Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9526/2022 08.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı1, İddiaçı2 nümayəndəsi Nümayəndə, üçüncü şəxs X1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı X5, X8, X9, X2 və X7 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər X5, X8, X9, X2 və X1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanı onların mülkiyyətindədir. Üçüncü şəxslər onların ailə üzvləri deyillər, qonşularıdırlar. Üçüncü şəxslərin onların evindən istifadə hüquqları da mövcud deyildir, qonşuların evləri ilə onların yaşadığı evin bir-birinə aidiyyəti yoxdur, üçüncü şəxslər faktiki olaraq onların evində yaşamırlar. Üçüncü şəxslərin yaşadıqları evə görə bütün kommunal (işıq, qaz və su) xərcləri üçüncü şəxs X4 atası X3 adına yazılır və üçüncü şəxslər tərəfindən də ödənilir. Onların evlərinin kommunal xərclərini də özləri ödəyirlər. Yəni üçüncü şəxslərin yaşadıqları ev onların evləri deyil, bir-birinə aidiyyəti yoxdur. Cavabdehə üçüncü şəxslərin həmin ünvandan qeydiyyatdan çıxarılmaları üçün müraciət etsələr də, sonuncu tərəfindən imtina olunmuşdur. Hesab edirlər ki, imtina əsassızdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, X5, X8, X9, X2 və X7 zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxslərə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan və üçüncü şəxslər tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, X7 istisna olmaqla digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər, cavabdeh inzibati orqan isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İPM-nin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Məhkəmə iclaslarında iştirak edən İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasına iştirak edən üçüncü şəxs X7 izahat verərək bildirdi ki, o, və ailə üzvləri, iddiaçıların iddia etdiyi fərdi yaşayış evində deyil, həmin fərdi yaşayış evi ilə eyni həyətdə özlərinə məxsus evdə yaşayırlar. Həmin fərdi yaşayış evi onların istifadəsindədir və evə dair hüquqmüəyyənedici sənədləri (Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib olunmuş texniki pasport) var. Evə dair bütün kommunal xərcləri ödəyirlər. İddiaçılar ilə onlara məxsus olan fərdi yaşayış evlərinin ünvanları eyni olsa da, evlər bir-birindən ayrıdır və heç bir əlaqələri yoxdur. Hal-hazırda o, özünə məxsus fərdi yaşayış evindən özünün və ailə üzvlərinin qeydiyyatdan çıxarılmağını etirazla qarşılayır. Bunları nəzərə alaraq, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxslər X9 və X2 ayrı-ayrılıqda digər üçüncü şəxs X1 izahatına uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı2 Cumə qızı ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1974-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı1 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə ½ hissədə İddiaçı1, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə isə digər ½ hissəsi İddiaçı2 adına qeydiyyata alınmışdır. “Asan 4” tərəfindən verilmiş Azərbaycan Respublikasının DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, X5, X8, X9, X2 və X7 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri Suraxanı RİHB-nın Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı1 verilmiş 9 №li xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, ümumi sahəsi 50 kv. metr, yaşayış sahəsi 36,2 kv. metr olan, 2 otaqdan ibarət ev ona məxsusdur. Ailə tərkibi 9 nəfərdən ibarətdir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1964-cü ildə tərtib olunmuş texniki pasportun surətindən müəyyən olunur ki, həm iddiaçılara, həm də üçüncü şəxslərə məxsus ayrı-ayrı (bir birindən tamamilə təcrid olunmuş) yaşayış sahələri eyni ünvanda (əvvəlki ünvan ünvan 5rda ünvan 1) yerləşir. Hazırkı tələblə bağlı iddiaçıların ərizəsinə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 096-12378M-1222 №li cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətinin müsbət həlli mümkün deyildir. Odur ki, onun aidiyyət üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022ci il tarixli, **********39 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvan göstəricilərinə malik hər hansı əmlakın qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdərəsinin: xx.xx.2022-ci il tarixli, **********36 nömrəli məktubundan görünür ki, müraciətdə göstərilən ünvan 6 ünvan rekvizitlərinin təkrarlanması barədə idarənin arxiv və elektron bazasında məlumat aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli **********47 nömrəli məktubuna qoşma kimi əlavə olunmuş xx.xx.2019-cu il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, X6 Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 55 saylı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ ilə özünə məxsus olan ½ hissəsini qızı İddiaçı2 bağışlamış və həmin ½ hissə İddiaçı2 mülkiyyətinə verilmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əsasında çıxarılır. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir ki, bu əsaslar olmadan hər hansı şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci yarımbəndində göstərilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hazırki işdən məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında bir-birindən təcrid olunmuş 2 ədəd fərdi yaşayış evi var. Həmin evlərdən biri paylı mülkiyyət hüququ ilə İddiaçı1 və İddiaçı2 məxsusdur, digəri isə üçüncü şəxslər olan Əliyevlər ailəsinin istifadəsindədir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında məhkəmə göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə son olaraq qeyd edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən bir-birindən təcrid olunmuş 55 saylı fərdi yaşayış evlərindən biri iddiaçıların digəri üçüncü şəxslər olan Əliyevlər ailəsinin istifadəsindədir və üçüncü şəxslər özlərinə məxsus fərdi yaşayış evində qeydiyyatdadırlar, həmin fərdi yaşayış evinin iddiaçıya məxsus fərdi yaşayış evinə heç bir aidiyyəti yoxdur. Belə olan halda üçüncü şəxslərin həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından cavabdeh inzibati orqan sonuncunu qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərinə uyğun hərəkət etmiş olmuşdur İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, üçüncü şəxslərin ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiaları əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-nin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-9526/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9526/2022
08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver