Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9514/2025 19.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa və s.” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa və s.” tələbinə dair iddiası üzrə inzibati işə 19 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 2024-cü il 22 oktyabr tarixli K-402 nömrəli əmrinin ləğv edilməsi, Xidmətin Aparatındakı əvvəlki vəzifəsinə bərpa edilməsi, itirilmiş əmək haqqı fərqinin (bonus və mükafatlar da daxil olmaqla) ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı hesab edir ki, aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi ilə bağlı əmr qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edilmişdir. Belə ki, hazırda tutduğu vəzifəyə öz xahişilə keçmək ona 17 oktyabr 2024-cü il tarixdə təklif edilmiş və bu təklif elə həmin gün tərəfindən qəbul edilmiş və tutduğu vəzifə ilə müqayisədə aşağı təsnifatdan olan Xidmətin Bakı ərazi şöbəsinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektoruna parıcı məsləhətçi vəzifəsinə keçirilməsinə etiraz etmədiyi barədə ərizə imzalamışdır. Lakin sonradan həmin işin iddiaçıya uyğun olmadığını nəzərə alaraq, 17 oktyabr 2024-cü il tarixli ərizənin etibarsız hesab edilməsi barədə 21 oktyabr 2024-cü il tarixli ərizə təqdim etdikdə bildirilmişdir ki, əmr artıq imzalanıb və ərizə etibarsız hesab edilə bilməz. İddiaçı isə hesab etmişdir ki, qarıunvericliklə bu, qadağan edilmədiyinə görə həmin ərizənin etibarsız hesab edilməsi mümkündür. Qeyd edilənlərə hər hansı cavab verilmədiyindən iddiaçı 21 oktyabr 2024-cü il tarixdə öz işinə davam etmişdir. 22 oktyabr 2024-cü il tarixdə dializ seansından qayıtdıqdan sonra iddiaçıya artıq Bakı ərazi şöbəsinin işçisi olduğu və işləri təhvil verərək yeni iş yerinə keçməli olduğu bildirilmişdir. Cavabında bir gün əvvəl həmin ərizənin etibarsız hesab edilməsi ilə bağlı ərizə təqdim etdiyini bildirdikdə, onu İnsan resurslarının idarə edilməsi şöbəsinə göndərmişlər. Həmin şöbədə iddiaçıya yenidən, əmrin artıq imzalandığı bildirildikdə o, israrla 17 oktyabr 2024-cü il tarixli ərizənin etibarsız hesab edilə bilməsi üçün heç bir hüquqi maneənin olmadığını bildirmişdir. Yalnız 23 oktyabr 2024-cü il tarixdə iddiaçı intizam tənbehi qaydasında göstərilən vəzifəyə keçirildiyini bilmişdir. Lakin yenə o, rəsmi olaraq həmin əmrlə tanış edilməmişdir. Bundan başqa, Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsinə və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.5-ci maddəsinə əsasən dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İddiaçı ilə bağlı intizam tənbeh tədbiri barədə əmr isə nəyinki intizam xətasının aşkar edildiyi gündən deyil, araşdırmanın aparılması barədə əmrdən iki ay yarım vaxt keçdikdən sonra verilmişdir. Məsələ ilə əlaqədar, 23 oktyabr 2024-cü il tarixində Xidmətə müraciət edərək barəsində aparılan inzibati icraat materiallarını tələb etməsinə baxmayaraq, 7 noyabr 2024-cü il tarixli 3-21-3/2-B-0894- 1/2024 nömrəli məktubla bildirilmişdir ki, iddiaçı barəsində aparılan icraat materialları yalnız məhkəmə sorğusu əsasında məhkəməyə təqdim ediləcəkdir. Məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyinə müraciət etməsinə baxmayaraq, həmin müraciətlər araşdırılması məqsədilə Xidmətə göndərilmiş və Xidmət tərəfindən mahiyyəti üzrə cavab verilmədən, xidməti araşdırma aparılması nəticəsində aşağı vəzifəyə keçirilməsi bildirilmiş, heç bir əsaslandırma aparılmamışdır. Daha sonra İqtisadiyyat Nazirliyinin müvafiq vəzifəli şəxsinin qəbuluna yazılmaq barədə müraciətinə 12 dekabr 3-21-3/2-B-0894/05-1 /2024 nömrəli məktubla, Azərbaycan Respublikası Prezidenti Administrasiyasına məsələ ilə əlaqədar şikayətinə isə 24 dekabr tarixli 3-21-3/2-B-1040/02-1/2024 nömrəli məktubla yenidən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən şablon cavablar verilmişdir. Xidmətdən gələn sonuncu cavab məktubu 25 dekabr 2024-cü il tarixli 3-21-3/2-B-0894/06-1/2024 eyni məzmunlu məktubla yekunlaşmışdır. Nazirliyə müraciəti əsasında ilkin olaraq - 13 yanvar 2025-ci il tarixli 3- 21/2-253/2025 nömrəli məktubla Nazirlikdə qəbulda olması barədə formal xarakterli cavab verilmiş, daha sonra isə yekun olaraq 17 mart tarixli elektron cavab məktubu ilə şikayətinin təmin edilməsindən imtina edilmiş və məhkəməyə şikayət vermə hüquqları izah edilmişdir. Göründüyü kimi əmək mübahisəsi üzrə oktyabr ayından başlayan müraciətlərinə yekun cavabı yalnız mart ayında ala bilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaya dair yazılı vəsatət təqdim edilərək iddia müddətinin ötürülməsi səbəbindən iddianın mümkün sayılmaması məhkəmədən xahiş edilmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatının Hüquq şöbəsinin Hüquqi təminat və ekspertiza sektorunun məsləhətçisi vəzifəsində çalışmış, onun tərəfindən davranış və icra intizamında yol verdiyi nöqsanlarla bağlı Xidmət rəisinin xx.xx.2024-cü il tarixli İ-21 nömrəli əmri ilə barəsində xidməti yoxlama təyin edilmiş və aparılmış xidməti yoxlamanın nəticələrinə uyğun olaraq iddiaçı tərəfindən dövlət qulluqçularının etik davranış qaydalarının, əmək və icra intizamını pozması, Xidmətdə müəyyən edilmiş qulluq reqlamentinə riayət etməməsi halları öz təsdiqini tapdığından, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.4-cü maddəsinə əsasən intizam tənbehi tədbiri olaraq daha aşağı təsnifatdan olan Xidmətin Bakı Ərazi Şöbəsinin Dövlət Əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilməsi qərara alınmışdır. Bildirilir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı ərizəsində sözügedən əmrdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə şikayət verdiyini, Nazirlik tərəfindən onun şikayətinə xx.xx.2025-ci il tarixli məktubla cavab verildiyini və bundan sonra 12 aprel 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini qeyd etmişdir. Eyni zamanda iddiasının hüquqi əsas kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsaslanaraq, inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verildiyini qeyd etmişdir. Həmçinin iddiaçı xx.xx.2025-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin 2024-cü il 22 oktyabr tarixli K- 402 nömrəli əmrinin ləğv edilməsi barədə iddiası üzrə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair məhkəməyə ərizə ünvanlamışdır. İddiaçı ərizəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 73-cü maddəsinə əsaslanaraq, mübahisələndirilən əmrdə ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığını, belə olan halda “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinə əsasən həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət vermək hüququna malik olduğunu bildirmişdir. Bununla bağlı bildirilir ki, Xidmət tərəfindən iddiaçının hazırkı məsələ ilə bağlı müraciətinə xx.xx.2024-cü il, 3-21-3/2-B-0894/03-1/2024 nömrəli məktubla cavab verilmiş, eyni zamanda əmrdən şikayət vermə qaydası bildirilmişdir. Eyni zamanda iddiaçının mübahisə predmeti olan məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə ünvanladığı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli şikayət ərizələrinə Nazirlik tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21/2-253/2025 nömrəli məktubla cavab verilmişdir. Xidmət tərəfindən təqdim edilmiş etirazın dəlillərindən göründüyü kimi, İddiaçı aşağı təsnifatdan vəzifəyə keçirilməsi ilə bağlı elektron əmək müqaviləsi 22 oktyabr 2024-cü il tarixdə onun tərəfindən könüllü surətdə gücləndirilmiş elektron imza vasitəsilə imzalanmasına, beləliklə uzun müddət ərzində mübahisələndirilən əmrdən məlumatlı olmasına baxmayaraq, hazırkı iddia ərizəsi iddia müddəti ötürülməklə xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə təqdim edilmişdir. Bundan əlavə bildirilir ki, İddiaçı müxtəlif tarixlərdə qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Prezident Administrasiyasına, AR İqtisadiyyat Nazirliyinə və Əmlak Məsələləri Dövlət Xidmətinə xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixlərdə müraciət məktublarının məzmunundan və məktublara əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı uzun müddət ərzində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilmiş K-402 nömrəli, xx.xx.2024-cü il tarixli əmrdən məlumatlı olmuşdur. Belə ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasına xx.xx.2024-cü il tarixli müraciətinə mübahisə predmeti olan Xidmətin K-402 nömrəli, xx.xx.2024-cü il tarixli əmri əlavə olunmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin 2024-cü il 22 oktyabr tarixli K-402 nömrəli əmrinin ləğv edilməsi barədə iddiası üzrə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair məhkəməyə ərizə ünvanlamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Məcəllənin 296-cı maddəsinin ikinci hissəsinə əsasən həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296- cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında ifadə edilmiş mövqeyə görə, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda qeyd olunan qərarın üçüncü hissəsində qeyd olunmuşdur ki, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar. Qanunvericilikdən göründüyü kimi, fərdi əmək mübahisələrinə münasibətdə iddia müddətinin tətbiqi məsələsinə Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsinə əsasən hüquqi qiymət verilməli olduğundan, iddiaçının ötürülmüş iddia müddətindən yayınmaq üçün formal olaraq öz mövqeyini “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsi ilə əsaslandırılması tamamilə əsassızdır. Bundan əlavə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı uzun müddət ərzində mübahisələndirilən əmrdən məlumatlı olduğundan, hazırda inzibati aktın mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması məhkəmədən xahiş edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya iddia müddətinin ötürülməsi məsələsinə münasibət bildilməsi və iddia müddətinin bərpa edilməsinə dair əsaslandırılmış ərizənin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə prosessual müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, iddia ərizəsinin məzmunu əmək hüquqlarının kobud şəkildə pozularaq, iddiaçı barəsində tətbiq edilən qanunsuz intizam tənbeh tədbirinin ləğvi ilə əlaqədardır. İş üzrə hazırlıq iclası zamanı iddia müddətinin ötürülüb-ötürülməməsi barədə müəyyən mübahisə yarandığından, məhkəmə tərəfindən iddia müddəti ötürülmüş hesab edildiyi halda, aşağıdakı müddəaları nəzərə alaraq, 1 aylıq iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsi barədə ərizə yazmaq zərurəti yaranmışdır. “İnzibati icraat haqqında” Qanunun 73-cü maddəsinə əsasən, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Qeyd edilir ki, 23 oktyabr 2024-cü il tarixində Xidmətə müraciət edərək barəsində aparılan inzibati icraat materiallarını tələb etməyimə baxmayaraq, 7 noyabr 2024-cü il tarixli 3-21- 3/2-B0894-1/2024 nömrəli məktubla bildirilmişdir ki, barəsində aparılan icraat materialları yalnız məhkəmə sorğusu əsasında məhkəməyə təqdim ediləcəkdir. 2024-cü ilin noyabr ayından başlayan şikayətlərilə bağlı iddiaçı bildirir ki, Nazirliyə müraciəti əsasında ilkin olaraq - 13 yanvar 2025-ci il tarixli 3-21/2-253/2025 nömrəli məktubla Nazirlikdə qəbulda olması və ona izahat verilməsi barədə formal xarakterli cavab verilmişdir. Çünki qəbul zamanı ona problemin həlli ilə əlaqədar köməklik göstəriləcəyi və bir müddət səbrli olması bildirilmişdir. Həmin məktubun məzmunundan da göründüyü kimi, şikayətilə bağlı hər hansı cavab verilməmişdir. Daha sonra isə yekun olaraq 17 mart tarixli elektron cavab məktubu ilə şikayətinin təmin edilməsindən imtina edilmiş və məhkəməyə şikayət vermə hüquqları izah edilmişdir. Və bundan sonra 12 aprel tarixindən məhkəməyə iddia ərizəsiylə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Qeyd edilir ki, inzibati aktdan (burada intizam tənbeh tədbiri barədə əmr) məhkəməyə şikayət vermə müddəti 1 ay deyil, 6 ay tətbiq edilməlidir. Belə ki, iddiaçıya təqdim edilən əmrdə ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmamışdır. Belə olan halda “İnzibati icraat haqqında” Qanunun 73.2ci maddəsinə əsasən həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göründüyü kimi, adıçəkilən inzibati aktdan 22 aprel 2025ci il tarixinədək inzibati orqanlara şikayət vermə hüququ olmuşdur (12 apreldə məhkəməyə müraciət edilmişdir). Lakin, oktyabr ayından vaxt itirmədən başladığı çoxsaylı şikayət və müraciətlərinin yekun cavabı 17 mart 2025-ci il tarixində olmuşdur ki, həmin tarixdən 1 ay belə keçmədən, yəni 12 apreldə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Müraciət və şikayətlərinin tarixi və cavab məktublarının tarixinə nəzər yetirildikdə, prosesin bu qədər uzanması və məhkəməyə daha gec müddətdə müraciət etmə səbəbinin cavabdeh orqanın şikayətə baxma müddətlərini ötürməsi və süründürməçiliyi ilə əlaqədar olduğu aydın olur. İnzibati Prosessual Məcəllənin 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. Bildirilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati aktdan 30 gün müddətində məhkəməyə müraciət edə bilməmə səbəbi cavabdeh orqandan şikayəti üzrə müvafiq cavab məktubunu gec almağımla əlaqədar olduğundan, müddətin ötürülməsi iddiaçıdan asılı olmayan səbəblərdən baş vermişdir. Göstərilənlərə əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin 2024-cü il 22 oktyabr tarixli K-402 nömrəli qanunsuz əmrinin ləğv edilməsi barədə iddia üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymış, tərəflərin fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini olduğu kimi müdafiə edərək, mümkün sayılmasını, işə mahiyyəti üzrə baxılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tələbin qeyri-mümkün sayılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: -2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Hazırkı iddia mübahisələndirmə haqqında iddia olduğundan bu növ iddiaya iddia müddəti tətbiq olunur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini ötürmüşdür. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Hazırkı iş üzrə iddiaçı cavabdeh inzibati orqanda aşağı təsnifatdan olan vəzifəyə keçirilməsinə dair Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, K-402 nömrəli əmrin ləğvini, yenidən işə bərpa olunmasını və itirilmiş əmək haqqı fərqinin ona ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, ləğv edilməsi tələb olunan cavabdehin əmri iddiaçı barəsində intizam tənbehi nəticəsində daha aşağı vəzifəyə keçirilməsi ilə bağlı olduğundan, iddiaçının həmin inzibati aktdan ən azı onun qəbul edildiyi gün, yəni xx.xx.2024-cü il tarixdən məlumatlı olması şübhəsizdir. Belə ki, cavabdeh tərəfindən qeyd olunan əmrin icrası məqsədilə iddiaçı ilə bağlanılmış elektron əmək müqaviləsinə onun intizam tənbehi tədbiri olaraq aşağı təsnifatlı vəzifəyə keçirilməsi ilə bağlı müvafiq dəyişiklik edilmiş, həmin müqavilə elektron informasiya sistemində iddiaçının şəxsi kabinetinə göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanmışdır. Bundan sonra iddiaçı yeni vəzifəsinin icrasına başlamış və hazıradək həmin vəzifəni icra etməkdədir. İş materiallarında olan sənədlərdən və araşdırma zamanı toplanmış materiallardan müəyyən edilir ki, iddiaçı mübahisələndirilən inzibati aktın məzmunu və hüquqi nəticələri barədə məlumatlı olmuşdur. Belə ki, iddiaçının intizam tənbehi nəticəsində daha aşağı təsnifatlı vəzifəyə keçirilməsi məsələsi ilə bağlı xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində etdiyi müraciətlərə, habelə yuxarı inzibati orqanlara ünvanladığı analoji müraciətlərə cavab olaraq cavabdeh və AR İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş məktublarda Xidmətin K-402 nömrəli, xx.xx.2024-cü il tarixli əmri barədə ətraflı məlumat təqdim edilmiş və şikayət hüququ izah olunmuşdur. Həmçinin həmin əmrin surəti iddiaçının Azərbaycan Respublikası Prezident Administrasiyasına xx.xx.2024-cü il tarixli müraciətinə əlavə edilmişdir (bu fakt iddiaçı tərəfindən də təsdiq edilmişdir) Buna baxmayaraq, iddiaçı inzibati aktın rekvizitləri və məzmunu barədə təkzibolunmaz şəkildə məlumatlı olduğu halda məhkəməyə yalnız xx.xx.2025-ci il tarixdə, yəni təxminən 6 (altı) ay sonra müraciət etmişdir. İPM-in 38.1-ci maddəsi isə şəxsə inzibati aktı təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində mübahisələndirmək imkanı verir. Belə olan halda, iddiaçı qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Məhkəmə iddiaçının mübahisələndirilən əmrin ona rəsmi qaydada təqdim edilmədiyi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1915/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “...hazırkı iddia mübahisələndirmə iddia növünə aiddir və iddiaçı bu iddia növü üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı mübahisələndirilən əmr barədə həmin vaxt məlumatlı olduğu halda, qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, mübahisələndirilən əmr İddiaçının dövlət qulluğuna xitam verilməsi ilə bağlı olduğundan, iddiaçının həmin əmrin məzmunundan qeyd edilən əmrin qəbul edildiyi gün məlumatlı olması işin mübahisələndirilməyən halı kimi qiymətləndirilməlidir.(Bundan başqa iddiaçı xx.xx.2022-ci il tarixdə əmrin surətini əldə etdiyini izahatında bildirmişdir.) Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzib olunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır.” İddiaçı prosessual müddətin bərpası ilə bağlı ərizəsində “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinə istinad edərək bildirmişdir ki, inzibati aktda hüquqi müdafiə vasitələri və şikayət müddəti göstərilmədiyindən, həmin aktdan qüvvəyə mindiyi gündən 6 ay ərzində şikayət verilə bilər. Bu səbəbdən iddia müddətinin ötürülmədiyini hesab edir. Məhkəmə iddiaçının bu dəlili ilə razılaşmayaraq bildirir ki, “İnzibati icraat haqqında” Qanunun 72.1-ci maddəsinə əsasən, inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin Qanunun: -72.4-cü maddəsinə əsasən, bu fəslin müddəaları inzibati qaydada verilən şikayətlərə şamil olunur. -72.5-ci maddəsinə əsasən, inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. -78.1. Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, şikayət instansiyası daxil olduğu gündən 1 ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur. -78.2-ci maddəsinə əsasən, şikayət instansiyası tərəfindən bu Qanunun 78.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qərar qəbul edilmədikdə və ya şikayət instansiyası tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər. Sadalanan normalardan aydın olur ki, inzibati aktdan inzibati qaydada və ya məhkəmə qaydasında şikayət vermək mümkündür. Bu baxımdan “İnzibati icraat haqqında” Qanunun Vİİ fəslinin istinad olunan normaları, o cümlədən 73-cü maddəsi inzibati şikayətin verilməsi ilə bağlı məsələlərə şamil edilir. Qanunun müvafiq norması məhkəməyə şikayət verməyin mümkünlüyünü özündə əks etdirsə də, məhkəmə qaydasında verilən şikayətə baxılma prosedurunu və prinsiplərini tənzimləmir. Belə ki, Qanunun 72.5-ci maddəsində aşkar şəkildə qeyd olunur ki, inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə (İPM) müəyyən olunmuş qaydada verilir. Odur iki, İPM-in 38-ci maddəsində nəzərdə tutulan iddia müddəti ilə “İnzibati icraat haqqında” Qanunun 73-cü maddəsində nəzərdə tutulan inzibati şikayətin verilməsi müddəti fərqli anlayışlardır. Belə olan halda, inzibati orqanın qərarından məhkəməyə şikayət verilməsi ilə bağlı münasibətlər, yəni inzibati iddia İPM-in 38-ci maddəsinə uyğun həll edilməlidir. İddiaçı isə İPM-in 38-ci maddəsində nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Analoji hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2198/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərarında da əks edilmişdir. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müddətin buraxılmasına səbəb olmuş hallara dair məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, ərizədə bildirilmiş faktiki hallar isə müddətin bərpası üçün yetərli sayılmadığından, mübahisələndirilən inzibati aktın mövcudluğu iddiaçıya ən geci xx.xx.2024-cü il tarixdən məlum olduğundan və onun tərəfindən qanunvericiliklə müəyyən edilən müddətdə məhkəməyə müraciət edilmədiyindən prosessual müddətin bərpasına dair iddiaçının ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-9514/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9514/2025
19.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver