Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-952/2024 22.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, X8 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı məhkəməyə müraciət edərək Ukraynada yerləşən H.P.Konaşeviç-Saqaydaçnıy adına X5 Akademiyası tərəfindən ona verilmiş xx.xx.2019-cu il tarixli, B19№188419 nömrəli diplomun ölkə ərazisində tanınmasından cavabdeh tərəfindən imtina edilməsinin qanunsuz hesab edilməsi, həmin diploma tanınma şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçının ərizəsi əsasında məhkəmə qərardadı ilə inzibati məhkəmə icraatı üzrə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.2015-xx.xx.2019-cu il tarixlərində X2 və Texnologiyalar Universitetinin Hetman Pyotr Konaşeviç-Saqaydaçnıy adına X9 Nəqliyyatı İnstitunda qiyabi olaraq bakalavr təhsili almışdır. İxtisası 6.070104 Dəniz və Çay Gəmiçiliyidir. İxtisaslaşmanın əsas istiqaməti 0701 Nəqliyyat və Nəqliyyat İnfrastrukturudur. Tədris dili ukrayna dilidir. Proqramın rəsmi müddəti 4 ildir (240 AKTS krediti). Tam orta təhsil əsasında qəbul imtahanlarının nəticələrinə uyğun olaraq həmin təhsil müəssisəsinə qəbul olmuşdur. Universitetin rəsmi şəkildə lisenziyası mövcuddur. Akkreditasiya haqqında şəhadətnamə xx.xx.2018-ci ildə, 11000810 sayı ilə verilmişdir. Təhsil müddətində milli cədvəl və Avropa kredit transfer sisteminə uyğun olaraq, bütün qiymətləri məqbuldur. Akademik saatlar, kredit və ballar daxil olmaqla, təhsil komponentləri və nəticələri məqbuldur. Dövlət ixtisaslaşma imtahanını 76.22 balla, yaxşı qiyməti ilə keçmişdir. Bu təhsil ona magistr elmi-ixtisas dərəcəsi almaq və ixtisası üzrə işləmək hüququ verir. Təqdim edilmiş tələbə bileti də 2015-2019-cu illər təhsil müddətinə uyğundur. Onun xarici pasportundakı viza və möhürlər təhsil müddətinə uyğundur. O dənizdə Caspian Marine Services Limited şirkətində işləyir. Sadəcə İ və İİ kurslarda təhsil alarkən iş yerindən 2 gün gec buraxılmışdır. Dənizdə iş rejiminin əsas şərti budur ki, 30 gün tamam olmamış iş yerini tək etmək müəssisədaxili intizam qaydalarının tələblərinə ziddir və intizam məsuliyyətinə səbəb olur. Yəni həmin vaxtı o dənizdə işdə olmuşdur. Bu hal 2 dəfə, hər dəfəsində 2 gün olmaqla baş vermişdir. Həmin 4 günü işdə olmağını təsdiq edən arayışlar da iş materiallarına əlavə edilmişdir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarının 3.1-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması üçün bu Qaydaların 2.1-ci bəndində göstərilmiş sənədlər tələb olunur. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra).
7. Cavabdeh qurumun iddiaçının müraciətinə cavab olaraq məktubunda bildirilmişdir ki, “Ali təhsil sənədlərinizin araşdırılması zamanı müəyyən edilmişdir ki, X6 Konaşeviç- Saqaydaçnıy adına X5 Akademiyasının tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında Siz həmin ölkədə qısa müddət ərzində olduğunuzdan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyiniz qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, A78D59A42D39700 nömrəli müraciətiniz üzrə aldığınız ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, Sizin 30 (otuz) gün müddətində qəbul edilmiş qərara dair məhkəməyə müraciət etmək hüququnuz vardır.”
8. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı əldə etdiyi kvalifikasiyanın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh ərizəçinin tanınma haqqında müraciətinə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğunu müəyyən etmiş və xx.xx.2020-ci il tarixində iddiaçıya tanınma haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da ərizəçinin hər tədris ili üzrə auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”(bundan sonra- Qaydalar)nın 4.1.4-cü yarımbəndində Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında əks olunmuşdur. Qəbul olunmuş yeni normativ hüquqi akt əyani tələbələr üçün auditoriya dərslərində əyani olaraq iştirak müddəti tələbini 40 həftədən 20 həftəyə endirdiyindən, özündə əvvəlki hüquqi akta nisbətdə yüngülləşdirici halları ehtiva edir və iddiaçıya nisbətdə tətbiqi yolveriləndir. İddiaçının müraciəti əsasında aparılmış inzibati icraat zamanı onun xarici ali təhsil aldığı ölkədə olmasını yoxlamaq məqsədilə sərhədkeçmə məlumatları tədqiq edilmiş, onun təhsil aldığı illər üzrə xarici ali təhsil aldığı ölkədə olma müddətləri aşağıdaki kimi müəyyənləşdirilmişdir: İ il- 9 gün, İİ il -10 gün, İİİ il-21 gün və İV il - 28 gün Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlarda qiyabi təhsilalma forması üzrə hətta azərbaycan dilindəki təhsil proqramlarının mənimsənilməsi üçün minimum 6 həftəlik auditoriya və 2 həftəlik imtahan sessiyalarını nəzərdə tutduğu halda iddiaçı xarici dildə ali təhsili almaq üçün Qaydalarda bu müddətin yarısı kimi nəzərdə tutulmuş tələbə uyğun xarici ali təhsil aldığı ölkədə olmamışdır. Bununla bərabər Azərbaycan Respublikası Əmək Məcəlləsi 124.3-cü yarımbəndində Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü müddətində təhsil məzuniyyəti verildiyi öz əksini tapmışdır ki, bu da qiyabi təhsilalma formasında tədrisin təşkili müddətlərinə nisbətdə qanunvericilik aktları arasında ahəngi göstərməsi baxımından önəmli nüansdır. Eyni zamanda Qaydaların 1.3-cü yarımbəndinə əsasən Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra -Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra - Agentlik) tərəfindən həyata keçirilir. Yekun olaraq qeyd etmək istərdik ki, cavabdeh inzibati orqan tərəfindən tanınma üzrə inzibati icraatın aparılması zamanı Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 14.1-ci bəndinə uyğun olaraq diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində və ona verilmiş səlahiyyətlər daxilində çərçivəsində həyata keçirdiyindən və Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 73.3.1-ci yarımbəndinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildiyi üçün Məhkəmə məcburetmə haqqında iddiaya dair iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Hesab edilir ki, qiyabi təhsilalma formasında tədris olunan təhsil programları üzrə tədris yükünün qeyd olunmuş müddətlərdə yerinə yetirilməsinin faktiki olaraq mümkünsüzlüyünü və normativ olaraq uyğunsuzluğu nəzərə alınaraq, iddia tələbi həm mahiyyət həm də normativ olaraq əsassız olduğu üçün rədd edilməlidir.
4. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-38-33/2-1468/23 nömrəli məktubdan görünür ki, X1 Sistemindən (İAMAS) olan çıxarışa əsasən İddiaçı Ukraynaya çıxışı xx.xx.2015 - Ukraynadan girişi xx.xx.2015-ci il tarixlərində, Gürcüstan çıxışı xx.xx.2016 – Ukraynadan girişi xx.xx.2016-cı il tarixlərində, Ukraynaya çıxışı xx.xx.2017 - Ukraynadan girişi xx.xx.2017-ci il tarixlərində, Ukraynaya çıxışı xx.xx.2018 - Ukraynadan girişi xx.xx.2018-ci il tarixlərində, Ukraynaya çıxışı xx.xx.2019 - Ukraynadan girişi xx.xx.2019-ci il tarixlərində, Ukraynaya çıxışı xx.xx.2021 - Ukraynadan girişi xx.xx.2021-ci il tarixlərində olmuşdur.
5. İş materiallarında olan “Caspian Marine Services Limited” şirkətinin 09 fevral 2016-cı il tarixli 097 nömrəli və 21 oktyabr 2016-cı il tarixli 696 nömrəli arayışlarından görünür ki, İddiaçı həmin şirkətdə işləmiş və 13 yanvar 2016-cı il tarixdən – 11 fevral 2016-cı il tarixədək və 19 oktyabr 2016-cı il tarixdən – 15 noyabr 2016-cı il tarixədək xidməti zərurətlə əlaqədar gəmidə olmuşdur.
6. İş materiallarında olan X2 və Texnologiyalar Universiteti tərəfindən xx.xx.2023-cü il tarixində təqdim olunmuş arayışda qeyd olunmuşdur ki, İddiaçı Mayıl oğlu xx.xx.2015-ci ildən xx.xx.2019-cu ilədək “Dəniz və çay nəqliyyatı ixtisası, Dəniz və daxili su yollarında gəmi sürücülüyü” ixtisaslaşması üzrə Dövlət İnfrastruktur və Texnologiyalar Universitetinin Kiyev X4 təhsil almış, xx.xx.2019-cu il tarixli Bİ9 № 188419 saylı Bakalavr diplomu və xx.xx.2019-cu il tarixli A3- 92/15 saylı Diploma əlavə əldə etmişdir.Təhsil yüklənməsi təhsil prosesində bilavasitə iştirak edərək tam həcmdə yerinə yetirmişdir.
7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) izahat verən iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verdi.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
9. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
10. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.
11. Odur ki, hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir.
12. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. X3 və Texnologiyalar Universitetinin Hetman Pyotr Konaşeviç-Saqaydaçnıy adına X9 nəqliyyatı İnstitutu tərəfindən verilmiş B19 seriyalı 188419 nömrəli 30 iyun 2019-cu il tarixli Bakalavr diplomuna və A3-92/15 nömrəli diploma əlavəyə əsasən, İddiaçı Dəniz və çay gəmiçiliyi ixtisası üzrə tam kursunu bitirmiş və ona bakalavr ali ixtisas dərəcəsi verilmişdir.
15. İddiaçı qeyd olunan diplomun tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının təhsil aldığı ölkədə olma müddəti onun diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirmək üçün kifayət hesab edilməməsi səbəbi ilə müraciətin təmin edilməsindən imtina etmişdir.
16. Məhkəmə iddia tələbinə qiymət verməzdən öncə, iddiaçının aldığı təhsillərin ölkə ərazisində tanınması üçün hansı əsasların olmasına münasibət bildirir. Təhsil hüququnun və həmin hüququn həyata keçirilməsi aşağıdakı qanunvericilik normaları ilə tənzimlənir.
17. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
18. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
19. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın: 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.
20. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: -təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; -təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: -xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; -təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); -xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
22. Göründüyü kimi normativ hüquqi aktlarda xarici dövlətlərin ali təhsil sahəsində kvalifikasıyanın tanınması ilə bağlı müəyyən şərtlər, mənfi rəyin verilməsi üçün isə müvafiq əsaslar mövcud olmuşdur ki, hazırki iddia tələbi üzrə həmin əsasların olması müəyyən olunmur.
23. İddiaçının ali təhsil aldığı Universitetin arayışından bəlli olur ki, iddiaçı xx.xx.2019-cu il tarixli Bİ9 № 188419 saylı Bakalavr diplomu və xx.xx.2019-cu il tarixli A3-92/15 saylı Diploma əlavə əldə etmiş, təhsil programını təhsil prosesində bilavasitə iştirak edərək tam həcmdə yerinə yetirmişdir.
24. “Təhsil haqqında” Qanunun normalarına əsasən dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli № 156 saylı Fərmanına əsasən, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.4-cü bəndinə əsasən, ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir.
25. Cavabdehin imtinasına əsas olmuş hala - tədris illəri üzrə İ il- 9 gün, İİ il -10 gün, İİİ il-21 gün və İV il - 28 gün müddətində olduğundan İddiaçı Mayıl oğlunun qiyabi təhsilalma formasında oxuyaraq diplom əlavəsində nəzərdə tutulan tədris yükünü yerinə yetirilməsinin qeyri-mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, həmin dəlil iddiaçının təhsilinin əyani formada təhsilalma formasında olduğu halda nəzərə alına bilər. Hazırkı işin hallarına uyğun olaraq təhsilalma əyani formada deyil, qiyabi olduğundan məhkəmə cavabdehin qeyd edilən dəlilini iddianın təmin edilməməsi üçün əsaslı hesab etmir.
26. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tələblərinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. İddiaçının diplomuna əsasən müəyyən olunur ki, o, 240 AKTTS (Avropa Kredit və Toplanması Sistemi) kredit yığmışdır. İddiaçı təhsil almasına dair təhsil aldığı ölkənin müvafiq qurumu tərəfindən apostil olunmuş təhsilə dair sənədi, diplomu və diploma əlavəni təqdim etmişdir.
27. Beləliklə, tələbələrin (hazırki halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və həmin diplomun apostil olması, həmin diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.
28. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
29. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
30. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. X3 və Texnologiyalar Universitetinin Hetman Pyotr Konaşeviç-Saqaydaçnıy adına X9 nəqliyyatı İnstitutu tərəfindən İddiaçı adına verilmiş B19 seriyalı 188419 nömrəli, 30 iyun 2019-cu il tarixli bakalavr diplomu üzrə aldığı ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva