Məhkəmə qərarları › İş №2-1(112)-9524/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9524/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9524/2024 10.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçını nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.1990-cı ildən xx.xx.2006-cı ilədək X5 zavodunda teplovozda maşinist köçəkçisi işlədiyi illərin ümumi iş stajına daxil edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. xx.xx.1990-cı ildən X5 zavodunda teplovozda maşinist köməkçisi işləmişdir. Həmin yerdə xx.xx.2006-cı il tarixədək işləmişdir. 04 aprel 2024-cü il tarixdə cavabdehə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsasladırılmışdır ki, Filiala təqdim edilən İT-İ seriyalı ******* nömrəli əmək kitabçasında xx.xx.1990-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Bu səbəbdən də, xx.xx.1990-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində işləməsinə dair əsaslı şübhələr yaranmışdır. Buna görə də, xx.xx.1990-xx.xx.2006-cı il tarixləri arasındakı dövrü iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilən səbəbdən də, onun ümumi iş stajı 25 ildən az (21 il 4 ay 7 gün (xx.xx.1981-xx.xx.1981-ci il. xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1984cü il və xx.xx.1984-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonrakı dövr üzrə 12 il 9 ay)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33515.04 manat təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, yuxarıda qeyd edilənlərlə bağlı tərəfindən 18 oktyabr 2023-cü il tarixli 3-1-1/2-İ- 243413/2023 nömrəli və 02 aprel 2024-cü il tarixli 3-17-1/2-1-75159/3/2024 nömrəli məktublarla ona ətraflı məlumat verilmişdir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanuvericiliyin tələblərı baxımından mümkün hesab edilmir. Cavabdehin iddiası tam əsassızdır. Belə ki, 1990-cı illərlə 2000-ci illərin sənədlərinin arxivə verilməməsində onun hər hansı bir günahı yoxdur. Cavabdeh ona imtina məktubu verərkən sosial təminat və mülkiyyət hüququnu pozmuşdur.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edilərək iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Mərkəzi Filiala təqdim edilmiş iddiaçıya məxsus ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasında xx.xx.1990xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyinə dair qeyd mövcuddur. Araşdırma zamanı iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Bu səbəbdən də, xx.xx.1990xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində işləməsinə dair əsaslı şübhələr yaranmışdır. Buna görə də, xx.xx.1990-xx.xx.2006-cı il tarixləri arasındakı dövr iş stajına daxil edilməmişdir. Göstərilən səbəbdən də, onun ümumi iş stajı 25 ildən az (21 il 4 ay 7 gün( xx.xx.1981-xx.xx.1981ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1984-cü il və xx.xx.1984-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonrakı dövr üzrə 12 il 9 ay)) təşkil etmişdir. Göründüyü kimi, istər hazırda qüvvədə olan, istərsə də, mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Digər tərəfdən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pesiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33515.04 manat təşkil edir. Məhz bu səbəblərdən iddiaçıya qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür.

9. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən 04 aprel 2024-cü il tarilxi 3-17-1/2-İ-77435/4/2024 nömrəli məktubla imtina edilmişdir.

10. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli **********862500 nömrəli məktubla bildirilmişdir ki, dövlət reyestrində xx.xx.1998-ci il tarixdə D-2827 nömrə ilə dövlət qeydiyyatından keçmiş və 2 saylı X1 varisi olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) səhmdarlarının ümumi yığıncağının xx.xx.2007-ci il tarixli qərarına əsasən xx.xx.2009-cu il tarixdə ləğv edilərək dövlət reyestrindən çıxarılması barədə məlumat mövcuddur. Dövlət Vergi Xidmətinin məlumat bazasında "xxxx" Açıq Səhmar Cəmiyyətinin xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixdək olan dövr ərzində fəaliyyətinin olması barədə məlumat mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim edilmiş arayışa əsasən uçot məlumat bazasında həmin cəmiyyətin fəaliyyətinin xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək dayandırılması barədə qeyd aparılmışdır.

11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 10 iyul 2024-cü il tarixli 3-48-2F-1414/2024 nömrəli məktubla bildirilmişdir ki, "xxxx" Açıq Səhmar Cəmiyyətinin 1990-2006-cı illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

12. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3/2- 12015/2024 nömrəli məktubla bildirilmişdir ki, “Azərbaycan Respubliaksında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 841 nömrəli sərəncamı ilə Bakı şəhər icra Hakimiyyətiin Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin 2 saylı Dəmir X3 bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.1998-ci il tarixdə tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir.

13. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materiallarının surətləri “hərbi bilet, əmək kitabçaları, "xxxx" QSC və "xxxx" QSC tərəfindən verilmiş güzəştli iş stajı barədə arayışlar və digər sənədlər) və sığorta olunanın hesabı haqqında məlumatlar təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

20. Məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1963-cü il təvəllüddür. İddiaçının xx.xx.2023-cü il il tarixdə 60 yaşı olmuş, iddiaçının xx.xx.2023-cü il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı vardır. Bununla da, o, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 60 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.

21. Cavabeh tərəfindən məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarındakı güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə işləməsinə dair iddiaçının işlədiyi müəssisələr olan "xxxx" QSC tərəfindən verilmiş 15 sentyabr 2023-cü il tarixli və "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlara əsasən onun güzəştli iş stajı ümumilikdə 13 il 10 ay 13 gün (04 il 04 ay 08 gün + 09 il 06 ay 05 gün) təşkil etməklə 12 il 6 aydan çoxdur və iddiaçının güzəştli iş stajı cavabdeh tərəfindən məqbul hesab edilməklə mübahisələndirilmir.

22. Hazırki mübahisənin predmeti olan ümumi iş stajına gəldikdə isə məhkəmə qeyd edir ki, işin hallarının məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 25 ildən artıq ümumi iş stajı vardır. Belə ki, cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən dövlər üzrə ümumi iş stajı 21 il 4 ay 7 gün (xx.xx.1981-xx.xx.1981-ci il. xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1984-cü il və xx.xx.1984-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonrakı dövr üzrə 12 il 9 ay) təşkil edir. Mübahisələndirilən dövr isə iddiaçının xx.xx.1990-xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də işlədiyi dövrlərdir. Bu dövrlərin mübahisəli olması ilə bağlı cavabdehin qənaəti ondan ibarətdir ki, xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə həmin müəssisədə işləməsi ilə bağlı iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı mövcud deyildir. Halbuki, məhkəmə tərəfindən aidiyyəti qurumlardan əlavə edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, “Azərbaycan Respubliaksında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 841 nömrəli sərəncamı ilə Bakı şəhər icra Hakimiyyətiin Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin 2 saylı Dəmir X3 bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.1998-ci il tarixdə tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Dövlət reyestrində xx.xx.1998-ci il tarixdə D-2827 nömrə ilə dövlət qeydiyyatından keçmiş və 2 saylı X1 varisi olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) səhmdarlarının ümumu yığıncağının xx.xx.2007-ci il tarixli qərarına əsasən xx.xx.2009-cu il tarixdə ləğv edilərək dövlət reyestrindən çıxarılması barədə məlumat mövcuddur. Dövlət Vergi Xidmətinin məlumat bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixdək olan dövr ərzində fəaliyyətinin olması barədə məlumat mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim edilmiş arayışa əsasən uçot məlumat bazasında həmin cəmiyyətin fəaliyyətinin xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək dayandırılması barədə qeyd aparılmışdır. Beləliklə, əldə olunmuş məlumatlardan belə qənaətə gəlinir ki, iddiaçının işlədiyi dövrlərdə həmin müəssisə faktiki olaraq mövcud olmaqla fəaliyyətdə olmuşdur.

23. Burada əsas diqqət yetirilməli olan məqam iddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğinin olmaması nəzərə alınmaqla xx.xx.1990-cı il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də işlədiyi hansı dövrlərin sosial sığorta stajına daxil edilməli olmasıdır.

24. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı mövcud olmadığından onun xx.xx.1990-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan işlədiyi dövrlər onun sosial sığorta stajına mübahisəsiz daxil edilməlidir.

25. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

26. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

28. Həmçinin məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.

29. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

30. Bu mənada, qüvvədə olan qanunvericilik normaları iddiaçının xx.xx.2006-cı il tarixədək fəaliyyətini əmək kitabçası əsasında iş stajı kimi təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tutur.

31. Eyni zamanda, hazırda qüvvədə olan və iddiaçının vəziyyətini yaxşılaşdıran Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 saylı qərarı ilə təsdiq olunmuş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.

32. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, iddiaçının 2006-cı ilə qədər olan sığorta stajı, əmək kitabçasına, əmək kitabçası olmadıqda işəgötürənin və ya dövlət arxivinin arayışlarına əsasən hesablanır.

33. Bundan əlavə məhkəmə bir daha xüsusilə vurğulamağı zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı mübahisəli dövrlərdə iddiaçının işlədiyi müəssisənin dövlət qeydiyyatından keçməsi aidiyyəti qurumlara göndərilmiş sorğulara daxil olmuş cavab məktublarına əsasən təsdiq edilmişdir.

34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

35. Beləliklə hazırki işin hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla qanunvericiliklə müəyyən edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yaşı həddinə 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdə çatmışdır. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən əmək stajı son olaraq məhkəmə araşdırması dövründə 21 il 04 ay 7 gün təşkil etmiş, cavabdeh tərəfindən sonuncu mübahisələndirilmiş sosial sığorta stajına daxil edilməli hesab edilən dövr isə (xx.xx.1990-xx.xx.2006) 15 il 5 ay 4gün təşkil etməklə, ümumilikdə iddiaçının 25 ildən çox əmək stajı olmuşdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının 25 ildən çox iş stajının olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddiaçının tələbi əsaslı hesab edilməklə iddia tələbi təmin edilməlidir.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

38. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşından, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar