinin daxili planlaşdırılması ilə faktiki vəziyyəti arasında fərq mövcuddur, həmçinin təqdim edilən layihədə 1-ci mərtəbədə pilləkən qəfəsinin tutduğu sahə ümumi sahəyə daxil edilməyib. Bundan əlavə, layihənin baş planında göstərilən torpaq sahəsi ilə faktiki vəziyyət arasında konfiqurasiya uyğunsuzluğu var. Bu barədə vətəndaşa **********29 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Sözügedən daşınmaz əmlakın 24.31 kv. metr hissəsi X2, 32 kv. metr hissəsi İddiaçı adına olmaqla paylı mülkiyyət hüququ üzrə mənzil kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 izahatında iddianı qəbul etmədiyini bildirərək və məhkəməyə təqdim olunmuş yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********68 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Lakin, sözügedən ünvanda yerləşən mənzil xx.xx.2017-ci il tarixdə ilkin olaraq X6 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 13 saylı DNK-nın 4Ə-58 reyestr nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzilin 32.0 kv. metri X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 6 saylı DNK-nın 4Ə-1076 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı- satqı müqaviləsinə əsasən sözügedən mənzilin digər 24.31 kv. metri X2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 6 saylı DNK-nın 4Ə-262 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzilin 32.0 kv. metri İddiaçı adına qeydiyyatdan keçmişdir. Hazırda mənzilin 24.31 kv. metri X2 və 32.0 kv. metri İddiaçı mülkiyyətlərindədir. Məktuba əlavə olunmuş aşağıdakı sənədlərdən: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ərəstun Kərimov küçəsi, ev 4 ünvanında yerləşən sahəsi 56,31 kv. metr olan mənzil xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X6 adına Daşınmaz əmlakın dövlət reyestrində 2597 nömrəli reyestr kitabının 241958 nömrəli vərəqində qeydiyyata alınmışdır. - AN-İ seriyalı ******* №-li, xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin surətindən görünür ki, X8 Bakı şəhəri, Xətai rayonu, Ərəstun Kərimov küçəsi, ev 4 ünvanında yerləşən ümumi sahəsi 56.31 kv. metr olan mənzilin 32.0 kv. metr hissəsini X4 alqı satqı yolu ilə almışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ərəstun Kərimov küçəsi, ev 4 ünvanında yerləşən sahəsi 56,31 kv. metr olan mənzilin 32,0 kv. metr hissəsi xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X3 adına Daşınmaz əmlakın dövlət reyestrində 2597 nömrəli reyestr kitabının 241958 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, X9 Bakı şəhəri, Xətai rayonu, Ərəstun Kərimov küçəsi, ev 4 ünvanında yerləşən ümumi sahəsi 56.31 kv. metr olan mənzilin 24,31 kv. metr hissəsini X4 alqı-satqı yolu ilə almışdır. İş materiallarında olan: Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyətinin 273 №-li xx.xx.2017-ci il tarixli sərəncamdan çıxarışdan görünür ki, vətəndaş X7 Xətai rayonu, Ərəstun Kərimov küçəsi ev 4 ünvanında istifadəsində olan torpaq sahəsində şəxsi mülkiyyətində olan fərdi yaşayış evinin sökülüb tikilməsinə icazə verilmişdir. Abşeron rayon MİH-nin 4 saylı MİS tərəfindən təsdiq olunmuş 2017-ci il tarixli aktın surətindən görünür ki, 4 saylı Mənzil İstismar Sahəsinin mühəndisi T.Adışirinova, texniki Q.Ağayev, damçı M.Təhməzov həmin aktı tərtib etmişlər ondan ötrü ki, həqiqətən Həzi Aslanov qəsəbəsi, Ərəstun Kərimov küçəsi ev 4-də yaşayan vətəndaş X3 evində yoxlama zamanı məlum olmuşdur ki, evin fundamenti çat verib, mətbəxin damı uçub, axar çirkab suların sistemi işləmir və ev həqiqətən yaşayış ücün yararsızdır. Bakı şəhəri, Xətai rayonu, Ərəstun Kərimov küçəsi, ev 4 ünvanında yerləşən X7 məxsus yaşayış evinin Eskiz Laiyhəsinin surətindən müəyyən olunur ki, məişət obyektinin layihəsi "xxxx" MMC tərəfindən tərtib olunmuşdur. Layihə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuşdur. xx.xx.2016-cı il tarixdə verilmiş 088723 №-li Lisenziyanın surətindən müəyyən olunur ki, "xxxx" MMC-yə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğularının layihələndirilməsini həyata keçirməyə icazə verilmişdir. AN-İ seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin surətindən görünür ki, İddiaçı ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 56,31 kv. metr olan mənzilin 32 kv. metr hissəsini X1 alqı-satqı yolu ilə almışdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ərəstun Kərimov küçəsi, ev 4 ünvanında yerləşən mənzil (sahəsi – payı 32.0 kv. metr) xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********12-05101-093001 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq olunmuş **********327 saylı ərizədən görünür ki, ünvan 10 ünvanında qeydiyyatda olan X9 Bakı şəhəri, Xətai rayonu, Ərəstun Kərimov küçəsi, ev 4 ünvanında yerləşən mənzilin İddiaçı məxsus hissəsinə faktiki vəziyyətdə çıxarış almasına etirazı olmadığı, həmin mənzillə onun mülkiyyətində olan mənzilin heç bir əlaqəsi olmadığı qeyd olunmuşdur. İddiaçı hazırkı tələblə bağlı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, DƏDKR 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********29 №li xx.xx.2022-ci il tarixli cavab məktubu ilə müraciətçiyə imtina olunmuş və bildirilmişdir ki, sökülmüş əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan mənzil kimi qeydiyyatdan keçmişdir. Yeni inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə onun adına dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin qeyd olunan fərdi yaşayış evinə dair texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmamışdır. Bundan əlavə, mənzil kimi qeydiyyatdan keçmiş evin istifadəsində olan torpaq sahəsi binaya xidmət etmək üçün ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədir. Bu səbəblərdən, ərizənizin icrası mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4-cü maddəsinə əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 8.0.9.2-ci və 8.0.10.1-ci maddələrinə əsasən müvafiq olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair- çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 12.1 -ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda göstərilən Qanunun 10.2.1 -ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları əlahiddə olaraq, bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 -ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir. İş materiallarından görünür ki, iddiaçı mənzil üzərində mövcud mülkiyyət hüququnu təsdiq edən sənədləri, o cümlədən icra hakimiyyəti tərəfindən verilmiş sərəncamdan çıxarışı və icra hakimiyyəti tərəfindən təsdiq olunmuş eskiz layihəni daşınmaz əmlakın “fərdi yaşayış evi” kimi qeydiyyata alınması məqsədilə cavabdehə təqdim etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının sözügedən daşınmaz əmlak üzərində hüququnun qeydi ilə bağlı ona reyestrdən cavabdeh inzibati orqanın verdiyi çıxarış qüvvədədir, qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin çıxarış hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Cavabdehin imtinasında istinad etdiyi mənzilin fərdi yaşayış evinə keçirilməsi və yerləşdiyi torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin təqdim olunmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla mənzilin fərdi yaşayış evinə keçirilməsi ilə bağlı hansı sənədlərin cavabdeh inzibati orqana təqdim edilməli olması hər hansı qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdeh inzibati orqanın iş üzrə iddiaçının müraciəti ilə bağlı əlavə hüquqmüəyyənedici sənəd (bu sənədlərin adı cavabdeh tərəfindən çəkilmir) tələb etməsi ilə bağlı hərəkətləri qanuni sayıla bilməz. Bu müddəa həm də “İnzibati icraat haqqında” Qanunda da öz əksini tapmışdır. Belə ki, adı çəkilən Qanunun 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 -ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: - dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə (15.1.1); - hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə (15.1.2); - hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə ( 15.1.3); 15.1.4 - daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda (15.1.4); - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.5); - bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir (15.1.6). İddiaçı hazırki işdə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmış mənzilin fərdi yaşayış evi kimi qeydiyyatının aparılmasını tələb edir. Belə ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 273 saylı xx.xx.2017-ci il tarixli Sərəncamı ilə ünvan 11 ünvanında yerləşən istifadədə olan torpaq sahəsində şəxsi mülkiyyətdə olmuş yaşayış evinin sökülüb yenidən tikilməsinə icazə verilmişdir. Buna baxmayaraq həmin daşınmaz əmlakın reyestrdə sonrakı qeydiyyatı aparılarkən adı yenə də “mənzil” kimi sahəsi isə “32.0 kv.m.” qeyd olunmuşdur. İddiaçı adına qeydiyyatı aparılmış daşınmaz əmlakın əslində “mənzil” deyil, “fərdi yaşayış evi” olduğunu bildirir və Bakı şəhəri Xətai rayon icra Hakimiyyəti tərəfindən təsdiq olunmuş 2017-ci il tarixli eskiz layihəsinə uyğun olaraq hüququnun qeydinin məhz həmin layihəyə fərdi yaşayış evi üzərində aparılmasını tələb edir. Cavabdeh isə bunun üçün mənzilin fərdi yaşayış evinə keçirilməsi və yerləşdiyi torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin təqdim olunmadığına istinad edərək tələbin təmin olunmasından imtina edır. Məhkəmə qeyd edir ki, iddiaçının iş üzrə tələbi adına reyestrdə qeydi aparılmış mənzilin Bakı şəhəri Xətai rayon icra Hakimiyyəti tərəfindən təsdiq olunmuş 2017-ci il tarixli eskiz layihəsinə uyğun olaraq fərdi yaşayış evi kimi qeydiyyata alınması ilə bağlıdır. Yəni, iddiaçının hazırki işdə daşınmaz əmlakın altındakı torpaq sahəsinin qeydiyyatı ilə bağlı bir tələbi yoxdur. Digər tərəfdən, iddiaçının adına “mənzil”lə bağlı olsa da mülkiyyət hüququnun mövcud olduğu müəyyən olunur. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Belə olan halda iddiaçının reyestrdə adına qeydi aparılmış mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması tələbinin təmin olunma imkanının yoxlanılması üçün sözügedən “mənzil”in “fərdi yaşayış evi” anlayışına cavab verib-verməməsi araşdırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1 -ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra - tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 13.1 -ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir; yaşayış evi, yaşayış evinin hissəsi (13.1.1); mənzil, mənzilin hissəsi (13.1.2); otaq (13.1.3); bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri (13.1.4). Həmin Məcəllənin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Həmin Məcəllənin 13.3-cü maddəsinin tələbinə görə isə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Qeyd olunan maddi hüquq normalarının mənasına görə, mənzil və fərdi yaşayış evinin hər ikisi bir və ya bir neçə otaqdan, yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət yaşayış sahəsidir, aralarındakı fərq ondan ibarətdir ki, fərdi yaşayış evi yaşayış sahəsi olaraq fərdi müəyyən edilmiş evdir, mənzil isə çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahədir. "xxxx" MMC tərəfindən tərtib olunmuş, 2017-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş daşınmaz əmlakın eskiz layihəsindən müəyyən olunur ki, o, yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən (zirzəmi, sanitar qovşaq, mətbəx və sairdən) ibarət, çoxmənzilli binaya aidiyyatı olmayan ayrıca sahəli mənzil deyil, məhz fərdi müəyyən edilmiş evdir. Bu halı təkzib edə biləcək hər hansı dəlil cavabdeh tərəfindən bildirilmir və bu barədə hər hansı sübut da təqdim olunmamışdır. Sözügedən daşınmaz əmlakın 24.31 kv. metr hissəsinin X2, 32 kv. metr hissəsinin isə İddiaçı adına olmaqla paylı mülkiyyət hüququ üzrə mənzil kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və keçmiş evin istifadəsində olan torpaq sahəsinin binaya xidmət etmək üçün ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahə olması barədə cavabdehin dəlilinə gəldikdə isə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, X9 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizədə Bakı şəhəri, Xətai rayonu, Ərəstun Kərimov küçəsi, ev 4 ünvanında yerləşən mənzilin İddiaçı məxsus hissəsinə faktiki vəziyyətdə çıxarış almasına etirazının olmadığı və həmin mənzillə onun mülkiyyətində olan mənzilin heç bir əlaqəsinin olmadığı bildirilmişdir. Belə olan halda iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmış "mənzil” məlumatlara əsasən və qanunla yuxarıda göstərilən "fərdi yaşayış evi” şərtlərinə cavab verdiyinə görə onun "fərdi yaşayış evi” kimi qeydiyyata alınmasıtəmin olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlər (sərəncam, çıxarış, layihə və s.) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1 -ci maddələrinə əsasən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Əsasnamə"nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Hazırda iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq mülkiyyətində olan mənzilin fərdi yaşayış evi kimi Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”a əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat və **********12-05101-093001 reyestr nömrəsi ilə sahəsi (payı) 32 kv. metrdən ibarət olmaqla mənzil kimi qeydiyyata alınmış, Bakı şəhəri, Xətai rayonu, Ərəstun Kərimov küçəsi, ev 4 ünvanında yerləşən yaşayış sahəsinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş 2017-ci il tarixli eskiz layihəsinə uyğun fərdi yaşayış evi kimi Daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidr. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”a əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat və **********12-05101-093001 reyestr nömrəsi ilə sahəsi (payı) 32 kv. metrdən ibarət olmaqla mənzil kimi qeydiyyata alınmış, Bakı şəhəri, Xətai rayonu, Ərəstun Kərimov küçəsi, ev 4 ünvanında yerləşən yaşayış sahəsinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş 2017-ci il tarixli eskiz layihəsinə uyğun fərdi yaşayış evi kimi Daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar