Məhkəmə qərarları › İş №2-1(112)-9526/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9526/2023

03.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9526/2023 03.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdehnə (üçüncü şəxs X5) qarşı “əmək qabiliyyətsizliyini təsdiq edən vərəqənin etibarsız hesab edilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X15 tərəfindən X3 adına xx.xx.2022-ci il tarixdə verilmiş, ******* nömrəli əmək qabiliyyəti olmaması vərəqəsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 ilə “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi bağlanmışdır. Rəhman Pənahlı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X7 Mərkəzi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X1, xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək X1, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X15, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Modern Hospital tərəfindən əmək qabiliyyətinin olmaması vərəqələri təqdim etmişdir. Sözügedən sonuncu xəstəlik vərəqəsi bağlanaraq xx.xx.2022-ci il tarixdə işə çıxmağı tövsiyə olunmuş və X5 xx.xx.2022-ci il tarixdən işə çıxmışdır. X5 ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmış və o xx.xx.2021-ci il tarixdən başlayaraq müxtəlif diaqnozlar üzrə xəstəlik vərəqələri təqdim edərək işdən yayınmışdır. xx.xx.2022-ci il tarixdə işə çıxmış və “Azneft” İB-nin 1 saylı ixtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin xx.xx.2022ci il tarixli 453-K saylı əmri ilə 1 saylı Avtonəqliyyat və xüsusi texnika sahəsinin texnoloji nəqliyyat dəstəsinin quyularm sementlənməsi üzrə maşinist vəzifəsində işləyən Rəhman Pənahlı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Rəhman Pənahlı işdə olmuş, 1 saylı A və XTS-nin Texnoloji Nəqliyyat işçilərinin iş yerində təlimatlandırılmasının qeydiyyatı jurnalına imza etmiş, ona 028070 saylı yol vərəqi verilmişdir. Həmin yol vərəqindən də olan imzalarından da görünür ki, Rəhman Pənahlı 11-xx.xx.2022-ci il tarixlərdə işdə olmuşdur. Lakin xx.xx.2022-ci il tarixdə saat 17:00-da iş vaxtı bitdikdən sonra o, X13 müraciət etmiş və xx.xx.2022-ci il tarixdən əmək qabiliyyətinin olmaması vərəqəsi əldə etmişdir. Mərkəzləri tərəfindən köhnə tarixə verilmiş əmək qabiliyyətinin olmaması vərəqələrə rast gəlmək olur. Bu da işə götürənin işinə mənfi təsir edir. Belə ki, işə götürən qanunvericiliyin tələblərinə əməl edilməklə işçilə bağlanmış əmək müqaviləsinə xitam versə də, Tibb Mərkəzləri tərəfindən verilmiş qanunsuz və əsasız xəstəlik vərəqələri işə götürənə bir başa maddi ziyan vurmaqla yanaşı onun işgüzar nüfuzuna xələl gətirir. X15 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə açdığı xəstəlik vərəqəsi qanunsuz olması ilə yanaşı həm də etibarsızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs idianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı iddia predmet və subyekt baxımından inzibati məhkəmə icraatında baxılması mümkün olmayan iddiadır. Belə ki, iddianın əsaslarına görə X5 ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Cavabdeh tərəfindən X3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqəsi verilmişdir. İddiaçı üçüncü şəxsin işə olduğu halda cavabdehin həmin tarixlərdə verdiyi xəstəlik vərəqələrinin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh qismində çıxış edən Cavabdeh inzibati icraat qanunvericiliyinə əsasən inzibati orqan statusunda çıxış edə bilsə də, lakin hazırkı iddiaçı ilə cavabdeh arasında münasibətlər inzibati hüquq münasibəti deyil və tərəflər arasında mübahisə öz hüquqi təbiətinə görə inzibati hüquq mübahisəsi hesab olunmur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir (bənd 3.1). İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (bənd 4). İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (bənd 5.1). Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır (bənd 5.2). Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. İnzibati hüquq münasibətinin əsas iştirakçısı olan inzibati orqan inzibati funksiyanı yerinə yetirməklə bərabər onunla qeyri-bərabər hüquqi vəziyyətdə olan subyektə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Başqa sözlə, inzibati orqanın qanunla üzərinə düşən inzibati funksiyanı yerinə yetirərkən qarşı tərəfə münasibətdə müəyyən hüquqi nəticələr yarada biləcək inzibati akt qəbul etmək, hərəkət etmək kimi müvafiq hakimiyyət tədbiri görmək imkanına sahib olmalıdır. Yalnız bu zaman inzibati orqanın iştirakçısı olduğu münasibət inzibati münasibət, həmin münasibətdən yaranmış mübahisə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxıla bilər. Beləliklə, inzibati orqanın iştirakı ilə bağlı heç də bütün mübahisələr inzibati hüquq sahəsindəki mübahisə kimi qiymətləndirilmir. Hazırkı iş üzrə iddiaçı DNŞ X6 və cavabdeh X15 hər ikisi hüquqi şəxs statusunda olmaqla mülki dövriyyənin bərabərhüquqlu iştirakçılarıdır. Cavabdeh hazırkı iş üzrə iddiaçıya münasibətdə hər hansı inzibati funksiyanı yerinə yetirməmiş və hakimiyyət səlahiyyətlərini tətbiq etməmişdir. Belə ki, cavabdeh X15 X14nin üçüncü şəxsin adına əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqələrinin verilməsi üçüncü şəxslə cavabdeh arasında publik hüquq münasibətlərinin nəticəsi hesab oluna bilər. X15 PHŞ üçüncü şəxsə münasibətdə nizamnamə ilə ona verilmiş publik səlahiyyətlərinin yerinə yetirməsi və yaxud bu münasibətlər çərçivəsində baş verən hər hansı hüquqpozma- inzibati fəaliyyəti həyata keçirməməsi və yaxud düzgün icra etməməsi (məsələn, profilaktik, müalicə, tibbi-sosial yardım göstərməkdən imtina və s.) inzibati hüquq mübahisəsinə əsas verə və inzibati icraatın predmeti kimi çıxış edə bilər. Hazırkı iş üzrə iddiaçı X6 isə cavabdehlə üçüncü şəxs arasında olan publik hüquq münasibətlərinin iştirakçısı deyildir, iddiaçının cavabdehə (və yaxud əksinə) publik hüquqdan irəli gələn tələbi yoxdur, inzibati orqan tələb üzrə cavabdehə qarşı hər hansı hakimiyyət tədbiri tətbiq etmir. Eyni zamanda qeyd edilməlidir ki, mübahisə predmeti olan xəstəlik vərəqələri həm də inzibati akt qismində çıxış etmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Konstitusiya Məhkəməsinin Plenumu “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilməli; -ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; -ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; -hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi adı çəkilən 13 iyun 2013-cü il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır”. Hazırkı iş üzrə mübahisələndirilən əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqələri ambulator və ya stasionar müalicədə olması ilə xəstəlik tarixindən çıxarışdır və forma və məzmun baxımından inzibati akt deyildir. İnzibati akt olmadığı halda həmin sənədlərin “İnzibati icraat haqqında” Qanunun 65 və İnzibati Prosessual Məcəllənin 2.2.5 və 36.1-ci maddələri ilə tənzimlənən inzibati aktın etibarsızlığı barədə iddia növünə uyğun qiymətləndirilə bilməz. Eləcə də sözügedən xəstəlik vərəqələrinin mübahisələndirilməsi ümumiyyətlə İPMnin 2.2-ci maddəsi ilə tənzimlənən hər hansı iddia növü ilə əhatə olunmur. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçının hazırkı iddiaya hüquqi marağı da müəyyən edilmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Üçüncü şəxsin adına əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqələrinin verilməsi hələ işəgötürənə müstəqil iddia qaldırmağa əsas vermir. Belə ki, iddiaçı ilə üçüncü şəxsin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı mülki mübahisə gedişində tərəflərin təqdim etdiyi işçinin işdə olmasını təsdiq edən qeydiyyat jurnalı, yol vərəqi kimi dəlilə qarşı əks dəlil üçüncü şəxsin xəstəlik vərəqələridir. Qeyd edilən hər iki dəlil isə mahiyyət etibarı ilə yalnız sübut qismində çıxış edir, iddianın və ya iddiaya etirazın əsasını təsdiq etməklə əmək mübahisəsinə baxan mülki məhkəmə icraatında baxılıb qiymətləndirilə bilən sübut növləridir. Mülki məhkəmə mübahisəsinin həllinə xidmət edən sübutların isə müstəqil iddia icraatında baxılması əlavə məhkəmə mübahisəsinin açılmasına rəvac verir ki, bu da prosessual qənaət prinsipinə zidd olmaqla prosessual qanunvericiliklə yolverilməzdir. Odur ki, iddiaçı sözügedən xəstəlik vərəqələrini iddiaçı əmək mübahisəsi ilə bağlı mülki məhkəmə icraatında mübahisələndirə biləcəyindən həmin sənədin qanuniliyinə əlavə olaraq müstəqil iddia qaydasında, o cümlədən inzibati məhkəmə icraatında baxıla bilməz. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdehnə qarşı “əmək qabiliyyətsizliyini təsdiq edən vərəqənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar