Məhkəmə qərarları › İş №2-1(112)-9519/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9519/2024

12.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9519/2024 12.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçıların qanuni nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: X8 cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, övladları İddiaçı1, İddiaçı2 və İddiaçı4 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Cavabdeh 06 may 2024-cü il tarixli məktubla iddiaçının müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Uşaqların anası X6 qeydiyyatı ünvan 1 ünvanında olduğundan övladınıza məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi Komitənin imkanı xaricindədir. Bundan sonra iddiaçı X8, İddiaçı1, İddiaçı2 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı2, oğlu İddiaçı4 “məcburi köçkün “ statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı3 daha sonra xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək, iş üzrə onun iddiaçı kimi iştirakına xitam verilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir. II. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı3 1993-cü ilin oktyabr ayının 29-da Zəngilan rayonunun Zəngilan şəhərindən məcburi köçkün düşmüşdür, Bakı şəhəri, Səbail rayon ərazisində məskunlaşmışdır, məcburi köçkün kimi Bakı şəhəri, Səbail rayonunda qeydiyyatdadır. O, X13 ilə ailə həyatı qurmuşdur. Birgə nigahdan onun xx.xx.2006-cı il tarixdə qızı İddiaçı1, 02.05,2008-ci il tarixdə qızı İddiaçı2, 24.02 2013-cü il tarixdə oğlu İddiaçı4 adlı övladları dünyaya gəlmişdir. O, caavbdehə müraciət edərək övladları İddiaçı1, İddiaçı2, oğlu İddiaçı4 “məcburi köçkün” statusu və onu təsdiqi edən vəsiqənin verilməsini xahiş etmişdir. Cavabdehin heç bir əsas olmadan “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilməsindən imtina etmuişdir və bu, başa düşülən deyil, qanuni və əsaslı hesab edilə bilməz. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçıların atası İddiaçı3 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir; Məmmədov X7 şəhəri, H.Hacıyev küçəsi, ev 17 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; İddiaçıların anası X13 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir; X13 ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı1, İddiaçı2 və İddiaçı4 anası X6 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - “Bakı şəhərinin Suraxanı rayonu” olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçıların hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçılar məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh imtina etdikdən sonra məhkəməyə müraciət etmişlər. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - AA seriyalı 227919 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Məmmədov X7 rayonunu 1993-cü ildə tərk etmiş, cavabdeh tərəfindən ona xx.xx.2010-cu il tarixli qərara əsasən məcburi köçkün statusu verilmişdir. - xx.xx.2006-ci il tarixli, 210 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.2006-cı il tarixində Bakı şəhəri, Səbail rayonunda doğulmuşdur. - xx.xx.2008-ci il tarixli, 070906 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.2008-ci il tarixində Bakı şəhəri, Səbail rayonunda doğulmuş, atası İddiaçı3, anası X9r. - xx.xx.2013-cü il tarixli, 040742 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı4 xx.xx.2013-cü il tarixində Bakı şəhəri, Səbail rayonunda doğulmuş, atası İddiaçı3, anası X9r. - xx.xx.2006-cıil tarixli, 743319 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.2006-cı il tarixində Bakı şəhəri, Səbail rayonunda doğulmuş, atası İddiaçı3, anası X9r. - Azərbaycan Respublikası Zəngilan rayon İcra Hakimiyyəti Başçısının Zəngilan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 47 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Məmmədov X7 şəhərində daim qeydiyyatda olmaqla məcburi köçkündür, hazırda müvəqqəti olaraq ünvan 5 ünvanında məskunlaşmışdır. - Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki:

1. xx.xx.1978-ci il təvəllüdlü İddiaçı3 xx.xx.2003-cü il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır;

2. xx.xx.1985-ci il təvəllüdlü X16 11 07.2002-ci il tarixdən hazıradək ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır;

3. xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 oğlu xx.xx.2015-ci il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır;

4. xx.xx.2006-cı il təvəllüdlü X17 xx.xx.2015-ci il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır;

5. xx.xx.2013-cü il təvəllüdlü İddiaçı4 xx.xx.2018-ci il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Məmmədov X7 rayonundan məcburi köçkündür. Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2024-cü illəri əhatə edən elektron məlumat bazasında X5 məcburi köçkün statusunun olması barədə heç bir qeyd aşkar edilmədi. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ev 72a, (Yeni qaydalarla: H.Əliyev prospekti ev 947) ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə **********09-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir. Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində İddiaçı3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2009-cu il tarixli 4Ə-01-63 reyestr nomrəli alqı-satqı müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmişdir. ünvan 7 ünvanı üzərində İddiaçı3 adına mülkiyyət hüququ daşınmaz mlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə **********12-05301-093008 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2009-cu il tarixli 4Ə-649 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirilmişdir. ünvan 7 ünvanı üzərində İddiaçı3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə **********12-05301-093007 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-1207 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. ünvan 8 ünvanı üzərində İddiaçı3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə **********12-05301-093006 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2319-cu il tarixli 4Ə-1182 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İcrai Lətafət Məmmədağa qızının adına özgəninkiləşdirilmişdir. ünvan 9 ünvanı üzərində İddiaçı3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə **********12-05301-093005 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-762 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X10 adına özgəninkiləşdirilmişdir. ünvan 10 ünvanı üzərində Elxan Məhəmməd oğlunun adına mülkiyyət hüququ daşınma; əmlakın dövlət xx.xx.2019-cu il tarixdə **********12-05301-093004 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 1 saylı notariat kontoru tərəfində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-811 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X11 adına özgəninkiləşdirilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, M.Fizuli küçəsi, ev 62, mənzil 2 invanı üzərində İddiaçı3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə **********12-05301-093003 reyestr nömrəsi ilə qeydiyyata alınmış, daha sonra özgəninkiləşdirilmişdir. - Azərbaycan Respublikası Zəngilan rayon İcra Hakimiyyəti Başçısının Zəngilan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 344 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2006-cı ildə anadan olmuş Zəngilan şəhər sakini İddiaçı1 məcburi köçkündür, iyul 2006-cı ildən, bacısı Zəngilan şəhər sakini xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 iyul 2008-ci ildən vahid aylıq müavinat almışdır. Onlara verilən vahid aylıq müavinat qaydaların 2.1-ci maddəsinə əsasən iyun 2018-ci il tarixdən dayandırılmışdır. Hazırda müvəqqəti olaraq Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, Badamdar massivi 1, dalan 8, ev 13-də məskunlaşmışlar. İddiaçılar hazırda atasının məcburi köçkün statusunun olmasına əsaslanaraq onlara da məcburi köçkün statusunun verilməsini xahiş edirlər. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a əsasən: - Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. - Şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. - Bənd 1.1. “Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. - Bənd 1.2. Məcburi köçkünlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər. - Bənd 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: - 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; İşin yuxarıda sadalanan hallarından görünür ki, hazırkı iş üzrə iddiaçıların anasının daimi yaşayış yeri işğal olunmuş rayon deyil, ünvan 6 olmuşdur. Bundan əlavə, Qaydaların 4.2-ci bəndinə əsasən “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. İşdən görünür ki, İddiaçı3 dəfələrlə mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etmişdir, sonradan özgəninkiləşdirilmişdir. Beləliklə, göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçılar barəsində yuxarıda istinad olunan Qaydaların zəruri şərtləri yerinə yetirilmir. O da qeyd edilməlidir ki, iddiaçılar Nisə və İddiaçı2 doğulduğu vaxt qüvvədə olan Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət – dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Təlimatın 4-cü hissəsinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.3. Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara. Həmin Təlimatın 5.1-ci bəndinə əsasən isə mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi və ya ev əldə edəcək həmin yaşayış sahəsinə daimi pasport qeydiyyatına düşmüş məcburi köçkünlərə (şəhid ailələri istisna olunmaqla) yemək xərci üçün aylıq müavinət verilmirdi. Beləliklə, sadalanan normalardan görünür ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydaların müəyyən edilməsini nəzərdə tutmamış, həmin dövrdə qüvvədə olan aktlar yemək xərci alan şəxsi məcburi köçkün statusu almış şəxs kimi qəbul etmişdir. Yəni müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınır və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat verir. Lakin işdən görünür ki, qeyd olunan hallara istinad edilərək iddiaçılara 2018-ci ildən hər hansı bir müavinət ödənilmir, qanunvericiliklə məcburi köçkün statusuna malik şəxslərə şamil olunan güzəştlərin həmin tarixdən onlara da şamil olunması müəyyən edilmir. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. İddiaçılar və onların məcburi köçkün statusuna malik valideyninə münasibətdə məcburi köçkünlər üçün nəzərdə tutulan təminatın verilmə əsasını aradan qaldıran halların olması, buna görə də hazırkı tarixədək həmin təminatlardan istifadə etməmələri onların həmin statusa qanuni gözlənti hüququnun olmadığını da deməyə əsas verir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıların həm doğulduğu vaxt qüvvədə olan normalara, həm də hazırkı qanunvericiliyə əsasən məcburi köçkün hesab edilməsi müəyyən edilmədiyindən, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar