Məhkəmə qərarları › İş №2-1(112)-9527/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9527/2022

05.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9527/2022 05.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı “müqavilənin restrukturizasiya edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO "xxxx" ASC ilə X3 arasında bağlanılmış 16 may 2014-cü il tarixli kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına əsasən restrukturizasiya edilərək 60 ay müddətinə 1% olmaqla ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, əri X3 ilə ləğv prosesində olan "xxxx" ASC arasında 16 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən həyat yoldaşına 12700 ABŞ dolları məbləğində kredit verilmişdir. Əri hər ay kredit müqaviləsi üzrə aylıq ödənişləri etmiş, lakin sonradan xəstəliklə bağlı kredit ödənişini gecikdirmişdir. LPO Dəmirbank ASC cavabdeh X2 və X6 qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-19777/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh X1 və X4 iddiaçının xeyrinə 6917,63 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamə qəbul edilənədək həyat yoldaşı banka götürdüyü borcdan 6000 ABŞ dollarından çox ödəniş etmişdir. Daha sonra Ağaheydər Qarayev 24 fevral 2019-cu il tarixdə xəstəlikdən vəfat etmişdir. Bundan sonra onun maddi imkanı olmadığına görə ödənişləri gecikdirmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidenti 28 fevral 2019-cu il tarixli fərman imzalamışdır. Həmin fərmana əsasən onların həmin banka olan kredit müqaviləsi üzrə borclarında restruktruzasiya edilməli və həmin kredit müqaviləsi üzrə olan borc məbləği 60 ay müddətinə 1% olmaqla ödənilməli idi. Onların banka olan borclarının ödənilməsi fərmanın şərtlərinə uyğun olaraq 360 gündən çox gecikdirilmiş və 10000 ABŞ dollarına qədər olan borclar siyahısında idi. Bununla bağlı iddiaçı dəfələrlə LPO Dəmirbank ASC-yə müraciət etsə də, bank tərəfindən onunla yeni müqavilə imzalanmamışdır. Cavabdehlər iddiaya qarşı yazılı münasibətlərini məhkəməyə təqdim etməmişlər. İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra -Fərman) 1-ci hissəsinə əsasən Fərmanda göstərilən tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi müvafiq qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi müəyyən edilmişdir. Fərmanın 2-ci hissəsinə əsasən Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilir. Fərmanın 3.2-ci bəndinə əsasən həmin Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğinin, ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğinin qırx beş gün müddətində müəyyən edilərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmışdır. Fərmanın 6-cı hissəsi ilə banklara tövsiyə edilmişdir ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərmanın 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilmişdir ki, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin (Qeyd: “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 noyabr 2019-cu il tarixli 1616 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir). Fərmanın icrasını təmin etmək məqsədilə qəbul edilmiş Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** nömrəli 27 mart 2019-cu il qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın 6.2-ci bəndinə əsasən fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Həmin Qaydanın 6.3-cü bəndinə görə kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Beləliklə, istinad olunan normalardan məlum olur ki, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı tədbirlər aşağıdakı istiqamətdə həyata keçirilir:

1. Mərkəzi Bank tərəfindən kompensasiya ediləcək ödənişin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği müəyyən edilir;

2. müəyyən olunmuş həmin kompensasiya ilk əvvəl fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir;

3. fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği restrukturizasiya olunur. İşdə olan xx.xx.2014-cü il tarixli, 539-4/2014USD nömrəli kredit müqaviləsindən görünür ki, kreditor "xxxx" ASC və borcalan X3 arasında bağlanmış kredit müqaviləsinə əsasən Kreditor illik faiz dərəcəsi 29 faiz olmaqla 36 ay müddətinə Borcalana 12700 (on iki min yeddi yüz Amerika dolları 00 sent) ABŞ dolları məbləğində kredit vermişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-19777/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin iddia tələbi təmin edilmiş və onunla cavabdeh X3 arasında bağlanmış və xx.xx.2015-ci il tarixli əlavə sazişlə müddəti uzadılmış 16 may 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, X3 və X4 müştərək 16 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə 6792,62 ABŞ dolları əsas kredit borcu, 89.13 ABŞ dolları faiz borcu, 35.88 ABŞ dolları cərimə borcu olmaqla cəmi 6917, 63 ABŞ dolları borcu və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il çap tarixli problemli kreditlərin kompensasiyası haqqında məlumat vərəqindən görünür ki, Ləğv prosesində olan "xxxx" ASC ilə bağladığı kredit müqaviləsinə əsasən X2 xx.xx.2015-ci il tarixə 4287.01 manat kompensasiya hesablanmış, xx.xx.2019-cu il tarixə onun "xxxx" ASC-yə borcu 11732.33 manat təşkil etmiş, kompensasiya məbləğinə əsasən borc 4308.23 manat azaldılmış və nəticədə 7424.10 manat ödənilməmiş borcu qalmışdır. Beləliklə, işin sadalanan hallarından məlum olur ki, iddiaçının müraciəti əsasında Fərmanda problemli kreditlərinin həlli üçün nəzərdə tutulmuş ilk mərhələ yekunlaşmış və Azərbaycan Respublikasının Mərkəzi Bankı üzərinə düşən öhdəlikləri yerinə yetirməklə X3 ilə Ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən kompensasiya hesablamış, onun adını kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil etməklə bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verilmiş və kompensasiya məbləği A.Qarayevin ödəniləcək borcuna aid edilmişdir. Deməli, hazırda həll edilməmiş qalan məsələ, ikinci mərhələ, yəni əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra onun qalıq məbləğinin restrukturizasiya olunmasıdır. Yuxarıda istinad olunan Qaydalardan da göründüyü kimi, bu kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanmalıdır. Bu müqavilə üzrə tərəf fiziki şəxs və kredit təşkilatdır və aralarında müqavilənin bağlanması ilə bağlı yaranan bu münasibət mülki hüquq münasibətidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci hissəsinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.1-ci maddəsinə əsasən həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 3.1-ci maddəsinə əsasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Eyni zamanda Azərbaycan Respublilkası İnzibati Prosessual Məcəlləsinin məqsədi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdir (İPM-nin 1.1-ci maddəsi). Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi də məhz A.Qarayevin kredit borcunun restrukturizasiya olunması məqsədilə kredit təşkilatı, yəni Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi ilə onun arasında yeni güzəştli kredit müqaviləsi bağlanması olduğundan bu tələb onunla cavabdeh arasında bağlanmış mülki hüquqi əqddən, kredit müqaviləsindən törəyən münasibət olmaqla inzibati xarakter daşımır. Eyni zamanda istər iddiaçının cavabdeh qismində göstərdiyi Əmanətlərin Sığortalanması Fondu, istərsə də restrukturizasiya müqaviləsinin tərəfi olacaq kredit təşkilatı - Ləğv prosesində olan "xxxx" ASC inzibati orqan deyil, adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanlarının Təsnifatı”nda inzibati orqan kimi qeyd olunmamışdır və qanuna əsasən həmin hüquqi şəxslərə inzibati akt qəbul etmək səlahiyyətinin verilməsi müəyyən edilməmişdir. Beləliklə, istinad edilən normaların tələbləri və iddiaçının tələbinin əsasları nəzərə alındıqda, müəyyən olunur ki, iddiaçı hazırkı tələbini inzibati deyil, mülki məhkəmə icraatı qaydasında irəli sürə bilər. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15-ci hissəsinə əsasən İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (bənd 15.1). Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (bənd 15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (bənd 15.3). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar