Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9520/2023 21.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «doğum akt qeydində düzəliş edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı Cavabdehnə qarşı onun doğumu haqqıanda akt qeydinin doğum tarixi qrafasında düzəliş edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 11 aprel 1997-ci il tarixdə Qazax rayonu, Xanlıqlar kəndində doğulmuşdur və Qazax rayonu Xanlıqlar kəndi İcra nümayəndəliyi tərəfindən bu barədə doğum haqqında akt qeydlər kitabında 10 aprel 1998-ci il tarixdə 7 nömrə ilə qeyd edilərək, 288317 saylı “doğum haqqında şəhadətnamə” tərtib edilmişdir. İddiaçı 2022-ci ildə adını “Qızxanım”dan “Nazlı”ya dəyişdirmək istəyərkən ona məlum olmuşdur ki, doğum akt qeydlər kitabında doğum tarixi 11 aprel 1997-ci il kimi deyil, xx xxxxxx 1998-ci il kimi qeyd edilmişdir. İddiaçıya 2013-cü ildə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən AZE seriyalı 13318727 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Şəxsiyyət vəsiqəsində iddiaçının doğum tarixi 11 aprel 1997-ci il kimi qeyd edilmişdir. Bütün sənədlərdə onun doğum tarixi 11 aprel 1997-ci il kimi göstərilmişdir. İddiaçı 05 noyabr 2022-ci il tarixdə adını “Qızxanım”dan “Nazlı’ya dəyişdirmiş və bu barədə “Adın, ata adının və soyadının dəyişdirilməsi haqqında” 05 noyabr 2022-ci il tarixli, 031834 nömrəli şəhadətnamə tərtib edilmişdir ki, şəhadətnamədə doğum tarixi xx xxxxxx 1998-ci il kimi qeyd olunmuşdur. Bundan sonra iddiaçı (İddiaçı) AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Sənədlərdən göründüyü kimi, Qazax rayonu Xanlıqlar kəndi İcra nümayəndəliyinin səhvinə görə doğum akt qeydlər kitabında iddiaçının doğum tarixi yanlış qeyd edilmişdir. Qeyd edilən əsaslarla iddiaçı Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsinə 9 fevral 2023-cü il tarixdə müraciət etsə də, ötən müddət ərzində müraciət cavablandırılmamışdır. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunun 1-ci və 3cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə və 60-cı maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1-ci və 159.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qəran ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Qaydalar»ın 1, 3, 4, 13 və 18-ci bəndlərinə, İnzibati icraat haqqında” Qanunun 10, 11, 13, 14 və 20-ci maddələrinə əsaslanaraq məhkəmədən İddiaçı (Qızxanım) Qalib qızının 11 aprel 1997-ci ildə Qazax rayonu, Xanlıqlar kəndində doğulması barədə Qazax rayonu Xanlıqlar kəndi İcra nümayəndəliyi tərəfindən tərtib olunmuş vətəndaşlıq vəziyyəti aktlarının doğum haqqında 10 aprel 1998-ci il tarixli, 7 nömrəli akt qeydinə düzəliş olunaraq, “doğulduğu tarix” bölməsində qeyd olunmuş xx xxxxxx 1998-ci il tarixinin, 11 aprel 1997-ci il tarixi kimi düzəliş edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsinin üzərinə qoyulması məhkəmədən xahiş olunur. Məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş Materiallarında olan 5 saylı “Asan Xidmət” X2 tərəfindən 3-16-5/8-10-1695/2023 nömrəli 11 iyul 2023-cü il tarixli məktub ilə məhkəməyə təqdim olunmuş Süleymanova (Qızxanım) Nazlı Qalib qızına məxsus 05 noyabr 2022-ci il tarixli, **********5112022 nömrəli “soyadın, adın və ata adının dəyişdirilməsi haqqında” akt qeydinə əsasən xx xxxxxx 1998-ci il tarixdə Qazax doğulmuş “X1”nın adı dəyişdirilərək “İddiaçı” olmuşdur. İş materiallarında olan Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən 3-16-5/8-13- 159/2023 nömrəli 04 iyul 2023-cü il tarixli məktub ilə məhkəməyə təqdim olunmuş Süleymanova (Qızxanım) Nazlı Qalib qızına məxsus doğum akt qeydinə əsasən İddiaçı xx xxxxxx 1998-ci il tarixdə Qazax doğulmuşdur. MPM-in 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikası Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Əsas Müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. Əsas Müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı, nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi, adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi, yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi, övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi, atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi, atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi, ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi, cinsin dəyişməsinin təsdiqi haqqında səhiyyə idarəsinin rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Əsas Müddəaların 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas Müddəaların 7-ci bəndinə görə başqa qeydiyyat şöbələrindan və konsulluq idarələrindən daxil olmuş materiallar üzrə qeydlərdəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, habelə şəhadətnamələrin verilməsi 15 gün müddətində həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 2.2-ci bəndinin 3-cü hissəsinə görə doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Məhkəmə qeyd edir ki, iddiaçının doğum akt qeydində doğum tarixi xx xxxxxx 1998ci il göstərilmiş, doğum haqqında şəhadətnamədə isə 11 aprel 1997-ci il tarixi qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, şəxsin doğum faktı doğum akt qeydi ilə təstiq olunur və doğum akt qeydi doğum faktını əks etdirən ilkin sənəddir. İddiaçının doğum haqqında şəhadətnaməsində doğum tarixinin 11 aprel 1997-ci il göstərilmiş olması doğum akt qeydində yanlışlığın olmasına dair mötəbər sübut əhəmiyyəti daşımır. Nəzərə alınmalıdır ki, iddiaçının 11 aprel 1997-ci il tarixdə doğulmasını təsdiqləyən başqa mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa, iddiaçının valideynləri X3 və Məmmədova (Süleymanova) Zenfira Xəlil qızı arasında nikah 8 aprel 1998-ci il tarixdə bağlanmışdır və iddiaçının doğum akt qeydində həmin nikaha (nikah aktına) istinad olunmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının doğum akt qeydində düzəliş edilərək doğum tarixinə (doğulduğu ay və gün) düzəliş edilməsindən imtina qanunsuz sayılmamalıdır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «doğum akt qeydində düzəliş edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 62, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı «doğum akt qeydində düzəliş edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-9520/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9520/2023
21.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver