Məhkəmə qərarları › İş №2-1(112)-9517/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9517/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9517/2022 19.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X13 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Qeyd olunan ünvanda yaşadığı üçün həmin ünvana qeydiyyata alınmaq istəyir. Bu məqsədlə o, ərizə ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi xx.xx.2022ci il tarixli məktubla ərizəsinin təmin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır, əvvəllər də həmin ünvanda qeydiyyatda olmuşdur. Şəxsiyyət vəsiqəsini 2016-cı ildə yeniləyərkən onun qeydiyyat ünvanı kimi səhvən ünvan 2 ünvan barədə məlumatı yoxdur və həmin ünvanda yaşamamışdır. Məhkəmənin qərarı ilə həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. İnzibati orqanı texniki səhvi ucbatından hazırda qeydiyyatsız qalmışdır. Hazırdı yaşadığı və qeydiyyata alınmasını istədiyi mənzil order əsasında atasına verilmişdir, özü isə ailə üzvü kimi qeyd edilmişdir. İstifadə hüququ olduğu mənzilə qeydiyyata almamaqla cavabdeh orqan onun hüquqlarını pozmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Asan 5” tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 4 ünvanda qeydiyyatdadır; 13 aprel 1977-ci il tarixli 167051 saylı orderin təsdiq olunmuş surətindən görünür ki, Ələt qəsəbəsi, giriş 1, mərtəbə 2, sahəsi 46,05 kv/metr olan 3 saylı evin 4 №-li mənzili X4 9 nəfərdən ibarət ailə üzvlərinə verilmişdir; İddiaçı ailə üzvü kimi orderdə göstərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qanunvericiliyin tələblərinə əsasən müraciətində göstərilən məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sorğu edilən xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək ünvan 4 ünvanında qeydiyyatda olmuş, xx.xx.2017-ci il tarixdə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır. Sorğu edilən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 3 ünvanında, xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2000-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.1972-ci il təvəllüdlü X5, xx.xx.1970-ci il təvəllüdlü X1, xx.xx.2022-ci il təvəllüdlü X10 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı 6 sentyabr 2021-ci il tarixli məktubla X4 Ələt qəsəbəsi, giriş 1, mərtəbə 2, sahəsi 46,05 kv/metr olan 3 saylı evin 4 №-li mənzilin verilməsinə Qaradağ rayon ZDS İK-nin (indiki Qaradağ rayon İH) arxiv fondu üzrə xx.xx.1977-ci il tarixli, 52 saylı protokolundan təsdiq edilmiş arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 3, 4 saylı mənzilə 4 X8 və onun ailə üzvlərinə verilmişdir. İddiaçı ailə üzvü kimi orderdə göstərilmişdir. Eyni zamanda iddiaçı ünvan 1 ünvanında faktiki olaraq yaşamaqdadır. İddiaçı həmin ünvana yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etsə də müraciətin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Məhkəmə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, X4 9 nəfər ailə üzvü ilə sözügedən mənzilin verilməsinə dair 13 aprel 1977-ci il tarixli 167051 saylı orderdə iddiaçının adı da qeyd olunduğundan, iddiaçı faktiki olaraq həmin mənzildə yaşadığından, iddiaçının həmin mənzilə istifadə hüququ olduğundan cavabdehin müraciətin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuz olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar