Məhkəmə qərarları › İş №2-1(112)-952/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-952/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-952/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünə və iki azyaşlı övladları xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X3 3 nəfər üçün qanunla nəzərdə tutulmuş miqdarda yaşayış minimununa uyğun olaraq ünvanlı sosial yardımın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiə Nazirliyi ilə əvəz olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş və iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, həyat yoldaşı ilə birgə nikahdan iki övladı vardır, məhkəmə qaydasında aliment müəyyən edilməsinə baxmayaraq onun aliment ödəmək qabliyyəti yoxdur. Himayəsində 2 azyaşlı övladı, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X7 vardır, hər iki övladının adında ataları tərəfindən razılıq ərizələri verilmişdir. Bundan sonra iddiaçı qanunla nəzərdə tutulmuş qaydada elektron yolla ünvanlı sosial yardım alınması üçün cavabdeh Əmək və X6 Nazirliyinin saytına müraciət etmiş, ona ünvanlı sosial yardımın düşməyəcəyi cavabını almışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ailənin ünvanlı sosial yardımın alınması ilə bağlı VEMTAS-a daxil etdiyi 18 noyabr 2022-ci il tarixli **********13101 nömrəli müraciəti əsasında sistem tərəfindən avtomatlaşdırılmış qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 5.22-ci bəndinə uyğun olaraq 3 nəfərdən ibarət ailəyə 01 noyabr 2022-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək 293,49 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir (ödəniş sayı - 12). İddiaçıya ünvanlı yardım təyin edilib ödənildikdən sonra növbəti müraciətlərinə VEMTAS tərəfindən aşağıda qeyd edilən səbələrdən imtinalar verilmişdir: 1. 22 yanvar 2024-cü il tarixli **********19401 nömrəli müraciətinə: ailə gəlirləri barədə məlumatın düzgün göstərilməməsi - təmsilçinin gəlirləri ilə MDSS arasında fərq var; 2. 12 fevral 2024-cü il tarixli **********19402 nömrəli müraciətinə: ailə gəlirləri barədə məlumatın düzgün göstərilməməsi - təmsilçinin gəlirləri ilə MDSS arasında fərq var; icra və probasiya şöbəsindən sənəd təqdim edilməyib. Beləliklə, iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsinin mümkün olmamasının səbəbini ərizəbəyannaməyə məlumatların düzgün daxil etməməsi təşkil etmişdir. Belə ki, VEMTAS ərizəbəyannamədə göstərilən məlumatları bir sıra dövlət orqanının elektron bazasında yerləşdirilən məlumatlarla uyğunluğunu yoxlayır. Bu səbəbdən müraciət zamanı təmsilçi tərəfindən ərizə-bəyənnaməyə daxil edilən hər hansı məlumatlarda natamamlıq və ya səhvlik olduğu zaman, sözügedən məlumatların yoxlanılması sistem tərəfindən mümkünsüz olur. Göründüyü kimi, ünvanlı sosial yardımın təyin edilməsinin mümkün olmaması səbəbi iddiaçının ərizə-bəvannamədə qeyd edilən məlumatların düzgün daxil etməməsidir. Belə ki, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə iddiaçının yaşadığı ünvanda maddi-məişət şəraitinin müayinələri aparılmış və bu barədə VEMTAS-ın yüklənmiş fayllar bölməsinə "Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat”lar yerləşdirilmişdir. Həmin məlumatlara əsasən, hər iki müayinə zamanı xx.xx.2021-ci il tarixdə iddiaçının nikahına xitam verildiyi, mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişininə əsasən isə 200 manat məbləğində aliment təyin edildiyini qeyd etmişdir. Həmin məbləğ hər ayın 15-nə kimi iddiaçıya məxsus plastik karta köçürülməlidir. Lakin buna baxmayaraq, iddiaçı keçmiş həyat yoldaşı tərəfindən yalnız 2024-cü ilin yanvar ayında aliment ödənişi qismində 200 manat aldığını bildirmişdir. İddiaçı VEMTAS-a etdiyi sonuncu 12 fevral 2024-cü il tarixli **********19402 nömrəli müraciətində 200 manat məbləğində aliment aldığını göstərmiş, lakin maddi-məişət şəraitinin müayinəsi zamanı iddiaçının aliment almasını təsdiq edən hər hansı sənəd (icra və probasiya şöbəsindən sənəd, ödəniş qəbzləri və s.) təqdim edilmədiyindən, yuxarıda qeyd edilən maddənin tələbinə uyğun olaraq cavabdeh tərəfindən imtina verdilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - maddə 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; - maddə 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. - maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. - maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir) tərəfindən təyin olunur. - maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. - maddə 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. - maddə 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. - maddə 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. - maddə 10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən: - bənd 1.2. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1. ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2. əmək qabiliyyətli olan ailə üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi; 1.2.3. ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4. ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; 1.2.5. ailə üzvünün vəfat etməsi; 1.2.6. ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7. ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8. ailə üzvünün olduğu yerin məlum olmaması. -bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. - bənd 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X4 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. - bənd 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. - bənd 3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. - bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X2 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. - bənd 3.8. VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar (5 nömrəli əlavə) çıxarıldığı hallarda sosial yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar (6 nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir. - bənd 4.3. Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. - bənd 4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. - bənd 4.6. Bu Qaydaların 4.4-cü və 4.5-ci bəndlərində göstərilən hal baş verdikdə, sosial yardımın verilməsi dəyişikliyin baş verdiyi aydan sonrakı ayın 1-dən dayandırılır. İşdən görünür ki, iddiaçı ona ünvanlı dövlət sosial yardım verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə VEMTAS vasitəsilə ona aşağıda qeyd edilən məzmunda imtina vermişdir:

1. 22 yanvar 2024-cü il tarixli **********19401 nömrəli müraciətinə - ailə gəlirləri barədə məlumatın düzgün göstərilməməsi- təmsilçinin gəlirləri ilə MDSS arasında fərq var;

2. 12 fevral 2024-cü il tarixli **********19402 nömrəli müraciətinə -ailə gəlirləri barədə məlumatın düzgün göstərilməməsi: təmsilçinin gəlirləri ilə MDSS arasında fərq var; İcra və probasiya şöbəsindən sənəd təqdim edilməyib. Həmçinin cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazda qeyd ermişdir ki, iddiaçı VEMTAS-a etdiyi sonuncu 12 fevral 2024-cü il tarixli **********19402 nömrəli müraciətində 200 manat məbləğində aliment aldığını göstərmiş, lakin maddi-məişət şəraitinin müayinəsi zamanı iddiaçının aliment almasını təsdiq edən hər hansı sənəd (İcra və probasiya şöbəsindən sənəd, ödəniş qəbzləri və s.) təqdim edilmədiyindən, yuxarıda qeyd edilən maddənin tələbinə uyğun olaraq cavabdeh tərəfindən imtina verilmişdir. Lakin işdə olan iddiaçının məhkəmə iclasında təqdim etdiyi Bakı şəhər Xətai rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı barəsində aliment tələbinə dair Xətai rayon İcra şöbəsinin “Elektron icra” sistemində icra sənədi aşkar olunmamışdır və aliment alıb-almaması barədə məlumat yoxdur. Məsələnin araşdırılması üçün məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı "ünvanlı dövlət sosial yardımın verilməsi” barədə müraciətinə qərardadın əsaslandırma hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən baxılması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Qərardadın icrası məqsədilə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli xidməti məktubda göstərilmişdir ki, İddiaçı ailəni təmsil edən şəxs qismində xx.xx.2024-cü il tarixli **********19401-197 nömrəli və xx.xx.2024-cü il tarixli **********19402-197 nömrəli rəsmi müraciətləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları’na uyğun 5 saylı Bakı Dayanıqlı və Operativ Sosial Təminat Mərkəzi tərəfindən ailənin maddi-məişət şəraiti yoxlanılmış, ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən ÜDSY müraciətinə imtina verilmişdir. Mərkəzi Filialın əməkdaşı tərəfindən İddiaçı ilə əlaqə saxlanılmış (***-***-**-**), qanunvericilik və elektron müraciət proseduru ətraflı izah edilmiş, yenidən elektron qaydada Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım" (VEMTAS) altsisteminə müraciət etməsi tövsiyə olunmuşdur. Yoxlanılma zamanı vətədaşın VEMTAS- a yeni rəsmi müraciətinin olmadığı aşkarlandığından ÜDSY işinə yenidən baxılması mümkün olmamışdır. Göründüyü kimi, məhkəmə tərəfindən iddiaçının müraciətinin araşdırılması üçün inzibati orqana vaxt vermiş, inzibati orqan isə iddiaçının yeni müraciətinin olmaması əsası ilə qərardadın icrasını təmin etməmişdir. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılşamayaraq qeyd edir ki, işdə olan ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanı yaşayış yerinə uyğundur. İddiaçı həmin evdə 4 ildir təmənnasız yaşadığını, ev sahibinin Rusiya Federasiyasında yaşadığını bildirdi. Rəsmi nikahının xx.xx.2021-ci il tarixdə pozulması barədə qətnamə təqdim etdi. Mediasiya məhkəməsinə əsasən 200 manat aliment təyin edilmişdir. Ailənin gəlirləri: təmsil edənin son 1 ildə gəlirlərinin rəsmi olduğu bildirildi. xx.xx.2022-ci l tarixdə saziş bağlanılıb, 200 manat alimet təyin edilib, həmin tarixdən alimentin ödənilməsi barədə qərar qəbul edilib. Yalnız 2024-cü ilin yanvar ayında 200 manat aliment aldığını, icra sənədinin olmadığı bildirildi. Görünüdüyü kimi, cavabdeh yerində yoxlama edərkən iddiaçı aliment barədə məlumatı cavabdehin nümayəndəsinə bildirmiş, lakin cavabdeh bu halı nəzərə almayaraq, əsasız olaraq ailə gəlirləri barədə məlumatın düzgün göstərilməməsinə istinad etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin həmin hala istinad edərək, iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina etməsi qanunsuz olmuşdur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının tələbini istisna edən faktiki şərtləri sübut etməli olduğu halda bu sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 2024-cü ilin fevral ayından ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar