Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-952/2021 15.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 3-cü şəxs - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası qarşı “əlilliyin səbəbinin dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddiaçıya təyin edilmiş əlilliyinin səbəbinin "ümumi xəstəlik" əvəzinə “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda alınmış hərbi xəsarət (travma) nəticəsində baş verməsi” kimi dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 14.07.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin 25.06.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 15.09.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi kimi oxunması qərara alınmışdır. Həmçinin, həmin tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçı təyin edilmiş əlilliyinin səbəbinin "ümumi xəstəlik" əvəzinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar baş verməsi” kimi dəyişdirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi oxunması qərara alınmışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 15.03.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir və hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 1990-92-ci illərdə erməni işğalçıları tərəfindən torpaqlara basqın zamanı bir Əfqanıstan müharibəsi döyüşçüsü kimi Naxçıvan MR-nın torpaqlarının müdafiəsində döyüşərək iki dəfə ağır xəsarət almışdır. İlk dəfə 03.02.1992-06.06.1992-ci ildə Babək rayonu, Buzqov kəndində erməni quldurlarına qarşı gedən döyüşlərdə xəsarət almış və müalicə olunduqdan sonra yenidən döyüş bölgəsinə qayıtmışdır. İkinci dəfə 10.07.1992 - 13.11.1992-ci ildə Sədərək kəndi uğrunda gedən döyüşdə mina partlaması nəticəsində kəllə beyin silkələnməsi, həmdə qəlpə yaraları ilə yaralanaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilərək müalicə olunmuşdur. Bu barədə Naxçıvan MR, Səhiyyə Nazirliyi, Babək rayon xəstəxanası tərəfindən torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə xəsarət alması təsdiq edən çıxarışlar mövcuddur. Əlavə olaraq döyüşlərdə xəsarət aldığını təsdiq edən Babək Rayonu İcra Hakimiyyəti başçısının 11 noyabr tarixli, 1/75-6 saylı arayışı, Babək rayonu Hərbi Komisarlığının 15 aprel 1997-ci il tarixli arayışı, əlavə olaraq hərbi biletində qeyd edilmə, Babək rayonu, Buzqov kənd icra nümayəndəliyinin 10 aprel 1997-ci il tarixli, 46 saylı arayışı mövcuddur. 1998-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert komisiyyası tərəfindən ona əlillik qrupu müəyyən edən zaman torpaqların müdafiəsi uğrunda gedən döyülərdə xəsarət almağını təsdiq edən faktlara, sənədlərə məhəl qoyulmadan, hərbi əməliyyatlar gedənzonada olmaqla əlillik qrupu müəyyən edilmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar” əlillik səbəbi yerli icra hakimiyyəti orqanı və ya işlədiyi müəssisə tərəfindən tərtib edilmiş akt (“Azərbaycan Respublikası Ali X3 Azərbaycan Respublikasının DQV-də və digər rayonlarda fövqəladə vəziyyət elan edilməsi barədə 15 yanvar 1990-cı il tarixli fərmanını icra edərkən qoşun hissələrinin hərəkətləri nəticəsində baş vermiş bədbəxt hadisə haqqında" AKT) əsasında müəyyən edilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik səbəbi isə müvafqi Hərbi Həkim Komissiyasının qərarı (və ya xəstəlik haqqında şəhadətnaməsi) əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə Əlillik altsistemi üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. İddiaçının travmasının səbəb əlaqəsini müəyyən edən Hərbi Həkim Komissiyasının qərarı varsa, həmin qərar əsasında səhiyyə müəssisəsi tərəfindən müayinə olunmalı, göndəriş rəsmiləşdirildiyi halda əlillik vəziyyəti Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcəkdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, Babək Rayon İcra Hakimiyyəti başçısının 11.11.2002-ci il tarixli Arayışına əsasən İddiaçı 1990-1992-ci illərdə Babək rayonunun Ermənistanla həmsərhəd kəndi olan Aşağı Buzqov kəndinə erməni millətçi quldur dəstələri hücum edərkən gedən müdafiə döyüşlərində fəal iştirak etmişdir. İş materiallarından görünür ki, Çalxanqala kənd xəstəxanasının tibbi kartasından çıxarışa əsasən İddiaçı 10.07.1992-ci il tarixdən 13.11.1992-ci il tarixədək Sədərək kəndində gedən döyüşlərdə mina partlayışı zamanı aldığı qəlpə yaralanması və qapalı kəlləbeyin travması diaqnozu ilə müalicə almışdır. İş materiallarından görünür ki, 18.03.1999-cu il tarixdə tərtib edilmiş “Azərbaycan Respublikasının Qarabağ bölgəsində və başqa rayonlarında erməni hərbi birləşmələrinin təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşın həlak olması, yaxud səhhətinin başqa cür zədələnməsi haqqında” Akta əsasən İddiaçı 01.02.1992-ci il tarixdə baş vermiş hadisə nəticəsində zədə (postravmatik epilepsiya tutmaları) almışdır və müalicədədir. İş materiallarından görünür ki, Babək Rayon İcra Hakimiyyəti A.Buzqov kəndinin İcra Nümayəndəliyinin 46 nömrəli 10.04.1997-ci il tarixli Arayışına əsasən və həmin Arayış əsasında Babək Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 15.04.1997-ci il tarixli Arayışına əsasən İddiaçı 1989-1992-ci illərdə erməni daşnaqlarının hücumu vaxtı Babək rayonunun A.Buzqov kəndinin düşmənlərdən müdafiəsində iştirak edərək şəxsi fədakarlıqlar və qəhrəmanlıqlar göstərmiş və döyüş vaxtı müxtəlif xəsarətlər almışdır. İş materiallarından görünür ki, ******* nömrəli Hərbi Biletində İddiaçı 1989-1992-ci illərdə erməni daşnaqlarının hücumu vaxtı Babək rayonunun A.Buzqov kəndinin düşmənlərdən müdafiəsində iştirak etməsi və döyüş vaxtı müxtəlif xəsarətlər alması qeyd edilmişdir. İş materiallarından görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının 097061 nömrəli Arayışına əsasən İddiaçı müddətsiz “hərbi əməliyyatlar aparılan zonada olmaqla əlaqədar” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Beləliklə, İddiaçı 1989-1992-ci illərdə erməni daşnaqlarının hücumu vaxtı Babək rayonunun A.Buzqov kəndinin düşmənlərdən müdafiəsində iştirak etməsi və hərbi əməliyyatlarla əlqədar olaraq, nəticədə müxtəlif xəsarətlər alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə cavabdeh inzibati orqanın iddiaya dair yazılı etirazında gətirdiyi dəlili ilə bağlı qeyd edir ki, hərbu qulluqçu olmayan yəni mülki vətəndaşa “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda alınmış hərbi xəsarət (travma) nəticəsində baş verməsi” səbəbi ilə əlillik dərəcəsinin verilməsi üçün hərbi-həkim komissiyasının göndərişinin olması tələbi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. İş materiallarından görünür ki, məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının nümayəndəsi X1 izahatında iddiaçının hərbi qulluqçu olmadığından, onun hərbi qulluqçu kimi şəhadətləndirilməsi mümkün olmamasını bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 1.1-ci bəndinə əsaəsn bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. Həmçinin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında Milli Ordunun müstəqillik əldə edildikdən, yəni 18.10.1991-ci il tarixdən sonra yaranması və Ermənistanın Azərbaycana qarşı olan və uzun müddət davam edən təcavüzü hamıya bəlli olan haldır. Beləliklə, iddiaçı 1989-cu ildən döyüşsə də, həmin vaxt Milli ordunun yaranmaması səbəbindən ona hərbi qulluqçu statusunun verilməməsi (və ya şamil olunmaması) iddiaçıdan asılı olan hal kimi qiymətləndirilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlillliyin qiymətləndirilməsi Qaydaları”nda şəxsin əlilliyinin səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” kimi müəyyən edilməsi üçün mütləq olaraq onun hərbi qulluqçu statusunda olması tələbi müəyyən edilməmişidir. Belə ki, MPM-in 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci yarımbəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 3.1.1-ci bəndinə əsasən əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda əlillik səbəbi Xidmət tərəfindən dəyişdirilir. Göründüyü kimi, iddiaçının hərbi qulluqçu statusunun olmamasından asılı olmayaraq yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarının müvafiq müddəaları iddiaçıya münasibətdə tətbiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulmuş qaydada inzibati icaatın tam və hərtərəfli olaraq aparılmadığı müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı 1989-1992-ci illərdə erməni daşnaqlarının hücumu vaxtı Babək rayonunun A.Buzqov kəndinin düşmənlərdən müdafiəsində iştirak etməsi və döyüş vaxtı müxtəlif xəsarətlər alması, yəni hərbi əməliyyatlarla əlaqədar Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyə səbəb olan yaralanması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin şəxsin əlillik səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” kimi müəyyən edilməsi üçün mütləq olaraq onun hərbi qulluqçu statusunda olması tələbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarda nəzərdə tutulmadığından, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli İddiaçı təyin edilmiş əlilliyinin səbəbinin "ümumi xəstəlik" əvəzinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar baş verməsi” kimi dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı təyin edilmiş əlilliyinin səbəbinin "ümumi xəstəlik" əvəzinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar baş verməsi” kimi dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-952/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-952/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver