Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9523/2021 05.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun “Hüseynzadə” soyadının dəyişdirilərək “Hüseynova” kimi qeyd edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1953-cü ildə Naftalan şəhərində anadan olmuşdur. Azərbaycan SSR-də vaxtilə verilmiş doğum haqqında şəhadətnamədə adı səhvən Mərvidə deyil, Azadə qeyd olunmuşdur. Bununla bağlı müraciəti əsasında Naftalan Şəhər Məhkəməsinin qətnaməsi əsasında adı “Azadə”-dən “Mərvidə”-yə dəyişdirilmiş, Naftalan şəhəri qeydiyyat şöbəsi tərəfindən iddiaçıya 03 avqust 2011-ci ildə doğum haqqında yeni şəhadətnamə verilmiş və həmin şəhadətnamədə adı X3 göstərilmişdir. İddiaçı 1979-cu ildə Azərbaycan Respublikası vətəndaşı Hüseyn-zadə Ənvər Sadıx oğlu ilə rəsmi qaydada nikaha daxil olmuşdur. 02.02.1979-cu ildə akt qeydləri kitabında qeydə alınmış nikah haqqında şəhadətnaməyə əsasən ona “Hüseynzadə” soyadı verildiyi göstərilmişdir. Əlavə olaraq qeyd edir ki, həyat yoldaşı Hüseyn-zadə Ənvər Sadıx oğlu 1993cü ildə vəfat etmişdir. Lakin bu ilə kimi iddiaçının aldığı sənədlərdə soyadı “Hüseynzadə” deyil, “Hüseynova” olaraq göstərilmişdir. Hətta ona 18.07.2017-ci ildə verilmiş Azərbaycan Respublikası pasportunda soyadı “Hüseynova” göstərilmişdir. Daha sonra iddiaçı Türkiyəyə köçərək orada yaşamağa başlamışdır. Orada da təqdim etdiyi bütün sənədlərdə soyadı “Hüseynova” kimi göstərilmişdir. Bu yaxınlarda şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyi üçün müvafiq dövlət qeydiyyatı orqanına müraciət etmişdir. Nikah şəhadətnaməsinə əsasən onlar iddiaçının soyadını “Hüseynzadə” olaraq göstərərək ona 10.06.2021-ci il tarixdə yeni nəsil Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi verilmişdir. Çünki bu vaxta qədər aidiyyəti qurumlar iddiaçıya “Hüseynova” soyadı ilə sənədlər vermişdir. Bununla əlaqədar Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə müraciət edərək soyadının “Hüseynzadə”-dən “Hüseynova”ya dəyişdirilməsini xahiş etmişdir. Həmin qurumdan ona verilmiş 02.07.2021-ci il tarixli imtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarına istinad olaraq həmin Qərarın 6.3-cü bəndində göstərildiyi kimi adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilmədiyi qeyd olunmuş və bu barədə məhkəməyə müraciət edə biləcəyi qeyd olunmuşdur. İddiaçı hesab edir ki, soyadı “Hüseynzadə”-dən "Hüseynova”-ya dəyişdirilə bilər. Çünki adından fərqli olaraq, soyadı birinci dəfə olaraq dəyişdirilə bilər. Cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında inzibati icraata başlamalı və həmin icraatı “İnzibati icraat haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın müddəalarına uyğun olaraq aparmalı və icraatın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməli olduğu halda, bunu etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan 02.09.2021-ci il tarixli, 05/Q-1161/13 nömrəli məktubla iddiaya münasibət olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12.05 tarixli 79 nömrəli Qərarı ilə təsdiqlənmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydası”nın 6.3-cü bəndində göstərildiyi kimi adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilmədiyi üçün vətəndaşın bu barədə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Səbail rayon qeydiyyat şöbəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Cavabdehin məhkəməyə ünvanladığı 26.10.2021-ci il tarixli, 05/Q-1447/13 nömrəli məktubunda məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş 01.07.2021-ci il tarixdə verilmiş AZ-İV 552477 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.1953-cü ildə Naftalan şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 13.04.1953-cü ildə 275 nömrəsi ilə qeyd edilmişdir. X1, anası X7r. İş materiallarına əlavə olunmuş 02.02.1979-cu il tarixli, İİ-ЖГ 282539 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən Hüseyn-zadə Ənvər Sadıx oğlu ilə X3 arasında 02.02.1979-cu ildə nikah bağlanmışdır, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02.01.1979-cu ildə 47 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlanandan sonra ər və arvada Hüseynzadə soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş 07.09.1993-cü il tarixli, İİ-ЖГ 437060 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən Hüseyn-zadə Ənvər Sadıx oğlu 25.08.1993-cü ildə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 07.09.1993-cü il tarixdə 631 nömrəsi ilə qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun 03.09.2021-ci il tarixli, 03/2510xid/2304 nömrəli məktubunda bildirilmişdir ki, Baş Prokurorluğun İstintaq idarəsində xx.xx.1953-cü il təvəllüdlü İddiaçı (əvvəlki adı X6) barəsində cinayət işinin ibtidai istintaqı aparılmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02.09.2021-ci il tarixli, 012-14678-1221 nömrəli məktubuna aşağıdakı tələbnamələr icra edilərək əlavə olunub göndərilmişdir: -X3 barəsində cinayət mühakimə icraatına şöbhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilib-edilməməsi, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olubolmaması, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilib-edilməməsi barədə 01.09.2021-ci il tarixə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. -X6 barəsində cinayət mühakimə icraatına şöbhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilib-edilməməsi, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olubolmaması, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilib-edilməməsi barədə 01.09.2021-ci il tarixə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. -İddiaçı barəsində cinayət mühakimə icraatına şöbhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilib-edilməməsi, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olub-olmaması, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilib-edilməməsi barədə 01.09.2021-ci il tarixə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin 01.09.2021-ci il tarixli, 02/53 nömrəli məktubunda qeyd olunmuşdur ki, xx.xx.1953-cü il təvəllüdlü İddiaçı digər ölkələrdən deportasiya olunması barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir. İş materiallarına əlavə edilmiş Səbail RPİ tərəfindən 27.06.2003-cü ildə verilmiş AZE seriyalı 01046080 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1953-cü ildə Qasım İsmayılov rayonu, Naftalan qəsəbəsində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE C01335218 nömrəli Azərbaycan Respublikası vətəndaşının pasportunun surətindən görünür ki, xx.xx.1953-cü il təvəllüdlü X3, verilmə tarixi 18.07.2017, etibarlılıq müddəti 17.07.2027. Cavabdeh Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı 02.07.2021-ci il tarixli, 05/Q-312/15 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin 22.06.2021ci il tarixli soyadınızın dəyişilməsi ilə əlaqədar olaraq soyadınızın Hüseynzadə-dən Hüseynova-ya dəyişdirilməsi barədə müraciətinizə baxılmışdır. Bildirilir ki, sizin adınız 03.08.2011-ci ildə Naftalan şəhər qeydiyyat şöbəsində Naftalan Şəhər Məhkəməsinin qətnaməsinə əsasən Azadə-dən Mərvidə-yə dəyişdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiqlənmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”nın 6.3-cü bəndində göstərildiyi kimi adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilmir. Bu barədə məhkəməyə müraciət edilə bilərsiniz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işin hallarından görünür ki, İddiaçı soyadının Hüseynzadə-dən Hüseynova-ya dəyişdirilməsi ilə bağlı cavabdeh qeydiyyat şöbəsinə müraciət etmiş, cavabdeh iddiaçının adının birinci dəfə 03.08.2011-ci ildə Naftalan Şəhər Məhkəməsinin qətnaməsinə əsasən Azadə-dən Mərvidə-yə dəyişdirildiyini əsas gətirərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”nın 6.3-cü bəndinə əsasən növbəti dəfə ad, ata adı və soyadın dəyişdirilməsinə yol verilmədiyinə istinad edərək müraciətin təminindən imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina əsasları ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsində göstərilmişdir ki, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın: -6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; -6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; -6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir; -6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir; -6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur; -6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar; -6.26-cı bəndinə görə hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir; -6.27-ci bəndinə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir; -6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi fiziki şəxsin ad hüququ özündə üç elementi ad, ata adı və soyadı birləşdirir. Qanunvericilik fiziki şəxsin ad, ata adı və soyadın birinci dəfə dəyişdirilməsinə bilavasitə icazə verdiyi halda, növbəti dəfə dəyişdirilməsinə, yəni ad və soyadın təkrar dəyişdirilməsi üçün ilk dəfə dəyişdirilmədən fərqli olaraq bir qədər məhdudlaşdırıcı qayda müəyyən etmişdir. Belə ki, adın və soyadın növbəti dəfə dəyişdirilməsinə ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla, yalnız yuxarıda qeyd edilən Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Məhkəmə qeyd edilən normalara istinadən hesab edir ki, iddiaçının adının bir dəfə Azadə-dən Mərvidə-yə dəyişdirməsi hazırkı halda soyadının dəyişdirməsinə mane hesab olunmur. Adın bir dəfə dəyişdirilməsi növbəti dəfə soyad dəyişdirmə hesab olunmur və qanun adın dəyişdirilməsini soyadın dəyişdirməsini (yaxud əksinə) istisna edən hal kimi müəyyən etməmişdir. Məhkəmənin sorğusuna verilmiş cavablardan iddiaçı ilə bağlı soyadın dəyişdirilməsinə mane ola biləcək Qaydaların 6.5-ci bəndində göstərilmiş hallar müəyyən olunmamışdır. Digər tərəfdən, işin hallarından görünür ki, iddiaçı X3 olaraq 02.01.1979-cu ildə X8 ilə nikaha daxil olmuş, nikahdan sonra ona Hüseynzadə soyadı verilmişdir. İddiaçının əri X8 25.08.1993-cü ildə vəfat etmişdir. Ailə Məcəlləsinin 14.1-ci maddəsinə görə ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 5.1ci bəndinə görə ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Bu halda nikahın pozulmasının dövlət qeydiyyatı aparılmır. Göründüyü kimi iddiaçı nikaha daxil olması ilə əlaqədar soyadını Hüseynova-dan Hüseynzadə-yə dəyişdirmiş, iddiaçının nikahına əri X4 ölümü ilə əlaqədar xitam verilmişdir. Belə olan halda iddiaçının hazırkı halda soyadını dəyişdirmək istəyi nikahdan əvvəlki soyadına Hüseynova-ya qayıtması hesab olunur ki, bu da Qaydaların 6.3-cü bəndi ilə nəzərdə tutulmuş istisna hala uyğun gəlməklə Qaydaların 6.24-6.28-ci bəndlərinin iddiaçıya münasibətdə tətbiq edilməsini aradan qaldırır. Başqa sözlə, iddiaçı nikaha daxil olması ilə əlaqədar dəyişdirdiyi “Hüseynova” soyadını nikaha xitam verildiyindən yenidən götürmək hüququna malikdir. Digər tərəfdən, eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qayıtmaq istədiyi “Hüseynova” soyadı ilə hazırkı soyadı “Hüseynzadə” soyadları eyniköklü “Hüseyn” olmaqla yalnız bir-birindən sonluqlarına görə fərqlənirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi soyad sonluğunun dəyişdirilməsinə uyğun gəldiyi nəzərə alındığı halda belə onun soyadının Hüseynzadə-dən Hüseynova-ya dəyişiklik edilməsi də mümkündür. Nəzərə almaq lazımdır ki, Qaydalarda iddiaçının tələbinə uyğun soyad sonluğu ilə bağlı hər hansı imperativ tələb məhdudiyyəti nəzərdə tutulmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçının “Hüseynzadə” soyadının dəyişdirilərək “Hüseynova” kimi qeyd edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı “Hüseynzadə” soyadının dəyişdirilərək “Hüseynova” kimi qeyd edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-9523/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9523/2021
05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver