Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9517/2023 08.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, iddiaçı X1, cavabdehin nümayəndəsi Nümayəndə qızının iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əvvəlki 3 il müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı X2 məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyası təyin olunan tarixdən öncəki keçmiş üç il müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildən etibarən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası alır. Xidmət illəri düzgün hesablanmadığı üçün 2012-ci ildə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Xidmət illərinin yenidən hesablanması 2020-ci ildə aparılmış və yeni məlumat vərəqi cavabdeh orqana göndərilmişdir. Cavabdeh orqan yaşa görə pensiyanı hesablamış və ödəniş aparmağa başlamış, lakin keçmiş üç il ərzində alınmamış pulu ödəməkdən imtina etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1, 32.1 və 37.7-ci maddələrinə əsasən, əmək pensiyası hüququ olan şəxs kimi əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət etmək, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğini müddətindən asılı olmayaraq almaq hüququ əldə etmişdir. Onun əmək pensiyasının vaxtında təyin edilməməsi həm də ödənilməli olan pensiya məbləğinin ödənilməməsi dövlətin funksiyasının (o cümlədən, “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 161-ci maddəsində təsbit olunmuş öhdəliyin) icrası həvalə edilmiş orqanın (hazırkı halda, hərbi idarəetmə orqanının) təqsirli hərəkətsizliyi nəticəsində baş verdiyindən, hazırkı məzmunda tələb hüququnu təsdiq edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtinada bildirilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun qaydada sizə Mərkəzi Filial tərəfindən 19 oktyabr 2012-ci il tarixindən “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinizin 55 faizi miqdarında əmək pensiyası təyin olunub. 10 iyul 2020-ci il tarixində Mərkəzi Filiala əmək pensiyanızın növünün dəyişdirilməsi üçün (yaşa görə) müraciət etmisiniz. 13 may 2022-ci il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 11 mart 2020-ci il tarixli MN-00744 nömrəli məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq, sizə 1 avqust 2020-ci il tarixindən Mərkəzi Filial tərəfindən 32 il 2 ay 24 gün xidmət müddətinə görə vaxtilə xidmət keçdiyiniz vəzifə üzrə təminat xərcliyinizin 91 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən, əlilliyə görə əmək pensiyası ilə yaşa görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Buna görə də Mərkəzi Filialın sizə ödənilməli hər hansı borc məbləği mövcud deyil.”
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmişdir.
5. Məhkəmənin sorğusuna əsasən, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının pensiya işinə dair sənədlər məhkəməyə təqdim edilmişdir.
6. İddiaçı hərbi qulluqçudur.
7. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinin xx.xx.2013-cü il tarixli əmək pensiyasının təyin edilməsi barədə qərarına əsasən iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.16.2-ci maddəsinə əsasən xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 1100 manat 55 qəpik, sonradan yenidən hesablama nəticəsində xx.xx.2019-cu il tarixədək 1197 manat hesablanmışdır.
8. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2013-cü il tarixli məlumat vərəqəsində iddiaçının təqvimi xidmət illəri 17 il, 06 ay, 28 gün, güzəştli xidmət illəri 0 il göstərilmişdir.
9. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli məlumat vərəqələrində iddiaçının təqvimi xidmət illəri 17 il, 06 ay, 28 gün, güzəştli xidmət illəri 0 il göstərilmişdir.
10. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli məlumat vərəqəsində iddiaçının təqvimi xidmət illəri 20 il, 02 ay, 24 gün, güzəştli xidmət illəri 12 il, cəmi 32 il, 02 ay, 24 gün göstərilmişdir.
11. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şəxslərlə Təyinat İdarəsinin xx.xx.2020-ci il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən iddiaçıya 01 avqust 2020-ci ildən ömürlük təyin olunmuş pensiyanın məbləği 2942,94 manat hesablanmışdır.
12. Məhkəmə iclasında iştirak edən iddiaçı Müdafiə Nazirliyinin məlumat vərəqəsini düzgün vermədiyini və bunun cavabdehin səhvi olmadığını bildirdi.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
14. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır.
15. Cavabdeh tərəfindən verilmiş iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli pensiyanın yenidən hesablanması haqqında qərara əsasən iddiaçıya 01 avqust 2020-ci ildən ömürlük təyin olunmuş pensiyanın məbləği 2942,94 manat məbləğində müəyyən olunmuşdur.
16. İddiaçı cavabdehdən əvvəlki 3 il müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsini tələb edir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
18. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
19. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
III. Məhkəmənin mövqeyi
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir.
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1.Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22. İşin faktiki hallarından göründüyü kimi, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.16.2-ci maddəsinə əsasən xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 1100 manat, sonradan yenidən hesablama nəticəsində xx.xx.2019-cu il tarixədək 1197 manat əmək pensiyası hesablanmışdır.
23. İddiaçı xx.xx.2020-ci il tarixdə əmək pensiyasının növünün dəyişdirilməsi barədə cavabdehə müraciət etmişdir. Həmin müraciət əsasında Müdafiə Nazirliyi tərəfindən sonuncu dəfə verilmiş xx.xx.2020-ci il tarixli “Məlumat Vərəqəsi”nə əsasən iddiaçıya hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
24. 13 may 2022-ci il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir.
25. Məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi əvvəlki 3 il müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi tələbi əsassızdır. Belə ki, əlilliyə görə əmək pensiyası ilə yaşa görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.
26. Həmçinin qeyd edilməlidir ki, məhkəmə iddiaçıya ilk dəfə pensiya təyin olunan zaman iddiaçının xidmət illərinin Müdafiə Nazirliyi tərəfindən verilmiş ilk məlumat vərəqəsində düzgün göstərilməməsində iddiaçını haqlı hesab etsə də, pensiya təyin edən cavabdeh orqanın mövcud məlumat vərəqəsi üzrə hərəkətləri qanunauyğun olmuşdur. Belə ki, iddiaçı əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi barədə cavabdehə müraciət etməmişdən əvvəlki dövr ərzində Müdafiə Nazirliyinin 27 may 2013-cü il tarixli məlumat vərəqəsində göstərilən məlumatı mübahisələndirməmiş, həmin məlumat vərəqəsi ilə razılaşaraq ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
27. Beləliklə, cavabdeh orqanın iddiaçının müraciətinə münasibətdə hərəkətləri qanuna uyğun olmuşdur.
28. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının hazırkı iddia tələbi əsassızdır və rədd edilməlidir.
29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva